Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişdirir

 

Açıq dənizlərə çıxışı olmayan ölkəmiz həm də mühüm nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilməkdədir

 

Son illər Azərbaycan region boyunca nəqliyyat infrastrukturlarına, transmilli layihələrə sərmayələr yatırmaqla və müxtəlif layihələr həyata keçirməklə əhəmiyyətli addımlar atır. Eyni zamanda, regionlararası ticarət dəhlizlərinin yaradılması istiqamətində atılan bütün addımları dəstəkləyir. Bütün bunlar Şərqlə Qərbin qovuşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycanı geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevirib.

Son 15 ildə Prezident İlham Əliyevin yürütdüyü düzgün iqtisadi inkişaf strategiyası ilə Azərbaycan Avrasiyanın iqtisadi, siyasi cəhətdən dinamik inkişaf edən bir ölkəsi kimi dövlətlərarası əlaqələrdə ciddi geosiyasi aktor rolunu oynayır. Elə bu səbəbdən də Azərbaycan xalqı aprelin 11-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevə yenidən etimad mandatı verərək onun alternativsiz lider olduğunu bir daha sübuta yetirdi. Çünki məhz

İlham Əliyev yürütdüyü məqsədyönlü, tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.

 

Bir vaxtlar enerji idxal edən ölkə indi qaz ixracatçısına çevrilib

 

Aprelin 18-də andiçmə mərasimində sözügedən məsələyə toxunan Prezident vurğulayıb ki, bir vaxtlar enerji idxal edən bir ölkə indi Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Azərbaycan neft-qaz ixracatçısına çevrilib.

Yəni bütün bunlar son 15 il ərzində həyata keçirilən layihələr əsasında baş verib. Dövlət başçısı bundan sonrakı illər ərzində Azərbaycanın Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcəyini söyləyib: “Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olubdur və bir-iki ildən sonra “Cənub qaz dəhlizi” tam istifadəyə veriləcəkdir”.

 

Yeni saziş Xəzərdə yeni ehtiyatlar aramağa imkan yaradacaq

 

Aprelin 25-də Türkiyəyə səfər edən və qardaş ölkədə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bir daha ölkəmizin regionda reallaşdırdığı layihələrdən söz açıb. Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu layihələr ölkəmizin gücünü artırır, regional iş birliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir.

Aprelin 26-da isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfər edən cənab İlham Əliyev bir sıra mühüm görüşlər keçirdi və SOCAR-la BP arasında Xəzərin Azərbaycan sektorundakı D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalandı. Yeni saziş Xəzərdə yeni ehtiyatlar aramağa imkan yaradacaq. Başqa sözlə, bu saziş Azərbaycanın karbohidrogen hasilatının uzunmüddətli olmasına dəstək verəcək. Saziş həmçinin Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq.

İmzalama mərasimində çıxış edən BP qrupunun baş icraçı direktoru Robert Dadli deyib ki, bu saziş Azərbaycanda uzunmüddətli hasilatı dəstəkləmək üçün Xəzərdə əlavə imkanların araşdırılması məqsədilə SOCAR və BP-nin yeni birgə səylərinə söykənir. “25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur. Biz SOCAR və digər tərəflərlə sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdakı onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik”.

 

“Cənub qaz dəhlizi” - bu il layihənin 3 hissəsi başa çatacaq

 

İlin əvvəlindən sürətli inkişafa uğurla start verən Azərbaycan bu il daha mühüm tarixi nailiyyətlərə imza atacaq. Bunlardan biri də “Cənub qaz dəhlizi”nin reallaşması istiqamətində görülən işlərdir. Bu il dəyəri 40 milyard dollar olan layihənin

3 önəmli hissəsi (TANAP, Cənubi Qafqaz kəməri və “Şahdəniz-2”) başa çatacaq. Çünki görülən işlər “Şahdəniz-2”də 99 faiz, Cənubi Qafqaz kəmərində 96 faiz, TANAP-da 92 faizdir. TAP-da isə hələlik işlərin 68 faizi reallaşıb.

Prezident İlham Əliyev layihənin reallaşmasına az vaxt qaldığını və Azərbaycanın bu istiqamətdə uğurla addımladığını söyləyib: “Bu layihələrdə Azərbaycan aparıcı rol oynayır. Biz, eyni zamanda, TAP layihəsinin səhmdarıyıq. Orada isə Azərbaycanın icra səviyyəsi 68 faizdir. Yəni “Cənub qaz dəhlizi” artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir.

Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik”.

 

“Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri reallığa çevrilir

 

Bu gün Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək yolunun mühüm hissəsini təşkil edən “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün əməli addımlar atılır. Çünki Azərbaycan İpək yolu üzərində yerləşən əsas ölkələrdən biridir.

Nazirlər Kabinetinin son iclasında isə dövlət başçısı bu məsələyə toxunaraq qeyd etmişdi ki, Azərbaycan hazırda “Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması ilə ciddi məşğuldur. Onun çatışmayan hissəsi o cümlədən Azərbaycan tərəfinin iştirakı ilə reallaşacaq. Yəni bu il nəqliyyat sektorunda əldə edilmiş razılaşmalar “Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılmasına gətirib çıxaracaq.

Onu da vurğulayaq ki, Azərbaycan öz ərazisində “Şimal-Cənub nəqliyyat dəhlizi” ilə bağlı bütün işləri artıq tamamlayıb. Dövlət başçısı deyib ki, bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq: “Amma bizim bütün dəmir yolu infrastrukturu - şimal və cənub sərhədlərimizi birləşdirən dəmir yolu vardır. Vəsait qoyulub və indi biz bu məsələyə regional baxımdan ciddi diqqət göstəririk. Birinci rübdə bu istiqamətdə çox önəmli addımlar atılmışdır”.

Prezident eyni zamanda “Şərq-Qərb nəqliyyat dəhlizi”nin də artıq reallıq olduğunu vurğulayıb.

 

Xəzərdə ən böyük ticarət limanı Azərbaycanda tikilir

 

Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasəti, qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir.

Nəqliyyat-tranzit xidmətlərinin təşkilində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının 18 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılmış liman kompleksi Transxəzər beynəlxalq nəqliyyat marşrutu, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi layihələrin fəal iştirakçısıdır.

Ələt qəsəbəsində tikilməkdə olan liman regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək.

Nazirlər Kabinetinin son iclasında Prezident bu məsələyə də toxunaraq qeyd etmişdi ki, bu il limanın birinci mərhələsinin açılışı olacaq: “İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda - Ələtdə tikilir.

Açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir. Bakı-Tbilisi-Qars artıq reallıqdır. Əminəm ki, hər il bu yolla daşınan yüklərin həcmi kəskin artacaq”.

 

Transmilli maraqların mərkəzində dayanan Azərbaycan

 

Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti, Şərqlə Qərbin qovuşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib.

Elə bunun nəticəsidir ki, iqtisadi və siyasi baxımdan sabit ölkə olan Azərbaycan son iyirmi ildə 231 milyard dollardan çox sərmayə cəlb edib. Təkcə bu ilin 3 ayı ərzində isə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun böyük əksəriyyəti xarici sərmayədir.

Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır. Bütövlükdə son 15 ildə Azərbaycanın dayanıqlı iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirib. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə ölkəmizin dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.

 

Logistika və ticarət iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilib

 

Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda (ÜMD-də) 3 faizədək birbaşa artıma imkan verir.

Azərbaycanda rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanan logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi isə logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzun müddətli perspektiv istiqamətlərini müəyyən edir. Burada 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritet və tədbirlər görülüb, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasında real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda ümumilikdə 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə cəmi 3160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

Strateji Yol Xəritəsində müəyyən edilmiş prioritetlərdə dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarının zəruriliyi qeyd edilib və bu prioritetlərin təsirləri üzrə 4 müəyyən ilkin hesablama aparılıb. Buna baxmayaraq, hər bir tədbirin icrasından əvvəl hərtərəfli texniki-iqtisadi əsaslandırmalar aparılmalıdır. Eyni zamanda prioritetlər üzrə tədbirlərdə icraçı qismində müəyyən edilmiş aidiyyəti qurumların fəaliyyəti əlaqələndirilməli və müvafiq zaman çərçivəsində davam etməlidir.

 

Regionun ticarət mərkəzinə çevrilən ölkə

 

Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasəti, qlobalmiqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Bir sözlə, Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 2 may.- S.1; 6.