Barselonada yaşayan və təhsil alan həmvətənlərimiz
soyqırımı qurbanlarının xatirəsini anıblar
Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Barselona şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Barselonada yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov XIX-XX əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti barədə məlumat verib. Səfir 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib.
Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalinin milli mənsubiyyətlərinə görə amansızlıqla qətlə yetirildiyi, yaşayış yerlərinin talan edildiyi, xalqımızın milli mədəniyyət abidələrinin, məscidlərin dağıdıldığı qeyd edilib.
Diplomat bildirib ki, sovet ideologiyasının təsiri altında xalqımızın qan yaddaşı unutdurulmağa çalışılsa da, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasətinin özünü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha büruzə verdiyini qeyd edən səfir bu gün də erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə razılaşmayacaq, işğal edilmiş ərazilərimizin tezliklə geri qaytarılacağına əminlik gündən-günə artır.
Sonra 31 mart soyqırımına həsr olunmuş sənədli film və fotoslayd nümayiş etdirilib.
Görüş zamanı, həmçinin 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri barədə məlumat verən səfir seçkilərin ölkəmiz üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu baxımdan səfirlikdə seçki məntəqəsinin yaradıldığı qeyd edilib və İspaniyada yaşayan həmvətənlərimiz seçkilərdə fəal iştirak etməyə və səsvermə hüquqlarından istifadə etməyə dəvət olunublar.
Daha sonra son zamanlar İspaniyanın Kataloniya Muxtar Vilayətində baş verən hadisələrlə bağlı ölkəmizin rəsmi mövqeyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və Kataloniya böhranının İspaniya qanunvericiliyinə uyğun olaraq həllini tapmasının tərəfdarıdır. Həmçinin həmyerlilərimiz Kataloniyada separatçı qüvvələr tərəfindən keçirilən yürüşlərdən hər hansı bir xəsarət almaq ehtimalının mövcudluğu baxımından kənar durmağa çağırılıblar.
Tədbir səmimi söhbət əsnasında davam etdirilib, həmvətənlərimizin müraciət və təklifləri dinlənilərək onlara müvafiq məlumat verilib.
Sonda İspaniyanın Barselona şəhərində fəaliyyət
göstərən “Azerbaijani Society in Barcelona”
(ASB) cəmiyyətinin sədri Kərim Kərimov keçirilmiş görüşə görə
səfirə minnətdarlığını bildirərək,
belə tədbir və təmasların Kataloniyada
yaşayan azərbaycanlıların daha da ruhlandırılması,
vətənpərvərlik hisslərinin daha
da gücləndirilməsi
baxımından müsbət təsir göstərdiyini qeyd edib.
Azərbaycan.-
2018.-30 mart.- S.6.