Azərbaycan Hökuməti ilə Beynəlxalq
Qızıl Xaç Komitəsi
arasında əməkdaşlıq məsələləri
müzakirə olunub
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri,
Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyasının sədri Əli Həsənov martın 17-də
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri xanım Elena Aymone
Sessera ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi bir sıra fəaliyyətlər barədə, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib və ölkəmizdə bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Xanım Elena Aymone Sessera
cəbhə xəttinə yaxın ərazilərdə yerləşən
kəndlərdə təşkilat tərəfindən həyata
keçirilən layihələr barədə geniş
məlumat verib və bu
işdə yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirib.
O, Azərbaycan Hökumətinin qaçqın və
məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək
qiymətləndirib, ölkəmizdə baş
verən inkişaf və tərəqqinin göz qabağında olduğunu
diqqətə çatdırıb. Nümayəndəliyin
rəhbəri, həmçinin ölkəmizdəki fəaliyyətlərinə
verdiyi dəstəyə görə Azərbaycan
Hökumətinə minnətdarlığını bildirib.
Azərbaycan.-
2018.- 18 mart.- S.3.