İran-Azərbaycan: iqtisadi əlaqələrin
yeni inkişaf mərhələsi
başlanıb
Azərbaycan və İran əsrlər boyu yaxın qonşuluq şəraitində yaşayıblar. Onları birləşdirən ortaq tarix və mədəniyyət bugünkü əlaqələr üçün də əsas amillərdəndir. Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi və nəqliyyat layihələrinin də müvəffəqiyyətlə icrasına imkan verir.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafının yeni mərhələsinin başlanğıcı olmuşdur. Bu səfər çərçivəsində mühüm tarixi sənədlər imzalanmışdır. Ümumiyyətlə, son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük töhfə vermişdir. Belə ki, Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atmışlar. Beləliklə, İranla Azərbaycan arasında Xəzərdə yataqların işlədilməsi ilə bağlı ziddiyyətlər əməkdaşlıqla əvəzlənmişdir. Xəzərdə mübahisəli yataqlar indi hər iki xalqa fayda gətirəcək. İran və Azərbaycan arasında bu razılaşma Türkmənistan üçün də gözəl örnəkdir.
Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumu da iqtisadi əlaqələrin möhkəmləndiyini göstərmişdir. Tədbirdə haqqında geniş söhbət açılan Astara-Rəşt dəmir yolu yaxın gələcəkdə qitələri birləşdirəcək. Artıq “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluq da aradan qaldırılıb.
Azərbaycan-İran iqtisadi əlaqələrinin necə sürətlə inkişaf etdiyinin bariz nümunələrindən biri Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodudur. “Xəzər”də İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Müəssisənin dəyəri 15 milyon ABŞ dollarıdır, səhmlərinin 75 faizi “Azərmaş”a, 25 faizi “İran Khodro” şirkətinə məxsusdur. Müəssisədə buraxılan avtomobillər “Made in Azerbaijan” brendi altında yerli və xarici bazarlara çıxarılacaq.
İlkin mərhələdə zavodda ildə 10 min, daha sonra 15 min avtomobil istehsal ediləcək. Yaxın gələcəkdə isə buraxılan avtomobillərin sayı 50 minə çatacaq. Həmin avtomobillərin hissələrinin istehsalının təşkili də nəzərdə tutulur ki, bunun üçün Azərbaycanın özəl sektorunun sərmayə qoyuluşu ilə ayrıca şirkət yaradılacaq.
Bu gün Azərbaycan-İran əlaqələri təkcə iki ölkə üçün deyil, bütün region üçün böyük əhəmiyyət daşıyır. İndi Azərbaycan və İran tərəflərinin birgə səyləri ilə “Şimal-Cənub nəqliyyat dəhlizi” reallaşır. Bununla bağlı məsələlər qonşu ölkələrlə də mütəmadi müzakirə edilir. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır.
2016-cı və 2017-ci illərdə “Şimal-Cənub nəqliyyat dəhlizi”nin Azərbaycan ərazisində dəmir yolunun çatışmayan hissələri inşa edilmişdir. Astaraçay üzərində körpü salınmışdır. Keçən il ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçmişdir. İndi isə artıq yük terminalı inşa edilir.
Bütün bunlar göstərir ki, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq getdikcə dərinləşir. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət edir.
İran və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə yönəldilmiş ardıcıl tədbirlər və imzalanan sənədlər müsbət nəticələr verir. Bu günlərdə imzalanmış Xəzər dənizində birgə işlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı sənədlər də xüsusi əhəmiyyət daşıyır. Çünki bu sənədlərdə nəzərdə tutulan məsələlərin həlli nəticəsində həm Xəzər dənizində, həm də nəqliyyat sahəsində əməkdaşlıq daha yüksək pilləyə qalxacaq. “Şimal-Cənub nəqliyyat dəhlzi”nin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddətdə tikiləcək. Bununla da bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Eyni zamanda artıq “Cənub-Qərb nəqliyyat dəhlizi”nin yaradılması ilə bağlı fəal işlərə başlanıb, gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək.
Eləcə də energetika sahəsində uğurlu əməkdaşlıq davam edir. Son illərdə imzalanmış sənədlərə əsasən həyata keçirilən tədbirlər, xüsusilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
İran Prezidenti Həsən Ruhani energetika sahəsindəki əməkdaşlıq barədə fikirlərini belə ifadə etmişdir: “Elektrik enerjisindən, energetika sahəsindən bəhrələnməliyik. Siz elektrik enerjisinə ehtiyac duyduqda biz bu elektrik enerjisini sizə ötürə bilərik. Biz buna ehtiyac duyduqda isə siz öz növbənizdə bizə yardım göstərə bilərsiniz. Bu əlaqələr ikitərəfli, çoxtərəfli münasibətlərə çevrilə bilər və o zaman etibarlı şəbəkəyə sahib ola bilərik. Bu şəbəkə dayanıqlı və etibarlı şəbəkə olacaqdır”.
Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafında Bakıda keçirilən biznes forumu böyük əhəmiyyət kəsb edir. Bu tədbirdə iqtisadiyyatın bir çox sahələrində əlaqələrin genişləndirilməsi zərurəti qeyd edilmişdir. Belə ki, banklar, maliyyə və pul mübadiləsi sahəsində yeni addımlar atılacaq. Ticarət əlaqələri genişləndiriləcək. Azad ticarətin bərqərar olması üçün müştərək komissiyanın fəaliyyəti gücləndiriləcək.
Turizm sahəsinin inkişafında da önəmli addımlar atılır. Hər il Azərbaycandan yüz minlərlə insan İrana səfər edir. Son dövrdə İrandan Azərbaycana gələn turistlərin də sayı artıb. Əgər 2016-cı ildə ölkəmizə 240 min nəfər İran vətəndaşı gəlmişdisə, 2017-ci ildə onların sayı 360 min nəfərə çatmışdır.
Turizmin inkişafı üçün yeni addımlar atılacaq. Həm İranda, həm Azərbaycanda turizm infrastrukturuna, hotellərin tikintisinə qarşılıqlı sərmayə qoyuluşu həyata keçiriləcək və bu, hər iki tərəfə xeyli gəlir gətirəcək.
Bu yaxınlarda Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları ölkəmizdə vizaları aeroportda alacaqlar. Bu proses artıq başlanmışdır. Sadələşdirilmiş viza rejimi həm turizm axınını şərtləndirəcək, həm də iki ölkənin sakinlərini bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan-İran əlaqələrinin bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, bu əlaqələr təkcə ikitərəfli formatla məhdudlaşmır. Artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurlu fəaliyyət davam edir. Belə ki, 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərdə siyasi məsələlərlə yanaşı, iqtisadi, nəqliyyat, enerji məsələləri də müzakirə edilmişdir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı da fəaliyyət göstərir. Bu yaxınlarda isə Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı reallaşıb - Azərbaycan-İran-Gürcüstan-Türkiyə formatı. Bütün bunlar regionda iqtisadi əlaqələrin daha geniş miqyas almasına, sahibkarların, iş adamlarının əməkdaşlığının möhkəmlənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və qarşılıqlı sərmayə qoyuluşuna xidmət edir.
Flora SADIQLI
Azərbaycan.-
2018.- 31 mart.- S.4.