Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib
Martın 17-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın martın 10-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra ödənişsiz əsaslarla efir vaxtının bölgüsü məqsədilə MSK-nın 3 üzvündən və Katibliyin media və ictimai əlaqələr şöbəsinin müdirindən ibarət tərkibdə püşkatma komissiyasının yaradılması və püşkatmanın 2018-ci il martın 19-u saat 16:00-da MSK-nın inzibati binasında keçirilməsi qərara alınıb.
Komissiya 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə də baxıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun namizədliyi qeydə alınıb.
Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Tural Feyruz oğlu Abbaslının və namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin namizədliyinin qeydə alınması mümkün olmayıb.
İclasda daha sonra MSK-nın qərarı ilə seçkilərdə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.
Komissiyanın iclasında bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Siyasi partiyaların və
prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin,
beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin,
eləcə də kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə
də baxılıb.
Azərbaycan.-
2018.- 18 mart.- S.5.