Azərbaycan dünyanın əsas tərəfdaşlıq
mərkəzlərindən biridir
50-dən çox ölkənin 450-dən çox nümayəndəsi, 47 hazırkı və keçmiş dövlət, hökumət başçıları, tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak etdiyi VI Qlobal Bakı Forumu bu gün başa çatır.
Bakı Forumu qlobal
məsələlərin həllində müstəsna rol oynayır
Azərbaycanın qlobal dialoqun ən mükəmməl platforması olduğunu növbəti dəfə təsdiqləyən bu toplantı həm də ölkəmizin beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrildiyini bir daha sübut etdi. Artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır.
Prezident İlham Əliyev bu mötəbər toplantının fəaliyyətini qiymətləndirərkən qeyd etdi ki, forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. Forumun məqsədi dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr verməkdir.
Universal dəyərlərə əsaslanan siyasət
Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycanın son 15 il ərzində qazandığı nailiyyətlərdən söz açan cənab İlham Əliyev vurğuladı ki, müharibə şəraitində, torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq müstəqil Azərbaycan inkişaf etməkdə davam edir. İqtisadi və sosial inkişafı rəqəmlərdə, vətəndaşların bugünkü həyat tərzində, regionların simasında əks olunur.
Son 15 il ərzində yoxsulluğun və işsizliyin azaldılması üçün çox işlər görülüb. Hazırda bu iki göstərici təxminən 5 faiz səviyyəsindədir. Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsinin az olmasına görə dünyada ən öncül ölkələr sırasındadır: “Ölkə iqtisadi baxımdan asılı vəziyyətdə olduqda, müstəqil xarici siyasəti yürütmək imkanları məhdud olur. Bizə gəldikdə, sürətli iqtisadi artım, müstəqil xarici siyasət Azərbaycan xalqının maraqlarına, universal dəyərlərə əsaslanan siyasət yürütmək imkanı yaratdı”.
15 ildə 3,2 dəfə iqtisadi
artım dünya rekordudur
Davos Dünya İqtisadi Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından 35-ci yerdə qərarlaşdırıb. Yəni, Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyanın 35 ən qabaqcıl ölkəsi sırasındadır. Müstəqilliyinin cəmi 26 yaşı olan bir dövlət üçün bu, həqiqətən, böyük nailiyyətdir. Davos Forumunun digər qiymətləndirməsi İnklüziv İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdədir. Yəni Azərbaycandan öndə yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və 2 inkişaf etməkdə olan dövləti yer alır. Bu, aparıcı beynəlxalq siyasi və maliyyə institutlarının ölkəmizin islahatlarla bağlı qiymətləndirməsidir.
Son 15 il ərzində isə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bunu dünya rekordu adlandıran cənab
İlham Əliyev diqqətə çatdırdı ki, ölkədə həyata keçirilən islahatlar uğurlu nəticələr verir. Həmin islahatlar sayəsində ölkəmiz adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlərdən biridir.
2004-cü ildə valyuta ehtiyatları cəmi 1.8 milyard dollar olan Azərbaycan bu gün 44 milyard dollar valyuta ehtiyatlarına sahibdir. Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabərdir. Bu vəsaitin yarısını xarici, yarısını isə daxili investisiyalar təşkil edir. Bütün bunlar Azərbaycanın iqtisadi siyasətinin uğurlu olduğunu açıq-aydın sübut edir.
Enerji ehtiyatları ilə məşhur olan
dövlət
Bu gün müstəqil Azərbaycan həm də dünyada enerji ehtiyatları ilə məşhurdur. Özünün enerji potensialını dünyaya açmış Azərbaycan xarici neft şirkətləri ilə 24 ildir ki, uğurlu əməkdaşlıq edir. Regionda Azərbaycanın təşəbbüsü və iştirakı ilə meqalayihələr həyata keçirilir.
Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi enerji layihələri, Bakı-Tbilisi-Qars mühüm dəmir yolu xətti bunun bariz nümunəsidir.
Azərbaycan artıq Xəzər dənizinin digər tərəfində hasil olunan neftin daşınması üçün tranzit ölkəyə çevrilib. Ölkəmiz öz tərəfdaşları ilə daha geniş formatda, enerji sektorunda dünyanın ən nəhəng layihəsi olan “Cənub qaz dəhlizi” layihəsi üzərində çalışır. Yeddi dövləti birləşdirən layihənin dəyəri 40 milyard dollardır və buraya Azərbaycanın təbii qazının hasilatı, nəqli və paylanması daxildir. Bakıdan başlayaraq Avropada bitən vahid neft kəmərləri sisteminin ümumi uzunluğu 3500 kilometrə bərabərdir. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.
Bu mühüm uğurları qiymətləndirən dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin enerji balansının 40 faizini təşkil edir və təbii qazımız da Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək.
Azərbaycan beynəlxalq əməkdaşlığa
çoxşaxəli töhfə verir
Sosial-iqtisadi uğurlarla yanaşı, Azərbaycan beynəlxalq əməkdaşlığa çoxşaxəli töhfə verir. Onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərdir ki, onlar Asiya və Avropa arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir.
Enerji və nəqliyyat layihələrinin xalqlara fayda gətirdiyini, on minlərlə yeni iş yerləri yaradıldığını və bununla da ölkələrin inkişafına töhfə verdiyini söyləyən cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan həm də regionda sabitləşdirici rol oynayır. Dövlətin yürütdüyü siyasət hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq, dəstək üzərində qurulub. Respublikamız həmçinin Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır.
Bütün bunlar Azərbaycanın regiondakı və dünyadakı rolunun nədən ibarət olduğunu bir daha təsdiqləyir. Dövlət başçısının söylədiyi kimi, yürüdülən siyasəti əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönələn ölkəmizin nailiyyətləri sübut edir ki, müstəqil Azərbaycan düzgün yoldadır.
Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Bütün forumlarda, konfranslarda olduğu kimi, cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan etdi: “Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən o qədər də sabit olmayan regionda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Ona görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionda sülh bərqərar ola bilər”.
Forumda və panel iclaslarda çıxış edən dövlət və hökumət başçıları, siyasətçilər də Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətindən söz açaraq bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğuladılar.
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım vurğuladı ki, illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar bunun ədalətsiz olduğunu bildirdiyi, işğalın aradan qaldırılmasının vacibliyini qeyd etdiyi halda, bu istiqamətdə lazımi addımlar atılmayıb. Ancaq haqq gec-tez öz yerini tapacaq və təqsirkarlar layiq olduqları cavabı alacaqlar.
Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycanın ərazisinin 100 faizinə nəzarət etməsinə tam hüququ olduğu halda yalnız 80 faizinə nəzarət etməsinin təəssüf doğurduğunu söylədi. Onun fikrincə, BMT və digər beynəlxalq təşkilatlar iradə nümayiş etdirməlidirlər. Əsas məsələ dayanıqlı sülh yaratmaqdır. Bunun üçünsə birgə səy göstərmək lazımdır.
Tam müstəqil və gələcəklə
bağlı aydın baxışa malik
ölkə
Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan qısa zaman ərzində bir çox dövlətlərin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Bu, heç də respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Bu, potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda, xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır.
Bu nailiyyətləri dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Ancaq bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa malikdir: “Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir”.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.-17 mart.- S.1-2.