Nümunəvi təşkilatçılıq, qonaqpərvər xalq, füsunkar şəhər...

 

“Formula-1” Azərbaycan Qran-prisini işıqlandıran xarici jurnalistlər Bakıdan xoş təəssüratlarla ayrılırlar

 

Azərbaycan üçüncü dəfə “Formula-1” idman yarışmasına evsahibliyi ilə dünyanın diqqətini yenidən ölkəmizə yönəltdi. Möhtəşəm təşkilatçılıq nümunəsi göstərən Azərbaycan istənilən yarışı yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

Əlbəttə ki, yarışın işıqlandırılması, beynəlxalq ictimaiyyətə çatdırılması da böyük dəqiqlik və məharət tələb edir. Bu mötəbər yarışı işıqlandırmaq üçün isə 138 nəfər KİV nümayəndəsi qeydiyyatdan keçmişdi. Xeyli sayda əcnəbi jurnalist Bakıya təşrif buyurmuşdu. Bakı Media Mərkəzində Azərbaycan Qran-prisini işıqlandıran xarici jurnalistlər həm nümunəvi təşkilatçılıqdan, həm də paytaxtımızın özünəməxsusluğu və füsunkarlığından məmnun qaldılar.

Bizimlə söhbətlərində azərbaycanlıların qonaqpərvərliyindən ağızdolusu danışan həmkarlarımız bu gün Bakının həqiqətən dünyanın idman mərkəzinə çevrildiyini söylədilər.

 

Qədim yeni binaların yan-yana düzülüşü Bakıya xüsusi gözəllik verir

 

Bakının görünüşündən xoş təəssürat aldığını bildirən italiyalı jurnalist Romano Poli şəhərin arxitekturasını çox bəyənib. Onun fikrincə, qədim və yeni binalar şəhərə xüsusi gözəllik verir: “Ölkəniz beynəlxalq tədbirlərin təşkilatçılığı işində kifayət qədər təcrübəlidir. Burada son vaxtlar keçirilən beynəlxalq səviyyəli tədbirlər onu deməyə əsas verir ki, Azərbaycanın paytaxtı dünya standartlarına uyğun olaraq inkişaf edir. “Formula-1”lə bağlı hazırlıqlar isə çox böyük peşəkarlıqla yerinə yetirilib. Hər şey mükəmməldir”.

Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən ingiltərəli jurnalist Scott Mitchel deyir ki, Bakı Avropa şəhərlərindən heç də geridə qalmır: “Burada tikilən göydələnlər çox xoşuma gəldi. Xüsusilə “Bakı Kristal Zalı” və “Alov Qüllələri” möhtəşəmdir. İnsanlarınız isə çox qonaqpərvərdirlər. Buranı çox sevdim. “Formula-1”ə gəldikdə isə, yarış çox həyəcanlı və maraqlı keçdi. Azərbaycan Qran-prisi uğurla başa çatdı”.

 

“F-1” yarışına evsahibliyi etmək üçün çox böyük işlər görülüb

 

İngiltərəli jurnalist James Roberts Bakıda olmağından məmnunluğunu ifadə etdi: “Ölkənizin insanlarının qonaqpərvərliyi məni heyran edib. Qədim tarixi abidələriniz, mədəniyyətiniz, incəsənətiniz, milli mətbəxiniz məndə əla təəssüratlar yaratdı. Azərbaycan Qran-prisinin yüksək səviyyədə təşkilindən, Bakıda keçirilən mədəni proqramlardan, dünya şöhrətli musiqiçilərin çıxışlarından, Azərbaycan paytaxtının gözəlliyindən unudulmaz təəssüratlarla ayrılacağam”.

Rusiyadan gələn jurnalist Natalia Fabricnnova Bakının Xəzərin kənarında Avropa şəhəri kimi möhtəşəm olduğunu deyir. Azərbaycan paytaxtının bu qədər gözəl olması onda xoş təəssüratlar yaradıb: “Müasir Avropa şəhərləri ilə müqayisə oluna biləcək infrastruktura, təmizliyə və tarixi məkanlara malik olması Bakını dünyada möhtəşəm şəhərlərdən biri kimi tanıdıb. Bu gün ölkəniz dünyanın idman mərkəzinə çevrilib. Azərbaycan hökuməti “Formula-1” yarışına evsahibliyi etmək üçün doğrudan da çox böyük işlər görüb. Ölkəmə qayıtdıqdan sonra Bakı haqqında ən xoş təəssüratlarımı yaxınlarım və dostlarımla bölüşəcəyəm”.

 

Bakı Şəhər Halqası özünəməxsusluğu ilə seçilir

 

Gürcüstandan gələn jurnalist Zunab Kurtsikitu bildirdi ki, Bakı Media Mərkəzində işləməkləri üçün çox gözəl şərait yaradılıb: “Rahat formada öz işimizi yerinə yetirə bilirik. Bütün işlər yüksək səviyyədə təşkil olunub. “Formula-1” yarışları mənə böyük zövq verir. Üçüncü ildir Bakıya gəlirəm. Əminliklə deyə bilərəm ki, hər bir gürcüstanlı ölkənizə səfər etməyə can atır. Çünki qonaqpərvərliyiniz, mehriban davranışınız, gözəl mətbəxiniz, qədim mədəniyyətiniz dillər əzbəridir”.

Karin Sturm isə Almaniyadan gələn həmkarımızdır. Onun sözlərinə görə, Bakı Şəhər Halqası özünəməxsusluğu ilə seçilir. Həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycan “Formula-1” Qran-prisinə növbəti dəfə də müvəffəqiyyətlə evsahibliyi edib. O, “F-1” yarışının möhtəşəmliyi ilə yadda qalacağına əmin olduğunu vurğulayıb.

Bakıya heyran olmamaq mümkün deyil. Burada hər şey çox gözəldir. Xəzər dənizi, bulvar çox füsunkardır. İnsanlarınızın qonaqpərvərliyinə isə söz ola bilməz”, - deyə Karin Sturm əlavə edib.

 

Bu cür yarışın təşkil edilməsi üçün güclü iradə lazımdır

 

Braziliyadan gələn jurnalist Julianne Cerasori Azərbaycan Qran-prisinin yüksək səviyyədə təşkilindən danışdı. Hesab edir ki, bu cür yarışın təşkil edilməsi üçün güclü iradə lazımdır: “Bakı yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə dünyada tanınmış şəhərə çevrilir. İlk dəfədir Bakıya gəlirəm. Qədim tarixi olan Bakı çox gözəl şəhərdir. İçərişəhərdə xeyli qədim abidə var. Qaladan kənara çıxdıqda isə füsunkar gözəlliyi olan müasir şəhər görürsən. Sizin xalqın qonaqpərvərliyinə heyranam. Dünyanın heç bir ölkəsində belə mehriban insanlar görməmişəm. Heyif ki, indiyədək ölkənizə gəlməmişəm”.

İngiltərəli jurnalist James Gallowaya görə, “Formula-1” səviyyəli mötəbər idman yarışları üçün yaxşı infrastruktur tələb olunur. Azərbaycanda isə lazımi infrastruktur var. Onun fikrincə, yarış möhtəşəm şəkildə yekunlaşdı. Növbəti illərdə Azərbaycan Qran-prisinin uğurla yekunlaşacağına əmindir: “Şəhəriniz olduqca gözəldir. İnsanlarınız da son dərəcə mehriban qonaqpərvərdirlər. Getdiyim, gəzdiyim hər yerdə gülər üzlə, səmimiyyətlə qarşılandım. Azərbaycanın həm zəngin mətbəxi var. Bir sözlə, Bakı mənim yaddaşımda son dərəcə inkişaf etmiş, qonaqpərvər insanların yaşadığı ecazkar bir şəhər kimi qalacaq”.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.- 1 may.- S.10.