ABŞ-ın Nyu-Meksika ştatının Santa Fe şəhərində 28 may Azərbaycan Milli Günü elan edilib

 

ABŞ-ın Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhəri 2018-ci il mayın 28-ni Azərbaycan Milli Günü elan edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, bununla bağlı şəhər meri Alan Veber tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə çoxlu mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan Nyu-Meksiko ştatı ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda 28 may tarixi Santa Fe şəhərində Azərbaycan Milli Günü elan edilir

 

Azərbaycan.- 2018.- 12 may.- S.8.