Qaçılmaz
acı bir həqiqət
1917-1920-ci illərdə
İrəvan və ətraf bölgələrdə azərbaycanlıların
ardıcıl soyqırımları törədilirdi
“1917-ci ilin sonundan 1918-ci ilin mart
ayına qədər İrəvan quberniyasının qarət
olunmuş və tərk edilmiş müsəlman kəndlərinin
siyahısı” adlı sənəddə göstərilir ki,
İrəvan, Sürməli, Üçmüədzin, Yeni Bəyazid
qəzalarında ermənilər tərəfindən
dağıdılan və məhv edilən müsəlman kəndlərinin
ümumi sayı 199 təşkil edirdi. Zaqafqaziya Seyminin müsəlman
fraksiyasının 1918-ci il aprelin 10-da keçirilmiş
iclasında Seymin üzvü Mir Hidayət Seyidov məruzəsində
qeyd edirdi ki, İrəvan quberniyasında iki ay bundan əvvəl
müsəlmanlara qarşı ermənilərin və erməni
hərbi hissələrinin həyata keçirdikləri əməliyyatların
məqsədi həmin əraziləri qaçqın ermənilər
üçün təmizləmək və yeni Ermənistan
dövləti yaratmaqdır. Ümumilikdə 1918-ci ilin
yanvarından may ayına kimi, yəni, türk qoşunları
İrəvan quberniyasına daxil olana qədər burada ermənilər
tərəfindən 300-dən çox müsəlman kəndi
dağıdılmış, onların əhalisi isə qətllərə
və zorakılıqlara məruz qalmışdı.
1918-ci il mayın 29-da Azərbaycan
Xalq Cümhuriyyəti İrəvan şəhərini Ararat
Respublikasına güzəşt etdi. Şuranın
üzvü Fətəli Xan Xoyski Ermənistanla Azərbaycan
arasında sərhəd məsələləri barədə
şuranın üzvləri ilə Ermənistan milli
şurasının üzvləri arasında
aparılmış danışıqlar haqqında məlumat
verdi. Fətəli xan öz məruzəsində ermənilərin
özlərinin siyasi mərkəzlərini yaratmaq
üçün Aleksandropol türk ordusu tərəfindən
tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə
gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ
ilə bağlı Milli Şuranın üzvləri Xəlil bəy
Xasməmmədov, Məmməd Yusif Cəfərov, Ələkbər
Ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov
çıxış edərək İrəvanın Ermənistana
güzəştə gedilməsinin tarixi zərurət, lakin
qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər.
İclasda iştirak edən 28 nəfər şura
üzvündən 16 nəfəri bu təklifin lehinə səs
verdi.
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin başçısı F.X.Xoyski İrəvan
və ətrafındakı torpaqların ermənilərə
verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il
tarixli qərarından dərhal sonra xarici işlər naziri Məhəmməd
Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə
yazırdı: “Biz ermənilərlə bütün mübahisələri
bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və
müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara
güzəştə getdik”.
1918-ci il iyunun 1-də Tiflisdə
keçmiş canişin sarayında Həsən bəy
Ağayevin sədrliyi ilə Müsəlman Milli
Şurasının üçüncü iclası
keçirildi. Həmin iclasda şura üzvləri İrəvanın
Ermənistana güzəştə gedilməsi məsələsi
və qaçqınlara köməyin təşkili ilə əlaqədar
İrəvana xüsusi nümayəndə heyətinin göndərilməsinin
vacibliyi məsələsini qaldırdılar. Təklif qəbul
edildi və M.H.Seyidov, B.Rzayev və M.Y.Cəfərovdan ibarət
nümayəndə heyətinin İrəvana göndərilməsi
qərara alındı. Çox maraqlıdır ki Milli
Şuranın iyunun 7-də keçirilən növbəti
iclasında İrəvana göndəriləcək nümayəndə
heyəti barədə çox qızğın mübahisə
getdi. Bu mübahisələr zamanı İrəvan
quberniyasından olan nümayəndə Bağır Rzayev bəyan
etdi: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən
heç kim getməyəcək. Oraya biz irəvanlılar - mən
və Seyidov gedəcəyik. Sizdən bir şeyi xahiş
edirik: “Öz Azərbaycanınızın müstəqilliyini
təmin edib, bizi - Ermənistan Respublikasının ərazisində
qalanları yaddan çıxarmayın”.
İrəvandan olan nümayəndənin
narahatlığı təsadüfi deyildi. Sonrakı hadisələr
bu narahatlığın əsaslı olduğunu subut etdi.
1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə
Ararat Respublikası arasında bağlanmış müqaviləyə
əsasən sonuncunun ərazisi 9 min kvadratkilometr müəyyən
edildi. Bu, İrəvan quberniyası ərazisinin təxminən
üçdə bir hissəsini təşkil edirdi (1917-ci il
Qafqaz təqviminin məlumatına görə, İrəvan
quberniyasının ümumi sahəsi 23194,79 verst2 idi). Ermənistanın
sərhədlərinə Yeni Bəyazid qəzası
(Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla),
İrəvan qəzası (Qəmərli-Gərnibasar,
Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla),
Üçmüədzin qəzası (Sərdarabad istisna
olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi
Aleksandropol istisna olmaqla) daxil oldu. Beləliklə, yeni
yaradılmış Ermənistan Respublikası Göyçə
gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri
arasındakı dar dağlıq ərazini əhatə edirdi.
Ermənilərə verilmiş Azərbaycan ərazisinin əhalisi
cəmi 400 min nəfər idi ki, onun da 100 mini türk-müsəlman
idi. Müqavilənin VI bəndinə əsasən, Ermənistan
hökuməti öz ərazisində yaşayan müsəlman
əhalisinin təhlükəsizliyini, azad
inkişafını, ana dilində təhsil almaq, dini ayinlərin
sərbəst icrasına şərait yaratmaq haqqında
öhdəliklər götürürdü. Bəhs olunan
müqaviləni tamamlayan III əlavədə bütün
yuxarıda göstərilən öhdəliklər təfərrüatı
ilə təsbit olunur və qeyd olunurdu ki, “Ermənistan
hökuməti öz hesabına ibtidai və orta təhsil verən
müsəlman məktəbləri açacaqdır”.
Lakin sonrakı hadisələr
göstərdi ki, müstəqil erməni dövlətində
hakimiyyətə gələn “Daşnaksütyun” partiyası
keçmiş İrəvan quberniyasının ərazisində
yaşayan müsəlman əhaliyə qarşı
soyqırımı siyasətini dövlət səviyyəsində
həyata keçirməyə başladı. Bu cinayətlərin
sarsıdıcı mənzərəsini yaradan onlarla teleqram, məktub
və digər sənədlər bu gün Azərbaycan
Respublikasının arxivlərində saxlanılır. Bu sənədlərin
toplanmasında və dünya ictimaiyyətinə
çatdırılmasında ilk tədbirlər hələ Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
görülmüşdü. Minlərlə həmvətənimizin
soyqırımını qarşısına məqsəd
qoymuş ermənilərdən çəkdiyi qeyri-insani
zülmü, həqiqətən, çıxılmaz vəziyyətini
təsvir edən bu sənədləri həyəcansız
oxumaq mümkün deyil! Onların arxasında nə qədər
müsibət, dəhşət, ölüm
dayandığını təsəvvürə gətirmək
qeyri-mümkündür!
Azərbaycan Xalq Cümhuriyyətinin
Milli Şurasının 1918-ci il iyunun 13-də keçirdiyi
iclas ermənilərin azərbaycanlılara qarşı törətdikləri
qırğınlar barədə İrəvandan gələn həyəcanlı
xəbərlərə həsr olunmuşdu. Şura
üzvü İbrahim ağa Vəkilov oradakı müsəlman
qaçqınların acınacaqlı vəziyyəti ilə əlaqədar
kömək məqsədilə 150 min manat vəsait
buraxmağı təklif edir. İ.Vəkilovun təsirli
nitqindən sonra məlum olur ki, İrəvan quberniyası ərazisində
dolaşan ac-yalavac müsəlman qaçqınların
sayı 150 min nəfərə çatmışdır.
Qaçqınlar arasında epidemiya xəstəlikləri
geniş yayılır, hər gün acından ölənlər
qeydə alınırdı. Ona görə də təcili
olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat
malları ilə kömək göstərilməsi təklif
olunur. Natiq öz sözlərini zərər çəkmişlərin
sayı və dağıdılmış 206 kəndin
adlarını sadalamaqla bitirmişdi. Milli Şuranın Ermənistan
Respublikasındakı qaçqınların vəziyyəti ilə
əlaqədar qəbul etdiyi qərarda göstərildi ki,
İrəvan dairəsində qaçqınlara paylamaq
üçün tezliklə nümayəndələr vasitəsilə
oraya pul vəsaiti göndərilsin; erməni milli
şurasından xahiş edilsin ki, imkan daxilində aclıq
çəkən müsəlmanlara ərzaq yardımı
göstərsin; türk ordusu komandanlığından isə
xahiş edilsin ki, İrəvan qaçqınlarına ərzaqla
kömək etsin və müsəlmanların öz doğma kəndlərinə
qayıtmalarına kömək üçün tutarlı
göstərişlər versin.
Beləliklə, yeni
yaradılmış erməni dövləti - Ermənistan
Respublikası götürdüyü öhdəliyin əksinə
olaraq nəinki Azərbaycan Xalq Cümhuriyyətinə olan
iddialarından əl çəkdi, üstəlik, Batum
müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan
Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan
torpaqlarının işğalına başladı. Məhz
buna görə də Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin başçısı F.X.Xoyski 1918-ci il
iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan
nümayəndə heyətinin başçısı Məhəmməd
Əmin Rəsulzadəyə belə bir göstəriş
vermişdi: “Əgər ermənilər əldə olunmuş
razılığı pozaraq Qarabağla bağlı iddia
qaldırsalar, İrəvanın onlara güzəştə
gedilməsindən imtina et”.
1919-cu il yanvar ayının 7-də
Azərbaycan xarici işlər nazirinin müavini Adil xan
Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər
nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan
quberniyasında çoxsaylı erməni silahlı qüvvələri
tərəfindən müsəlmanlar zorakılığa məruz
qalır, şəhərlərdə və kəndlərdə
onlar tərksilah edilir, öldürülür və qarət
edilir, zor gücünə onları özlərinə tabe
etdirməyə çalışırlar. Təkcə ermənilərin
təqibindən yaxa qurtarmaq üçün Araz
çayını keçmək istəyərkən
boğulanların sayı 300 nəfərə çatır.
1919-ci il yanvarın 8-də Azərbaycan
Parlamentinin iclasında İrəvan quberniyasının müsəlman
əhalisinin ərz-halları dinlənilmişdi. Sənəddə
deyilirdi: “1917-ci ilin dekabr ayından 1918-ci ilin iyun ayına qədər
İrəvan quberniyası dairəsində erməni
qoşunları tərəfindən 200-dən çox müsəlman
kəndləri atəşə tutulub tar-mar olub, bunların əhalisi
isə qismən qətl nəticəsində, qismən də
dağlara qaçıb buralarda soyuqdan və aclıqdan tələf
olmuşlar. İrəvan quberniyasının əsasən
müsəlmanlardan ibarət olan Sürməli, İrəvan,
Üçmüədzin, Şərur və Naxçıvan qəzalarının
bəzi hissələri Osmanlı ordusu tərəfindən
işğal olunduqdan sonra burada yaşayan ermənilər yeni təşkil
olunmuş erməni cümhuriyyətinin dairəsinə
köç etmişlər. Digər tərəfdən,
osmanlıların işğal etdikləri mahallara da 100 minə
qədər müsəlman İrəvan quberniyasının
başqa yerlərindən köçmüşlər.
Bunları köçməyə 80-ə qədər müsəlman
kəndini atəşə tutub talan edən ermənilər məcbur
etmişlər. Hazırda erməni qoşunları Sürməli
qəzasını təmamən, İrəvan, Şərur və
Üçmüədzin qəzalarının müsəlmanlar
ilə məskun mahalını işğal edib Naxçıvan
tərəfə yürüş etməkdədirlər.
Yürüşlərdə bərabər yerli müsəlmanları
qismən kəsib, qismən köylərindən
çıxarıb İrana köç etmək məcburiyyətinə
salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş
mahallara Osmanlı dövlətindən Ermənistana
köç etmiş ermənilər yerləşdirilir. İrəvan
quberniyasının bəzi mahallarının təmamilə
müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən
və başqa şərait üzrə Azərbaycanın
ayrılmaz hissəsi olunmasını nəzərə alıb
və məcburən bu mahalları müsəlmanlardan təmizləyib
onların yerinə erməni mühacirlərinin
oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar
məsələsini qəti surətdə həllini sülh
konfransına buraxaraq İrəvan müsəlmanları
nümayəndələri İrəvan müsəlmanlarının
mövcudluğunun mühafizəsi üçün lazım gələn
tədabir etmənizi rica ediriz”.
İclasda çıxış
etmiş Məhəmməd Əmin Rəsulzadə İrəvan
müsəlmanlarının müraciətinə münasibət
bildirərək qeyd etmişdir ki, Azərbaycan hökuməti
yurddaşlarına siyasi və maddi yardım göstərməli,
onların vəziyyətini yüngülləşdirmək
ücün Parisdə keçirilən sülh konfransında və
Qafqaz dövlətlərinin birgə
yığıncaqlarında mövcud ixtilafların həllinə
çalışmalıdır. Rəsulzadənin bu təklifi
səsə qoyularaq qəbul edilmişdi. 1919-cu il yanvar
ayının 14-də İrəvan quberniyası müsəlmanlarının
nümayəndələri adından M.H.Seyidovun Azərbaycan
hökumətinin başçısına
ünvanlanmış müraciətində isə qeyd edilirdi
ki, Ermənistan hökuməti silah gücünə erməni
qaçqınlarını müsəlmanların məskun
olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd
ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları
məhv edərək bütün qəzalardan onları təmizləsinlər
ki, Paris konfransında həmin ərazilərin ermənilərə
məxsusluğunu sübut edə bilsinlər.
Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici İşlər Nazirliyi tərəfindən 1919-cu il
iyunun 10-da Ermənistandakı diplomatik nümayəndə Məmməd
Xan Təkinskiyə göndərilmiş şifrəli
teleqramda təlimat verilirdi ki, İrəvan quberniyasında
dağıdılan müsəlman kəndlərinin nümayəndələrinin
köməyi ilə müsəlmanların əhali itkisi,
mülkiyyətinə dəyən ziyan, adı və
soyadı, yaşı və yaşayış yeri, cinsi
göstərilməklə öldürülən şəxslər,
əsir götürülmüş adamlar haqqında məxfi
şəkildə statistik məlumatlar toplayıb Xarici
İşlər Nazirliyinə göndərsin.
Verilmiş təlimata uyğun
olaraq M.X.Təkinskinin yardımı ilə İrəvan
müsəlman milli şurası təcili şəkildə
İrəvan quberniyasında yaşayan azərbaycanlıların
dözülməz vəziyyəti haqqında Avropa və
Amerikanın böyük dövlətləri üçün
məlumat hazırlayıb Azərbaycan Xarici İşlər
Nazirliyinə göndərdi. Məlumatda deyilirdi: “Silahlı və
qarətçi erməni dəstələri şəhərlərdə,
qəzalarda və kəndlərdə, hətta Ermənistan
dövlətinin paytaxtı İrəvanda da ac qurdlar kimi
müsəlmanlara hücum çəkirlər, hər gün
gecə vaxtı üç-dörd müsəlman kəndi
basqınlara, qarətlərə və qətllərə məruz
qalır. Bu nəhayətsiz zorakılıq şəraitində
yaşaya bilməyən müsəlmanlar hər gün öz əmlakını
atıb, abad yurd-yuvalarını tərk edirlər; hara
baxırsan, minlərlə yetim və dul qadın, müflisləşmiş
və köməksiz kişiləri görürsən. Minlərlə
müsəlman kəndlisini hökumət öz doğma kəndlərinə
buraxmır, hüquqsuz və ev-eşiksiz, ac-yalavac və
çıl-çılpaq insanlar miskin həyat sürür,
xəstəliklərə tutulur, köməksiz və himayəsiz
küçələrdə ölür, məhv olurlar. Əgər
belə vəziyyət yenə davam edərsə, Ermənistanda
yaşayan müsəlmanlar labüd məhvə məhkumdurlar”.
Bu cür faktlar o dövrün digər
sənədlərində də öz əksini
tapmışdır. Belə ki, İrəvan şəhəri
(1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvanda
12605 nəfər müsəlman yaşayırdı) paytaxt kimi
ermənilərə peşkəş ediləndən dərhal
sonra ermənilər şəhərin azərbaycanlı əhalisinə
qarşı müntəzəm terrora əl atdılar. İrəvanda
müsəlman əhalisinə qarşı
zorakılıqların şahidlərindən biri 1919-cu ildə
yazırdı: “İrəvandakı müsəlman bazarı
tamamilə yandırıldı, mallar qarət olundu.
Az-çox salamat qalmış dükanları hissə-hissə
talayırdılar... Ermənilər tərəfindən
tutulmuş evlərin də başına bu oyunlar
açılır... Yüzlərlə belə ev saymaq
olardı. Müsəlmanların meyvə bağları,
üzümlükləri və bağçaları vəhşicəsinə
məhv edilirdi. Müsəlmanlar o qədər müdafiəsiz
və qanundan kənardırlar ki, günün günorta
çağı, daha gecələri demirəm, hətta şəhərin
müsəlmanlar yaşayan hissəsində onların
pal-paltarlarını, əgər bir işə yarayırsa,
soyundurub əllərindən alırlar. Müsəlmanların
pulunu və qiymətli zinət əşyalarını əllərindən
alırlar... Etiraz etdikləri halda, yerindəcə güllələnirlər.
Onların şəxsi evləri də qarətdən və
zorakılıqdan qurtula bilmir, təpədən dırnağa
kimi silahlanmış erməni gəncləri “artıq” əşyaları
talayıb aparırlar. Gün batmamış müsəlmanlar
evlərinə tələsir, qapı və pencərələrini
tamamilə bağlayırlar... İrəvan müsəlmanlarının
keçirdikləri məhrumiyyətləri, əzabları və
işgəncələri qələmə almaq mümkün
deyildir. Çoxları dözmür, başlarına hava gəlir,
vaxtından qabaq qocalırlar. Bütün bunlar indinin
özündə də Ermənistanın paytaxtı İrəvanda
baş verməkdədir”.
Yeni Bəyazid qəzasının
Göyçə rayonunun 5-ci sahəsinin səlahiyyətli
nümayəndəsi İsmayıl Sultanovun 1919-cu ildə Gəncə
qəza rəisinin adına daxil olmuş məlumatında
deyilirdi: “Ararat Respublikası qoşunlarının Yeni Bəyazid
qəzasının Göyçə rayonunun dinc müsəlman
kəndləri üzərinə hücumları başlamışdır.
Hazırda 60 min əhalisi olan 22 kənd
dağıdılmış, yandırılmış və
boşaldılmışdır. Ermənilərin və erməni
hökumətinin keçmiş qonşularına və müsəlman
təbəələrinə qarşı törətdikləri
qeyri-insani qanlı əməlləri görəndə
insanı dəhşət bürüyür. Ermənilər xahişlərə,
yalvarışlara və müsəlman əhalisinin
ah-vaylarına məhəl qoymurlar. Erməni
döyüşçüləri əllərinə
düşmüş müsəlmanları sağ
buraxmırlar, əksinə, görünməmiş işgəncələr
verir, qadınları, uşaqları, qocaları və gəncləri
öldürürlər. Yalnız az sayda qadın və
yeniyetmə qızlar müstəsnalıq təşkil edir...
Sağ qalan qaçqınlar qoşun tərəfindən təqib
olunur... dərələrdə və qarlı zirvələrdə
gizlənir... qar içində batır və kütləvi
surətdə qırılırlar. Ararat Respublikası vəzifəsini
başa vurmuşdur. Göyçə rayonunda daha müsəlmanlar
qalmayıb. Bu günə kimi Yeni Bəyazid qəzasında 84
müsəlman kəndi məhv edilmişdir”.
Azərbaycan Xarici İşlər
Nazirliyinin müttəfiq dövlətlərin Cənubi
Qafqazdakı ali komissarına göndərdiyi məktubdan
görünür ki, 1919-cu ilin avqust-sentyabrında erməni
qoşunları tərəfindən Üçmüədzin,
Sürməli, İrəvan, Yeni Bəyazid qəzalarındakı
azərbaycanlı kəndləri yenidən
dağıdılmışdı. Üçmüədzin qəzasında
bir kənd belə salamat qalmamışdı.
“Dağıntıda qoşun hissələri ilə birlikdə
yerli erməni əhalisi də iştirak edirdi. Qarabağ erməniləri
isə xüsusi amansızlıq nümayiş etdirirdilər.
Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər
əsasən küt alətlərlə
öldürülmüş, qadınlar isə zorlanmış
və əsir götürülmüşdür”. Erməni
qoşunlarının komandanı general Dro öz
qoşunlarının bu hərəkətlərini “arxa cəbhənin
təmizlənməsinin” zəruriliyi və “strateji şəraitlə”
izah edirdi. AXC Daxili İşlər Nazirliyinin fondunda
saxlanılan xüsusi siyahı-sənəddə təkcə
1919-cu ilin son iki ayı ərzində ermənilər tərəfindən
Üçmüədzin qəzasında 62, Sürməli qəzasında
isə 34 müsəlman kəndinin məhv edildiyi göstərilir.
İrəvan qəzası haqqında sənəddə bircə
sətir yazılıb: “Zəngibasar kəndlərindən
başqa, qalan bütün yaşayış məntəqələri
məhv edilmişdir.” 1919-cu il sentyabrın 2-də AXC-nin himayədarlıq
nazirinin səlahiyyətli nümayəndəsi Teymur xan
Makinskinin Himayədarlıq Nazirliyinə göndərdiyi
teleqramda deyilirdi: “Son günlərin hadisələri müsəlmanların
vəziyyətini faciəli hala saldı. İrəvan, Yeni Bəyazid,
Üçmüədzin qəzalarından 15 minədək
müsəlman mühacirət etdi. Hazırda Ermənistan sərhədlərində
müsəlmanların sayı nisbətən az qalıb, lakin
bu az say da talanların və qorxu təzyiqi altında gündən-günə
azalır. Beləliklə, İrəvan quberniyasında müsəlmanların
ümumi sayı azı 70000 - ən çoxu 80000 təşkil
edir”.
Himayədarlıq Nazirliyinin məlumatına
görə, təkcə Yeni Bəyazid, Üçmüədzin
və İrəvan qəzaları üzrə 1919-cu ilin sonunda
qaçqınların sayı 200 min nəfərə
çatmışdı. Azərbaycanın xarici işlər
naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına
1919-cu il sentyabrın 22-də göndərdiyi notada 1918-ci ilin
yanvarından etibarən ermənilərin İrəvan
quberniyası ərazisində törətdikləri vəhşiliklər
xronoloji ardıcıllıqla öz əksini
tapmışdır. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında
İrəvan quberniyasından türklərin çəkilməsindən
sonra Sasun polku İrəvan qəzasının Qaraxaç
(Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını
tərksilah etmiş, Qədili, Şahablı, Qaraxaç, Dəhnəz,
Qarabağlar, Ağasıbəyli və s. kəndlərini
darmadağın etmiş, demək olar ki, adları çəkilən
kəndlərin sakinlərinin hamısını
öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi
rayonunun bəzi kəndləri də üzləşmişlər.
Daha sonra notada qeyd edilirdi ki, təqribən
həmin vaxt erməni ordusu Yeni Bəyazid qəzasının
Basarkeçər rayonunun kəndlərini mühasirəyə
almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin
əhalisini qırmışdır. Şahab kəndində
uşaqları təndirə atıb yandırmışlar. Azərbaycan
tərəfinin dəfələrlə Ermənistanda müsəlmanların
ağır vəziyyətinə və onlara qarşı
törədilən zorakılıqlara etiraz etməsinə
baxmayaraq, Ermənistan hökuməti heç bir tədbir
görmürdü. Əksinə, 6 avqust 1919-cu il tarixli
notasında erməni tərəfi yenə də bəyan edirdi
ki, Ermənistan hökuməti üçün “ağ və
qara vətəndaş” yoxdur.
Azərbaycan Parlamentinin 1920-ci il
yanvarın 5-də keçirilən iclasında
qaçqınların məsələsi müzakirə
edilmişdi. Həmin iclasda çıxış edən
Mustafa Vəkilov Ermənistandan 300 min qaçqının gəldiyini
qeyd edərək onların çox ağır vəziyyətdə
sərhədyanı qəzalarda yerləşdikləri
haqqında məlumat vermişdi.
Vəziyyət o dərəcədə
böhranlı idi ki, İrəvan quberniyası ərazisində
dinc müsəlman əhalisinin məhv edilməsi və erməni
silahlı qüvvələri tərəfindən törədilən
vəhşiliklərlə əlaqədar hətta
İranın Qacar hökuməti adından Britaniya
komandanlığına şahzadə Əla-üssəltənə
etiraz təqdim edilmişdi. Memorandumda göstərilirdi ki,
çıxılmaz vəziyyətə düşən
Naxçıvan əhalisi İrana yardım üçün
müraciət etmiş və onun himayədarlığını
xahiş etmişdi.
Sənəddə daha sonra qeyd
edilir ki, “...əhalinin əksər hissəsinin müsəlmanların
təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü
mümkün məhvedici nəticələri üzündən
böyük əndişə doğurur”. Lord Kerzona məlumatında
P.Koks qeyd edirdi: “Mən İran hökumətindən
aldığım və erməniləri İrəvanda,
Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər
törətməkdə ittiham edən memorandumun tərcüməsini
əlavə etməyi və bu iğtişaşlara son verilməsi
üçün müttəfiq hökumətlərin üzərinə
məsuliyyət qoymağı özümə şərəf
bilirəm”. İranın Xarici İşlər Nazirliyinin
1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın
diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi:
“Şübhə yoxdur ki, Britaniyanın diplomatik
missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və
Ermənistanın bütün sərhədi boyunca bu
yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin
müsəlman əhalisinə qarşı törətdikləri
vəhşiliklər, qətliamlar və qarətlər haqqında
xəbəri var. Xarici İşlər Nazirliyi həmçinin
belə bir məlumat almışdır ki, ermənilər bu
bölgələrdə milliyyətindən asılı
olmayaraq bütün müsəlmanlara qarşı
zorakılıq aktı törətmək fürsətinin
birini belə əldən qaçırmamışlar. Müsəlman
ailələri məhv edilir, heç bir günahı olmadan
kişilər və uşaqlar öldürülür,
qadınlar cinsi təcavüzə məruz qalır, onların
bütün əmlakı qarət edilir. Erməniləri əsla
təhrik etməyən bir çox kəndin əhalisi məhv
edilmişdir... Millətlərin və dünyanın
azadlığına dair Böyük Dövlətlərin niyyətlərindən
xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu
informasiyanı diqqətinizə çatdırır və
xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin
bu cinayətkar əməllərinin qarşısını
almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin
həyatını müdafiə etmək
tapşırılsın. Onlar həm Böyük Dövlətlərin
təmsilçiləri kimi, həm də erməni
barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin
qarşısının alınması və müqəssirlərin
cəzalandırılması üçün tədbirlər
almalıdırlar”.
Böyük Britaniya hökuməti
tərəfindən xüsusi olaraq Cənubi Qafqaza ezam
edilmiş Britaniya ali komissarı ser Oliver Uordrop da Ermənistan
hökumətinin yerli müsəlmanlara qarşı törətdikləri
cinayətlər haqqında hökumətə göndərdiyi
çoxsaylı raportlarda xəbər verirdi. Onun 1919-cu il oktyabrın
2-də Londona göndərdiyi raportunda deyilirdi: “Bu
yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və
İrəvan bölgələrində 60 müsəlman kəndini
dağıtmışlar”.
Bu cinayətlər o qədər
kütləvi hal almışdı ki, hətta ermənilərin
içərisində müəyyən dairələr bu faciəli
hadisələrə etiraz etməli olmuşdular. Ermənistan
parlamentinin eser fraksiyası Daxili İşlər Nazirliyinə
ünvanladığı sorğuda bildirilirdi ki, “...son
üç həftə ərzində İrəvan,
Üçmüədzin və Sürməli qəzalarının
bir sıra tatar (azərbaycanlı-İ.N.) kəndləri… qarət
və qətllərə məruz qalaraq, tatar (azərbaycanlı-İ.N.)
əhalisindən “təmizlənir”. Yerli hakimiyyət nəinki
buna maneçilik törədir, hətta özü baş verən
qarət və talanlarda iştirak edir...”
Erməni müəllifi
A.Lalayanın qeyd etdiyi kimi, daşnak hökumətinin təxminən
30 aylıq hakimiyyəti dövründə Ermənistanda
müsəlmanların sayı 77 faiz azalmışdı.
1918-1920-ci illərdə Ermənistanın daşnak hökumətinin
azərbaycanlılara qarşı həyata keçirdiyi
soyqırımı siyasəti əyani şəkildə
göstərirdi ki, daim öyünən ermənilər əslində,
müstəqil dövləti idarə etməyi bacarmır və
digər xalqlarla dinc yanaşı yaşaya bilmir, üstəlik,
onlara qarşı düşmənçilik edir,
soyqırımları törədirlər.
İlqar
NİFTƏLİYEV,
AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun
Azərbaycanın
sovet dövrü tarixi şöbəsinin müdiri,
tarix üzrə
fəlsəfə doktoru, dosent
Azərbaycan.-
2018.-31 mart.- S.7.