Azərbaycandan dünyaya
açılan beynəlxalq
platforma
Mart ayının
15-17-də Azərbaycan növbəti
beynəlxalq tədbirə
evsahibliyi etdi. Paytaxtımızda keçirilən VI Qlobal Bakı Forumunda çağdaş dünyamızı
narahat edən bir sıra mühüm
məsələlər ətrafında
müzakirələr aparıldı.
Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçısı
olan siyasətçilər,
dövlət xadimləri
problemlərdən çıxış
yolları barədə
təkliflər səsləndirdilər.
Ötən dəfələrdə olduğu kimi, VI forumun da gündəliyi
zəngin idi.
Ölkəmizə böyük
etimad göstərilir
Azərbaycan öz təşəbbüsləri
ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə,
milli və ümumbəşəri dəyərlərin,
dini müxtəlifliyin,
multikulturalizm ənənələrinin
qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı
istiqamətlərdə müşahidə
olunan problemlərin həllinə dəyərli
töhfələr verir. Bunun nəticəsidir
ki, ölkəmiz qlobal və regional səviyyəli tədbirlərə
evsahibliyi edən, bütün dünyanın
diqqət mərkəzində
olan mühüm məsələlərin müzakirə
olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və
digər beynəlxalq tədbirlər Azərbaycanda
keçirilir.
Bu tədbirlərin
hər birində fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları,
ictimai-siyasi xadimlər,
beynəlxalq təşkilatların
rəhbərləri, tanınmış
ekspertlər, QHT və
KİV nümayəndələri iştirak edirlər. Odur ki, Azərbaycanda keçirilən
beynəlxalq tədbirlər
həm mövzuların
aktuallığı, həm
də çoxsaylı
iştirakçıların yüksək statusu və nüfuz dairəsi baxımından
diqqət çəkir.
Qlobal forumun Bakı şəhərində keçirilməsi
də dünya ictimaiyyətinin Azərbaycana
olan hörmətinin, etimadının, ölkəmizin
dünya siyasətində,
beynəlxalq münasibətlər
sistemində yerinə
və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə görə
verilən qiymətin
real ifadəsidir. Qlobal Bakı Forumu
siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün
aktual məsələlərinin,
dünyada baş verən mühüm hadisələrin və cərəyan edən proseslərin müzakirə
olunduğu mühüm
platformadır. Belə ki,
bu müzakirələrə
onlarla ölkədən
görkəmli dövlət
xadimləri, tanınmış
siyasətçilər, diplomatlar
qoşularaq diskussiya və dialoq aparırlar. Bu mənada forum keçmiş
və indiki liderlərə qlobal problemləri müzakirə
etməyə, onların
həllini tapmaq yolunda birgə səylərə şərait
yaradır. Ona görə
də bu forumun dövlətlərarası
əməkdaşlığa, siyasi münasibətlərə
konstruktiv töhfə
verdiyi, qarşılıqlı
siyasi anlaşma üçün əlverişli
şərait yaratdığı
şübhəsizdir.
Sülh üçün
dialoqun inkişafına
verilən töhfələr
VI Qlobal Bakı Forumunda 50-dən çox ölkədən
500-dən artıq nümayəndə,
o cümlədən Nizami
Gəncəvi Beynəlxalq
Mərkəzinin üzvü
olan sabiq dövlət və hökumət başçıları,
müasir dünya siyasətinin yönləndirilməsində,
bir çox regional proseslərin qiymətləndirilməsində
mühüm rolu olan nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları,
siyasi ekspertlər iştirak edirdilər. Forumun nüfuzlu qonaqları arasında Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov,
Moldova Prezidenti İqor
Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin
Baş naziri Binəli Yıldırım,
xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici
işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin
Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və
Herseqovinanın hökumət
başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall və digər dövlət və ictimai xadimlər var idi. İştirakçıların bir qisminin fəaliyyətdə olan və sabiq prezident,
baş nazir, parlament sədrləri olması toplantının
yüksək səviyyəsini
göstərməklə yanaşı,
tədbirdə maraqlı
müzakirələrin aparılacağını
əvvəlcədən müəyyən
edirdi. Və belə də
oldu.
Bundan əvvəl
keçirilmiş beş forum mövzuların
genişliyi və aktuallığı, yüksəksəviyyəli
təmsilçilik və
tədbirdə iştirak
edən nümayəndələrin
fəallığı baxımından
dünya ictimaiyyətinin
və beynəlxalq medianın diqqətini cəlb edib. “İnklüziv cəmiyyətlərin
qurulması üçün
fərqliliklərin aradan
qaldırılması” mövzusuna
həsr olunmuş budəfəki forum çərçivəsində
beynəlxalq münasibətlərdə
güc anlayışı
və meydana çıxan yeni güclər, çoxluqlar
milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda
hazırkı və gələcək vəziyyət
- regional təhlükəsizlik məsələlərinin proqramı
və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər
arasındakı bağların
qırılması, dini-mədəni
müxtəlifliyin siyasi
liderlik uğrunda rolu kimi mövzular
müzakirə edildi, problemlərin həlli yolları barədə təkliflər səsləndirildi.
Forumun “Güc
anlayışı: böyük
güclər və digərləri”, “Çoxluqlar
azlıqlara qarşı”,
“Regional təhlükəsizlik, regional sülh: Orta Şərq”, “Çinin xarici siyasətini necə başa düşmək olar” mövzularında keçirilən
panel iclasları maraqlı
diskussiyalarla yadda qaldı. Çünki gündəlikdə olan məsələlərə
münasibət bildirənlər
sıradan olan siyasətçilər deyil,
indiki və keçmiş dövlət
və hökumət başçıları, tanınmış
dövlət xadimləri
idilər. Məhz onların
iştirakı ilə
gündəlikdəki məsələlər
ətrafında olduqca
səmərəli müzakirələr
aparıldı. Bu mənada VI Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsinə, sülh üçün dialoqun inkişafına layiqli töhfələr verəcək.
Bu cür
forumlar Azərbaycan həqiqətlərini dünyaya
çatdırır
Qeyd etdiyimiz kimi, bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana
dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq
ilə Qərbin kəsişməsində yerləşən
Azərbaycanın belə
mötəbər forumlara
evsahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir.
O cümlədən, xalqımızın
qədim tarixi, zəngin mədəniyyəti,
tolerantlığı barədə
vaxtilə yetərincə
məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan
gücünün, beynəlxalq
nüfuzunun şahidinə
çevrilir.
Eyni zamanda, bu cür
forumlar Azərbaycanın
üzləşdiyi haqsızlıqları,
ölkəmizə qarşı
beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin
ki, hansısa tədbir iştirakçısı
Azərbaycanla bağlı
məsələlərlə məlumatlıdır. Lakin Bakıya
gəlməyi onun təsəvvürlərini tamamilə
yeniləyir. Və nəzərə
alsaq ki, bu cür forumların
iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünər.
Bu mənada Qlobal
Bakı Forumu bütün parametrləri
ilə yanaşı, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
baxımından da ölkəmiz üçün
olduqca mühüm platformadır.
Beləliklə, üç
gün davam edən VI Qlobal Bakı Forumu göstərdi ki, ölkəmiz artıq öz əhəmiyyətinə
görə lokal və regional münaqişələrin
müzakirəsi çərçivəsindən
çıxaraq bütün
dünyada gedən proseslərə münasibət
bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə
yol açan bir mərkəzə çevrilib. Ən əsası, bu
forum Azərbaycan həqiqətlərinin
təbliğində və
ölkəmizə yeni
dostlar qazandırmaqda əhəmiyyətli rola malikdir. Reallıq ondan ibarətdir
ki, Azərbaycanın təşəbbüsü ilə
Qlobal Bakı Forumunun nümunəsində
ölkəmizi tanıtmaq,
onun həqiqətlərini
dünyaya çatdırmaq
üçün çox
əlverişli bir platforma yaradılıb.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.-23 mart.- S.1-2.