Bakıda dünya standartlarına cavab verən müasir
hospital açılıb
Azərbaycan
Prezidenti İlham Əliyev açılışda iştirak
edib
Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.
Azərbaycan Prezidenti
hospitalın rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə
tanış oldular.
Məlumat verildi ki, bina
stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə
yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir.
Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya,
mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım,
reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə,
ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və
boğaz xəstəlikləri, göz xəstəlikləri,
urologiya, anesteziologiya, daxili xəstəliklər,
qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi
laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı,
fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi
bütün əsas tibbi xidmət sahələri fəaliyyət
göstərəcək. Hospital 206
çarpayılıqdır. Təcili tibbi
yardım şöbəsi isə 12 yerlikdir.
Dövlətimizin
başçısı və xanımı burada
çalışan xarici həkimlərlə
görüşdülər, onlarla söhbət etdilər.
Hospitalda ümumilikdə 850
nəfərdən ibarət tibbi heyətin işləyəcəyi
nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti
Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir.
Bu mütəxəssislər dünyada öz sahələri
üzrə məşhur olan tanınmış tibb
işçiləridir. Burada
çalışan tibb mütəxəssisləri arasında
ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika,
Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək
peşəkar həkimlər var.
Pediatriya və neonatologiya
şöbəsində azyaşlıların müalicəsi
üçün hər cür şərait yaradılıb. Burada ümumi
pediatriya, genetik konsultasiya, pediatrik nevrologiya, kardiologiya və cərrahiyyə
xidmətləri göstəriləcək. Şöbədə, eyni zamanda, qabaqcıl
laparoskopik prosedurlar da icra olunacaq.
Hospitalın şüa
diaqnostika-radiologiya şöbəsi də ən müasir tibbi
avadanlıqla təchiz olunub. Rentgen, MRT, kompüter tomoqrafiya və
ultrasəs müayinəsi avadanlığının
quraşdırıldığı şöbə
çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətlərini
təklif edir. Burada xəstələrə rəqəmsal
radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər
də göstəriləcək.
Diqqətə
çatdırıldı ki, müəssisənin kliniki
laboratoriya şöbəsi bütün xəstələri həftənin
və sutkanın istənilən vaxtı hərtərəfli
müayinələr və qan bankı xidmətləri ilə
təmin edir.
Burada müxtəlif laborator müayinələr
aparmaq üçün dünyanın aparıcı şirkətlərinin
istehsalı olan və ən müasir standartlara cavab verən
avadanlıq quraşdırılıb. Bu
avadanlıq laborator müayinələri yüksək keyfiyyət
və dəqiqliklə, həmçinin qısa müddətdə
icra etməyə imkan yaradır. Laboratoriyanın
məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir.
Kliniki kimyəvi laboratoriyada tamamilə
avtomatlaşdırılmış nəzarət sistemi
mövcuddur.
Son illərdə ölkəmizdə
həyata keçirilən dövlət siyasətində səhiyyə
sisteminin təkmilləşdirilməsi və inkişafı əsas
yerlərdən birini tutur. Ən mühüm məqamlardan
biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli
tibbi xidmətlə təmin edilməsi, gələcəyimiz
olan uşaqların sağlam yetişməsi istiqamətində
icra edilən layihələr dövlətimizin
başçısının daim diqqət və nəzarətindədir.
Vətəndaşların məhz ölkəmizdə
yüksək səviyyəli tibbi xidmətlərdən
yararlanması ilə bağlı çox mühüm işlər
görülür.
Bu gün Azərbaycanda səhiyyənin
inkişafına, bu sahədə əsaslı islahatların
aparılmasına Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
da mühüm töhfələr verir. Fondun dəstəyi
ilə ölkəmizdə çoxlu sayda tibb ocaqları
inşa olunub, mövcudları isə müasir səviyyədə
yenidən qurulub. Bu layihələrin
icrası zamanı səhiyyə müəssisələri
dünyanın aparıcı şirkətlərinin müasir
tibbi avadanlığı ilə təchiz olunur.
Bildirildi ki, Bona Dea Beynəlxalq
Hospitalında helikopterlərin enməsi üçün
meydança da yaradılıb.
Hospitalın ən müasir
tələblərə cavab verən konfrans zalında müxtəlif
toplantılar, iclas, görüş, müşavirə və
digər tədbirlər təşkil etmək, həmçinin
peşəkar həkimlərin gənc mütəxəssislərə
təlimlər keçmələri üçün də hər
cür şərait mövcuddur. Ümumi tutumu 145 yerlik
olan bu zalda cərrahi əməliyyatları birbaşa izləmək
mümkündür.
Dövlətimizin
başçısı konfrans zalında hospitalda
çalışan xarici həkimlərlə söhbət
etdi.
Prezident İlham ƏLİYEV: Siz
burada güclü tibb mərkəzi qurmağa kömək
göstərirsiniz. Sizi Bakıda görməyə
çox şadam. İndi bizim yüksək
səviyyəli avadanlığımız və həkimlərimiz
var. Bizə lazım olan məhz budur – avadanlıq və tibbi
xidmət. Mənə məlumat verilib ki,
siz regionda, düşünürəm, ən yaxşı tibb
mərkəzlərindən birini, bəlkə də ən
yaxşısını yaratmağa kömək etmək
üçün xəstəxana ilə sıx şəkildə
işləyirsiniz.
Azərbaycan Prezidentinə və
birinci xanıma məlumat verildi ki, palatalarda xəstələrin
müalicəsinin yüksək səviyyədə təşkili
üçün bütün zəruri şərait
yaradılıb. Tibb müəssisənin
qarşısına qoyduğu əsas məqsədlərdən
biri də xəstələri səhiyyənin yüksək
standartları ilə təmin etməklə yanaşı,
müalicənin bütün mərhələləri üzrə
innovasiyaların tətbiqidir. Bu məqsədlə
burada quraşdırılan və İKT-nin yeniliklərinə
əsaslanan qurğular xəstələrin müalicəsinin
yüksək səviyyədə təmin olunmasına imkan
verir.
Hospitalın əməliyyat
bloku da texniki təminatına görə mövcud olan
bütün dünya standartlarına tam cavab verir. Tibb müəssisəsində
10 əməliyyatxana, 2 angioqrafiya otağı yaradılıb.
Ümumilikdə burada fəaliyyət göstərən
Cərrahiyyə Xidmətlər Klinikasında laparoskopik
prosedurlar, açıq cərrahiyyə və digər cərrahi
əməliyyatlar aparılacaq.
Beynəlxalq hospitalın
ürək-damar cərrahiyyəsi şöbəsi ən
müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz
edilib. Burada açıq ürək cərrahiyyəsini
yerinə yetirmək mümkündür. Bundan
başqa, şöbədə ürək
çatışmazlığı, anadangəlmə ürək
xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar
yerinə yetirilir. Əməliyyatxanada
quraşdırılan avadanlıq bu sahədə
dünyanın aparıcı şirkətlərinin məhsullarıdır.
Hospitalda ümumilikdə 70-dən artıq tibbi
avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmənin
təmin edilməsinə şərait yaradır.
Tibb müəssisəsinin
ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji
reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin
rahatlığı üçün reanimasiya otaqları
bir-birindən ayrı təşkil olunub. Bu
şöbədə də tibbin son nailiyyətlərinə əsaslanan
avadanlıq quraşdırılıb. Bir
sözlə, hospitalın bütün şöbələrində
quraşdırılan son model tibb avadanlığı və
qurğuları xəstələrə yüksək səviyyədə
tibbi xidmət göstərməyə imkan verir, onların
müayinə və müalicəsini, profilaktik işləri
müasir tələblər səviyyəsində qurmaq
üçün geniş şərait yaradır. Xəstəxanada ən müasir səviyyədə
prenatal diaqnostik avadanlıq var. Hospital Avropanın məşhur
tibbi və paramedikal heyəti ilə işləyir,
aparıcı tibb institutları ilə əməkdaşlıq
edir. Burada fəaliyyət göstərən
aptekdə bütün dərmanlar elektron-reseptdən istifadə
edilərək, həkimin cavabdehliyi altında təyin olunur,
qapalı və nəzarət edilən
avtomatlaşdırılmış paylanma kabinetlərində
paylaşdırılır.
Xəstəxanadakı tibbi
avadanlıq ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə,
İsveç, Belçika və İspaniyanın
aparıcı şirkətlərinin istehsalıdır. Onların arasında “Getinge
Group”, “MAQUET”, “Siemens”, “Drager”, “Hill-Room”, “Olympus”, “Aesculap”,
“Karl Storz”, “Sirona”, “Agoko”, “Abbott”, “BioMerieux”, “B-Braun”, “Swisslog”,
“ZEISS” və s. müasir tibbi avadanlığın istehsalı
üzrə ixtisaslaşan tanınmış şirkətlərin
məhsulları var. Bu avadanlıq müayinəni dəqiqliklə
yerinə yetirməyə, eyni zamanda, müalicə işini
yüksək səviyyədə qurmağa imkan yaradır.
Tibb ocağında texnoloji
yeniliklər tətbiq olunub. Burada yaradılan
pnevmo-poçtla müxtəlif şöbələrə, o
cümlədən qəbul və laboratoriya şöbələrinə
analiz nümunələri, xəstələr üçün
isə dərmanlar göndərmək mümkündür.
Hospital tibbi xidmətlər üzrə
dünyada ən nüfuzlu keyfiyyət və təhlükəsizlik
standartları olan JCI standartlarına uyğun layihələndirilib
və qurulub. Tibbi heyətin və xəstələrin
qidalanması üçün müəssisənin mətbəxində
müasir avadanlıq quraşdırılıb, yeməkxanada
lazımi şərait yaradılıb.
Diqqətə
çatdırıldı ki, hospitalın binasının
ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Havalandırma,
yanğından mühafizə və videomüşahidə
sistemləri binanın bütün ərazisini əhatə
edir. Tibb ocağı fasiləsiz elektrik
enerjisi ilə təmin olunur. Binada 2500
kilovoltluq UPS dəstəyi, 7000 kilovoltluq transformator
quraşdırılıb.
Ölkəmizdə səhiyyənin
müasirləşdirilməsi istiqamətində son illər
icra olunan layihələrin tərkib hissəsi kimi yeni
hospitalın istifadəyə verilməsi də vətəndaşların
sağlamlığının təmin edilməsi, profilaktik tədbirlərin
görülməsi, müayinə və müalicənin
yüksək səviyyədə təşkil olunması
işinə yeni imkanlar açır.
Bona Dea Beynəlxalq
Hospitalında yaradılan şəraitlə
tanışlıqdan sonra dövlətimizin
başçısı və birinci xanım tibb
ocağının kollektivi ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Mən sizi ürəkdən
salamlayıram və təbrik edirəm.
Bu gün Bakıda gözəl
xəstəxana açılır. Bu, çox gözəl,
əlamətdar hadisədir. Xəstəxana
çox gözəl təəssürat
bağışlayır, həm xarici
görünüşü, həm də daxili tərtibatı ən
yüksək səviyyədədir. Burada ən
müasir avadanlıq quraşdırılıb. Əminəm ki, xəstəxanada vətəndaşlara
çox yüksək tibbi xidmət göstəriləcək.
Mən xəstəxana ilə tanış olarkən görürəm ki,
çox böyük işlər görülüb. Bütün işlər ən yüksək səviyyədə
təşkil edilib. Bu xəstəxana xarici
mütəxəssislərin dəstəyi ilə ərsəyə
gəlib. Əminəm ki, burada
çalışan həkimlər, tibbi heyət xəstələrə
yüksək xidmət göstərəcəklər. Mənə
verilən məlumata görə, burada 800-dən çox
iş yeri yaradılır. Həkimlər, tibbi
heyət üçün burada gözəl şərait
yaradılıb.
Bu xəstəxananın
açılması ölkəmizin ümumi
inkişafının göstəricisidir. Ancaq sürətli
inkişaf edən ölkələrdə belə gözəl
tibb ocaqları yaradılır. Hesab edirəm
ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən
qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də
birincisi olacaq. Ümid edirəm ki, gün gələcək
və turistlər Azərbaycana həm də tibbi xidmət
almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait
belə imkanları təmin edir. Burada Azərbaycan
vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək.
Ölkəmizə gələn qonaqlar da, əminəm
ki, bu imkanlardan istifadə edəcəklər.
Son illərdə Azərbaycanda
600-dən çox tibb müəssisəsi tikilib və əsaslı
təmir edilib.
Biz səhiyyə sisteminin maddi-texniki
bazasını böyük dərəcədə gücləndirə
bilmişik. Təkcə bu il altı
şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində
ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın,
tibb müəssisəsinin yaradılması, əlbəttə
ki, böyük vəsait tələb edir. Azərbaycan
dövləti bu vəsaiti ayırır.
Səhiyyə sisteminin təkmilləşdirilməsi
bizim üçün prioritet məsələdir. Çünki
insan sağlamlığı hər bir cəmiyyət, hər
bir dövlət üçün əsas məsələdir.
Son illər ərzində görülmüş
işlər nəticəsində insanların
ömrünün uzunluğu artır və bu, gözəl
göstəricidir. Bu gün Azərbaycanda
istənilən xəstəlik müalicə oluna və onun
diaqnostikası aparıla bilər. Yəni,
diaqnostik müayinə, müalicə - bütün bunlar
kompleks şəkildə təmin edilir. Bir
məsələni də xüsusi olaraq diqqətə
çatdırmaq istəyirəm. Bir
neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən
pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı
bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə
bu məsələ öz həllini tapmağa
başlamışdır. Hazırda növbəti
tibbi müayinə davam edir.
Beləliklə, Azərbaycanda
sosial sahənin əsas istiqaməti olan səhiyyənin
inkişafı üçün çox böyük işlər
görülür. Xəstəxanalar tikilir, avadanlıq ən
müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi
artır və belə gözəl əsərlər
yaradılır. Həmçinin bu xəstəxanada
müalicə işində xarici mütəxəssislər də
iştirak edəcəklər. Mənə
məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən
yüksək biliklərə malik olan mütəxəssislər
işləyəcəklər. Mən
çıxışımın qalan hissəsini ingilis dilində
davam etdirəcəyəm.
Mən, həmçinin hələ
Azərbaycan dilini başa düşməyənlərə,
xüsusilə də əcnəbi qonaqlarımıza müraciət
etmək, belə dərin təəssürat doğuran tibb mərkəzinin
yaradılmasına verdikləri töhfəyə görə
onlara minnətdarlığımı bildirmək istərdim. Artıq qeyd
etdiyim kimi, düşünürəm ki, bu, təkcə Azərbaycanda
deyil, regionda ən yaxşı tibb mərkəzidir. Yəqin ki, vaxt gələcək biz tibbi turizmin də
Azərbaycana gəlməsinin şahidi olacağıq. Ölkəmizə gələn turistlərin sayı
ildən-ilə artır. Ümidvaram ki, bizə
tibbi məqsədlər üçün gələn turistlər
də olacaq.
Çox şadam ki, bu xəstəxanada
əcnəbi və yerli mütəxəssislərin fəaliyyətlərinin
çox mühüm vəhdəti var. Həmçinin
düşünürəm ki, xəstəxananın ən
mühüm fəaliyyət sahələrindən biri yerli
tibbi heyətin hazırlanması və təlimi olacaq. Fikrimcə,
müalicə, diaqnostika və təlimin vəhdəti bu xəstəxananı
çox xüsusi edəcək. Əlbəttə
ki, zənnimcə, digər ölkələrdən olan
qonaqlarımızın, yüksək səviyyəli mütəxəssislərin
bu prosesdə fəal iştirakı daha çox pasiyent cəlb
edəcək.
Tanışlıq zamanı
mən bildirdim ki, biz hazırda Bakıda müasir
avadanlıqla təchiz olunmuş və çox yüksək
tibbi xidmət göstərən dünya səviyyəli tibb mərkəzinin
olması ilə bağlı Azərbaycan əhalisini məlumatlandırmalıyıq. Burada hər
növ müalicə, ən mürəkkəb əməliyyatlar
həyata keçiriləcək və bu, Azərbaycan
xalqının mənafeyinə xidmət edəcək.
Belə böyük xəstəxananın
yaradılması, həmçinin ölkəmizin sürətli
inkişafını əks etdirir. Biz sosial sahəyə,
xüsusilə səhiyyə sahəsinə çox
böyük diqqət ayırırıq. Son
illər ərzində biz yüzlərlə yeni xəstəxana
və tibb mərkəzini tamamilə yenidən qurmağa və
tikməyə müvəffəq olmuşuq. Lakin bu, əlbəttə ki, nadir tibb mərkəzidir.
Tanışlıq məndə
çox dərin təəssürat yaratdı. Düşünürəm
ki, burada sizdə olanların hamısı mənə göstərilib.
Sizi bu nailiyyət münasibətilə təbrik
etmək istərdim. Sizə uğurlar arzu
edirəm. Bizim beynəlxalq və yerli
komandamıza uğurlar arzu edirəm. Əminəm
ki, buraya müalicə üçün gələnlər evlərinə
sağlam qayıdacaqlar. Təşəkkür
edirəm və sizi təbrik edirəm.
***
Bona Dea Beynəlxalq Hospitalının
idarə heyətinin üzvü Herviq
FLİRAKERS dedi:
- Mənim adım Herviqdir. Mən Bona Dea Beynəlxalq Hospitalının idarə
heyətinin üzvüyəm. Təntənəli
açılış münasibətilə bizə baş
çəkdiyinizə görə Sizə və
xanımınıza təşəkkürümüzü
bildirmək istərdik.
Siz ən müasir mərkəz,
analoqu olmayan avadanlıq gördünüz. Lakin biz, həmçinin
xəstəxanada fəaliyyət göstərmək
üçün ən müasir və analoqu olmayan komanda
yaradırıq. Bizim müxtəlif akademik
institutlar və sənaye tərəfdaşlarımızla beynəlxalq
əməkdaşlığımız sayəsində ən
yüksək səviyyəli səhiyyə xidmətini
Bakıya gətirə biləcəyik. Biz,
həmçinin yeni tibbi texnologiyalar təqdim edə biləcəyik.
Biz Sizə təminat veririk ki, bütün bunlar
Azərbaycan xalqının sağlamlığına xidmət
edəcək. Biz komanda olaraq Sizə təminat
veririk.
***
Sonra xatirə şəkli
çəkdirildi.
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva hospitalın təcili tibbi
yardım şöbəsi ilə də tanış
oldular.
Məlumat verildi ki, təcili
tibbi yardım şöbəsi də ən müasir səviyyədə
qurulub. Şöbə xəstələrin rahat və təcili
daşınmasına imkan verən nəqliyyat vasitələri
ilə təmin edilib. Təcili tibbi
yardım şöbəsi Azərbaycanda ilk dəfə olaraq
“Mercedes-Benz” markalı ən yeni model iki reanimobil və bir
transporter avtomobili ilə təchiz edilib. Azərbaycanın
istənilən regionunda operativ və fasiləsiz təcili
tibbi yardım göstərmək üçün briqada
qısa müddət ərzində özünü
çağırış yerinə çatdırmaq
iqtidarındadır.
Hospitalla tanış
olan dövlətimizin başçısı və birinci
xanım tibb ocağının kollektivinə uğurlar
arzuladılar.
Azərbaycan.- 2018.- 28 mart.- S.1-2.