Milli Məclisdə
Nazirlər Kabinetinin illik hesabatı dinlənilib
Martın 16-da Milli Məclisin
yaz sessiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir
ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasda
qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında
hesabatının dinləniləcəyini bildirib.
Hesabat barədə danışan
spiker deyib: “Bizə təqdim edilmiş hesabatla
tanışlıq bu qənaətə gəlməyə əsas
verir ki, həyata keçirilən iqtisadi inkişaf
strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub
saxlamağa imkan yaradıb. 2017-ci ildə ölkəmiz
sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində
əldə edilmiş nəticələr ölkəmizin
ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və
təhlükəsizlik şəraitində yaşayıb”.
Sədr bildirib ki, ötən il ölkə iqtisadiyyatında həyata
keçirilən sistemli islahatlar uğurla davam etdirilib. Əlamətdar haldır ki, aparıcı beynəlxalq
təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan
dövlətinin reallaşdırdığı bu
islahatları yüksək qiymətləndiriblər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan
rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək,
35-ci yeri tutub. Digər beynəlxalq reytinq
agentliklərinin hesabatlarına görə də Azərbaycanın
mövqeləri xeyli yaxşılaşıb.
Oqtay Əsədov deyib ki,
2017-ci ildə Azərbaycan dövlətinin neft
strategiyasında növbəti uğurlu addım atılıb. “Azəri-Çıraq-Günəşli”
yatağının işlənilməsinə dair xarici
şirkətlərlə müqavilənin müddəti
ölkəmiz üçün əlverişli şərtlərlə
2050-ci ilə qədər uzadılıb. Cənub
Qaz dəhlizinin mühüm tərkib hissələri olan Cənubi
Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və
TAP boru kəmərlərinin inşası sürətlə
davam etdirilib.
Sədr diqqətə
çatdırıb ki, ötən il tarixi
İpək Yolunun bərpası üçün böyük
önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə
verilib. Araşdırmalar göstərir ki, bu
layihə Avropa ilə Şərqi birləşdirən tranzit
müddətini 2 dəfə azaltmağa şərait
yaradır. İqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft ixracının stimullaşdırılması, aqrar
sahəyə dövlət dəstəyinin
artırılması istiqamətində ciddi addımlar
atılıb. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki
ilə nisbətən 2,7 faiz artım
baş verib, nəticədə bu sektorun ÜDM-də
xüsusi çəkisi təqribən 63 faiz təşkil
edib. Ötən ilin uğurlarından biri də xarici ticarət
dövriyyəsində 6,7 milyard
dollarlıq müsbət saldonun yaranmasıdır. Həyata keçirilən
düşünülmüş tədbirlər ölkəmizin
investisiya qoyuluşları üçün cəlbediciliyini
qoruyub saxlamağa imkan verib. İl ərzində
iqtisadiyyata 17 milyard manata yaxın sərmayə
yatırılıb.
Oqtay Əsədov qeyd edib ki,
Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi
parlamentlə hökumət arasında əlaqələrin
güclənməsini, sosial-iqtisadi inkişaf məsələlərinin
obyektiv araşdırılmasında və həllində millət
vəkillərinin iştirakını təmin edir. Həmişə olduğu
kimi, ötən il Milli Məclisdə
hesabatın müzakirəsi zamanı irəli
sürülmüş təkliflər hökumət tərəfindən
diqqətlə araşdırılıb. Millət
vəkillərinin 68 təklifinin icrası barədə məlumat
hesabatda ətraflı qeyd olunub.
Sonra iclasda Konstitusiyaya
uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-zadə hesabat məruzəsi
ilə çıxış edib.
Baş nazir Artur
Rasi-zadənin çıxışı
-Hörmətli sədr.
Hörmətli deputatlar.
2017-ci il ölkəmizin
tarixində maliyyə sabitliyinin və iqtisadi artımın bərpası,
dərin islahatlar ili kimi özünəməxsus yer tutub.
Azərbaycan dövlətinin olduqca gərgin
və mürəkkəb beynəlxalq şəraitdə
xalqın mənafeyinə uyğun apardığı
sosial-iqtisadi siyasəti keçən il
daha da dərinləşərək, köklü keyfiyyət dəyişiklikləri
ilə müşayiət olunub.
Hökumətin ötən ilin
yekunlarına dair iclasında ölkədəki sosial-iqtisadi vəziyyət
dolğun şəkildə təhlil edilib və növbəti
il üçün əsas prioritetlər
müəyyənləşdirilərək, qarşıda duran
ən mühüm vəzifələrin icrası ilə
bağlı konkret tapşırıqlar verilib.
Nazirlər Kabinetinin 2017-ci
ildəki fəaliyyəti barədə geniş və hərtərəfli
hesabat həmişəki kimi Milli Məclisə əvvəlcədən
təqdim edilib. Yəqin ki, hesabatla tanış
olmusunuz və müzakirələrdə konstruktiv təkliflərinizlə
fəal iştirak edəcəksiniz.
Azərbaycanın tərəqqisi,
xalqımızın təhlükəsizliyi və əmin-amanlığı
üçün böyük önəm kəsb edən
prezident seçkiləri ərəfəsində olduğumuza
görə bugünkü çıxışımı
dövlətimizin son 14 ildə əhalinin rifahının
yüksəldilməsinə hədəflənmiş
sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan əsas
nailiyyətlər üzərində qurmağı
düzgün hesab edirəm.
Bu dövrdə ümumi daxili məhsul
real həcmdə 3,2 dəfə, sənaye məhsulunun
istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının
istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş
investisiyalar 3 dəfə, əhalinin adambaşına
düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı
6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri
30 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri
açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür
uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət
büdcəsinin gəlirləri 13,5 dəfə,
Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə
çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42
milyard ABŞ dolları təşkil edib.
Azərbaycanın təşəbbüskarı
olduğu və bütün dünyada geniş əks-səda
doğuran Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi,
Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli
tarixi layihələrin icrası mümkün olub.
Şübhəsiz ki,
sadalanan uğurların qazanılmasında ölkədə
dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq
mühitinin yaradılması, dövlətimizin çoxşaxəli
siyasətinin xalq tərəfindən dəstəklənməsi
başlıca amillərdəndir.
Hörmətli deputatlar,
neft-qaz sənayesinin iqtisadiyyatdakı aparıcı rolu təbii
ki, hələ uzun illər davam etməklə, ölkənin
nüfuzunun artmasına öz töhfəsini verəcək,
habelə digər sahələrin inkişafına ciddi təsir
göstərəcəkdir.
“Azəri-Çıraq-Günəşli”
neft yatağının işlənilməsi, “Şahdəniz”
qaz yatağının mərhələlərlə
istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına
daxil olmasına zəmin yaradıb. Ötən il
“Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla
birlikdə aparılan danışıqlar yekunlaşıb və
onun müddəti Azərbaycan üçün əlverişli
şərtlərlə 2050-ci ilə qədər
uzadılıb.
Neft-kimya sənayesinin daha da
inkişaf etdirilməsi məqsədilə mühüm layihələr
həyata keçirilib. Hazırda Heydər Əliyev adına
Bakı neft emalı zavodunda əsaslı rekonstruksiya və
modernləşmə ilə əlaqədar mühüm işlər
aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen
qurğularının tikintisi isə tamamlanaraq, müvafiq
sınaq işlərinə başlanılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar
daxili tələbatı ödəməklə yanaşı, həm
də yüksək ixrac potensialına malik olacaqdır.
Son 14 ildə əhalinin təbii
qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli
ilə bağlı görülən davamlı tədbirlər
ölkə üzrə qazlaşdırmanın səviyyəsini
51 faizdən 93 faizə yüksəltməyə imkan verib.
Enerji təhlükəsizliyinin
təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik
enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən
prioritet istiqamətlərindən olub.
2004-2017-ci illər ərzində
ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30
elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən
çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək
yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri
çəkilib.
Ardıcıl və sistemli
surətdə həyata keçirilən şaxələndirmə
siyasəti, sahibkarlıq mühitinin
yaxşılaşdırılması üzrə görülən
tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə
daxil olmasına zəmin yaradıb. Sənayenin
inkişafına dair Dövlət Proqramı təsdiq edilib və
icrasına başlanılıb. Ənənəvi
sənaye sahələri ilə yanaşı, Azərbaycan
iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma,
alternativ enerji və sair sahələr yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində
müasir istehsal infrastrukturuna malik sənaye parklarının və
sənaye məhəllələrinin yaradılmasına
üstünlük verilib. Bu cür sənaye
kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz
edən məhsulların istehsalının
artırılması baxımından xüsusilə əhəmiyyətlidir.
Artıq fəaliyyət göstərən
Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ
Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi
məhz belə müəssisələrdəndir. Bu illərdə
Bakı gəmiqayırma zavodu, Gədəbəy və
Daşkəsən qızıl-filiz zavodları, Gəncə
avtomobil zavodu, Gəncə alüminium kompleksi, iri qabaritli
transformatorlar zavodu, yüksək gərginlikli avadanlıqlar
zavodu və digər müasir tipli müəssisələr
istifadəyə verilib.
Dövlət
başçısının təşəbbüsü ilə
xalçaçılıq sahəsi yeni intibah dövrünə
daxil olub, “Azərxalça” Səhmdar Cəmiyyəti tərəfindən
2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri
açılıb. Növbəti illərdə daha 10 belə
müəssisənin yaradılması nəzərdə
tutulur.
2004-2017-ci illərdə tikinti
materiallarının istehsalı 4,4 dəfə,
elektrik avadanlıqlarının istehsalı 10,9 dəfə,
mebel istehsalı 2,4 dəfə artırılıb.
Ümumilikdə, son 14 ildə
müasir tələblərə cavab verən yeni müəssisələrin
istifadəyə verilərək, əlavə istehsal güclərinin
yaradılması və həyata keçirilmiş digər
kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda
istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.
Ölkənin ərzaq təhlükəsizliyi,
əhalinin keyfiyyətli qida məhsulları ilə təmin
edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən
biri kimi müəyyənləşdirilib. Qarşıya
qoyulmuş vəzifələrin vacibliyini və
miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi
üzrə Dövlət Proqramı qəbul edilib və
icrasına başlanılıb.
Proqramda nəzərdə
tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə
kənd təsərrüfatı məhsulları
istehsalının artırılmasına və
çeşidinin genişləndirilməsinə müxtəlif
dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o
cümlədən güzəştli kreditlərin və
subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin
göstərilməsi, müasir texnologiyalardan istifadə
olunması ilə bağlı məqsədyönlü tədbirlər
həyata keçirilib.
Ölkədə 32 iri fermer təsərrüfatı
yaradılıb və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli
kredit ayrılıb. Hazırda 43 aqroparkın, o
cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri
taxılçılıq təsərrüfatının
yaradılması istiqamətində intensiv işlər
aparılır. 2018-ci ilin əvvəlinə ölkədə
2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir
və təkcə keçən il burada
190 min tondan çox məhsul tədarük edilib.
Hesabat ilində
pambıqçılığın,
baramaçılığın,
tütünçülüyün inkişafına dair
Dövlət proqramları təsdiq edilib,
fındıqçılığın inkişafı məqsədilə
yeni bağlar salınıb.
Son 14 ildə görülmüş
bütün bu işlər öz bəhrəsini verib,
taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə
ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı
məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə
artıb.
Bu illərdə aqrar sahədə
istehsalın stimullaşdırılmasına dövlət
büdcəsindən ümumilikdə 1,3
milyard manat məbləğində vəsait yönəldilib.
Kənd təsərrüfatı
istehsalçılarının suvarma suyu ilə təminatı,
suvarılan torpaqların əhatəsinin genişləndirilməsi
həmişə diqqət mərkəzində olub. 2004-2017-ci illərdə
ümumi sututumu 460 milyon kubmetrə yaxın olan
Taxtakörpü, Şəmkirçay, Tovuzçay və
Göytəpə su anbarları tikilib istifadəyə verilib.
Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa
edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr
kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən
qurulması və bərpası işləri aparılıb,
1960 subartezian quyusu qazılıb.
Ümumilikdə, bu məqsədlərə
müxtəlif mənbələrdən 4,3
milyard manat məbləğində vəsait cəlb edilib.
Görülmüş irimiqyaslı
işlər nəticəsində 360 min hektar sahədə
torpaqların su təminatı və 256 min hektar sahədə
meliorativ vəziyyət yaxşılaşdırılıb,
127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma
suyunun verilməsi təmin olunub.
Əhalinin keyfiyyətli
içməli su ilə təmin edilməsi, kanalizasiya şəbəkələrinin
tikintisi kimi olduqca vacib sosial problemlərin həlli məqsədilə
mühüm layihələrin icrasına başlanılıb. Bu illərdə Bakı
şəhərinin və Abşeron yarımadasının su təchizatını
əhəmiyyətli dərəcədə
yaxşılaşdıran Oğuz-Qəbələ-Bakı su
kəməri tikilib istifadəyə verilib, 9 min kilometrdən
çox su və 3 min 500 kilometrdən artıq kanalizasiya xətləri
çəkilib, 230 su anbarı tikilib və ya yenidən
qurulub. Cari ilin əvvəlinə 10 şəhərdə və
rayon mərkəzində su və kanalizasiya şəbəkələrinin,
9 şəhərdə isə su xətlərinin inşası
başa çatdırılıb, 390 min əhalinin su təchizatı
yaxşılaşdırılıb. Bunlarla yanaşı,
487 yaşayış məntəqəsində modul tipli sutəmizləyici
sistemlər quraşdırılıb və 700 min nəfərdən
çox insan keyfiyyətli içməli su ilə təmin
edilib.
Əsas hədəf kimi
qarşıya qoyulan mühüm vəzifələrdən biri
də müasir tələblərə cavab verən nəqliyyat
infrastrukturunun yaradılması olub. Bu istiqamətdə
görülmüş irihəcmli işlər təbii ki,
müsbət nəticələrini verib və nəqliyyat
sektoru ölkənin ümumi inkişafında mühüm yer
tutub.
2004-2017-ci illər ərzində
respublikada ümumi uzunluğu 13,3 min kilometr olan avtomobil yolları
tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü,
93 yol ötürücüsü və tunel, 84 yeraltı və
yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin
yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini
birləşdirən yollar ölkə vətəndaşlarının
gündəlik həyatına rahatlıq gətirməklə bərabər,
həm də bölgələrdə kənd təsərrüfatının,
sahibkarlığın və turizmin inkişafına ciddi təkan
verib.
Bakı-Tbilisi-Qars dəmir yolunun
işə salınması, İran İslam
Respublikasının sərhədinədək dəmir yolunun və
Astaraçay üzərindəki körpünün tikintisinin
başa çatdırılması, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının birinci mərhələsinin istifadəyə
verilməsi beynəlxalq tranzit ölkə statusu
qazanmış respublikamızı “Şimal-Cənub”, “Şərq-Qərb”
nəqliyyat dəhlizlərinin qovşağına çevirib.
Dəniz gəmiçiliyi
sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin
artırılması, ölkənin tranzit potensialının
gücləndirilməsi məqsədilə 2013-cü ildə
Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət
Neft Şirkətinin ləğv edilmiş Xəzər Dəniz
Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
yaradılıb. Gəmiçiliyin inkişafına dair
2016-2020-ci illəri əhatə edən Dövlət
Proqramının təsdiq edilərək icrasına
başlanılıb və Cəmiyyət iqtisadi göstəricilərini
əsaslı şəkildə yaxşılaşdırıb.
Bu müddətdə alınmış 19
müxtəliftəyinatlı gəmi hesabına onun fəaliyyəti
daha da genişləndirilib. Hazırda
Bakı gəmiqayırma zavodunda Cəmiyyətin sifarişi əsasında
2 gəmi və 2 tankerin tikintisi aparılır.
Bu dövrdə mülki hava
nəqliyyatının maddi-texniki bazası ən müasir hava
gəmiləri hesabına əsaslı şəkildə yeniləşdirilib,
sərnişinlərə göstərilən xidmətlərin
keyfiyyəti xeyli yüksəldilib.
Əgər 2003-cü ildə
Azərbaycanda yalnız 1 beynəlxalq statusa malik hava limanı
var idisə, hazırda onların sayı 6-ya
çatdırılıb. Təkcə Heydər
Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilmiş
müasir aerovağzal kompleksi ildə 6 milyon sərnişinə
xidmət göstərmək gücündədir.
Bakı şəhərində
əhalinin böyük əksəriyyətinin gündəlik
istifadə etdiyi nəqliyyat növü kimi metronun fəaliyyəti
daim diqqət mərkəzində olub. Bu xidmət sahəsinə davamlı
olaraq ayrılmış dövlət vəsaitləri
hesabına “Bakı Metropoliteni”nin maddi-texniki bazası əhəmiyyətli
dərəcədə gücləndirilib, 5 yeni metro
stansiyası istifadəyə verilib, “Koroğlu”, “İçərişəhər”
və “28 May” stansiyalarında əsaslı təmir işləri
aparılıb, 130-dan artıq təzə metro vaqonları
alınıb. Nəticədə “Bakı Metropoliteni”nin xidmətindən gün ərzində 630 min
nəfərə yaxın sərnişin istifadə edir.
Ölkəmizdə
aparılan ardıcıl və
düşünülmüş sosial siyasətin bariz nümunəsi
kimi “ASAN xidmət” mərkəzlərinin nümunəvi fəaliyyətinin
vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsini
xüsusilə qeyd etmək istərdim. Hesabat ilinin
sonuna 14 “ASAN xidmət” mərkəzinə 19 milyondan artıq
müraciət olunub. Ümumilikdə
respublikanın 52 rayonunda əhaliyə bilavasitə
yaşadıqları yerdə səyyar formada xidmət göstərilib.
2004-cü ildən başlayaraq həyata
keçirilən regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrası nəticəsində
bölgələrimizdə geniş quruculuq və abadlıq
işləri görülüb, çoxsaylı infrastruktur
layihələri həyata keçirilib, müxtəlif profilli
istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə
başlayıb və minlərlə yeni iş yeri
açılıb. Bütün bunlar hər bir
rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə
bərabər, əhalinin rifah halının yüksəldilməsinə,
sosial problemlərinin həllinə rəvac verib. Göstərilən
bu irimiqyaslı işlərin icrasına bütün mənbələr
hesabına 67,5 milyard manat məbləğində
maliyyə vəsaiti yönəldilib.
Dövlət
başçısının daim xüsusi həssaslıqla
yanaşdığı məcburi köçkünlərin
sosial problemlərinin həllinə və onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait
xərclənib. Nəticədə 7 çadır düşərgəsi,
16 fin tipli və dəmir yolu üzərindəki yük
vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial
infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi
köçkün mənzillə təmin edilib.
Təhsil, səhiyyə,
turizm, gənclər və idman sahələrinin
inkişafı, insanların yaşayış səviyyəsinin
yüksəldilməsi sosial-iqtisadi siyasətdə
başlıca yerlərdən birini tutur.
Bu illər ərzində təhsil
sektorunda islahatlar davam etdirilib, Avropa təhsil sisteminə
keçid təmin olunub və onun əsasında yeni məzmunlu
milli təhsil sistemi qurulub. Ümumi təhsil
sistemində çalışan 140 min müəllimin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
başa çatdırılıb, onların əməkhaqqı
əhəmiyyətli dərəcədə
artırılıb. İqtisadiyyatın
müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının
daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas
təhsili sistemi təkmilləşdirilərək, 14 peşə-təhsil
mərkəzi yaradılıb.
Ötən il
respublikanın 40 rayonunda 106 modul tipli məktəb
quraşdırılıb və təhsil şəraiti
yaxşılaşdırılıb.
2004-2017-ci illərdə
ümumilikdə 3098 məktəbin tikintisi və ya əsaslı
təmiri hesabına təhsil müəssisələrinin
maddi-texniki bazası xeyli möhkəmləndirilib.
Səhiyyə sistemində
aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz
edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə
göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə,
keyfiyyətinin nəzərəçarpacaq dərəcədə
artırılmasına səbəb olub. Son illərdə istifadəyə
verilmiş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya və
Onkologiya mərkəzləri, Azərbaycan Tibb Universitetinin
klinikaları məhz belə müasir səhiyyə obyektlərindəndir.
Ümumilikdə, bu dövrdə 635
tibb müəssisəsi tikilib, yenidən qurulub və təmir
edilib ki, bunların da 70 faizindən çoxunu regionlardakı
səhiyyə obyektləri təşkil edir.
Bir çox xəstəliklər
üzrə, o cümlədən talassemiya ilə mübarizə,
ana və uşaqların sağlamlığının
yaxşılaşdırılması, şəkərli diabet
xəstəliyi üzrə qəbul edilmiş Dövlət
proqramlarının icrası artıq öz müsbət nəticələrini
verməkdədir.
2013-cü ildə qəbul edilmiş
icbari dispanserizasiya üzrə Dövlət Proqramı çərçivəsində
ötən il uşaqların 90 faizindən
çoxu müayinəyə cəlb olunub.
Bu gün ölkəmizdə
əvvəllər mümkün olmayan, yeni texnologiya və
peşəkarlıq tələb edən cərrahi əməliyyatlar
uğurla həyata keçirilir.
2017-ci ilin əvvəlindən Mingəçevir
şəhərində və Yevlax rayonunda icbari tibbi
sığortanın pilot layihəsinin tətbiqinə
başlanılıb.
Son illərdə ölkədə
yaradılmış dayanıqlı sabitlik, müasir
infrastruktur, göstərilən davamlı dövlət dəstəyi
turizm sektorunun inkişafında dönüş yaratmağa
imkan verib.
Qusar rayonunda ilboyu fəaliyyət göstərən
“Şahdağ” Turizm Mərkəzi, Qəbələ, Quba,
Xaçmaz rayonlarında, Naftalan şəhərində
yüksək standartlara uyğun inşa edilmiş yeni
mehmanxanalar yerli və xarici turistlərin sevimli istirahət məkanına
çevrilib, onların ölkəyə axınının
artmasına səbəb olub.
Əgər 2004-cü ilin əvvəlinə
ölkədə fəaliyyət göstərən mehmanxana və
turizm istirahət mərkəzlərinin sayı 238 idisə,
2017-ci ildə müasir tələblərə cavab verən
belə obyektlərin sayı 563-ə
çatdırılıb.
Bu illər ərzində gənclərin
təhsil və məşğulluq məsələlərinin
həlli, sağlamlığının qorunması, ictimai fəallığının
artırılması məqsədilə qəbul edilmiş iki
“Azərbaycan gəncliyi” Dövlət Proqramının
icrası təmin olunub və 2017-2021-ci illəri əhatə
edən 3-cü Proqram icra edilməkdədir. Gənclərin
asudə vaxtının səmərəli təşkili, onlara
müxtəlif hüquqi və sair yardımların göstərilməsi
üçün respublikamızın müxtəlif bölgələrində
40 “Gənclər evi” yaradılıb.
İdmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi, güclü
idmançıların hazırlanması məqsədilə
38 Olimpiya Kompleksi tikilib, müxtəlif ölkədaxili və
beynəlxalq yarışların keçirilməsi
üçün çoxlu sayda müasir idman sarayları və
qurğuları istifadəyə verilib. Ölkəmizin
paytaxtında ən yüksək səviyyədə
keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi
Oyunları möhtəşəm idman bayramları kimi
yaddaşlarda qalacaqdır.
2004-2017-ci illərdə ətraf
mühitin mühafizəsi və ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində əhəmiyyətli
işlər görülüb.
Abşeron yarımadasındakı
neftlə çirklənmiş torpaqların, göllərin,
lay suları altında qalmış sahələrin ekoloji vəziyyətinin
sağlamlaşdırılması ilə bağlı işlər
başa çatdırılıb. Təhlükəli, o
cümlədən radioaktiv tullantıların
yığılması, yerləşdirilməsi və
utilizasiyası üzrə poliqonlar yaradılıb, Bakı bərk
məişət tullantılarının
yandırılması zavodu istifadəyə verilib, Sumqayıt
şəhərində 130 min kubmetrə yaxın torpaq civə
tullantılarından təmizlənib. Böyükşor
gölünün ekoloji bərpası layihəsinin birinci mərhələsi
yekunlaşdırılıb, Avro-4 ekoloji normaları tətbiq
edilərək, köhnə avtomobillərin idxalına
qadağa qoyulub.
Bu dövrdə 143 min hektar ərazidə
meşəbərpa tədbirləri aparılıb, o cümlədən
47 min hektar sahədə yeni meşəliklər salınıb
və 106 milyon ağac əkilib. Xüsusi
mühafizə olunan təbiət ərazilərinin sahəsi 4
yeni milli parkın yaradılması hesabına
artırılıb.
Hörmətli deputatlar, dərin təəssüf
hissi ilə qeyd etməliyəm ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
ciddi dönüşə nail olunmayıb. Bunun əsas
səbəbi Ermənistanın öz havadarlarına arxalanan
cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi,
problemin həllini hər vasitə ilə uzatmağa
çalışmasıdır. Dövlət
başçısı hamımızın ən
ağrılı yeri olan bu məsələni gündəlik nəzarətində
saxlayır, bütün beynəlxalq tədbirlərdə və
görüşlərində onun hüquqi müstəvidə,
ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həllini tələb edir.
Münaqişənin həllinin
sülh danışıqları ilə yanaşı, hərb
variantının mümkünlüyünü də nəzərə
alaraq, biz hərbi gücümüzü durmadan artırır,
ordunun maddi-texniki bazasını möhkəmləndirir,
müasir silah və sursatla təminatına xüsusi diqqət
yetiririk. 2016-cı ilin şərəfli Aprel
döyüşlərində erməni təxribatının
qarşısının qəhrəmanlıqla alınması
ordunun hərbi hazırlığının ildən-ilə
artdığını bir daha əyani nümayiş etdirdi.
Bu illərdə ölkəmizin
müdafiə qabiliyyətinin yüksəldilməsində
böyük əhəmiyyət kəsb edən Müdafiə
Sənayesi Kompleksi yaradılıb və müdafiə sahəsinə
ayrılan vəsaitin məbləği 13,5
dəfə artırılıb. Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində 1200-dən çox
məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz
uçuş aparatlarının, müxtəlif növ
atıcı silahların və digər silah-sursatın
istehsalı təşkil olunub. Bu gün Azərbaycanda
istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici
ölkələrə də ixrac edilir.
Hörmətli deputatlar, təbii
ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun
artması və dünya dövlətləri arasında layiqli
yerini tutması, dərin sosial-iqtisadi islahatların, nəhəng
strateji layihələrin, irimiqyaslı quruculuq tədbirlərinin
həyata keçirilməsi istiqamətində
görülmüş işlərin hamısını bir
çıxışda tam əhatə etmək mümkün
deyildir. Bir də ki, atalarımızın çox yerinə
düşən gözəl bir ifadəsi var – görünən
dağa bələdçi nə lazım.
Çıxışımın
sonunda bildirmək istəyirəm ki, Azərbaycan qarşıdakı
illərdə də sosial, iqtisadi, siyasi sahələrdə
uğurlarını daha da artıracaqdır.
Diqqətinizə görə
sağ olun.
***
Daha sonra deputatlar hökumətin
hesabatına münasibət bildiriblər. Arif Rəhimzadə, Əli
Məsimli, Hikmət Məmmədov, Azər Badamov, Elmira
Axundova, Zahid Oruc, Sahibə Qafarova, Fazil Mustafa, Musa
Qasımlı, Musa Quliyev, Bəxtiyar Əliyev və Rafael
Hüseynov qeyd ediblər ki, hesabatda və Baş nazirin bununla
bağlı çıxışında hökumətin fəaliyyəti
hərtərəfli və əhatəli təqdim olunub.
Mövcud iqtisadi çətinliklərə baxmayaraq, hökumət
ötən il ərzində səlahiyyətləri
çərçivəsində öhdəsinə düşən
vəzifəni layiqincə yerinə yetirib. Nazirlər
Kabinetinin illik hesabatında ölkə həyatının
bütün sahələri əhatə edilib, bütün əsas
göstəricilər əksini tapıb.
Fasilədən sonra parlamentdə
hesabat ətrafında geniş müzakirələr davam
etdirilib.
Deputatlardan Əflatun Amaşov, Fərəc Quliyev, Tahir
Mirkişili, Tahir Rzayev, İlham Məmmədov, Astan
Şahverdiyev, Çingiz Qənizadə, Sahib Alıyev, Eldar
Quliyev, Jalə Əliyeva, Yaqub Mahmudov, Tahir Kərimli, Aqiyə
Naxçıvanlı, Elman Nəsirov, Rəşad Mahmudov,
Mirkazım Kazımov, Fəzail Ağamalı və Naqif Həmzəyev
çıxış edərək hökumətin fəaliyyətini
yüksək dəyərləndirib, eləcə də qeyd və
təkliflərini hökumət üzvlərinin diqqətinə
çatdırıblar.
Ətraflı müzakirələrin
yekununda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci
ildə fəaliyyətinə dair illik hesabatı səsə
qoyulub və nəzərə alınıb.
Azərbaycan.- 2018.- 17 mart.- S.1; 3.