31 mart - Azərbaycanlıların Soyqırımı Günü
Bolqarıstanda qeyd edilib
Azərbaycanın
Bolqarıstandakı səfirliyi və Müqəddəs
Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində
fəaliyyət göstərən Bakı Slavyan Universitetinin
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
birgə təşkilatçılığı ilə 31 mart
- Azərbaycanlıların Soyqırımı Gününə
həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə
Bolqarıstanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları,
Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan
vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı
tələbələr, “Azərbaycanın Dostları”
Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri
iştirak ediblər.
Anım mərasimində
çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyini qeyd etdiyimiz
2018-ci ilin Azərbaycan üçün çox əlamətdar
bir il olduğunu, bir əsr əvvəl ölkəmizdə
müsəlman Şərqində ilk parlament
demokratiyasının yaradıldığını bildirib.
AXC-nin yalnız iki il ömür sürməsinə baxmayaraq,
hələ Qərb demokratiyalarından öncə irqindən,
cinsindən, etnik mənsubiyyətindən və dini inancından
asılı olmayaraq bütün insanlara səs vermək
hüququ, eləcə də qadınlara kişilərlə bərabər
siyasi hüquqlar verdiyini diqqətə çatdıran
N.Qurbanova bununla belə Azərbaycanın müstəqillik
yolunun və AXC-nin mövcudluğunun asan başa gəlmədiyini
qeyd edib. Səfir deyib ki, bu gənc demokratiyanın
yaranmasından öncə azərbaycanlılar
torpaqlarımızın zorla zəbti və günahsız həmyerlilərimizin
qətli ilə nəticələnmiş kobud erməni millətçiliyi
və separatçılığı ilə üzləşiblər.
İştirakçıların çoxunun Ermənistanın
tarixi Azərbaycan torpaqlarına qarşı əsassız ərazi
iddiaları nəticəsində 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan
münaqişəsindən xəbərdar olduğunu
vurğulayan diplomat Ermənistanın açıq təcavüzünün
Azərbaycan Respublikasının 20 faiz ərazisinin, o cümlədən
Dağlıq Qarabağ bölgəsi və ermənilərin
yaşamadığı 7 ətraf rayonun işğal edilməsinə
və 1 milyon azərbaycanlının məcburi
köçkün və qaçqın vəziyyətinə
düşməsinə səbəb olduğunu bildirib. Ermənilərin
azərbaycanlılara qarşı genişmiqyaslı hərbi əməliyyatlar
həyata keçirməsindən danışan səfir 1992-ci
il fevral ayının 25-dən 26-na keçən gecə sadəcə
Xocalıda 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 nəfər
günahsız azərbaycanlı dinc sakinin, ümumilikdə isə
20 mindən çox insanın
öldürüldüyünü qeyd edib. O əlavə edib
ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi
sadəcə təcavüzkar separatizm deyil, xüsusilə XX əsr
ərzində ermənilərin azərbaycanlılara
qarşı insanlığa zidd millətçilik, müntəzəm
deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə
davamlı həyata keçirdiyi soyqırımı siyasətinin
tərkib hissəsidir. Azərbaycan xalqına qarşı
terrorun tarixinin “böyük Ermənistan”ın qurulması
xülyası naminə törədilən faciələrlə
dolu olduğunu ifadə edən N.Qurbanova bu faciələr
arasında 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri
tərəfindən silahsız azərbaycanlılara
qarşı törədilmiş qanlı
soyqırımının xüsusi yer tutduğunu
vurğulayıb. Minlərlə azərbaycanlının erməni
millətçiləri tərəfindən Bakıda,
Qarabağda və Azərbaycanın bir çox digər yerlərində,
eləcə də indiki Ermənistanın azərbaycanlılar
yaşamış məntəqələrində yalnız
etnik mənsubiyyətlərinə görə qətlə
yetirildikləri iştirakçıların diqqətinə
çatdırılıb və bu günlərin Azərbaycan
tarixinin ən qanlı səhifələrindən olduğu
bildirilib. XIX əsrin sonlarında neft sənayesinin inkişafının
Bakını sürətlə inkişaf edən çoxmillətli
sənaye şəhərinə çevirdiyini bildirən
N.Qurbanova müxtəlif millətlərin, o cümlədən
ermənilərin bir çoxunun iş imkanları
üçün Bakıya gəldiklərini, rus inqilabı hərəkatlarında
fəal iştirak edən fəhlə sinfi ilə yanaşı,
prosesə cəlb olunduqlarını, lakin əsl həqiqətdə
isə inqilabçı ideyaları öz millətçilik
gündəmlərini ört-basdır etmək
üçün istifadə etdiklərini qeyd edib. Həmin
dövrdə daşnakların azərbaycanlılara
qarşı təcavüzkar planlarını həyata
keçirmək üçün Rusiya imperiyasının
dağılmasından sui-istifadə etdiyini bildirən səfir
1917-ci il inqilabından sonra bolşeviklərin lideri Vladimir
Leninin etnik erməni Stepan Şaumyanı Qafqazın fövqəladə
komissarı təyin etdiyini bildirib və diqqətə
çatdırıb ki, bu əsasda erməni millətçiləri,
xüsusilə daşnaklar bolşevizmin bayrağı
altında öz niyyətlərini həyata keçirib və
1918-ci ilin mart-aprel aylarında əks-inqilabçı elementlərə
qarşı müharibə pərdəsi altında minlərlə
azərbaycanlını öldürüblər.
S.Şaumyanın ifadəsinə əsasən bu təcavüzkar
qırğında Bakı Sovetinin 6000 silahlı əsgəri
ilə yanaşı, 4000 silahlı daşnak da iştirak edib.Müxtəlif
hesablamalara görə, 1918-ci ilin 31 mart tarixi və aprel
ayının ilk günlərində Bakı şəhərində
12 min-30 min arası azərbaycanlının
öldürüldüyünü söyləyən N.Qurbanova
erməni millətçiləri tərəfindən
Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan
və digər bölgələrdə kütləvi
qırğın və etnik təmizləmələrin
aparıldığını vurğulayıb. Daha sonra diplomat
azərbaycanlıların qırğınının əsas
iştirakçılarından olmuş erməni zabiti Ovanes
Apresyanın xatirələrində sadəcə Bakıda onlar
tərəfindən 25 min azərbaycanlının
öldürüldüyünü yazdığını qeyd
edib. Səfir deyib ki, Bakı Sovetinin o dövrdəki sədri
S.Şaumyan öz xatirələrində baş vermiş
qanlı hadisələrdən məmnuniyyətini gizlətməyərək
qırğınların törədilməsi məqsədilə
daşnak silahlı qüvvələrindən yardım
aldıqlarını etiraf edib. Daha sonra o qeyd olunan
qırğınlarda birbaşa iştiraklarını
xatırladaraq azərbaycanlı qadın və uşaqların
qanlarını tökən daşnak və amansız cəlladların
liderləri Andranik Ozanyan və Qaregin Njdeyə müvafiq olaraq
Varna şəhərində abidə və Sofiyada xatirə
lövhəsinin ucaldılmasının təəssüf hissi
doğurduğunu iştirakçıların diqqətinə
çatdırıb.
AXC-nin elan olunmasından
sonra Nazirlər Şurasının 1918-ci il iyulun 15-də Azərbaycan
xalqına qarşı amansızlıqların
araşdırılması məqsədilə Fövqəladə
İstintaq Komissiyası yaratmasından danışan N.Qurbanova
komissiyanın rus, yəhudi, polyak, gürcü və hətta
ermənilər kimi fərqli millətləri təmsil edən
hüquqşünaslardan ibarət olduğunu söyləyib.
AXC-nin məsələ ilə bağlı fəaliyyətindən
söz açan N.Qurbanova dünya ictimaiyyətinə bu həqiqətləri
çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurumun
yaradıldığını, 1919-cu və 1920-ci il mart
ayının 31-nin iki dəfə ümummilli matəm
günü kimi qeyd olunduğunu qonaqların diqqətinə
çatdırıb. Bu təşəbbüsün azərbaycanlılara
qarşı yürüdülən soyqırımı və
bir əsrdən artıq davam edən torpaqlarımızın
işğalı prosesinə tarixdə ilk dəfə siyasi
qiymət cəhdi olduğunu söyləyən səfir AXC-nin
süqutunun həmin prosesin tamamlanmasını
qeyri-mümkün etdiyini bildirib. N.Qurbanova 1991-ci ildə
müstəqilliyin bərpa olunmasından sonra Azərbaycanın
1918-ci il mart soyqırımının siyasi qiymətləndirilməsinə
yenidən diqqət yetirdiyini və AXC-nin yarımçıq
qalan missiyasını tamamladığını qeyd edib. Faciənin
80-ci ildönümü ərəfəsində, 1998-ci il
martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin “Azərbaycanlıların soyqırımı
haqqında” Fərman imzaladığını bildirən səfir
31 mart tarixinin Azərbaycanlıların Soyqırımı
Günü elan olunduğunu bildirib. O, 2018-ci il yanvarın 18-də
isə Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Sərəncam
imzaladığını nəzərə
çatdırıb.
Anım mərasimində
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən
ingilis dilində hazırlanmış sənədli film
nümayiş olunub. Bolqar dilində alt yazı ilə təqdim
olunan filmdə xalqımıza qarşı soyqırımı
siyasətinin tarixi aspektləri, 31 mart
soyqırımının təfərrüatları, Quba
Soyqırımı Memorial Kompleksi, Ermənistanın Azərbaycana
qarşı təcavüzü və aprel döyüşləri
haqqında ətraflı məlumat verilib.
Mərasimin sonunda Azərbaycan
xalqının adət-ənənələrinə uyğun
olaraq soyqırımı qurbanlarının əziz xatirəsinə
ehsan süfrəsi açılıb.
Azərbaycan. - 2018.- 29 mart.- S.8.