31 mart soyqırımı
insanlığa qarşı törədilmiş ən
ağır cinayətdir
Milli Məclisin
iclasında
Dünən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov mart soyqırımının ən ağır qətliam olduğunu qeyd edərək erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin yanvarın 18-də imzaladığı sərəncama əsasən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində qeyd edilir.
Erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu deyən sədr vurğuladı ki, onlar ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyətilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər: “Prezident İlham Əliyev dəfələrlə çıxışında deyib ki, İrəvan, Zəngəzur və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur. Bu tarixi faktdır. Tarix hər kəsə layiq oluduğu qiyməti verəcək, haqq-ədalət öz yerini tapacaq.
1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlılar soyqırımına məruz qalıb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən dəhşətlilərindən biri olub. Martın axırında Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli həmrəyliyi möhkəmləndirmək məqsədilə güclü və hərtərəfli siyasət aparır”.
Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan gündən-günə güclənir, inkişaf edir. Azərbaycan işğal olmuş torpaqlarını da gec-tez azad edəcək, xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cəzaları veriləcəkdir.
Sonra Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, mart soyqırımının 100 illiyi ilə bağlı tədbirin keçirilməsi xalqın tarixinə olan həssas münasibətidir: “Tariximizin öyrənilməsində Tarix İnstitutunun üzərinə böyük yük düşür. Dövlət başçısının diqqəti sayəsində bu istiqamətdə artıq kifayət qədər işlər görülüb. Azərbaycan tarixinin qaranlıq məqamlarına aydınlıq gətirilib.
Bizim üçün çox böyük qürur mənbəyidir ki, müasir Azərbaycan modeli formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda, eyni zamanda dünyada söz sahibidir. Əlbəttə bu müasir inkişafin əsas müəllifi cənab İlham Əliyevdir. Bütün bunlar inkan verir ki, tariximzə sahib çıxaq, onun bütün dövrlərini ən incə detalı ilə öyrənək və gələcək nəsillərə çatdıraq”.
Deputat eyni zamanda diqqətə çatdırdı ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin araşdırılması və ona sahib çıxmaq üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bu gün Azərbaycan tarixində bu sahədə əldə olunan yeniliklər, yaradılan tarixi mənbələr məhz ulu öndərin müəyyən etdiyi strateji yol ilə müəyyən olunmuş və etibarlı mənbə kimi tarixçilərin istinad yerinə çevrilmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına xüsusi diqqəti geniş imkanlar yaradıb.
Deputat çıxışında sənədlərə istinad edərək qədim Azərbaycan torpağı olan İrəvan xanlığının tarixindən, ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlardan geniş söz açdı. Bildirdi ki, ermənilər Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra bu torpaqlar hesabına öz ərazilərini genişləndirmək xülyasına düşüblər. Əslində ermənilər nəinki Azərbaycana, Asiya qitəsinə də köçüb gəlmədilər. Axırıncı dəfə köçüb məskunlaşdıqları əraziləri saxtakarlıq yolu ilə Ermənistan adlandırıblar. Bu saxtakarlıqlar bu gün də davam edir. Tədqiqatlar sübut edir ki, daşnaklar Azərbaycanda, Bakıda və başqa Azərbaycan torpaqlarında planlı şəkildə soyqırımı törədib “böyük Ermənistan” yaratmağa çalışıblar. Tarixə nəzər salanda bir daha məlum olur ki, nəinki azərbaycanlılara, türk xalqlarına qarşı daşnaklar fürsət düşən kimi soyqırımları həyata keçiriblər.
Müzakirələrə qoşulan deputat Rəfail Cəbrayılov qeyd etdi ki, ermənilər hər dəfə soyqırmı törədəndə insanların öldürülməsindən zövq alıblar. Azərbaycanın məqsədi 200 ilə yaxın bir vaxtda törədilən soyqırımların dünyaya tanıdılması, ermənilərin əsl simasının açılması, düşmənin ifşa edilməsidir. Onun fikrincə, güclü təbliğat özü də bir mübarizə formasıdır.
Deputat Fəzail Ağamalı son illər Azərbaycan dövlətinin bu istiqamətdə apardığı yüksək təbliğat işlərinin artıq öz nəticəsini verdiyini dedi. Bildirdi ki, bu gün dünya ermənini işğalçı kimi tanıyır. Tarixə nəzər salanda bütün faktlar erməni vəhşiliyini təsdiq edir: “Hələ 1905-1906-cı illərdə ermənilər yüzlərlə Azərbaycan kəndini talan etmişlər. 1918-ci ildə isə soyqırımı ermənilər başqa formada və daha ağır şəkildə həyata keçirdilər. Sonrakı illərdə, 1948-ci ildə azərbaycanlıların qətli ilə yanaşı, sürgününə də nail olmuşdular. Düşmən həmişə fürsətçiliyi ilə seçilib. 1988-ci ildə erməni mənfurları növbəti dəfə azərbaycanlılara qarşı soyqırımı törətməklə kimliklərini bir daha dünyaya bəyan etdilər. Qarabağın bir neçə rayon və kəndlərində, Xocalıda vəhşicəsinə soyqırımı törətdilər”.
Deputat Sahib Alıyev ermənilərin uydurma soyqırımlarını əllərində bayraq edərək özlərinin digərlərinin başına gətirdiklərinin əksini təbliğ edən məkrli niyyətlərinin artıq ifşa olunduğunu dedi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafail Hüseynov ermənilərin törətdikləri soyqırımların xalqımızın milli kimliyinə, millətin inkişafına qarşı törədilən ağır cinayət olduğunu vurğuladı: “Bu hadisələr zamanı düşmən sadəcə öldürməklə kifayətlənməyib, Azərbaycanın gələcəyini məhv etməyə çalışıb. 1918-ci ildə Tiflisdə guya azərbaycanlıların ermənilərə qarşı soyqırımı törətmələri haqqında kitabça buraxmışdılar. Onlar bununla əslində illərlə törətdikləri cinayət əməlini ört-basdır etmək planını güdüb, növbəti təxribat üçün zəmin yaradıblar. Ermənilər öz yalanlarını ört-basdır edib dünya ictimaiyyətinə təqdim etmək üçün başqa rəsmi sənədlər də hazırlayıblar. Biz buna cavab olaraq daha geniş sənədlər hazırlayaraq onu dünyaya bəyan etdik”. Komitə sədri təbliğat işində sənədli filmlərin, müxtəlif kino çəkilişlərinin də önəmli olduğunu vurğuladı.
“Biz bu gün soyqırımını xatirə kimi müzakirə etməməliyik, bu hadisələri qabartmaqla vəfa borcunu necə yerinə yetirmək haqqında düşünməliyik”, - deyən deputat Fazil Mustafa 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilən vəhşiliyin artıq çox böyük auditoriyada, dünya ictimaiyyəti arasında tanındığını bildirdi. Əlavə etdi ki, ölkəmizdə də təbliğat vasitələrinin sayını artırmaq olar və buna imkanlar da var.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bütün soyqırımlar sankı bir-birinin təkrarıdır. Hər birində azərbaycanlı, türk olduğu üçün uşaq, qadın, qoca, cavan demədən günahsız insanlara işgəncələr verilmiş və qəddarlıqla qətlə yetirilmişdilər.
Komitə sədri bildirdi ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı fərman tariximizin araşdırılması baxımdan çox əhəmiyyətli rol oynadı: “Keçən 20 il ərzində Azərbaycanda bu istiqamətdə görülən işlər kifayət qədərdir, xüsusilə prezidentin tapşırığı ilə Tarix İnstitutu bu sahədə çox böyük araşdırmalar aparıb, proses bu gün də davam edir”.
Deputat Musa Qasımlı baş verən hadisələrin nəinki Azərbaycan xalqına, bütün sivilizasiyaya qarşı törədilən cinayət olduğunu dedi: “Soyqırımının coğrafiyası təkcə indiki Azərbaycanı əhatə etmir. Şərqi Anadolunu, cənubi Azərbaycanı, İrəvan və Tbilisi quberniyalarında da oxşar qətliamlar baş verib. Həmin vaxt bu qırğınların törədilməsində əsas məqsəd Bakını, Abşeron yarımadasını türksüz əraziyə çevirmək, Azərbaycanın müstəqilliyinin qarşısını almaq idi. Bunu törədənlər istədikləri məqsədə nail ola bilmədilər. Bizim millətimizin və xalqımızın böyüklüyü bundan ibarətdir. Ermənilər və onların himayədarları Azərbaycanın istiqlalının qarşısını kəsə bilmədilər”.
Milli tariximizin qaranlıq səhifələrinin araşdırılmasının hər birimizin borcu olduğunu deyən parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ermənilərin hər zaman azərbaycanlılara qarşı qətliamlar, soyqırımı hadisələri, talanlar həyata keçirdiyini vurğuladı: “1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı artıq xalqımız üçün unudulmaz tarix kimi həkk olunub. Tarixə nəzər saldıqda məlum olur ki, nə qədər soyqırımlar, talanlar törədilməsinə baxmayaraq, xalqın birliyini, mübarizə əzimini qıra bilməyiblər. Bu gün bizim güclü ordumuzun, dövlətimizin olması bunu bir daha təsdiq edir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov tarixi mövzu ilə bağlı müzakirələrin hər zaman vacib olduğunu söylədi. Çünki bu, bir növ tarixi faktların təbliği kimi də önəmlidir: “Azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında yazılan kitablar, faktlar, sənədlər və parlamentdəki çıxışlar beynəlxalq auditoriyaya çıxarılmalıdır. Akademik Yaqub Mahmudov tərəfindən Milli Məclisin kitabxanasına bununla bağlı çoxlu kitab təqdim edilib. Bu sənədlər xarici dillərə tərcümə olunmalı, beynəlxalq arenaya çıxarılmalıdır. Həmin sənədləri tərcümə edib, internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun. Təklif edərdim ki, Milli Məclisin bəyanatı müxtəlif dillərə tərcümə olunsun, xarici parlamentlərə göndərilsin, bu tərcümələr internet və dostluq qrupları vasitəsilə xarici ölkələrə çatdırılsın. Azərbaycanın qədim torpaqları haqqında kitablar dərc olunub, kitabxanalara verilib və gənc nəslin tariximizlə tanış olmasında geniş imkanlar açılıb. Soyqırımı ilə bağlı edilən məruzə, dövlət başçısının tapşırığı ilə görülən işlər çox geniş təqdim olundu. Biz bir daha Azərbaycanın keşməkeşli tarixinə səyahət etdik, xalqımızın, millətimizin başına gələn müsibətləri xatırlamaqla, düşmənin hansı xislətə malik olmasını bir daha diqqətdən keçirdik”.
Azərbaycanlılara qarşı törədilmiş qətliamların, eyni zamanda 1918-ci ilin martında baş verən soyqırımının hər bir soydaşımızın qanlı və unudulmaz tarixi olduğunu bildirən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu hadisələrin düşmənin mənfur planının əsasını təşkil etdiyini dedi. Deputat hesab etdi ki, ermənilər himayədarlarının əlində alət olaraq özlərinin mənfur niyyətlərinə çatmaq üçün Azərbaycanı hədəf seçmişdilər.
Deputat Cavanşir Feyziyev isə qeyd etdi ki, 100 il bundan əvvəl, 1918-ci ilin martında minlərcə azərbaycanlı əvvəlcədən düşünülmüş soyqrımı hadisələrinin qurbanlarına çevrilib. Ona görə də azərbaycanlılara qarşı baş verən hadisələrin dərindən öyrənilməsi, eyni zamanda, soyqırımı hadisələrinin dünya miqyasına çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Deputat Fəzail İbrahimli hesab etdi ki, soyqırımından danışarkən onun miqyası kiçildilməməli, əksinə, daha da geniş təqdim edilməlidir. Çünki bu, bizim tariximiz, keçmişimizdir. Bu səbəbdən də tarixi olduğu kimi araşdırmaq və faktlarla gələcək nəslə çatdırmaq lazımdır.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə çıxışında bildirdi ki, 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı baş verən qətliamına dünya ictimaiyyəti layiqli qiymət vermədiyi üçün 1992-ci ildə Xocalı soyqırımı baş verdi. Ona görə də bütün bunlara hər zaman birmənalı mövqe bildirmək lazımdır. Təkcə siyasətçilər, tarixçilər yox, hər bir azərbaycanlı məsələyə diqqətlə yanaşmalı, təbliğat daimi olmalıdır.
İnnovativ yanaşmaların tətbiq olunmasının vacibliyini vurğulayan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov diqqətə çatdırdı ki, daha çox innovativ elementlərin həyata keçirilməsi üçün AMEA-nın bazası yetərlidir: “Mən inanıram ki, Azərbaycanla bağlı həqiqətləri nə qədər çox dildə yaysaq, bir o qədər də faydası olar. Amma bundan daha vacibi isə həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaqdır. Biz başımıza gətirilən soyqırımları öyrənməliyik. Amma eyni zamanda dünya ictimaiyyətinə müraciət etməliyik. Belə uğurlu kampaniyalar var. Bildiyimiz kimi, Heydər Əliyev Fondu, şəxsən Leyla Əliyeva tərəfindən “Xocalıya Ədalət” kampaniyası çox uğurla həyata keçirilir. Bu gün reallıqları dünyaya çatdırmaq üsulları məhz belədir”.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli vurğuladı ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır: “1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi xalqımızı milli etnos kimi yer üzündən silmək, tarixi torpaqlarımıza yiyələnmək olub. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib”.
Komitə sədri əlavə etdi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl, məqsədyönlü işlər görülür.
Deputat Tahir Kərimli də azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrini pisləyərək bütün bunların sanki bir-birinin təkrarı kimi göründüyünü dedi.
Müzakirələrdən sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova 31 mart- Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Milli Məclisin Bəyanatını oxudu. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi (Bəyanat qəzetimizin bugünkü nömrəsində dərc olunub).
Səbinə MƏMMƏDOVA
Elnur HADIYEV
Azərbaycan.-
2018.-31 mart.- S.1; 3.