“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı ictimaiyyətə təqdim olunub

 

Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Nəşrin elmi məsləhətçisi və “Ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın və region xalqlarının tarixinin, onların maddiqeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması cəhdlərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb.

“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə atılmış növbəti addım kimi dəyərləndirən M.Əhmədov bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab olduğunu deyib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli çıxış edərək deyib ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır. Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi həqiqətlərin təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib. Bu gün Cənubi Qafqaz regionunda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası və ya mənimsəmə cəhdləri olmasın. Bu saxtakarlıq cəhdləri təkcə ərazi iddialarında deyil, Qriqoryan məzhəbinin dini etiqad və atributlarında, Ermənistanın dövlət rəmzlərində, tarixi şəxsiyyətlərində, maddi-mədəni və qeyri-maddi mədəni irs nümunələrində – tarixi abidələrdə, kulinariyada, xalq tətbiqi sənətində, musiqidə, toponimlərdə, numizmatikadas. özünü göstərir.

SAM-ın direktoru Fərhad Məmmədov erməni saxtakarlığının ifşa edilməsi istiqamətində Mərkəzin fəaliyyətindən danışıb, bununla bağlı istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bu gün təqdimatı keçirilən kitabın məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyi qeyd edilib.

Nəşrin müəllifləri A.Qurbanov, E.Əlili və N.Mustafa erməni saxtakarlığının tarixinə nəzər salıb, onların ərazi iddialarının yalan üzərində qurulduğunu bildiriblər. Region xalqlarının maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxilixarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, kitabda bütün bu məsələlər anlaşılan dildə və faktlara əsaslanaraq əksini tapıb.

Milli Məclisin deputatı Sahib Alıyev, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev və başqaları ermənilərin psixologiyası, onların aqressivliyi, tarixi həqiqətlərin saxtalaşdırılmasında xüsusi səriştələri və digər məsələlərdən danışıblar. Bildirilib ki, erməni saxtakarlıqlarının, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında bu cür nəşrlərin böyük əhəmiyyəti var. Natiqlər kitabın xarici dillərə tərcümə edilərək dünyada yayılmasının vacibliyini vurğulayıblar.

 

Azərbaycan.- 2018.-30 mart.- S.5.