Azərbaycan Hökuməti ilə UNICEF arasında 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramının orta dövr icmalına dair müzakirələr aparılıb

 

Martın 16-da Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramının orta dövr icmalına dair müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramında Azərbaycan Hökumətinin BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirəcəyi layihələrin əksini tapdığını bildirib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipidir.

Elçin Əfəndiyev bildirib ki, Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirirbu gündən-günə daha geniş vüsət alır. Uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, onların yaradıcılıq mühitində böyüməsi, idmanla məşğul olması kimi mühüm məsələlər həmişə cəmiyyətimizin diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də olduqca vacib məsələdir. Uşaq problemlərinin həllinə yönəlmiş dövlət proqramları vahid dövlət uşaq siyasətinin formalaşması və reallaşdırılması baxımından ciddi əhəmiyyətə malikdir. Aparılmış uğurlu daxilixarici siyasətin nəticəsidir ki, Azərbaycan Hökumətinin beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlara əsasən beynəlxalq səviyyədə ölkəmizin həyata keçirdiyi islahatlar təqdirəlayiq addımlar kimi qiymətləndirilir. Biz BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq edirikbu əməkdaşlıq nəticəsində bir sıra mühüm nailiyyətlər əldə edilib. Birgə fəaliyyətimiz daha da inkişaf edəcək və yeni-yeni nailiyyətlər əldə olunacaq. BMT-nin Uşaq Fondu ilə həyata keçirəcəyimiz layihələr uşaqların inkişafına uğurlu töhfələr verəcək, onların maraqlarının təmin olunmasında da ciddi rol oynayacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, Azərbaycan Hökuməti uşaqların inkişafı, təhsili, sağlam şəraitdə böyüməsi üçün UNICEF tərəfindən təklif edilən bütün ideyaları böyük məmnuniyyətlə dəstəkləyir. Bu isə dövlətin uşaq siyasətinə verdiyi önəmin göstəricisidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, ölkəmizdə uşaqların qayğı ilə əhatə olunması, sağlam sosial-mənəvi mühitdə böyüməsi və bütöv bir şəxsiyyət kimi formalaşması dövlət siyasətində mühüm yer tutur. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir.

Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqların inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb. Komitə sədri bildirib ki, uşaqlar üçün məlumat bazası yaradılıb, övladlığa götürülmə sistemi elektronlaşdırılıb. Uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək istiqamətlər üzrə mühüm sənədlər hazırlanmaqdadır.

Komitə sədri qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı layihələrin həyata keçirilməsində beynəlxalq təşkilatların xüsusi rolu var. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr reallaşdırılıb. BMT-nin Uşaq Fondu ilə əməkdaşlıq ölkədə uşaqların inkişafına dair bütün layihələrin həyata keçirilməsinə bundan sonra da təkan verəcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov son 10 il ərzində Azərbaycanda üç mindən çox yeni məktəb binasının tikilib istifadəyə verildiyini deyib. O vurğulayıb ki, dünyanın heç bir ölkəsində qısa müddətdə bu qədər məktəb tikilməyib və ya əsaslı təmir olunmayıb. Ən ucqar kəndlərdə yerləşən məktəblərin də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb və ötən il 100 modul tipli məktəb istifadəyə verilib. Bu il isə daha 137 modul məktəbin tikintisi planlaşdırılır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev uşaqların sağlam böyüməsinin daim diqqətdə saxlanıldığını deyib. Bildirib ki, hazırda Azərbaycanda 11 infeksion xəstəliyə qarşı dövlət hesabına peyvəndləmə işi həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ölkədə bir sıra idarəolunan infeksion xəstəliklər müşahidə olunmur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov UNICEF ilə nazirlik arasında həyata keçirilən layihələrdən danışıb. O deyib ki, birgə hazırlanan “Sosial xidmət haqqında” qanun layihəsinin uğurlu icrası 4 min 46 uşağın bu xidmətdən yararlanmasına şərait yaradıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu ildən başlayaraq UNICEF ilə birgə yeniyetmə və gənclərin inkişafına xidmət edəcək iki pilot layihənin reallaşdırılması nəzərdə tutulub.

Müzakirələrdə BMT-nin Uşaq Fondunun, dövlət qurumlarının, QHT-lərin proqramla bağlı rəy və təklifləri dinlənilib.

 

Azərbaycan.- 2018.- 17 mart.- S. 4.