Azərbaycan və İran Xəzərdə
tarixi razılaşmalara imza
atdılar
Azərbaycan-İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin zəngin tarixi var. 1992-ci ildən indiyədək iki ölkə arasında imzalanan yüzdən artıq sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir.
İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesinə sərmayə qoyuluşunda maraqlıdır. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir. Ticarət, energetika, tranzit və digər sahələrdə də mövcud iqtisadi münasibətlər bir-birini harmonik surətdə tamamlayır.
İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin Azərbaycana sonuncu səfəri isə ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlanmasından xəbər verir.
Son 4 il ərzində 10 dəfə görüşən iki dövlət başçısı bu görüşlərin hər birini yüksək dəyərləndirmişlər. Azərbaycan tərəfi əldə edilmiş bütün razılaşmaların icra olunduğunu, siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat, ümumilikdə bütün sahələrdə uğurlu əməkdaşlığın inkişaf etdiyini qeyd edir, dövlətlərarası əlaqələrin sağlam zəmində qurulduğunu vurğulayır.
“Yaxın qonşu uzaq qohumdan irəlidir” atalar sözü sırf qonşuluq, qohumluq əlaqələrinə aid olsa da, onu münaqişələrin alışdığı müasir dünyada həmçinin dövlətlərarası diplomatik münasibətlərə də uğurla şamil etmək mümkündür. Sadə və anlaşılan modeldir: istənilən ölkənin daxilində sülh, əmin-amanlıq və iqtisadi inkişaf qonşu dövlətlərlə münasibətlərin dərinliyindən birbaşa asılıdır. Əksər qonşularına ərazi iddialarından, işğalçı siyasətindən əl çəkməyən Ermənistanın özünü regionda necə blokadaya məhkum etməsinə fikir verin.
Azərbaycanı bütün qonşuluq və dostluq etdiyi dövlətlərlə bağlayan qırılmaz tarixi tellər mövcuddur. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri də məhz bu baxımdan həm region, həm də dünya üçün müsbət və bənzərsiz qonşuluq nümunəsidir. Xalqlarımızı bir-birinə tariximiz, ortaq mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz, adət və ənənəlimiz möhkəm bağlamışdır. Bu tellər üzərində dövlətlərarası münasibətlər uğurla qurulur, inamla genişlənir və sürətlə inkişaf edir. Bu əməkdaşlıq beynəlxalq arenada da özünü aydın büruzə verir: hər iki dövlət daim bir-birini BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir. Prezident H.Ruhaninin “dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün alətə çevrilməlidir” ifadəsi mahiyyət etibarı ilə problemin həllində maraq əvəzinə süstlük nümayiş etdirən supergüclərə ciddi mesajdır.
Beləliklə, iki ölkə arasında iqtisadi əməkdaşlıq inkişaf edir, qarşılıqlı sərmayə qoyuluşuna start verilib, ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində artıq dəqiq addımlar atılır.
İki dövlət rəhbərinin sonuncu görüşü tarixə unikal sənədlərin imzalanması ilə həkk olundu, iki qardaş dövlətin liderləri ən incə siyasi və mübahisəli məqamları belə böyük məharətlə qarşılıqlı fayda gətirən əməkdaşlığa çevirib ən ali dostluq nümunəsini dünya diplomatiyasının tarixinə yazdılar.
Bu görüşdə imzalanan çoxsaylı sənədlər hər iki xalqın qarşılıqlı əməkdaşlığa, bölgədə və dünyada sülhə olan sədaqətinin bariz nümunəsi kimi ortaya qoyuldu. Bu baxımdan, İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş böyük əhəmiyyət kəsb edir.
Xəzər dənizi ilə bağlı əldə edilən tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir davam edən ziddiyyətlərə son qoydu. İki dövlət başçısının görüşündə tərəfləri qane etməyən məqamlar çözülərək müsbət əməkdaşlığa stimul verdi. Biz iki müdrik liderin öz xalqlarının və dövlətlərinin mənafeyi naminə atdıqları uğurlu addımların və regionda sülhə dayaq verən qərarın qəbul edilməsinin şahidi olduq. Bu tarixi razılaşma nəticəsində Xəzərdə dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirən yeni iqtisadi nailiyyətlərə imza atılacaq. Memorandumun imzalanması həm də bütün Xəzəryanı ölkələr üçün ibrətamiz nümunədir. Mübahisəli məsələlərin asan həllini ortaya qoyan müsbət nümunədir.
Bu, Türkmənistan üçün də örnək rolunu oynaya bilər.
İkinci vacib tarixi sənəd Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlıdır. Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.
İran Prezidenti mətbuat üçün çıxışında Şimal-Cənub dəhlizinin İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə, eləcə də Şimali və Şərqi Avropanı birləşdirdiyini vurğulayaraq dedi: “İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar”.
İki dövlət arasındakı iqtisadi əməkdaşlığın demək olar ki, bir çox sahələrdə davam etdirilməsi nəzərdə tutulur. Energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər imzalanmış, son görüşdə isə çoxtərəfli əməkdaşlıq formatının energetika sahəsində də inkişafına qərar verilmişdir.
Azərbaycan-İran əlaqələrinin diqqət çəkən tərəfi həm də ondan ibarətdir ki, bu əlaqələr ikitərəfli formatdan çıxaraq artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində inkişaf edir. Azərbaycan, İran, Rusiya prezidentlərinin Bakıda və Tehranda keçirilən iki görüşü, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü bütünlükdə regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir.
Onu da qeyd etmək vacibdir ki, iki qonşu dövlətin hərbi sahədə də uğurlu əməkdaşlığı mövcuddur. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır.
Turizm sahəsində də yeniliklər tətbiq olunur: artıq İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Sadələşdirilmiş viza rejimi turistlərin axınını nəzərəçarpacaq dərəcədə gücləndirəcək. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı Azərbaycana gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yeni qaydalar isə daha çox İran vətəndaşına ölkəmizi ziyarət etmək imkanı verəcək.
İki dövlət başçısı digər sahələrdə əməkdaşlıq haqqında, bir sıra həllini tapmayan məsələlər barədə də müzakirələr aparmışlar. O cümlədən, bank sektorunda və digər sahələrdə əməkdaşlığın dərinləşməsi nəzərdə tutulmuşdur. Son dörd il ərzindəki iki dövlət başçısının qəbul etdiyi bütün qərarlar icra olunur. Bu da öz növbəsində İran-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə qurulmasına geniş imkanlar yaradır.
İran tərəfi də öz növbəsində bütün birgə keçirilən görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrini etiraf edir, bu əməkdaşlığın bütün bölgənin xeyrinə olduğunu bildirir. İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində iki ölkənin tərəfdaşlığını nəinki bölgə ölkələri, hətta Afrika, Asiya qitələri üçün də faydalı olacağını bəyan etdi.
Hər iki tərəf belə hesab edir ki, bu günədək iki ölkə arasındakı mövcud imkanlar hər iki xalqın mənafeyinə xidmət etmiş, müştərək işlərin artmasına səbəb olmuşdur. Bu əməkdaşlıq tellərini daha da möhkəmləndirilməsi birgə iqtisadi uğurlara təkan vermişdir. Beləliklə, iki ölkənin tarixi, qardaşlığı və gələcək münasibətlərinin perspektivi üçün daha geniş, unikal imkanlar yaranır.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2018.- 30 mart.- S.1; 4.