Azərbaycan Rumıniya ilə əlaqələrin
inkişafında maraqlıdır
Martın 15-də Milli Məclis sədrinin
birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə
olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun
rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanla Rumıniya arasında hələ tarixən dost münasibətlərin olduğunu bildirib. Qeyd olunub ki, Rumıniya həmişə beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının göstəricisidir. Biz münasibətlərimizin daha da dərinləşməsində maraqlıyıq.
Bildirilib ki, dövlətlərarası münasibətlərin inkişafında ölkə başçılarının xüsusi rolu var. İki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb və ratifikasiya edilib. Qarşılıqlı səfərlər parlamentlərarası əlaqələrin də inkişafına müsbət təsir edən vacib amildir.
Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə də məlumat verilib.
Viktor Paul Dobre Bakı barədə xoş təəssüratlarını bölüşüb. Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyindən danışıb.
Görüşdə
parlamentlərarası münasibətlərin inkişafı və
qarşılıqlı maraq doğuran digər məsələlər barədə
də fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2018.- 16 mart.- S.8.