Heydər Əliyev ideyaları yaşayır və zəfər
çalır
Ölkəmizin vətəndaşları və bütün dünya azərbaycanlıları müasir Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95 illik yubileyini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır.
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq və bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən qlobal məsələdir.
Uzun illər onun rəhbərlik etdiyi komandada təmsil olunan bir insan, millət vəkili kimi mən də bu əlamətdar gün - 10 may Heydər Əliyevin doğum günü ərəfəsində ulu öndərin suveren Azərbaycan Respublikasının formalaşmasında və möhkəmlənməsində əvəzsiz rolunun bəzi məqamlarına toxunmaq istəyirəm.
XX əsrdə Azərbaycan xalqının tarixində iki dəfə müstəqil, azad və demokratik cəmiyyət qurmaq və onu qoruyub saxlamaq şansı yaranmışdı. Birinci dəfə - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılsa da, onu qoruyub saxlamaq mümkün olmadı və 23 aydan sonra süqut etdi. Belə bir şans bir də 73 il sonra - 1991-ci il 18 oktyabr tarixində yarandı və Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi.
Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi və aciz durumda idi. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerlə yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsir götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.
Özünü xalqın aparıcı qüvvəsi hesab edən Müsavat və Xalq Cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti tezliklə ələ aldılar və Əbülfəz Əliyev (Elçibəy) müstəqil Azərbaycan Respublikasının ikinci Prezidenti oldu. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qurmur, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu olan yeddi rayonun zəbt edilməsinə şərait yaratdı.
Artıq müstəqil Azərbaycan Respublikası öz tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən havadarlarının köməyinə arxalanan Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, bir tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Ölkənin sahibsiz qalması, ayrı-ayrı rəhbər işçilərin özlərini əvəzolunmaz şəxs kimi apararaq əhaliyə sayğısız münasibəti qısa müddət ərzində insanları bezdirmişdi. Vəziyyətin getdikcə daha da kəskinləşməsi ölkədə hakimiyyət dəyişikliyini və rəhbərliyə təcrübəli, dövlət quruculuğunda səriştəli, əhali arasında və xarici aləmdə tanınan və nüfuzu olan şəxsin gəlməsini zəruri edirdi. Bu şəxs həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən Heydər Əliyev idi.
Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycan Respublikası qısa bir müddət ərzində sosial-iqtisadi inkişaf səviyyəsinə görə keçmiş SSRİ məkanında geridə qalmış respublikadan qabaqcıl bir respublikaya çevrildi. Məhz həmin illərdə Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri kimi, mən ümummilli liderin Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı gördüyü möhtəşəm işlərə toxunmaya bilmərəm. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi keçən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar-sənaye kompleksinin və onun aparıcı bölməsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə olundu. Azərbaycan Respublikası bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalında 2 milyon ton həddi keçərək SSRİ məkanında birinci yeri tutdu. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublikamız bu göstəricilərə görə, ittifaqda ön sıraya çıxdı.
Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə istehsal edən yeni zavodlar tikildi və mövcud zavodlar genişləndi.
Həmin dövrdə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzümçülüklə məşğul olan iri təsərrüfatların hamısında üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələri tikilib istifadəyə verildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi.
Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin sosial siması kökündən dəyişdi. Həmin illərdə kənd təsərrüfatı respublika iqtisadiyyatının aparıcı sahəsinə çevrildi, ümumi daxili məhsulun 30-35 faizi bu bölmənin payına düşdü. Azərbaycan Respublikası ittifaqın tərəvəz bazası hesab olundu. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi sayəsində əldə edilən nailiyyətlər hörmətli Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”.
Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ittifaq rəhbərliyinin diqqətini cəlb etdi və o, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi müddətdə ittifaqda ən problemli sahələr ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibinə çevrildi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllinə kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Ulu öndərin liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verdi.
Bununla belə, bütün qadağalara baxmayaraq, Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən məhz ümummilli lider oldu. Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etdi.
Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın çökəcəyinə tam əmin olduğundan öz ölkəsində və doğma diyarı Naxçıvanda yaşamağa üstünlük verdi. 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı il noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol başladı.
Ali Məclisin sədri kimi o, ilk öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə sabitləşməyə başladı. Düşdüyü çətin vəziyyətdən çıxmağa səy göstərən Naxçıvan əhalisinin Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. Bakıda isə hökumətə itaətsizlik, iqtisadi və siyasi böhranın baş alıb getməsi, Azərbaycan ərazilərinin dalbadal işğalı əhalinin sosial durumunu günbəgün ağırlaşdırır, Müsavat-Xalq Cəbhəsi hakimiyyətinə etimadsızlığı gücləndirirdi. Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədi. Çünki xalq Heydər Əliyevi müdafiə etməklə yanaşı, ona böyük hörmət və ehtiram bəsləyir, yeni dövlət quruculuğunda fəal iştirak edirdi.
Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Bunun məntiqi nəticəsi kimi, 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapar və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa zaman kəsiyində baş vermiş tarixi hadisələr, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olunması onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı və müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş dövlətə və insanlığa zidd hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.
Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən balanslı xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.
Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən yeni neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
Ulu öndər Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli şəxsiyyət ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Qüdrətli şəxsiyyət olan Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial- iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun müstəqilliyini dönməz və əbədi etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və qədirbilən xalqımız ulu öndəri özünün ümummilli lideri elan etdi.
Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.
Heydər Əliyevin son qərarı əslində, Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu öndər tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin bu tarixi müraciətindən keçən on beş il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
Bu il aprelin 11-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin böyük səs çoxluğu ilə (86 faiz) inamlı qələbəsi ulu öndərin varis seçiminin nə qədər düzgün olduğunu bir daha təsdiq etdi və hörmətli Prezidentin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə aparılan ictimai-siyasi, beynəlxalq, iqtisadi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirildi. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq on beş ildir ki, hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyildir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulmuş, sahibkarlığın inkişafına dövlət büdcəsindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bunun sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı son 15 il ərzində 3,2 dəfə artmış, valyuta ehtiyatlarımız 24 dəfə artaraq 44 milyard manat olmuş və dövlət borcumuz isə hazırda ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bu da respublikamızın gələcək inkişafının başqa ölkələrdən asılı olmadan valyuta ehtiyatları ilə etibarlı təminatı deməkdir.
Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfə artmış, yoxsulluq 50 faizdən 5,4 faizə düşmüş, 1,5 milyona yaxın yeni iş yeri açılmaqla işsizliyin səviyyəsi 5 faizə enmişdir. Ölkə üzrə qazlaşdırma 51 faizdən 93 faizə, fasiləsiz içməli su ilə təminat 20 faizdən 67 faizə çatdırılmış, Oğuz-Qəbələ-Bakı su xətti çəkilmiş, 15000 kilometr asfalt yol, 443 körpü, 43 Olimpiya İdman Kompleksi tikilmişdir. 3100 məktəb və 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmiş, yeddi aeroport tikilib və ya yenidən qurulmuşdur. .
Cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin- müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması, onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə məhsullar istehsalına başlaması Azərbaycanın uzun müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür. Hörmətli Prezidentin həyata keçirdiyi bu siyasətin nəticələri beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə 137 ölkə arasında iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşmış və MDB ölkələri arasında 8 ildir birincidir.
Hörmətli Prezidentin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı qeyri neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür. Bunun nəticəsidir ki, son vaxtlar ölkəmizə böyük turist axını başlamışdır və hər il milyonlarla turist respublikamızın səfalı guşələrində istirahət etməyə üstünlük verirlər.
Keçən dövr ərzində aqrar sahədə də çox böyük inkişafa nail olunmuşdur. Belə ki, kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi nəticəsində fermerlərin dövlət büdcəsinə ödəməli olduqları təxminən 2 milyard manata yaxın vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilmişdir. Bundan əlavə, 2007-ci ildən əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya ödənilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur (soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına dövlət vəsaiti hesabına güzəştli şərtlərlə kreditlər verilmişdir. Bundan başqa, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-ci ildən başlayaraq indiyə kimi 30 min ədəd kənd təsərrüfatı texnikası və 25 min başa yaxın qaramal damazlıq heyvan güzəştli şərtlərlə fermerlərə lizinqə verilmişdir. Cəmiyyətin fəaliyyətinə indiyə kimi təxminən 1,6 milyard manat büdcə vəsaiti sərf edilmişdir.
Dövlət büdcəsi vəsaiti hesabına 4 su anbarı tikilib, 200 min hektardan çox yeni suvarılan torpaqlar əkin dövriyyəsinə daxil edilib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində 2004-2017-ci illərdə kənd təsərrüfatı istehsalı 1,7 dəfə artmışdır.
Hazırda aqrar sahənin ölkəmizin təbii coğrafi və iqlim zonalarına uyğun olaraq iri təsərrüfatların yaradılması və kənd təsərrüfatı kooperasiyasının genişləndirilməsi yolu ilə yüksək texnika və texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. Belə ki, 20 rayonda 44 min hektar sahəni əhatə edən müasir suvarma sistemlərinə və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri təsərrüfat yaradılıb, hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur və bu məqsədlə 183 min hektar sahə ayrılıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Bu təsərrüfatlardan bir neçəsi artıq fəaliyyət göstərir və hər hektardan 55-60 sentner buğda, 115-120 sentner qarğıdalı məhsulu götürülür. Hər inəkdən 6-7 min kiloqram süd sağılır ki, bu da respublikamız üçün rekord göstəricilərdir. Bunlarla yanaşı, ölkəmiz üçün ənənəvi sahələr olan pambıqçılığın, çayçılığın, üzümçülüyün, baramaçılıq və ipəkçiliyin inkişafı, habelə kənd təsərrüfatı kooperasiyasının genişləndirilməsinə dair dövlət proqramları qəbul edilərək onların icrasına başlanmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanı kənd təsərrüfatı geridə qalmış bir respublikadan inkişaf etmiş aqrar-sənaye kompleksinə malik bir diyara çevirmiş, hörmətli Prezident İlham Əliyev isə ölkəmizin aqrar sahəsini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq əzmindədir və hazırda ölkəmizdə ərzaq məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına tam təmin olunur və yaxın vaxtlarda sahibkarlarımız qloballaşan dünya iqtisadiyyatında yüksək rəqabətədavamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaq imkanlarını daha da genişləndirəcəklər.
Son illər ərzində Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyevin ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.
Eldar İBRAHİMOV,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri
Azərbaycan.- 2018.-
2 may.- S.1; 5.