Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur.
Neft-qaz geologiyası və vulkanologiya sahəsi üzrə qiymətli tədqiqatlar müəllifi akademik Əhəd Yaqubov Azərbaycanın palçıq vulkanlarının kompleks öyrənilməsinin təşkilatçısı kimi şöhrət tapmış, onların ilk atlası və xəritələrinin tərtibinə rəhbərlik etmişdir. Xəzər dənizi neft yataqlarından bir çoxunun kəşfi alimin adı ilə bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə geologiya elminin inkişafına mühüm töhfələr vermiş və yüksəkixtisaslı kadrların hazırlanmasında təqdirəlayiq xidmətlər göstərmiş akademik Əhəd Yaqubovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart
2018-ci il
Azərbaycan.-
2018.- 30 mart.- S. 3.