Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələr uğurla davam etdirilir

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 30-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğubu əlaqələrin bu günuğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışan Baş nazirin müavini Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini deyib.

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən qiymətləndirmənin nəticələrindən danışıb. Furio de Angelis gələcəkdə məcburi köçkünlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsini planlaşdırdıqlarını söyləyib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməyə yardımçı olduğunu deyən Əli Həsənov gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı tövsiyələrini bildirib.

 

Azərbaycan.- 2018.- 31 mart.- S.2.