Azərbaycan-Rumıniya münasibətlərinin inkişaf perspektivləri barədə
müzakirələr aparılıb
Martın 15-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, komitənin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasındakı münasibətlərin tarixindən söz açıb. O, strateji tərəfdaşlar olan Azərbaycanla Rumıniyanın siyasi, humanitar, mədəni əlaqələrindən bəhs edib. Vurğulayıb ki, bu gün Azərbaycan dünyada gedən proseslərə öz mövqeyini bildirir və aktual mövzulara dair müzakirələrə platforma yaradaraq bir sıra beynəlxalq konfranslara və forumlara ev sahibliyi edir.
Görüş zamanı nümayəndə heyətinin başçısı, Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobre Azərbaycana üçüncü dəfə səfər etdiyini və ATƏT PA-nın vitse-prezidenti olaraq qurumun İpək Yoluna Dəstək Qrupunun bu günlərdə Bakıda keçirilən beynəlxalq konfransına qatıldığını diqqətə çatdırıb. O, ölkəmizə ilk dəfə səfər edən həmkarlarının Azərbaycan barədə böyük təəssüratları olduğunu bildirib. Qeyd edib ki, Rumıniya-Azərbaycan dostluq qrupu ikipalatalı Rumıniya parlamentində ən böyük qruplardan biridir, 15 üzvü var. Azərbaycanda keçirdikləri görüşlər barədə xoş təəssüratlarını bölüşən qonaq dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zərurətini vurğulayıb.
Sonra Rumıniya Senatının üzvü İanku Karakota, Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar çıxış edərək Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Qeyd ediblər ki, Rumıniya hər zaman Azərbaycanın yanında olacaq. Parlamentlərarası əlaqələrdən razılıqla söz açan qonaqlar ümid etdiklərini deyiblər ki, hazırkı səfər münasibətlərimizə yeni impuls verəcək.
Görüşdə Milli Məclisin deputatları Rasim
Musabəyov və Sahibə Qafarova fikirlərini
bölüşüblər, Azərbaycan-Rumıniya əməkdaşlığının
genişlənməsi, əlaqələrin daha
da möhkəmlənməsi üçün təkliflərini diqqətə
çatdırıblar. Bildirilib ki, əməkdaşlıq üçün
Azərbaycanın həm istəyi, həm də geniş potensialı var.
Azərbaycan.-
2018.- 16 mart.- S.8.