Azərbaycanlıların
soyqırımına həsr olunmuş "dəyirmi masa"
və yeni kitabın təqdimatı keçirilib
Səbail Rayon İcra Hakimiyyətində
1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyinə həsr olunmuş “dəyirmi masa” və ingilis
dilinə tərcümə edilmiş “Azərbaycanlıların
soyqırımı” kitabının təqdimatı
keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən
məlumat verilib.
Tədbirdə rayon rəhbərliyi
ilə yanaşı, Milli Məclis üzvləri, rayonun
hüquq mühafizə orqanlarının nümayəndələri,
elm və din xadimləri, gənclər, veteranlar, ictimaiyyətin,
YAP Səbail rayon təşkilatının təmsilçiləri,
kitabın ərsəyə gəlməsində əməyi
olan pedaqoji universitetin müəllim və tələbələri
iştirak ediblər.
“Dəyirmi masa”da
çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov deyib ki, Azərbaycan
xalqı XX əsrdə bir neçə dəfə
soyqırımlarına məruz qalıb. Uzun illər azərbaycanlıların
əzəli torpaqlarına sahib çıxmaq və burada
“böyük Ermənistan” yaratmaq xülyaları ilə
yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda və Azərbaycanın
başqa bölgələrində minlərlə dinc azərbaycanlı
əhalini yalnız milli mənsubiyyətinə görə məhv
edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıdıblar.
Ötən əsrin 80-ci illərində SSRİ-nin
süqutunun sürətlənməsindən istifadə edən
ermənilər öz havadarlarının köməyi ilə
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
üçün Azərbaycana qarşı birbaşa hərbi
təcavüzə başlayıblar. 1992-ci ilin fevralında isə
Xocalıda azərbaycanlılara qarşı növbəti
soyqırımı törədilib, torpaqlarımızın 20
faizi işğal olunub.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra uzun illər gizli saxlanılan həqiqətlər
açıldı, təhrif edilən hadisələr əsl qiymətini
aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edildi. Bununla da Azərbaycan
tarixində erməni məsələsinə münasibətdə
yeni strategiya müəyyənləşdi. Bu, Ulu Öndərin
Azərbaycan xalqının əsrlərboyu üzləşdiyi
məhrumiyyətlərə verdiyi əsl tarixi qiymət idi.
İcra hakimiyyətinin başçısı Prezident
İlham Əliyevin erməni-bolşevik silahlı dəstələrinin
100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri
bəşəri cinayətlər barədə həqiqətlərin
ölkə və dünya ictimaiyyətinə daha dolğun
çatdırılması məqsədilə azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında Sərəncam
imzaladığını da xatırladıb.
Daha sonra çıxış edən
YAP-ın Səbail rayon təşkilatının sədri,
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov,
universitetin baş müəllimləri Elman Mirzəyev və
Eldar Hacıyev, tələbə Tahir Cabbarlı və
başqaları 1918-ci il hadisələri, sonrakı illərdə
ermənilərin Azərbaycan xalqına qarşı təcavüz
faktları və bu faktların beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində
görülmüş işlər barədə
danışıblar. Faciənin dünya ictimaiyyətinə
çatdırılması işində bir il öncə
çap olunmuş və bu il Səbail rayonunun 163 nömrəli
orta məktəbinin müəllimləri tərəfindən
ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların
soyqırımı” kitabının mühüm rol
oynayacağı vurğulanıb.
Sonda “dəyirmi masa”
iştirakçıları adından bəyanat qəbul
olunub.
R.Cəfərli
Azərbaycan.-
2018.- 29 mart.- S.8.