Son 4 ildə 10 görüş
Martın 28-də təkbətək görüş
başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin nümayəndə
heyətlərinin iştirakı
ilə geniş tərkibdə görüşü
olub.
AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
İlk növbədə, Sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə
təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik,
firavanlıq arzulayıram.
Sizin səfəriniz çox böyük əhəmiyyət
daşıyır. Biz son dörd
il ərzində
on dəfə görüşmüşük
və hər bir görüşün böyük mənası,
əhəmiyyəti var. Bu illər
ərzində İran-Azərbaycan
əlaqələri ən
yüksək zirvəyə
çatmışdır. Biz
məsələləri dostluq,
qardaşlıq şəraitində
müzakirə edirik.
Əldə edilmiş razılaşmalar
icra olunur.
Biz bu gün məhdud tərkibdəki görüşdə
bu barədə danışdıq. Bir daha demək
istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar
icra olunur və bu, ölkələrimizi
bir-birinə daha da yaxın edir.
Biz siyasi, iqtisadi,
mədəni, energetika,
nəqliyyat – bütün
sahələrdə uğurlu
əməkdaşlıq edirik.
Bu əməkdaşlığın
gözəl nəticələri
var. Bu günə qədər
bir çox ikitərəfli sənədlər
imzalanmışdır. Onlar icra edilir. Bu gün də
imzalanacaq sənədlər
əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq
sənədlər, o cümlədən
Xəzər dənizində
birgə işləməyimizi,
Astara-Rəşt dəmir
yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə
ki, ölkələrimizi
bir-birinə yaxınlaşdırmaq
üçün xüsusi
əhəmiyyət daşıyır.
Əsas məsələ ondadır
ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda
çox sıx əlaqələr var. Dövlətlərarası
əlaqələr sağlam
zəmində qurulur.
Qarşılıqlı inam var və nəticələr də bu amillərin
bariz təzahürüdür.
Mən bir daha Sizi
Azərbaycanda səmimiyyətlə
salamlayıram. Əminəm ki, səfər
çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin
inkişafı üçün
yeni imkanlar açılacaq.
***
İran Prezidenti
Həsən RUHANİ dedi:
-Cənab Prezident, mən və məni müşayiət edən
nümayəndə heyəti
çox şadıq ki, bu gün
və sabah
Sizin və dost, qardaş Azərbaycan xalqının qonağıyıq.
Bu günlər bizim üçün şadlıq günləri
və Novruz bayramıdır ki, bu da qardaş
xalqların ortaq bayramıdır.
Zati-aliləri, Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını
qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz
görüşlərin, habelə
nazirlərin, müştərək
komissiyanın və səfirlərin gördüyü
işlərin səmərəli
nəticələrinin şahidiyik.
Əməkdaşlığımız təkcə iki
ölkənin deyil, həm də bütün bölgənin
xeyrinədir. Şimal-Cənub dəhlizi çərçivəsində
Rəşt-Astara dəmir
yolunun çəkilişi
istiqamətində tərəfdaşlığımız
qiymətcə sərfəli,
rahat və qısa yol olmaqla
hər iki dövlət və həm də bölgənin ölkələri,
hətta Afrika, Asiya qitələri üçün faydalı
olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız
bölgənin və dünyanın mənafeyinə
xidmət edir. Xəzər dənizində başladığımız
yeni əməkdaşlıq
o mənanı daşıyır
ki, Allahın verdiyi bu nemətdən,
yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi
töhfəsindən maksimum
dərəcədə bəhrələnək.
Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir
ki, böyük bir sərvət istifadəsiz qalıbdır. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin,
ya da sərvətin
istifadəsiz qalmasının
tərəfdarı deyilik.
Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu
ilə bu sərmayədən yararlana
bilərik və hər iki xalq
onun şahidi ola bilər
ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq
əlaqələrimizi daha
da gücləndirir.
Qarşılıqlı sərmayə
qoyuluşu və sabah açılışı
olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət
münasibətlərimizin genişləndirilməsi
istiqamətində addımların
atılmasında, ikitərəfli
və çoxtərəfli
əlaqələrimizin inkişaf
etməsində qərarlıdır.
İki ölkə arasında elm, mədəniyyət,
ali təhsil
sahələrində əlaqələrin
genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq.
Bölgədə və dünyada
sülhün və təhlükəsizliyin təmin
olunmasında oxşar
və yaxın baxışlarımız vardır.
Biz bu baxışlardan
istifadə etmək və bölgədə, həmçinin dünyada
möhkəm sülhün
və təhlükəsizliyin
bərqərar olduğunu
görmək arzusundayıq.
Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində,
eləcə də
regional və beynəlxalq
əlaqələr müstəvisində
günbəgün münasibətlərimizin
inkişafının şahidi
olaq.
Azərbaycan.- 2018.- 29 mart.- S.2.