İki ildə altı dəfə artım
Azərbaycan bu
gün pambıqçılıqla bağlı inkişaf templərinə
görə dünyada lider ölkədir
Martın 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Bərdədəki Mədəniyyət Mərkəzində
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.
Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söylədi.
Prezident İlham
Əliyevin giriş nitqi
- Biz bugünkü müşavirədə Azərbaycanda pambıqçılığın gələcək inkişafı ilə bağlı danışacağıq. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.
2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır.
Bərdə uğurla inkişaf edir. Mən Prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim Prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilibdir. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar.
Elektrik enerjisi ilə
bağlı heç bir problem yoxdur. Digər məsələlər
öz həllini tapır, sosial infrastruktur yaradılır, bir
çox məktəblər tikilmişdir. Qarabağ
bölgəsində birinci “ASAN xidmət” mərkəzi də
məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra
edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi,
uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri
yaxşı bilirlər, bu işlərin fəal
iştirakçılarıdırlar. Dövlət
tərəfindən bundan sonra da Bərdə rayonunun
inkişafına böyük diqqət göstəriləcək.
O cümlədən Bərdədə kənd təsərrüfatının
inkişafı ilə bağlı əlavə tədbirlərin
görülməsi nəzərdə tutulur.
Əlbəttə ki, kənd
təsərrüfatının inkişafında
pambıqçılıq xüsusi əhəmiyyət
daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə
Azərbaycanda məhz pambıqçılığa çox
böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin
22 faizi pambıqçılığa
ayrılmışdı. Əlbəttə
ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi
məsələləri ilə məşğul olmağa
başladıq və pambıqçılığın əkin
sahələri azaldı. Biz bu gün bu barədə
danışacağıq. Ancaq son iki il ərzində
pambıqçılığın bərpası istiqamətində
görülən işlər bir daha onu göstərir ki, bu
sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər,
fermerlər üçün bunun çox böyük gəliri
var. Ölkə iqtisadiyyatı üçün də
böyük faydası var.
Qeyd etdiyim kimi, 1970-ci illərdə
Azərbaycanda pambıqçılığın sürətli
inkişafı ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda
300 min ton pambıq tədarük edilirdi. Onun
dövründə bu rəqəm 3 dəfə
artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon
ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra
hər bir sahədə olduğu kimi,
pambıqçılıqda da tənəzzül
yaşandı və 1990-cı ildə Azərbaycanda
pambığın tədarükü bir milyondan 500 min tona
düşmüşdür. Müstəqillik
dövründə isə pambıqçılıq demək
olar ki, məhv olub gedirdi. Bunun bir neçə
səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki,
müstəqilliyimizin ilk illərində bizim ciddi maddi
imkanlarımız yox idi. Azərbaycan
çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat
cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti
nəticəsində ölkəmiz demək olar ki,
dağılırdı. Həm iqtisadi, həm
siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə
salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz
adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir
biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının
inkişafı ilə bağlı heç bir iş
görülmürdü. Ümumiyyətlə,
Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan
vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız
1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq
onu hakimiyyətə dəvət edəndən sonra
bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında
da inkişaf dövrü başlamış, islahatlar
aparılmışdır. Hesab edirəm
ki, o vaxt kənd təsərrüfatının inkişafı
ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında
işləyənlərin vergilərdən azad edilməsi idi.
Eyni zamanda, müstəqilliyimizin
ilk illərində ölkə qarşısında o qədər
ciddi problemlər durmuşdu ki, əlbəttə,
pambıqçılığa həm maddi cəhətdən,
həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ
deyildi. Ölkə çox ciddi
çağırışlarla üzləşmişdi,
böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana
böyük həcmdə investisiyanın cəlb edilməsi,
Azərbaycanı hərtərəfli inkişaf etdirmək
üçün əsas vasitə kimi neft strategiyamızın
uğurla icrası – bütün bunlar idi prioritet məsələlər.
Digər tərəfdən,
biz ciddi şəkildə bazar iqtisadiyyatına keçidə
başlamışdıq və hesab edilirdi ki, bazar
iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. O cümlədən, kənd
təsərrüfatı ilə bağlı olan məsələləri
bazar iqtisadiyyatı prinsipləri tənzimləyəcək və
həll edəcək. Əlbəttə ki, bu
yanaşmada böyük həqiqət var, amma, eyni zamanda, -
pambıqçılığın tənəzzülə
uğramasının timsalında biz bunu görürük, - əgər
ciddi dövlət dəstəyi olmasa kənd təsərrüfatı
inkişaf edə bilməz. Nəinki Azərbaycanda,
bütün başqa ölkələrdə. Biz
bilirik ki, hətta kənd təsərrüfatının
inkişafında böyük uğurlar qazanmış
aparıcı dövlətlər də kənd təsərrüfatına
ciddi subsidiyalar, dotasiyalar verirlər, dövlət dəstəyi
göstərilir, bir çox hallarda proteksionist tədbirlər
görülür. Hər bir ölkə
çalışır ki, öz bazarını qorusun. Əlbəttə, biz də Azərbaycanda kənd təsərrüfatının
inkişafına çox ciddi dövlət dəstəyi
göstəririk.
Son illər ərzində biz
kənd təsərrüfatının inkişafı,
xüsusilə ərzaq təhlükəsizliyi məsələləri
ilə bağlı çox böyük nailiyyətlərə
imza atmışıq. Bizim son illər ərzində əsas vəzifəmiz
ərzaq təhlükəsizliyi məsələləri idi.
Çünki sovet vaxtında Azərbaycanda
pambıq, üzüm, meyvə-tərəvəz istehsal
olunurdu, ancaq əsas ərzaq məhsulları başqa
respublikalardan gəlirdi. Ona görə,
biz, ilk növbədə, daxili tələbatı yerli məhsullarla
təmin etmək üçün işləyirdik,
çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin
həllində çox ciddi uğurlara nail olmuşuq.
Bu gün biz ərzaq təhlükəsizliyini
şərtləndirən əsas sahələr üzrə ya
özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə
çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə
yaxındır, Azərbaycan özünü təmin edir.
Süd istehsalı təqribən 80-85 faizdir.
Toyuq əti istehsalı yaxın bir-iki ilə 100
faizə çatacaq və böyük ixrac potensialı
yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki
özümüzü təmin edirik, həm də ixrac edirik.
Yəni, bu sahələr prioritet idi.
Texniki bitkilər diqqətdən
kənarda qalmışdı. Yenə də demək
istəyirəm, bunun bir neçə səbəbi var. O
cümlədən səbəblərdən biri də o idi ki,
hesab olunurdu fermerlər özləri bilər nə əkər,
nə biçər. Bu sahəyə
böyük dövlət dəstəyi də göstərilmirdi.
O ki qaldı, pambıqçılıqla məşğul olan
özəl şirkətlərə, onlar da lazımi səylər
göstərməmişlər,
pambıqçılığa lazımi səviyyədə
fikir verməmişlər, lazımi həcmdə sərmayə
qoymamışlar və tədricən Azərbaycanda
pambıqçılıq məhv olub gedirdi. Statistik göstəricilərə
baxmaq kifayətdir görək ki, 2015-ci il
pambıqçılıq tarixində ən acınacaqlı
il olmuşdur. Cəmi 18 min hektarda pambıq əkilmişdir
və cəmi 35 min ton pambıq tədarük edilmişdir.
2015-ci ilin sonlarından etibarən
biz bu məsələ ilə ciddi məşğul olmağa
başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə
müşavirələr keçirildi. 2017-ci
ildə pambıqçılığın inkişafı ilə
bağlı Dövlət Proqramı qəbul edildi, biz bu
işlərlə planlı şəkildə məşğul
olmağa başladıq və bu gün gözəl nəticələr
haqqında danışa bilərik. İki il
ərzində Azərbaycanda pambığın tədarükü
35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın
yığımını altı dəfə artıra
bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə
pambığın tədarükünü artırmaq
üçün görüləcək işlər
haqqında danışacağıq.
Biz dövlət xətti ilə
böyük həcmdə müasir texnika almışıq, -
500-ə yaxın pambıqyığan kombayn, - onların
böyük hissəsi artıq alınıb. Digər
texnika - Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici
texnika, qoşqular. Dünən mən Bərdədə
də texnikanın bir hissəsi ilə tanış
olmuşam. Bu məqsədlər
üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat
yaxşılaşır. Azərbaycan
dövləti bu sahəni də demək olar ki, öz üzərinə
götürüb, 70 faiz güzəştlə gübrələr
verilir. Bu sahədə əldə
edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik.
Gübrələrin keyfiyyəti daha
yaxşı olmalıdır, bu sahəyə də
böyük diqqət göstərilir.
Son illərdə meliorasiya
sahəsində böyük layihələr icra edilmişdir. On minlərlə
hektar torpaqda meliorativ tədbirlər
görülmüşdür. O cümlədən, Bərdə
rayonunda və digər rayonlarda bu sahəyə də çox
böyük vəsait ayrılmışdır və digər
kompleks tədbirlər görülmüşdür. Pambıqçılığın inkişafı ilə
bağlı mərkəzləşdirilmiş idarəetmə
sistemi yaradılmışdır. Prezident
Administrasiyası, yerli icra orqanları, şirkətlər,
fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə
vuraraq yaxşı nəticələrə imza atmışlar.
İki il ərzində əldə
edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.
Pambıqçılıq əmək
tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə
bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri
yaratdıq. Bütövlükdə son illərdə
pambıqçılıqla məşğul olan insanların
sayı 200 minə yaxınlaşır. Bu
insanların böyük əksəriyyəti işləmirdi,
ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə
işsizliyin aradan qaldırılması istiqamətində
çox ciddi sosial sahədir. Mən əvvəlki
çıxışlarımda da bunu qeyd etmişəm, bu
gün də qeyd etmək istəyirəm, bizim
üçün pambıqçılığın
inkişafında əldə edilmiş nəticələr
arasında məhz sosial amil ön plandadır. İş
yerlərinin yaradılması əsas vəzifəmizdir, biz
buna da nail ola bilmişik.
Eyni zamanda,
pambıqçılıq çox gəlirli sahədir və
yaxşı gəlir gətirir. Pambıqçılıq
ixracyönümlü sahədir. İxrac
üçün bazarları axtarmağa ehtiyac qalmır,
birjalarda satılır. Pambıqçılıq
emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları
işləyir. Onların əlbəttə
ki, daha da böyük səmərə ilə işləməsi
haqqında danışacağıq. Ancaq
bu sahəyə də təkan verildi. Eyni
zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid
istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu.
Keçən ildən başlayaraq pestisid istehsal
etməyə başlamışıq. Bu il
Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə
başlayacaq. Özümüzü gübrələrlə
təmin edəcəyik. Artıq Azərbaycanda
suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı
artıra bilərik. Mingəçevir
şəhərində Yüngül Sənaye Parkı
yaradılmışdır. Mən bu barədə
əvvəlki müşavirələrdə öz sözlərimi
demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar
verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə
Yüngül Sənaye Parkının iki yeni müəssisəsi
fəaliyyətə başlamışdır. O müəssisələrdə
700-dən çox insan işləyir və 20 min ton iplik
istehsal olunacaq. Bu da əvvəlki dövrdə
istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq
sürətlə inkişaf etməsəydi, bu müəssisələrə
də ehtiyac qalmazdı. Çünki bu
fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət
göstərə bilər.
Yəni, görün
pambıqçılığın ölkə iqtisadiyyatı
üçün nə qədər böyük faydası var
- ilk növbədə, məşğulluq, ölkəmizə
valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini
inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki
pambıqçılıq rayonlarında, digər
rayonlarda da iş yerləri yaradır. Azərbaycan
bu gün pambıqçılıqla bağlı inkişaf
templərinə görə dünyada lider ölkədir.
İnanmıram dünyada ikinci ölkə tapılsın ki,
iki il ərzində pambıq tədarükünü
altı dəfədən çox artıra bilsin.
Biz bütün bunlara məqsədyönlü
tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək
istəyirəm, əgər pambıqçılığa
dövlət dəstəyi göstərilməsəydi, biz
buna nail ola bilməzdik, 2015-ci ildə 35 min
ton, bu il bəlkə də 20 min ton pambıq
yığılardı-yığılmazdı, bu da bəlli
deyil. Beləliklə, pambıqçılıq
tamamilə məhv olub gedəcəkdi. Biz
isə buna imkan vermədik. Pambıqçılığı
qoruduq, bərpa etdik və bərpa edəcəyik.
Bugünkü müşavirədə
həm görülmüş işlərlə bağlı məlumatlar
səslənəcək, həm də görüləcək
işlərdən danışacağıq. Qeyd etməliyəm
ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı
artırmaq olacaq. Çünki keçən
ilin təcrübəsi göstərir ki, bu, böyük irəliləyişdir.
2016-cı ildə təqribən 90 min tona yaxın pambıq
yığılmışdır, keçən il
207 min ton. Baxmayaraq ki, böyük həcmdə
məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq
lazımi səviyyədə deyil. Bərdə
rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən
çoxdur. Lakin bəzi rayonlarda çox
aşağıdır. Bunun səbəbləri
təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara
gələcəkdə yol verilməsin, məhsuldarlıq daha
da yüksək olsun.
***
Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi
İSAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Pambıqçılığın
inkişafı ilə bağlı bugünkü müşavirənin
Bərdədə keçirilməsinə görə
bütün rayon əhalisi adından Sizə dərin minnətdarlığımızı
bildiririk.
Bizim üçün çox əlamətdardır ki, bu il respublika üzrə pambıq çiyidi səpininə
Sizin iştirakınızla ilk olaraq Bərdədən
başlandı. Bu, bizə daha yaxşı
işləmək üçün əlavə stimul verəcək.
Qədirbilən Bərdə
əməkçiləri minnətdarlıqla
xatırlayırlar ki, ulu öndər Heydər Əliyev
keçən əsrin 70-80-ci illərində bu zalda
pambıqçılıqla bağlı 8 müşavirə
keçirib və o dövrdə pambıqçılığın
inkişafına səbəb olmuş bir çox mühüm
məsələlər burada müzakirə edilib.
Sevindirici haldır ki, Siz də
bu ənənəni davam etdirir, Azərbaycanda
pambıqçılığın inkişafına
böyük önəm verirsiniz.
Sizin Sərəncamınızla təsdiq
edilmiş “Azərbaycan Respublikasında
pambıqçılığın inkişafına dair
2017-2022-ci illər üçün Dövlət Proqramı”
pambıqçılığa dövlət dəstəyinin
gücləndirilməsinə əlavə təkan verib.
Bərdəlilər Sizin
pambıqçılığa verdiyiniz önəmə,
göstərilən dövlət qayğısına cavab
olaraq ilk gündən bu işə səfərbər olublar. Bu gün
pambıqçılığa qayıdış kəndlərimizə
yeni nəfəs gətirib, insanlarda yüksək əhval-ruhiyyə
yaradıb.
Ötən il
rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə
çox pambıq əkilib. 2017-ci ildə isə
22 min 400 ton, yəni, əvvəlki illə müqayisədə
3 dəfə çox pambıq tədarük edilib.
Ötən təsərrüfat ilində ümumi məhsuldarlıq
26,3 sentner olub.
Keçən il rayonda
pambıqçılığın inkişafı hesabına
8 mindən çox sakinimiz işlə təmin edilib, fermerlərə
istehsal olunmuş pambığa görə 11,2
milyon manat vəsait ödənilib. Əlavə olaraq
istehsalçılara son məhsula görə 2,3
milyon manat subsidiya veriləcəkdir. Ötən təsərrüfat
ilində hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq
əldə edərək təkcə pambıq istehsalından
70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən
fermerlərimiz olub.
Möhtərəm cənab Prezident,
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4-cü ilinin
yekunlarına həsr olunan konfransda Sizin
pambıqçılığı intensiv yollarla inkişaf
etdirməklə bağlı söylədiyiniz fikirlər bizim
üçün əsas istiqamət olub.
Pambıqçılıqda intensiv inkişafa nail
olunmasında keyfiyyətli toxum, gübrə və pestisidlərlə
təminat, texnikaya olan tələbatın ödənilməsi,
suvarma məsələləri həlledici rol oynayır. Bununla bağlı hər bir fermerə lazımi
şərait yaradılmalıdır. Açığını
deməliyik ki, fermerlər hələ də bir sıra problemlərlə
rastlaşırlar. Ötən il
pambıq çiyidinin və ziyanvericilərə qarşı
mübarizə üçün tətbiq edilən pestisidlərin
keyfiyyətinin bəzi hallarda aşağı olması fermerlərimizə
daha yüksək nəticələr əldə etməyə
imkan verməyib. Toxumun keyfiyyətsiz olması səbəbindən
360 hektar sahədə təkrar səpin aparılıb.
Pestisidlərin, mineral gübrələrin də keyfiyyətinin
aşağı olması, bununla belə onların dəyərinə
tətbiq edilən güzəştlərin yuxarı həddinin
az olması pambıq
istehsalçılarına xeyli ziyan vurub. Fermerlər tərəfindən
582 hektar sahədə ziyanvericilərə qarşı
mübarizə aparmaq üçün 2-3 dəfə dərman
vurulmasına baxmayaraq, onların təsiri çox az olub.
Sizin “Bitkiçilikdə
intensiv inkişafın təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” Sərəncamınızla
istehsalçılara satılan mineral gübrələrin əkin
sahələrinin hər hektarına görə satış
qiymətinə tətbiq edilən güzəştin 50 faiz,
pestisidlərin satış qiymətinə tətbiq edilən
güzəştin məbləğinin isə 5 dəfə
artırılması fermerlərin ürəyincə olub.
Sovetlər dövründə
pambıq əkini dövlətin tapşırığı,
planı idisə, indi dövlət tərəfindən
yaradılan şərait, pambıqçılığın
inkişafı ilə bağlı qəbul edilmiş qərarlar
insanların bu sahəyə maraqlarını artırmaqla
intensiv inkişafı labüd edib, onlara daha çox gəlir əldə
etmək imkanları yaradıb. Siz, həmçinin
pambıqçılığın intensiv
inkişafını şərtləndirən əsas amillərdən
biri olan kompleks yanaşmanı təmin edirsiniz. Ötən ay Mingəçevir Sənaye
Parkının ərazisində
açılışını etdiyiniz iki iplik istehsalı
fabriki yerli xammaldan istifadə etməklə sənaye və kənd
təsərrüfatı məhsullarının istehsalı
kimi önəmli sahələrin birgə inkişafına
kompleks yanaşmanın bariz nümunəsidir.
Sevindirici haldır ki, hərtərəfli
dövlət qayğısını, əməyinin nəticəsini
görən rayon pambıqçıları bu il keçən
ildəkindən 1130 hektar artıq - 9630 hektar sahədə
pambıq əkilməsi üçün müqavilə
bağlayıb, həmin sahələrdə şum və arat
işləri aparılıb və dünən Sizin
iştirakınızla ilk səpinə başlanılıb.
Cənab Prezident, fürsətdən
istifadə edib “Əmək” ordeni ilə təltif
olunmağıma görə Sizə dərin minnətdarlığımızı
bildiririk və bu mükafatı rayonumuzun bütün zəhmətkeşlərinin
əməyinə verilən böyük qiymət hesab edirik.
Sizin qarşıya
qoyduğunuz vəzifələr vacib olduğu qədər də
məsuliyyətlidir. Bərdəlilər adından Sizi əmin
edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi
üçün bundan sonra da var qüvvə ilə
çalışacağıq.
Diqqətinizə görə
sağ olun.
***
“MKT İstehsalat Kommersiya” MMC-nin
baş direktorunun müavini Rövşən
HƏSƏNOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Son illər qeyri-neft sektorunun
və xüsusilə kənd təsərrüfatının
inkişafında yeni mərhələ başlayıb. Bu, cənab
Prezident, Sizin rəhbərliyinizlə aparılan ölkə
iqtisadiyyatının şaxələndirilməsi hesabına
qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi
siyasətinin məntiqi nəticəsidir. İnsanların
torpağa qayıdışı, aqrar sahədəki canlanma
Sizin yüksək diqqət və qayğınızın, həyata
keçirdiyiniz düzgün sosial-iqtisadi islahatların təzahürüdür.
Aqrar sektorun strateji və ölkəyə
valyuta gətirən mühüm sahələrindən biri olan
pambıqçılığın inkişafı ilə
bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi
olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın
inkişafı məsələlərinə dair
keçirilmiş respublika müşavirələri, qəbul
olunmuş Dövlət Proqramı, bu sahə üzrə
müxtəlif dəstək və təşviq mexanizmlərinin
tətbiqi pambıqçılığın inkişafı
üçün əlverişli şərait yaradıb.
Respublikada 2017-ci ildə 135 min hektardan
artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC
üzrə 70 min 563 hektar sahədə pambıq əkini
üzrə çıxış alınıb, ölkə
üzrə kondisiya şəklində çəkidə 207
min tondan artıq, o cümlədən cəmiyyətimiz
üzrə 130 min 679 ton xam pambıq tədarük edilib.
Tədarük edilmiş xam
pambığın 114 min tonu artıq emal olunub, 45 min ton
mahlıc, 55 min ton çiyid, 1540 ton köməkçi məhsullar
alınıb. Bundan əlavə, cəmiyyətimizin istehsal
müəssisələrində 3300 ton pambıq ipliyi, 3 min ton
rafinə olunmuş pambıq yağı və 22 min ton
jmıx istehsal olunub.
2017-ci ildə istehsal olunan məhsullardan
yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ
dolları dəyərində mal satılıb ki, bunun da 17,7
milyon dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış
prosesi davam edir.
Möhtərəm cənab Prezident,
pambıqçılığa göstərdiyiniz xüsusi
diqqət və qayğı kənd təsərrüfatının
əməktutumlu və ölkəmiz üçün ənənəvi
olan bu sahəsinin sürətli inkişafına təkan verib,
çox qısa bir müddətdə respublika üzrə
pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara
çıxarılıb. Pambıq əkininə
verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə
tətbiq olunan güzəştlər, “Aqrolizinq” ASC tərəfindən
texnikaların güzəştli şərtlərlə
satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən güzəştli
şərtlərlə ayrılan kreditlər bu sahənin
inkişafına müsbət təsirini göstərib.
Cari mövsümdə pambığın alış qiymətinin
hər kiloqram üçün 0,10 AZN artırılaraq 0,60
AZN-ə çatdırılması, gübrələrə
verilən güzəştlərin hər hektara 50 faiz,
pestisidlərə verilən güzəştlərin isə 5
dəfə artırılması pambıqçıları
sevindirib, bu sahəni daha gəlirli və fermerlər
üçün cəlbedici edib.
Bu il cəmiyyətimiz tərəfindən
1816 hektarda buğda, 762 hektarda arpa əkilib, 50 min hektaradək
sahədə pambıq əkini nəzərdə tutulub və
bu istiqamətdə işlərə başlanılıb. Belə
ki, cəmiyyətimizə məxsus 5056 hektar sahədə
pambıq əkini nəzərdə tutulub ki, bundan 4235
hektarı müasir və səmərəli suvarma sistemlərindən
olan pivot suvarma sistemi ilə təchiz edilib.
Pambıqçılıqla məşğul
olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin
üçün müqavilə bağlanıb və proses
davam edir.
42 min hektarda şum aparılıb, 16
min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manatdan
artıq avans verilib.
Bütün rayonlar üzrə
ayrı-ayrılıqda texnoloji xəritələr
hazırlanıb.
500 ton lifli, 1035 ton lifsiz
yüksək reproduksiyalı pambıq toxumu tədarük
edilib və tələbat tam ödənilib.
Beş min ton ammonium nitrat, 952 ton
karbamid gübrəsi tədarük edilib, əlavə olaraq
3500 ton ammonium nitrat, 4 min ton ammofos gübrəsi və 138 ton
bitki mühafizə vasitələri sifariş edilib.
“MKT İstehsalat Kommersiya” MMC
hazırda 6146 texnika və avadanlıq, o cümlədən 188
kombayn, 802 traktor, 5156 müxtəlif təyinatlı qoşqu və
avadanlıqlar vasitəsilə fermerlərə xidmət
göstərməkdədir. Qeyd etmək istəyirəm
ki, fermerlərə vaxtlı-vaxtında, yüksək keyfiyyətli
xidmət göstərə bilmək üçün
aqrotexniki bazamız tam formalaşıb.
Xam pambığın 24 qəbul
məntəqəsində tədarükü, 13 pambıqtəmizləmə
zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və
zavodlarımızda ötən il əsaslı
təmirə başlanılıb, proses yekunlaşmaq üzrədir.
Cari mövsümdə cəmiyyətimiz
tərəfindən sahələrdən hər hektara orta
hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın
toplanması gözlənilir. Tədarük ediləcək xam
pambığın emalından 48 min ton mahlıc, 60 min ton
çiyid, 2 min ton köməkçi məhsullar, çiyidin
emalından isə 7 min ton rafinə edilmiş pambıq
yağı və 42 min ton jmıx alınması
proqnozlaşdırılır.
Hörmətli cənab
Prezident, çoxsaylı və zəhmətkeş kollektivimiz
adından bizlərə göstərdiyiniz xüsusi diqqət
və qayğıya görə Sizə təşəkkür
edirik. Bu şərəfli işdə qarşıya
qoyduğunuz hədəflərə çatmaq
üçün əlimizdən gələni əsirgəməyəcəyimizə
söz veririk.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Tərtər
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MƏMMƏDOV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
İqtisadiyyatın
mühüm sahəsi olan aqrar sektor bu gün Tərtərdə
yüksəliş dövrünü yaşayır,
çünki əhalimizin çoxu əsasən kənd təsərrüfatı
sahəsində çalışır.
Cənab Prezident, onlar Sizin
bu sahəyə xüsusi qayğınızı görür və
dövlətin dəstəyinə arxalanırlar.
Ötən dövr ərzində
biz tərtərlilər pambıqçılığın
sürətli inkişafına dair Sizin tapşırıq və
tövsiyələrinizə əsasən nəinki müəyyən
olunmuş hədəflərə çata bildik, hətta
bundan da xeyli yüksək göstəricilər əldə edərək
pambığın hektardan məhsuldarlığına görə
ölkə üzrə birinci olduq. Qazanılmış
nailiyyətlər rayonun həm iqtisadiyyatını möhkəmləndirir,
həm də əhalinin maddi rifah halını
yaxşılaşdırır.
Cənab Prezident, 2017-ci ilin sonunda
rayonumuza etdiyiniz səfər zamanı Siz əməyimizə
yüksək qiymət verdiniz və Tərtər
pambıqçılarının təcrübəsinin
yayılmasını tövsiyə etdiniz. Bundan
ruhlanan tərtərlilər göstərdiyiniz yüksək
etimadı doğrultmağa, Azərbaycanda bu qiymətli bitkinin
istehsalı üzrə “qabaqcıl təcrübənin
ünvanı” adını qoruyub saxlamağa və tarlalardan
daha çox məhsul toplamağa çalışırlar.
Rayonumuzun torpağı
münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Cəbhə
bölgəsində düşmənlə üzbəüz
dayanan tərtərlilər yaratdığınız təhlükəsiz
və əlverişli şəraitdən bəhrələnərək
yüksək əmək nailiyyətləri əldə ediblər.
Ötən il 3123 hektarda pambıq əkilib,
əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin
sahəsi 3 dəfə artıb. İl ərzində 8419 ton
pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən
3,6 dəfə çoxdur. Pambıq
sahəsinin hər hektarından orta məhsuldarlıq da
2016-cı illə müqayisədə 5 sentner artaraq 27 sentnerə
çatıb. Pambıq əkini, becərilməsi
və yığımı işlərinə 5 minədək
insan cəlb edilib, onlar yüksək gəlir
götürüblər. Fermerlərdən Habil
İbrahimov 118 ton məhsul istehsal edərək 67 min manat,
Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat,
Müslüm Babışov 91 ton məhsul tədarük edərək
45 min manat, Fazil Vəliyev 57 ton məhsul yığaraq 28 min
manat gəlir əldə ediblər. Fermerlərimiz
800 min manatdan çox subsidiya alacaqlar.
Məhsuldarlığın
yüksəldilməsi üçün pambıq əkiləcək
sahələrin şumu faraş və keyfiyyətli
aparılıb, qış aratına üstünlük verilib,
torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanıb,
növbəli əkin sistemi tətbiq edilib. Bundan əlavə,
kiçik və orta fermer təsərrüfatlarının fəaliyyəti
üçün münbit şəraitin yaradılması da
rayonumuzda pambıqçılığın yüksək məhsuldarlığını
şərtləndirən əsas amillərdən biri olub.
Cənab Prezident, dövlət tərəfindən
pambıqçılığın inkişafına göstərilən
dəstək gündən-günə bu sahəyə
marağı artırır. Cari ildə
pambıq əkilməsi üçün sahələr müəyyənləşdirilib,
istehsalçılarla müqavilələr bağlanıb.
Pambıq əkiləcək 3300 hektar sahədə şum və
arat işləri başa çatdırılıb. İndi isə səpinə ciddi hazırlıq
işləri gedir.
Yaz-tarla işlərinin yüksək
aqrotexniki qaydada aparılması üçün bütün
kənd təsərrüfatı texnikası, o cümlədən
səpin üçün 31 traktor, 26d səpin aqreqatı
hazır vəziyyətə gətirilib. Yaxın
günlərdə səpin işlərinə
başlanacaqdır.
Bu il Sizin Sərəncamınızla
rayonumuzda 13 subartezian quyusu qazılacaq. Bu da
pambıqçılarımızın becərmə
dövründə su ilə bağlı çətinliklərinin
aradan qaldırılmasına kömək göstərəcək.
Hazırda
pambıqçılarımızın istifadəsində 12
kombayn var. Lakin hesab edirəm ki, məhsul
yığımını vaxtında və itkisiz başa
çatdırmaq üçün fermerlərimizin əlavə
kombaynlarla təchiz olunmasına ehtiyac vardır.
Möhtərəm cənab Prezident,
Sizi tərtərlilər adından əmin edirəm ki, ötən
il olduğu kimi, bu il də pambıq
yığımında müəyyənləşdirdiyimiz hədəfi
keçəcəyik.
Diqqətinizə görə
sağ olun.
***
Biləsuvar rayonunun Aşağı
Cürəli kəndinin sakini, fermer Fazil MUSAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Kənd təsərrüfatının
ənənəvi sahələrindən olan
pambıqçılığın daha da inkişaf etdirilməsi,
onun əvvəlki şöhrətinin qaytarılması ilə
bağlı Sizin müəyyən etdiyiniz istiqamət
respublikamızın bütün bölgələrində
olduğu kimi, Biləsuvar rayonunda da böyük ruh yüksəkliyi
yaradıb. İndi hər yerdə yüksək canlanma duyulur.
Torpaq mülkiyyətçiləri böyük
həvəslə tarlalara qayıdırlar.
Bir pambıqçı ailəsinin
üzvü kimi hələ gənc yaşlarımda mən ulu
öndərimiz Heydər Əliyevin zəhmət adamlarına,
xüsusilə pambıqçılara böyük diqqət və
qayğısının, insanların isə ona hədsiz məhəbbətinin
və rəğbətinin canlı şahidi olmuşam. Bu gün də
Siz pambıqçılığı inkişaf etdirməklə
sadə əmək adamlarını öz ənənəvi
peşələrinə qaytarır, minlərlə insanın məşğulluğunu
təmin edir və onların halal zəhmətləri ilə
ailələrinə ruzi-bərəkət aparmalarına şərait
yaradırsınız. Bir sözlə, Siz
pambıqçılığın inkişafı sahəsində
elə bir inqilabi dönüş, bizə elə bir şərait
yaratmısınız ki, artıq həyatımız
yaxşı mənada tamamilə dəyişib, işimiz
rahatlaşıb, gəlirlərimiz çoxalıb.
Möhtərəm cənab
Prezident, mən uzun illərdir ki, kənd təsərrüfatı
sahəsində çalışıram, torpaq adamıyam və
fəaliyyətimin əsas sahəsi həmişə
pambıqçılıq olub. Ancaq
açığını deyim ki, əvvəlki illərdə
nəticələrimiz o qədər də yaxşı deyildi.
Texnikadan, dərmanlardan, sudan çətinlik
çəkirdik. Ancaq Siz son bir neçə ildə
pambıqçılığı inkişaf etdirməklə
bizə geniş imkanlar yaratdınız. Burada
elə ən çox qazanan da məhz torpağa bağlı zəhmətkeşlər
olublar. Yaratdığınız şəraitdən
hamı kimi, mən də maksimum yararlanmışam və
öz təsərrüfatımda yüksək nəticələr
əldə etmişəm.
Ötən mövsümdə
ailə üzvlərimlə birlikdə 16 hektar sahədə
pambıq əkmişdim. Texnika və suvarma suyu ilə bağlı
heç bir problemimiz olmadı. Sahələri
bütün aqrotexniki qaydalara uyğun becərdik və nəticədə
16 hektardan 80 ton, yəni, hər hektardan 50 sentner yüksək
keyfiyyətli məhsul əldə etdik.
Ancaq heç ağlıma
belə gəlməzdi ki, Siz mənim əməyimə bu qədər
yüksək qiymət verəcəksiniz, məni bu qədər
ucaldacaqsınız. Ötən il
pambıqçılıqda əldə etdiyim nəticələrə
görə Sizin tərəfinizdən birinci dərəcəli
“Əmək” ordeninə layiq görüldüm. Bu mükafat mənimlə birlikdə bütün Biləsuvar
pambıqçılarının əməyinə verdiyiniz
yüksək qiymətdir. Bütün bunlara görə
Sizə minnətdarıq, cənab Prezident!
2017-ci ildə əldə
etdiyimiz nəticələr, həmçinin əməyimizə
verdiyiniz yüksək qiymət məni daha da
ruhlandırıb. Bu il pambıq sahələrini 3 dəfə
genişləndirmişəm. Hazırda öz təsərrüfatım
da daxil olmaqla 47 hektar sahəni səpinə tam hazır vəziyyətə
gətirmişəm. Bu il keçən
ildəkindən də daha yüksək məhsuldarlığa
nail olmağa çalışacağam.
Möhtərəm cənab
Prezident, qazanılan nailiyyətlər sevindirici olsa da, biz
fermerlərdə əsla arxayınçılıq
yaratmır. Yaxşı bilirik ki, respublikamız
üçün ənənəvi olan
pambıqçılıq sahəsinin inkişafına hər
birimiz töhfəmizi verməli, ölkəmizin iqtisadi
qüdrətinin güclənməsi üçün əsl fədakarlıqla
çalışmalıyıq.
Sizi əmin etmək istəyirəm
ki, biz Biləsuvar pambıqçıları bundan sonra daha
yaxşı işləyəcəyik və strateji məhsul
olan pambığın istehsalında həmişə ön
sıralarda olacağıq.
Diqqətinizə görə çox
sağ olun.
***
Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin
MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm Cənab Prezident.
Aqrar sahənin inkişaf etdirilməsi
üçün yaradılan münbit şərait, Sizin çox böyük uzaqgörənliklə
müəyyən etdiyiniz və həyata keçirdiyiniz yeni
iqtisadi kurs və mühüm dövlət tədbirləri
Ağcabədi rayonunda da öz müsbət nəticələrini
verməkdədir. Məlumat üçün bildirirəm ki,
rayon üzrə 2003-cü ildə əkinəyararlı
torpaqlar 51 min 615 hektar olduğu halda, son 15 ildə 21 min 965
hektar artaraq 73 min 580 hektar təşkil edib.
2017-ci ildə 9550 hektar sahədə
pambıq əkilib, 20 min 497 ton pambıq istehsal edilib, orta məhsuldarlıq
21,5 sentner olub. 2016-cı illə müqayisədə pambıq
əkini sahələri 2,6 dəfə,
pambıq istehsalı isə 2,3 dəfə artıb.
Xüsusilə qeyd etmək istərdim
ki, rayonumuzda pambıqçılığın
inkişafı ilə yanaşı, kənd təsərrüfatının
digər sahələrinin inkişafı da diqqət mərkəzində
saxlanılıb, rayonda ötən ilin müvafiq dövrü
ilə müqayisədə 11 min hektardan çox sahədə
taxıl əkilib, iribuynuzlu mal-qaranın sayında da artım
müşahidə edilib.
Pambıqçılığın
inkişafı ilə bağlı ümumrespublika müşavirələrində
verdiyiniz tapşırıq və tövsiyələr
rayonumuzun iqtisadi inkişafının, həmçinin əhalinin
məşğulluğunun təmin edilməsinə
böyük təkan verib. Pambıq
istehsalçılarına göstərdiyiniz diqqət və
qayğı sayəsində əhalinin maddi rifah halı
yaxşılaşıb, bu sahəyə maraq daha da artıb.
Sizin “Pambıqçılığın inkişafı
iqtisadi məsələlərin həlli ilə yanaşı,
eyni zamanda, sosial məsələdir” fikriniz artıq real həyatda
öz təsdiqini tapıb. Ötən il
rayonumuzun 14 min 325 sakini işlə təmin olunub. Pambıq istehsalı ilə məşğul olan
fermerlərimizin çox hissəsi 50-100 min manat civarında gəlir
əldə edib. İstehsal olunan məhsula
görə pambıqçılara 2 milyon manatdan çox
subsidiya veriləcək.
Cənab Prezident, ötən ilin
noyabr ayında Ağcabədiyə səfəriniz zamanı
rayonun Yeni Qaradolaq kəndindən olan fermer Tofiq
İsmayılov Sizə öz əmək nailiyyətləri
barədə məlumat vermişdi. Siz də onun
əməyini yüksək qiymətləndirərək 1-ci dərəcəli
“Əmək” ordeni ilə təltif etdiniz. Bu
mükafat bütün əmək adamlarının zəhmətinə
verilən ən yüksək qiymət kimi dəyərləndirilir
və eyni zamanda, onlarda böyük ruh yüksəkliyi
yaradır. İnsanlar başa
düşürlər ki, zəhmət çəkən hər
bir kəsin əməyi dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilir.
2018-ci ildə 10 min hektar sahədə
pambıq əkilməsi planlaşdırılıb, 1851 nəfər
istehsalçı ilə müqavilələr bağlanıb. İndi səpinə
hazırlıq işləri aparılır. Bizim əsas
vəzifəmiz insanları bu işlərə cəlb etmək,
eyni zamanda, pambıqçılığın intensiv
inkişafına nail olmaq üçün Sizin
tapşırığınızla pambıqçılara
arxa, dayaq durmaq və daha çox məhsul istehsal edərək
yüksək qazanc götürmələrinə şərait
yaratmaqdır. Bunun üçün şumun
vaxtında aparılması, sahələrin arata qoyulması, səpin
işlərinin və digər aqrotexniki tədbirlərin
vaxtında həyata keçirilməsi, sonda məhsul
yığımı zamanı texnikaların qədərincə
olması çox böyük əhəmiyyət
daşıyır.
Bugünkü müşavirədə
ötən təsərrüfat ilində
rastlaşdığımız problemləri Sizin
yüksək diqqətinizə çatdırmağı
özümə borc bilirəm. Məndən əvvəl
çıxış edən həmkarım
pambığın intensiv üsullarla yetişdirilməsində
fermerlərin rastlaşdıqları bir sıra problemlərdən
danışdı. Ötən il biz
pambığın yığılmasında və
daşınmasında texnika sarıdan çox çətinliklər
çəkdik, kombayn və traktor qoşqularının kifayət
qədər olmaması səbəbindən pambığı
vaxtında və itkisiz yığa bilmədik. Ötən il pambıq istehsalçıları əkin sahələrində
yaxşı məhsul yetişdirmişdilər. Hər
hektardan 25-26 sentner məhsuldarlıq əldə edilməsini nəzərdə
tutmuşduq. Lakin qeyd etdiyim kimi, əkin sahələrinin
ən azı üçdəbir hissəsində, yəni, 3500
hektarında biz pambığı vaxtında və itkisiz
yığa bilmədik. Belə problemlərlə
rastlaşmasaydıq, daha yüksək məhsuldarlıq əldə
edə bilərdik.
İnanırıq ki, Sizin
aqrar sahənin texniki təminatının gücləndirilməsi
ilə bağlı tədbirlər haqqında Sərəncamınıza
əsasən ölkəmizə gətiriləcək xeyli
miqdarda kənd təsərrüfatı texnikası bu sahədə
olan ehtiyacları tam ödəyəcəkdir.
Möhtərəm cənab Prezident,
Ağcabədi Rayon İcra Hakimiyyəti Sizin kənd təsərrüfatı
məhsullarının, xüsusən
pambıqçılığın inkişafı ilə
bağlı müvafiq tapşırıqlarınızı
daim diqqətdə saxlayır və gələcəkdə bu
sahələrin daha da inkişaf etdirilməsi üçün
aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirlərin
həyata keçirilməsini təmin edəcəkdir.
Diqqətinizə görə
sağ olun.
***
“Azərpambıq” MMC-nin baş
direktor əvəzi Zakir ƏZİMOV çıxış edərək
dedi:
-Möhtərəm cənab Prezident.
İcazə verin, bu gün kənd
təsərrüfatının mühüm sahələrindən
sayılan pambıqçılığın inkişafına
xüsusi diqqət göstərib dəyərli
vaxtınızı ayırdığınıza görə
Sizə sonsuz təşəkkürümüzü bildirək.
Ölkədə
pambıqçılığın inkişafını təmin
etmək məqsədilə 2017-ci il mövsümündə
“Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti
respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış
müqavilələr üzrə 28,6 min hektarda pambıq əkmişdi.
2017-ci ildə kondisiya şəklində
çəkidə 51,2 min ton xam pambıq tədarük
edilib ki, bu da əvvəlki ilə nisbətən 1,8 dəfə
çoxdur.
Tədarük edilmiş xam
pambığın emalından 19 min ton mahlıc, 23 min ton
çiyid, 240 ton lint, 150 ton ulyuk və 512 ton tiftik məhsullarının
alınması gözlənilir.
Bundan əlavə, emala veriləcək
5800 ton texniki çiyiddən 580 ton pambıq yağı, 4700
ton çiyid cecəsi və 330 ton soapstok da alınacaqdır.
Emaldan alınan məhsullar əsasən
Türkiyə, İran, Tacikistan və Gürcüstana
satılacaqdır.
Bu ilin pambıq əkini ilə əlaqədar
4136 fermerlə müqavilə bağlanıb və cəmiyyətimizə
məxsus torpaqlarla birlikdə 30 min hektardan artıq sahə
pambıq əkini üçün hazırdır və bu
iş davam edir.
Hər hektardan pambığın məhsuldarlığının
ötənilki 17,8 sentnerdən bu il 20
sentnerə çatdırmaq nəzərdə tutulur. Hazırda əsas diqqət
pambıqçılığın intensiv yollarla inkişaf
etdirilməsinə yönəldilib.
Səpin kampaniyasını
uğurla həyata keçirmək üçün fermerlərin
toxumluq çiyidə olan tələbatının ödənilməsi,
eyni zamanda, mineral gübrələrlə və zərərvericilərə
qarşı mübarizə vasitələri ilə təmin
edilməsi üçün müvafiq tədbirlər həyata
keçirilir.
Cənab Prezident, Sizin 2016-cı il 22
sentyabr tarixli “Pambıqçılığın
inkişafına dövlət dəstəyi haqqında” və
2018-ci il 2 mart tarixli “Bitkiçilikdə intensiv
inkişafın təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” sərəncamlarınıza əsasən
hər bir ton xam pambığa görə
istehsalçılara 100 manat subsidiya verilməsi, mineral
gübrələrin satışında güzəştin
ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin
satış qiymətinə tətbiq edilən güzəştin
məbləğinin yuxarı həddinin isə 5 dəfə
artırılmasının
pambıqçılığın inkişafında müstəsna
əhəmiyyəti olub.
Eyni zamanda, bu ildən
pambığın satınalma qiymətinin də hər tona
100 manat artırılaraq 600 manat həcmində müəyyənləşməsi
fermerlərdə bu sahəyə daha böyük maraq
oyadıb.
Hazırda cəmiyyətin
mülkiyyətində 1701 ədəd müxtəlif kənd təsərrüfatı
texnikası vardır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti
ilə 2016-cı ildə 311 ədəd, 2017-ci ildə 519 ədəd
müxtəlif adda kənd təsərrüfatı
texnikası alınıb, 2018-ci ildə isə 488 texnika
sifariş verilib.
Bu il artıq həmin
texnikalardan 126-sı alınıb və qalanlarının da
pambığın becərilmə və
yığılması vaxtına uyğun olaraq alınması
təmin ediləcəkdir.
Bir vacib məsələni də
diqqətinizə çatdırmaq istərdim. 2018-2022-ci illəri
əhatə edən strateji dövrdə yaradılmış
potensial imkanlar sayəsində əsas diqqət
pambıqçılıqda dəyər zəncirinin dərinləşdirilməsinə
yönəldiləcəkdir. Cəmiyyət
bu işi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar
Cəmiyyətinin tərkibində olan toxuculuq müəssisələri
ilə tərəfdaşlıq əsasında həyata
keçirəcəkdir. Artıq bu sahədə
Sumqayıtdakı “ASK Tekstil” və “Şəki İpək”
müəssisələri ilə real işə
başlanılıb. Emaldan alınan mahlıcın 2600
tonu “ASK Tekstil” və 1209 tonu isə “Şəki İpək”
Açıq Səhmdar cəmiyyətlərinə veriləcəkdir
ki, bu da həmin müəssisələrə verilən
mahlıcdan iplik istehsal edilərək, daha uyğun qiymətə
Türkiyə Respublikasına və Rusiya Federasiyasına
satılacaqdır. Bu da öz növbəsində, həmin
müəssisələrdə yeni iş yerlərinin
açılması deməkdir.
Beləliklə,
qarşıdakı illərdə biz həm yerli və həm
də xarici bazarlarda tək mahlıc və pambıq
yağı deyil, iplik, parça və toxuculuq məhsulları
ilə brendləşəcək, beynəlxalq əmtəə
və maliyyə bazarlarına çıxacağıq.
Bir məsələni də
diqqətinizə çatdırmaq istəyirəm. Pambığın
istehsalında və tədarükündə istifadə olunan
avadanlıqlar xarici ölkələrdən alınır.
Lakin biz artıq yerli şirkətlərlə əməkdaşlıq
etməklə onların istehsal etdiyi bəzi
avadanlıqları alıb istifadəyə etməyə
başlamışıq. Bu da öz
növbəsində, yerli istehsalın inkişaf etdirilməsinə
imkan verəcəkdir.
Cənab Prezident, respublikada aqrar sahənin,
bilavasitə pambıqçılığın
inkişafına göstərdiyiniz diqqət və
qayğıya görə Sizə dərin minnətdarlığımızı
bildirir, əmin edirik ki, qarşıya qoyulan hədəflərə
çatmaq üçün səy və
bacarığımızı əsirgəməyəcəyik.
Diqqətinizə görə
təşəkkür edirik.
***
Saatlı rayonunun Mircəlal kəndinin
sakini, fermer Nizami MƏMMƏDOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Saatlı
pambıqçılıq sahəsində öz təcrübəsi
və ənənəsi olan, təsərrüfat
qabaqcılları ilə tanınan rayonlardan biri olub. Bu gün də iftixar hissi
ilə deyə bilərik ki, Sizin
tapşırığınıza əsasən həyata
keçirilən tədbirlər sayəsində rayonumuzda
pambıqçılıq keçmiş şöhrətini bərpa
edir.
Kənd təsərrüfatının
inkişafı ilə bağlı qərarlarınız kəndlərimizə
yeni nəfəs verib. Əvvəllər iş dalınca şəhərlərə
üz tutan sakinlərimiz bu gün öz kəndlərinə
qayıdır, torpağı əkib-becərib ailələrini
dolandırırlar. Bunun nəticəsidir ki, məşğulluq
səviyyəsi artıb, yeni iş yerləri
açılıb, həyat şəraitimiz əsaslı surətdə
dəyişib. İndi bizim halal zəhmətimizlə
qazanmaq, dolanmaq imkanlarımız daha yüksəkdir. İnsanların maddi vəziyyətinin
yaxşılaşması onların torpağa
bağlılığını artırıb. Sizin də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının
inkişafı həqiqətən də məşğulluğun
inkişafına böyük imkanlar yaradır, insanları ələbaxımlılıqdan
uzaqlaşdırır.
Pambığın bir
kiloqramının alış qiymətinin 2015-ci ildə 41 qəpik,
2016-2017-ci illərdə 50 qəpik olduğu halda, Sizin
tapşırığınızla 2018-ci ildə qiymətin 60
qəpik müəyyən edilməsi, dövlət dəstəyi
olaraq 10 qəpik subsidiya ödənilməsi
pambıqçılara əlavə stimul verib. Eyni zamanda, əkin sahələrinin
suvarılmasının yaxşılaşdırılması,
mineral gübrələrin 70 faiz güzəştlə verilməsi,
fermerlərə ayrılan kreditlər, texnika və
avadanlıqlarla təminat istehsalçıların pambıq əkininə
marağını xeyli artırıb. Həmçinin
rayonumuzda 4 pambıq zavodunun fəaliyyət göstərməsi
fermerlərə əlverişli şərtlərlə
müqavilə bağlamağa geniş imkanlar yaradıb.
Möhtərəm cənab
Prezident, mən əmək fəaliyyətinə 1981-ci ildə
pambıqçılıqda suçu kimi başlamışam,
daha sonra təhsil alaraq aqronom kimi fəaliyyətimi davam
etdirmişəm. Ailə-fermer təsərrüfatı olaraq, 2017-ci ildə
40 hektar sahədən 168,5 ton məhsul
götürmüşük ki, bu da hər hektardan 42 sentnerdən
artıq məhsuldarlıq deməkdir. Çalışırıq
ki, əkib-becərdiyimiz torpaqlardan səmərəli istifadə
edək, məhsuldarlığı daha da artıraq. Fermer təsərrüfatımızın gəliri
ilə 14 ailə öz dolanışığını təmin
edir. Əl yığımından gündəlik
qazancları orta hesabla 60 manatdan yuxarı olur. Bizim ailə-fermer təsərrüfatında
pambığın 30 hektarı əllə, qalan 10 hektarı
isə maşınla yığılıb. Məhsul
satışından ümumi gəlirimiz 84 min 250 manat, xalis gəlirimiz
51 min manat olub ki, onun da 16 min 850 manatını dövlət dəstəyi
olan subsidiya təşkil edib. Yaradılan şəraitdən
bəhrələnərək əldə etdiyimiz gəlirlər
pambıq əkininə marağımızı daha da
artırıb. Cari ildə 70 hektarda
pambıq əkini üçün emal müəssisəsi ilə
müqavilə bağlamışıq. Artıq
sahəmiz tam şumlanıb, arat olunub, mala çəkilib və
səpinə hazır vəziyyətdədir. Aqrotexniki qaydalara tam əməl etməklə hər
hektardan ən azı 50 sentner məhsul götürməyi
qarşımıza məqsəd qoymuşuq. Növbəti illərdə isə əkin sahələrini
daha da artırmağı nəzərdə tuturuq.
Yaradılmış imkandan və
burada pambıqçıların iştirakından istifadə
edərək bir məsələni xüsusilə vurğulamaq
istəyirəm. Bu gün pambıqçılıqda əsasən
xarici ölkələrdən gətirilən toxumlardan istifadə
edilir. Lakin arzu edərdik ki, yerli təbii
iqlim şəraitinə uyğun quraqlığa, xəstəliklərə,
zərərvericilərə davamlı,
rayonlaşdırılmış tezyetişən yerli toxum
sortlarının yaradılması da gələcəkdə nəzərə
alınsın.
Möhtərəm cənab
Prezident, Sizin əmək adamlarına
yaratdığınız şərait zəhmətkeşlərin
əhval-ruhiyyəsini yüksəldib, onların kənd təsərrüfatının
müxtəlif sahələrinə
bağlılığına səbəb olub. Biz bu gün əminliklə
deyə bilirik ki, kəndlərimizdə işsiz insan yoxdur.
İnsanlar öz zəhməti ilə
dolanışığını təmin edir. Siz bizə ləyaqətlə yaşayıb, zəhmətlə
pul qazanmaq imkanı yaratdınız. Sadə
kənd adamlarına yaratdığınız bu imkanlara
görə Sizə minnətdarlığımızı
bildirir və əmin edirik ki, bundan sonra da
imkanlarımızı səfərbər edəcək,
pambıqçılığın inkişafına öz
töhfəmizi verəcəyik.
Diqqətinizə görə çox
sağ olun.
***
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Meliorasiya və su təsərrüfatı
sahəsinə böyük diqqətinizin nəticəsi olaraq,
bilavasitə Sizin rəhbərliyiniz, yaxından iştirakınız
və nəzarətiniz ilə son 14 ildə 4,0 min kilometr
uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda
kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən
qurulması və bərpası, 360 min hektar sahədə
torpaqların su təminatının və 256 min hektarda
meliorativ vəziyyətinin
yaxşılaşdırılması işləri yerinə
yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin
dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian
quyusu qazılaraq istifadəyə verilib. Ümumi
sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay,
Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.
Möhtərəm cənab Prezident,
ötən il respublikanın 25 rayonunda 69 min hektar pay
torpaqlarında və 67 min hektar dövlət fondu, qış
otlaq sahələrində, bələdiyyə və meşə
torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini
suvarma suyu ilə təmin etmək üçün 6800 kilometr
suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri
lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos
stansiyası təmir edilib. Su təminatı
çətin olan fond torpaqlarında və qış otlaq sahələrində
əkilmiş pambıq tarlalarının suvarılması
üçün 1436 kilometr yeni suvarma kanalları, 180
hidrotexniki qurğu tikilib. Suvarmanın
mütəşəkkil keçirilməsi üçün Cəmiyyət
tərəfindən lazımi texnika, nasos, avadanlıq
ayrılıb. Ümumilikdə, pambıq sahələri
keçən il 3,1 dəfə suvarma suyu
ilə təmin edilib.
Yerli icra hakimiyyəti strukturları
ilə dəqiqləşdirilmiş məlumatlara əsasən,
cari ildə respublikanın 25 rayonu üzrə təxminən
140 min hektar sahədə pambıq əkini nəzərdə
tutulur. Bu sahələrin 38 min hektarı dövlət
fondu, 32 min hektarı bələdiyyə və 70 min hektarı
pay torpaqlarıdır. Bu günədək
pambıq sahələrinə xidmət edən suvarma
kanallarının 2200 kilometr, kollektor-drenaj şəbəkələrinin
820 kilometr hissəsi təmir edilib. Suvarmanın
mütəşəkkil keçirilməsi üçün Cəmiyyət
tərəfindən yerlərə kifayət qədər nasos
və avadanlıq ayrılıb.
Hazırda Cəmiyyətin
bütün kollektivi və texnikaları suvarma və
kollektor-drenaj şəbəkələrinin, nasos
stansiyalarının, subartezian quyularının və
hidrotexniki qurğuların təmiri işlərinə səfərbər
edilib. Həyata keçirilən tədbirlər cari ildə
də pambıq sahələrinin suvarma suyu ilə tam təmin
edilməsinə şərait yaradacaq.
Möhtərəm cənab Prezident,
Sizin tapşırığınız əsasında ötən
il 103 min hektar sahəyə suyun
çatdırılması və su təminatının
yaxşılaşdırılması işləri həyata
keçirilib. Verdiyiniz göstərişə əsasən,
həmin layihələrin icrası cari ildə də uğurla
davam etdirilir.
Şəmkir-Samux-Goranboy magistral
kanalının İpək yolu ilə kəsişmə
qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər
hissəsində tamamlama işlərini başa
çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə
torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni
Mil-Muğan kanalının cari ildə beton üzlüyə
alınması ilə Saatlı, Biləsuvar və
İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq
sahələrinin suvarma mövsümündə su ilə təmin
edilməsi mümkün olacaq.
Neftçala və Yuxarı Mil
kanallarının tikintisi davam etdirilərək Neftçala
rayonunun 12400 hektar əkin sahəsinin su təminatı
yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə
1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin
olunacaq. Kür çayında yeni tikilən nasos
stansiyasında və “H” kanalında tikinti işləri davam
etdirilərək Sabirabad rayonunun kəndlərinin layihə
üzrə qalan 7500 hektar əkin sahələrinin su təminatı
yaxşılaşdırılacaq, eləcə də rayonun
Kür çayı üzərindəki yeni nasos
stansiyasında və magistral kanalda tikinti işlərini
tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə
suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu
layihələr çərçivəsində Biləsuvar
rayonunun 1600 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin
ediləcək. Hacıqabul rayonunda isə
meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar yeni
suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq.
Sizin müvafiq Sərəncamınızla
ayrılan vəsait hesabına respublikanın 38 şəhər
və rayonunun 248 yaşayış məntəqəsində
8740 hektar əkin sahəsinin və əkin üçün
istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatı, habelə əhalinin içməli
suya olan tələbatının ödənilməsi
üçün 300 subartezian quyusu cari ildə qazılaraq
istifadəyə veriləcək. Bu quyuların
126-sının 5 min hektara yaxın əkin sahələrini
suvarma suyu ilə təmin etmək üçün ölkənin
13 pambıqçılıq rayonunda qazılması nəzərdə
tutulub. Həmin quyular əsasən
vegetasiya suvarma dövründə istifadəyə veriləcək.
Cari ildə kənd təsərrüfatının
inkişafına bilavasitə təsir edən bu iri infrastruktur
layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin
həyata keçirilməsi nəticəsində
pambıqçılıq rayonlarında 62 min hektar sahəyə,
o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara
suvarma suyu çatdırılacaq və 32 min hektar əkin sahələrinin
su təminatı yaxşılaşdırılacaq ki, bu da
ölkədə pambıqçılığın və digər
ixracyönümlü kənd təsərrüfatı məhsullarının
inkişafına geniş imkanlar yaradacaq.
Hörmətli cənab
Prezident, ənənəvi olaraq əvvəllər Ulu Öndərin
yaratdığı təcrübəyə əsasən
pambıq kənd təsərrüfatı məhsulları
istehsalında üstünlük verilən nizam-intizam bitkisi
hesab olunurdu. İstər torpaqların əkin altına seçilməsi,
səpinə hazırlanması, səpinin aparılması,
bütün aqrotexniki tədbirlərin həyata keçirilməsi,
ən əsası isə suvarmaların vegetasiya müddətinə
uyğun vaxtında aparılması sahələrdən
yüksək məhsuldarlığın əldə
olunmasını təmin edərdi. İstehsal
olunan məhsulun vaxtında toplanması (sentyabr ayında ən
azı 70-80 faizi, oktyabr ayında tam yığımın
başa çatdırılması) torpaqlarda növbəli əkinin
də aparılmasına tam şərait yaradardı.
Möhtərəm cənab Prezident,
Sizin kənd təsərrüfatının, o cümlədən
pambıqçılığın inkişafına göstərdiyiniz
diqqət və qayğı, subsidiyaların verilməsi,
maddi-texniki bazanın möhkəmləndirilməsi,
genişmiqyaslı meliorasiya tədbirlərinin həyata
keçirilməsi bizə imkan verir və məsuliyyət
hissimizi artırır ki, bu sahədə də Heydər
Əliyev siyasəti, ənənələri uğurla davam
etdirilsin, yeni tələblər baxımından daha
böyük nəticələr əldə olunsun.
Bütün bunlara, meliorasiya
və su təsərrüfatı sahəsinə göstərdiyiniz
böyük diqqət və qayğıya görə Sizə
dərin minnətdarlığımızı bildirir və əmin
edirik ki, Cəmiyyətin kollektivi bu vəzifələrin yerinə
yetirilməsi üçün bütün imkanlarını səfərbər
edəcək.
Diqqətinizə görə
minnətdaram.
***
Prezident İlham Əliyev
müşavirədə yekun nitqi söylədi.
Azərbaycan.- 2018.- 27 mart.- S.1; 4; 5.