Azərbaycan bütün beynəlxalq
məsələlərdə daim
İranın yanındadır
Martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, bütün İran xalqını bu yaxınlarda qeyd etdiyimiz Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm, qardaş İran xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.
Novruz bayramı bizim müştərək bayramımızdır. Həm İranda, həm Azərbaycanda bu bayram geniş qeyd edilir. Bu, bir daha onu göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Bizi tarix, ortaq mədəniyyət birləşdirir. Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.
Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan vermişdir.
Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.
Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlamışdır və sabah keçiriləcək biznes-forumda bu məsələ ilə bağlı təqdimat göstəriləcək. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.
Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir.
Biz energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Son illər ərzində imzalanmış sənədlər, xüsusilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək.
Ümumiyyətlə, demək istəyirəm ki, bizim əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü – bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər.
Biz nəqliyyat sahəsində böyük uğurlara imza atmışıq. Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq. Əminəm ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır. Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlərə başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcək.
Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir.
Bu yaxınlarda - iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Artıq bu proses başlamışdır, yəni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yəni, burada əlbəttə ki, bir çox amillər rol oynayır. İlk növbədə, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri, bizim çox güclü tarixi əlaqələrimiz, siyasi əlaqələrimiz və bu gün biz dünyada çox müsbət qonşuluq nümunəsi göstəririk. Bu amillər rol oynayır, eyni zamanda, sərbəst gediş-gəliş rejimi turistlərin axınını şərtləndirir.
Biz bu gün digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.
Mən bir daha hörmətli Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.
***
Sonra İran Prezidenti bəyanatla çıxış
etdi.
Prezident Həsən
Ruhaninin bəyanatı
-Cənab
Prezident İlham Əliyev.
Azərbaycan Respublikasının dövlət
rəsmiləri.
Qonşu, dost və
qardaş Azərbaycan
xalqı.
Şadıq ki, iki gün ərzində
- bu gün və sabah
sizin qonağınızıq.
Şadıq ki, sizə
- mehriban Azərbaycan xalqına Novruz bayramı təbriklərimizi
çatdırırıq. Bu bayram iki xalqı və bu bölgənin xalqlarını birləşdirən
bayramdır. Eləcə də
səmimi qəbula görə Azərbaycan dövlətinə və xalqına səmimi təşəkkürümü bildirirəm.
Bu gün
imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram,
müştərək mənafe
və mehriban qonşuluq əlaqələri
sayəsində gerçəkləşibdir. İllər boyu
əməkdaşlıq üçün
potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı
qarşılıqlı etimad
indi daha da artmışdır.
İki ölkə arasında müştərək işlər
çoxalıb. İki xalq
və iki dövlət şahid olublar ki, əməkdaşlıq
nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq
tellərini daha da möhkəmləndirək.
Bu əməkdaşlıq bu
gün və sabah üçün
deyil, bəlkə də iki ölkənin
tarixi üçün
yadda qalacaq əməkdaşlıq olacaqdır.
Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi,
bu gün imzalanan sənədlər
də tarixi sənədlərdir. İki xalqın mənafeyinə,
bütün bölgənin
və eləcə də bütün dünyanın xeyrinə ola biləcək
sənədlərdir. Tranzit
məsələsinə gəldikdə
isə, Şimal–Cənub
dəhlizi İranın
cənub bölgəsinin
sularını, Fars körfəzini,
Oman dənizini və
Hind okeanını, həmçinin
avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya
ilə birləşdirir,
eləcə də Şimali və Şərqi Avropanı. Bu, onu göstərir
ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət
daşıyır. İki ölkənin
Rəşt-Astara dəmir
yolu barəsində qərarı dövlətlərimizin
bu layihəyə nə qədər böyük əhəmiyyət
verdiyinin göstəricisidir.
Xəzər dənizində bizim
çoxlu birgə mənafelərimiz vardır.
Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm
sahələrində əməkdaşlıq
etməklə maksimum səmərə əldə
edək. Bu gün Xəzər dənizinin mənbələrindən
və yataqlarından qarşılıqlı istifadədə
əməkdaşlığımız xalqlarımızın mənafeyinə
geniş xidmət etmiş olar.
Hər iki xalq və
başqa xalqlar da bu əməkdaşlıqdan
faydalansınlar. İki dövlətin qarşılıqlı
sərmayə qoyuluşu
barədə qərarları,
həm Astara-Astara layihəsinə, həm də sabah açılışı
olacaq avtomobil istehsalı müəssisəsinə
sərmayə qoyuluşu
göstərir ki, ölkələrimizin geniş
əməkdaşlıq üçün
güclü iradəsi
var. Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı
genişləndirə bilərik.
Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq
edə bilərik.
Bu, onu göstərir
ki, qarşılıqlı
mənafe və ortaq proqramların icrası müstəvisində
birgə addımlar ata bilək. İki prezidentin və iki dövlətin bu gün qəbul
etdiyi qərarların
icrası üçün
ciddi səylər göstərilməlidir. Banklar arasında
əməkdaşlıq qarşımızda
duran əsas məsələlərdən biridir.
İki ölkənin müştərək
komissiyası çalışmalıdırlar
ki, bu sahədə
əməkdaşlıq yaxşılaşsın.
Biz iqtisadiyyat, həmçinin maliyyə
və pul mübadiləsi sahələrində
əlaqələrimizi genişləndirə
bilərik. İkinci məsələ
yaxşı ticari əlaqələrin qurulmasıdır.
Yəni,
azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da
iqtisadiyyat və ticarət sahələrində
əlaqələrimizi genişləndirə
bilək. Turizm sahəsində
yaxşı addımlar
atılmışdır. İndi onun şahidiyik ki, hər iki
tərəfdən yüz
minlərlə insan bir-birinin ölkələrinə
səfər edir.
Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki
ölkə arasında
yaxın əlaqələr
var. Regional və siyasi
müstəvidəki məsələlər,
həmçinin elm, texnologiya
sahəsində əməkdaşlıq
üçün hər
iki ölkənin iradəsi mövcuddur. Bu fikirdəyik ki,
bölgədəki məsələlər
siyasi yolla həllini tapmalıdır.
Biz bu qənaətdəyik
ki, Yəməndəki
problem siyasi yolla tənzimlənməlidir və
hərbi yolla həll olunmamalıdır.
Belə düşünürük ki,
Suriya məsələsi
də siyasi vasitələrlə həll
yollarını tapmalıdır.
Bununla əlaqədar bölgədəki
ölkələrin göstərdiyi
səylərlə bağlı
Azərbaycanın və
İranın baxışları
eynidir. Biz belə düşünürük
ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir.
Azərbaycan və Ermənistan
dövlətlərinin səyi
ilə biz bölgədə
möhkəm sabitliyin
bərqərar olmasının
şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün
əhəmiyyətlidir ki,
ölkələrin ərazi
bütövlüyü və
bölgənin coğrafiyası
dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə
yanaşdığı beynəlxalq
prinsiplər məsələnin
həlli üçün
alətə çevrilməlidir.
Bizim bugünkü iclasdakı və gələcək üçün
istəyimiz müştərək
mənafelərimizin, dövlətlərimiz
və dünya üçün Azərbaycan
və İran xalqları arasındakı
əlaqələrin və
iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir.
Diqqətinizə görə
təşəkkür edirəm.
Azərbaycan.- 2018.- 29 mart.- S.2-3.