İnkişafın Azərbaycan nümunəsi
2018-ci il ölkəmizin ictimai-siyasi həyatında həm də yubileylər ili və seçki dövrüdür. Belə ki, biz bir sıra mühüm əlamətdar tarixlərin və hadisələrin - ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edəcəyik. Təbii ki, bütün bu hadisələr cəmiyyətimizin xoş ovqatını artırır, insanlara yüksək əhvali-ruhiyyə aşılayır. Bu mənada 2018-ci il ölkəmiz və xalqımız üçün nikbin dövr kimi əlamətdar olacaq.
2018-ci il Azərbaycanda
həm də prezident seçkiləri ilidir. Aprel
ayının 11-də xalqımız öz iradəsini ortaya
qoyaraq tam demokratik meyarlar çərçivəsində
növbəti dəfə seçimini edəcək. Seçkilər hər bir ölkədə
mühüm siyasi hadisə hesab olunur. Bu,
Azərbaycanda da belədir. Seçki
gününə hələ bir aya yaxın qalsa da,
respublikamızda siyasi həyat artıq xeyli vaxtdır ki,
seçki kampaniyasına köklənib. Düzdür,
hələ qeydə alınmış namizədlər təbliğat
və təşviqata başlamayıblar. Lakin
cəmiyyətin ovqatı onu düşünməyə əsas
verir ki, xalqımızın seçim ünvanı dəyişməzdir.
Bu da təbiidir. Çünki
ötən 15 ilin yekunlarının təhlili bu qənaəti
formalaşdırır ki, ulu öndər Heydər Əliyevin
siyasi kursunun davam etdirilməsi Azərbaycan vətəndaşlarının
gələcəyə baxışlarının əsas
prioritetidir.
Tərəqqi və
yüksəliş dövrü
Ötən 15 illik
dövrün cəmi bir neçə aspektinə diqqət
yetirməklə Azərbaycanın hansı dinamizmlə
inkişafını, milli maraqlarımızın beynəlxalq
səviyyədə layiqincə təmin olunmasını,
iqtisadiyyatın yüksəlişini, insanların sosial
rifahının dəfələrlə
yaxşılaşdığını görərik. Təbii ki, bu
dövrün ən böyük uğurlarından biri iqtisadi
artım və qeyri-neft sektorunun inkişafıdır. Bu yaxınlarda regionların sosial-iqtisadi
inkişafının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda səslənən statistik məlumatlar
ölkəmizin son illərdə keçdiyi inkişaf yolunun nə
qədər möhtəşəm olmasından xəbər
verir. Konfransda qeyd edildiyi kimi, milli iqtisadiyyatımız
14 il ərzində 3,2, qeyri-neft
iqtisadiyyatımız 2,8 dəfə artıb. Bütün
bunlar göstərir ki, bir sıra qabaqcıl dövlətlərin
onilliklər boyu keçdiyi inkişaf mərhələlərini
qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan
məqsədlərinə doğru inamla addımlayan, qlobal
layihələri daxili imkanları hesabına gerçəkləşdirən
dövlət kimi tanınmaqdadır.
Ardıcıl və sistemli
şəkildə həyata keçirilən sosial siyasət
sayəsində insanların həyat şəraitinin yüksəldilməsi,
rifahının yaxşılaşdırılması sahəsində
möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl
yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi,
başqa sözlə, təxminən 10 dəfə
azaldılması, 1 milyon 900 min yeni iş yerinin
yaradılması nəticəsində işsizlik səviyyəsinin
təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər
qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar
orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real
gəlirləri orta hesabla 2,6 dəfə artıb.
Son 15 il ərzində
ölkənin siması köklü surətdə yenilənib,
modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici
xüsusiyyətinə çevrilib. Bakı
dünyanın ən gözəl şəhərlərindən
biri kimi şöhrət qazanıb, bölgələrdəki
quruculuq onların simasını abadlaşdırıb,
müasirləşdirib. Bu, ilk növbədə
özünü bütün ölkə üzrə
infrastrukturun yenilənməsində göstərir.
Əzəmətli infrastruktur layihələrinin miqyası
inşa olunan 12 min 300 kilometr müasir yollarda, 443 körpü
və yol qovşağında, qazlaşdırmanın 93 faizə
çatdırılmasında, əhalinin içməli su ilə
təminatının 67 faizə yüksəlməsində ifadə
olunur. 7 beynəlxalq aeroport yenidən qurulub, 30 elektrik
stansiyası tikilib, sahibkarlara güzəştli şərtlərlə
2 milyard manatdan çox kreditlər verilib, 4 su anbarı tikilib.
Bundan başqa, 3100 məktəb tikilib və ya əsaslı
surətdə təmir olunub, 642 xəstəxana qurulub istifadəyə
verilib, 43 müasir idman kompleksi yaradılıb, məcburi
köçkünlər üçün 92 yaşayış
kompleksi tikilib və 245 min məcburi köçkün
müasir mənzillərlə təmin olunub. Oğuz-Qəbələ-Bakı
kimi nəhəng və tarixi su kəmərinin çəkilməsi
Bakı şəhərinin içməli suya olan tələbatının
daha keyfiyyətli ödənilməsinə yol açdı.
Bütövlükdə ölkədə içməli su ilə
təminatın 26 faizdən 67 faizə,
qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə
çatması son 15 ilin mühüm uğurları
sırasında yer alan inkişaf nümunələridir. Hesab edirəm ki, tarix boyu təbii qazın
olmadığı kəndlərə qaz çəkilməsi
müasir Azərbaycanın mühüm inkişaf
reallıqlarından biridir.
Təbii ki, bu cür layihələrin
həyata keçirilməsi nəticə etibarilə 15 ildə
ölkənin sosial-iqtisadi inkişafına böyük təkan
verib, dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin
uğurla icrasını təmin edib. Amma bu da son deyil.
Hazırda çoxsaylı infrastruktur layihələri
icra mərhələsindədir. Qarşıdan
gələn dövrlərdə də yeni layihələr həyata
keçiriləcək. Son məqsəd isə
Azərbaycanı inkişaf etmiş ölkələrin cərgəsinə
çıxarmaqdır. Real iqtisadi mənzərə
respublikamızın bu hədəfə doğru inamla irəlilədiyini
göstərir.
Olduqca qürurvericidir ki, ötən
15 ildə ölkəmizin dinamik inkişafı, sürətli
tərəqqisi, həyata keçirilən əzəmətli
layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi,
modernləşməsi doğma vətənimizi dünyaya yeni
formada təqdim etməyə imkan yaradır. Bütün
bu müsbət dəyişikliklər isə ulu öndərin
müəyyənləşdirdiyi yolun davamından başqa
cür qiymətləndirilə bilməz. Dinamik
sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində
öz yerini daha da möhkəmləndirməsi məhz Heydər
Əliyevin zəngin ictimai-siyasi irsinin, ideyalarının
yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin
nəticəsidir. Bu yüksəliş Heydər
Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən
etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam
dolğunluğu ilə təsdiq edir.
Regionun lider
dövləti
Həyata keçirilən
uğurlu siyasət nəticəsində Azərbaycanın
ötən 15 ildə regionun lider dövlətinə
çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi,
söz sahibinə çevrilməsi dünya miqyasında qəbul
edilən reallıqdır. Bu reallığı təsdiq
edən bir çox amilləri sadalamaq mümkündür.
Bu sırada Bakıda keçirilən beynəlxalq
əhəmiyyətli tədbirlər gənc Azərbaycan
dövlətinin dünyada artan nüfuzunu təsdiq edən
mühüm faktorlardır. Azərbaycan
artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə,
iqtisadi və sair tədbirlərin keçirildiyi məkana
çevrilib. Ölkəmizin mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən
biri olmasını bütün dünya qəbul edir. Bunlar ölkəmizin artan nüfuzundan xəbər
verir.
Azərbaycanın
dünyadakı yüksək siyasi nüfuzunun ən bariz
nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsini göstərmək
olar. Bir
neçə il əvvəl Azərbaycanın
BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə
uğurlu və müstəqil siyasətin göstəricisi
idi. Ölkəmizin bu qələbəsini məhz
həyata keçirilən qətiyyətli və ləyaqətli
siyasət təmin etdi. Azərbaycan bu
dövrdə həm də kosmik klubun üzvünə
çevrilib. Artıq indiyə kimi iki
peykimiz orbitə buraxılıb. Bu nailiyyət
İKT sahəsində məqsədyönlü və
uzaqgörən siyasətin həyata keçirilməsi, eləcə
də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi
üzrə məramlarının reallaşdırılması
sayəsində əldə olunub. Beləliklə,
peykimizin orbitə buraxılması müstəqillik
dövründə imza atdığımız ən
böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir
və hər bir Azərbaycan vətəndaşı bununla fəxr
edir.
Azərbaycanı regionun lider
dövləti edən mühüm amillərdən biri həyata
keçirdiyi qlobal iqtisadi layihələrdir. Hələ
illər öncə Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum kəmərlərinin
inşasını başa çatdırmaqla Azərbaycan
bütün dünyaya nümayiş etdirdi ki, müstəqil və
cəsarətli siyasət həyata keçirir. Məlum olduğu kimi, o dövrdə ermənilər
və antiazərbycançı dairələr bu layihələrin
dayandırılması üçün əllərindən gələni
edirdilər. Lakin Azərbaycan bütün
təzyiqləri məharətlə dəf etdi. Bununla həm Azərbaycanın bölgədəki
lider mövqeyi daha da möhkəmləndi, həm də
ölkəmizin inkişafında yeni mərhələnin əsası
qoyuldu. Neftlə zəngin bir çox
dövlətlərdən fərqli olaraq, Azərbaycanda neft gəlirləri
düşünülmüş şəkildə ilk növbədə
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və
infrastrukturun yenilənməsinə yönəldildi. Qeyd edilən mühüm makroiqtisadi nəticələrin
əldə edilməsində neft gəlirlərinin
böyük rolu oldu. Bu gün də BTC və
BTƏ kəmərləri Azərbaycanın inkişafına,
vətəndaşlarımızın sosial rifahının
yüksəldilməsinə xidmət edir.
Respublikamızın
iştirakçısı və təşəbbüskarı
olduğu layihələr tarixi uğurlar qazandırıb. Azərbaycandakı
əlverişli investisiya mühiti də xarici şirkətlərin
diqqətini cəlb edib. İndi ölkəmiz
dünyada etibarlı investor kimi tanınır. İqtisadiyyatına, ilk növbədə neft-qaz sənayesinə
xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan
artıq özü digər ölkələrə sərmayə
yatırır. Xatırladım ki, 2004-cü ildə Azərbaycanın
valyuta ehtiyatları cəmi 1,8 milyard dollar
idi. Bu gün ölkəmizin ehtiyatında olan 44
milyard dollar vəsait isə 2004-cü illə müqayisədə
23 dəfə çoxdur. İndi Azərbaycan
öz ehtiyatlarını həm nəzərəçarpacaq dərəcədə
artırır, həm də gələcəyi naminə yeni
iqtisadi layihələrə inamla sərmayə yatırır.
Hazırda Azərbaycanın təşəbbüsü
ilə inşa olunan “Cənub qaz dəhlizi”nə ölkəmiz
yetərincə maliyyə vəsaiti ayırır. Ələtdə regionun ən böyük dəniz
limanı tikilir. Ötən ilin
oktyabrında inşası başa çatan və artıq bəhrəsini
gördüyümüz Bakı-Tbilisi-Qars dəmir yolu xətti
kimi digər layihələrə də yatırılan vəsait
yaxın illərdə artıqlaması ilə dövlətimizə
qayıdacaq, gələcəkdə xalqımızın
yüksək sosial rifahına xidmət edəcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin
tikintisinin və “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin ölkəmizdən keçən hissəsində
işlərin başa çatması Azərbaycanın maliyyə
imkanlarının çoxalmasına və qeyri-neft sektorunun
inkişafına böyük töhfələr verəcək.
Yuxarıdakı fikirlərimi
ümumiləşdirərək bir daha qeyd etmək istərdim
ki, qısa müddətdə Azərbaycan Cənubi Qafqaz
regionunun ən sürətlə inkişaf edən, sabit və
qüdrətli dövlətinə çevrilib. Görülən
işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli
tərəqqisi naminə qəbul edilən və uğurla həyata
keçirilən dövlət proqramları, onların real nəticələri,
ölkəmizin dünya birliyində öz mövqelərini
daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Son 15 ildə Azərbaycanın
sürətli inkişafı, enerji sahəsi ilə
yanaşı qeyri-neft sektorunun önəmli şəkildə
tərəqqisi, hər bir vətəndaşın maddi rifah
halının yuksəlməsi, müstəqil xarici siyasətin
yürüdülməsi vahid siyasi platformaya söykənən,
çoxşaxəli və genişmiqyaslı strateji xəttin
prioritet istiqamətləridir. Bu yüksəliş
və uğurlar ulu öndər Heydər Əliyevin uzaqgörən
bir strateq olaraq müəyyən etdiyi inkişaf
konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə
təsdiq edir. Bu siyasətin davamı isə
Azərbaycan xalqının istəyidir. Xalqımız
qarşıdan gələn prezident seçkilərində məhz
bunları rəhbər tutaraq öz seçimini edəcək.
Bu mənada əminliklə demək olar ki, Azərbaycan
xalqını xoşbəxt gələcəyə aparan bu
siyasət növbəti 7 ildə də uğurla davam etdiriləcək,
respublikamız inkişaf tempini sürətləndirəcək,
qabaqcıl dövlətlər arasında layiqli yerini daha da
möhkəmləndirəcək.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2018.- 16 mart.- S.8.