“İlham Əliyev. Elektron külliyyat” adlı yeni
resursun təqdimatı olub
Mayın 1-də Prezident Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron resursun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan həmin resursda toplanmış materiallardan istənilən şəxs asanlıqla istifadə edə bilər. Dörd fəsildən ibarət resursda dövlətimizin başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb.
Resursun ikinci fəslində istifadəçilər çox sadə axtarışla Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən 1370 çıxışının, nitqinin, müsahibəsinin, bəyanatının tam mətnini əldə edə bilərlər. Bu fəslin başqa bölməsinin materiallarının təhlili göstərir ki, çox uğurlu xarici siyasət xətti formalaşdıran Prezident İlham Əliyev 2003-2018-ci illərdə dünyanın 50 ölkəsinə 259 dəfə səfər edib. Bu səfərlərin 31-i Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Həmin səfərlərin tam xronikası, Prezident İlham Əliyevin xarici siyasətlə bağlı çıxışlarının, nitqlərinin, müsahibələrinin tam mətnləri, xarici siyasətlə əlaqədar qanun, fərman və sərəncamlar, eləcə də xarici ölkələrə səfərlərə dair materiallar “Xarici siyasət fəaliyyəti” adlı bölmədə toplanıb.
Dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramlarına aid bütün materiallar da resursun ayrıca bir bölməsində yerləşdirilib. Bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev yalnız 2014-2018-ci illəri əhatə edən sonuncu Dövlət Proqramı çərçivəsində 57 rayonda 86 dəfə səfərdə olub və bu Proqramın icrası ilə bağlı 7 Fərman, 305 Sərəncam imzalayıb. Proqramın başa çatmasına hələ 8 ay qalır, yəni, regionlara səfərlərin və onların sosial-iqtisadi inkişafına dair sənədlərin sayı təbii ki, artacaq.
Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları da külliyyatda ayrı bölmədə verilib. İnteraktiv olan bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin müxtəlif sahələr üzrə inkişafına dair 107 fərman və sərəncam imzalayıb.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində yaranan nəhəng rəsmi sənəd kütləsindən oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə Prezident Kitabxanasında digər elektron resurslar da yaradılır. Dövlətimizin başçısının imzaladığı və dövri mətbuatda nəşr olunmuş 3616 qanun, 3662 fərman və 9740 sərəncamın, eləcə də Nazirlər Kabinetinin 2003-2018-ci illəri əhatə edən 4172 qərarının elektron biblioqrafik göstəriciləri belə resurslardandır.
Mayıl Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyat salnaməsini və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərin, çıxışların, müsahibələrin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və onun biblioqrafiyasının vahid elektron məkanda toplanılması və külliyyat şəklində təqdim edilməsi istifadəçilərin işini xeyli dərəcədə asanlaşdırır və daha əlçatan edir.
Qeyd edilib ki, “İlham
Əliyev.
Elektron külliyyat” tammətnli elektron nəşrinin birinci fəsli
“Həyat və fəaliyyəti” adlanır və beş bölmədən ibarətdir.
“Bioqrafiya” adlanan birinci
bölmədə qısa bioqrafik məlumat verilib.
“Xronologiya” adlanan bölmə
iki yarımbölmədən ibarətdir. Birinci
yarımbölmədə Prezident İlham Əliyevin həyat
və fəaliyyətinin 1961-2003-cü illər
dövrünü əks etdirən xronologiya öz əksini
tapır. Bu bölmədə İlham
Əliyevin prezidentliyə qədərki dövrdə Milli
Olimpiya Komitəsinin prezident və Dövlət Neft Şirkətinin
vitse-prezidenti kimi fəaliyyəti xronoloji
ardıcıllıqla əks etdirilib.
Dövlətimizin
başçısının 2003-2018-ci illərdə
prezidentlik dövrünü əhatə edən hadisələrin
xronologiyası isə ayrı-ayrı illər üzrə
ikinci yarımbölmədə toplanılıb.
“Təltiflər” bölməsində
Prezident İlham Əliyevin 2003-cü ildən etibarən layiq
görüldüyü yüksək mükafatların və fəxri
adların siyahısı verilib. Həmin bölmənin
materialları “Ordenlər”, “Medallar və fəxri nişanlar”,
“Fəxri elmi adlar”, “Fəxri adlar və mükafatlar”,
“İdman təşkilatlarının mükafatları”
başlıqları altında təqdim edilir.
Prezident İlham Əliyevin 2003-cü
ildən etibarən dövlət başçısı kimi
müxtəlif tədbirlərdə, beynəlxalq təşkilatların
tribunalarında etdiyi çıxışlardan və nitqlərdən
seçilmiş fikirlər “İqtibaslar”
başlığı altında 26 istiqamətdə
toplanılıb.
“Məşhurların fikirləri”
bölməsində bir sıra dövlət
başçılarının, görkəmli dövlət
xadimlərinin və siyasi xadimlərin, nüfuzlu beynəlxalq
təşkilatların rəhbərlərinin dövlətimizin
başçısı haqqında söylədikləri qiymətli
fikirlər toplanılıb.
Tammətnli elektron nəşrin
ikinci fəsli “Azərbaycan Respublikasının Prezidenti”
adlanır. Bu fəsil 7 bölmədən ibarətdir. Birinci bölmə “Nitqləri,
çıxışları, məruzələri, müsahibələri,
bəyanatları” adlanır. Bu bölmədə
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin
nitqlərinin, çıxışlarının, məruzələrinin,
müsahibələrinin və bəyanatlarının tam mətnləri
illər üzrə ayrı-ayrı yarımbölmələrdə
istifadəçilərin ixtiyarına verilir.
İkinci bölmə isə
“Gündəlik fəaliyyətin xronikası” adlanır.
Üçüncü
bölmə “Xarici siyasət fəaliyyəti” adlanır və
dörd fəsildən ibarətdir. Birinci fəsil “Xarici siyasət fəaliyyətinin
xronikası”, ikinci fəsil “Xarici siyasətə dair nitqlər,
çıxışlar, bəyanatlar, müsahibələr”,
üçüncü fəsil “Xarici siyasətlə
bağlı qanun, fərman və sərəncamların
xronikası”, dördüncü fəsil isə “Xarici ölkələrə
səfərlərin fotoxronikası” adlanır. Bu
bölmədə əsasını ümummilli lider Heydər
Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham
Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun
prioritetləri, həyata keçirilən
balanslaşdırılmış siyasi xəttin bütün məqamları
əhatə olunur.
Dördüncü bölmə
“Neft diplomatiyası” adlanır. Bu bölmənin
özü də fəsillərə bölünür. Birinci fəsil “İlham Əliyev – Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti (30 aprel 1994 – 4 avqust 2003)” adlanır. İkinci fəsil “İlham Əliyev – Azərbaycan
Respublikasının Baş naziri (5 avqust 2003 – 15 oktyabr 2003)”
adlanır. Üçüncü fəsil
isə “İlham Əliyev – Azərbaycan Respublikasının
Prezidenti (15 oktyabr 2003-cü ildən)” adlanır. Bu bölmədə əsasını ümummilli
lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
neft strategiyasının 1994-cü ildən etibarən
reallaşması istiqamətində görülən işlər
öz əksini tapıb.
Beşinci bölmə isə
“Olimpiya hərəkatı” adlanır. Bu bölmə doqquz fəsildən
ibarətdir. Birinci fəsil “Azərbaycanda idman və
Olimpiya Hərəkatı”, ikinci fəsil “Azərbaycan Milli
Olimpiya Komitəsi”, üçüncü fəsil “Azərbaycan
idmançılarının Olimpiya Oyunlarında
iştirakı”, dördüncü fəsil “Bakı-2015” I
Avropa Oyunları”, beşinci fəsil “İslam Həmrəyliyi
Oyunları”, altıncı fəsil “MOK-un quruculuq fəaliyyəti”,
yeddinci fəsil “2012-ci il “İdman İli”, səkkizinci fəsil
“Beynəlxalq yarışlar” adlanır. “Elektron
kitablar” adlanan doqquzuncu fəsildə isə idmanla və
Olimpiya Hərəkatı ilə bağlı kitabların
elektron versiyaları toplanılıb.
Altıncı bölmə
“Regionların sosial-iqtisadi inkişafı” adlanır. Bu bölmə
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilən 2004-2008-ci illər,
2009-2013-cü illər və 2014-2018-ci illər dövlət
proqramlarını əhatə edir.
Ayrı-ayrılıqda təqdim edilən dövlət
proqramları haqqında materiallar “Rəsmi sənədlər”,
“Dövlət tədbirləri” və “Azərbaycan Prezidenti
İlham Əliyevin regionlara səfərləri”
başlıqları altında toplanılaraq istifadəçilərə
təqdim edilir.
İkinci fəslin sonuncu
bölməsi isə “Bakı və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı” adlanır. Bu bölmənin
materialları “Dövlət proqramları”, “Rəsmi sənədlər”
və “Dövlət tədbirləri” başlıqları
altında qruplaşdırılıb. Dövlət
proqramları başlığı altında 2006-2007-ci illəri
əhatə edən tədbirlər proqramı, 2011-2013-cü
illəri və 2014-2016-cı illəri əhatə edən
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının materialları toplanılıb. Bu bölmədə, həmçinin Bakı şəhərinin
və onun rayonlarının sosial-iqtisadi inkişaf istiqamətlərinə
dair axtarış sistemi tətbiq edilib.
Tammətnli elektron nəşrin
üçüncü - “İnkişaf - məqsədimizdir” fəslində
Prezident İlham Əliyevin “İnkişaf – məqsədimizdir”
çoxcildliyinin (56 cild) bütün nəşrlərinin
elektron versiyaları toplanılıb. Bu cildlərdə
dövlətimizin başçısının daxili və
xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə,
ordu quruculuğuna, regionların sosial inkişafına və
ictimai-siyasi həyatın digər sahələrinə dair
nitqləri, çıxışları, görüşləri
haqqında materiallar və məktublar öz əksini
tapıb.
Elektron nəşrin sonuncu fəsli
“Biblioqrafiya” adlanır və “Kitablar” və “Məqalələr”
bölmələrindən ibarətdir. “Kitablar”
bölməsində Prezident İlham Əliyevin müəllifi
olduğu və onun haqqında yazılan kitabların Azərbaycan
və rus dillərində biblioqrafik təsvirləri verilib.
“Məqalələr” bölməsində isə
Prezident İlham Əliyev haqqında yazılan məqalələrin
Azərbaycan, rus və ingilis dillərində biblioqrafiyası
öz əksini tapıb.
“İlham Əliyev. Elektron
külliyyat” nəşri mütəmadi olaraq yenilənir.
Tədbirdə çıxış
edən Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdir müavini Ərəstun Mehdiyev
deyib ki, təqdim olunan layihə müasir Azərbaycanın
bugünkü həyatı ilə sıx bağlıdır,
onun dinamik inkişafını əks etdirən çox zəngin
sistemli mənbədir. Aydındır ki, biz son
illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi,
ictimai-siyasi, mədəni həyatında yüksək
inkişaf dinamikasından bəhs edirik. Müxtəlif
müzakirələrdə Azərbaycan Respublikasının həyatının
rəngarəng sahələrinə diqqət yetiririk və
oradakı prosesləri təhlil edir, ictimaiyyətin diqqətinə
çatdırır, beynəlxalq aləmə
çıxarırıq. Bu hadisələrin
ahəngi, cərəyan edən proseslər bu gün Azərbaycan
vətəndaşının marağına uyğun şəkildə
aparılan dövlət siyasətinin bariz təzahürüdür.
Təsadüfi deyil ki, ölkəmizdə yaranmış
ab-havanın, cərəyan edən proseslərin məntiqi nəticəsi
bu il aprelin 11-də keçirilmiş
prezident seçkilərində Azərbaycan xalqının
mütləq əksəriyyətinin öz səsini yenidən
Prezident İlham Əliyevə verməsi oldu. İlham
Əliyevin yenidən Prezident seçilməsi ilə ölkəmizdə
həyata keçirilən siyasi xəttin bundan sonra da
ardıcıl şəkildə davam etdiriləcəyinə hər
birimizdə əminlik yarandı. Bu gün
ölkə həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni
sahələrinə diqqət yetirdikdə görürük
ki, aparılan köklü islahatların məntiqi nəticəsi
kimi gündən-günə daha da möhkəmlənən
ictimai-siyasi sabitlik, sosial-iqtisadi dəyişikliklər əhalinin
əhval-ruhiyyəsinə də müsbət təsir edir.
Azərbaycanın həyatının hər
hansı bir sahəsini öyrənmək, ona qiymət vermək
istəyən tədqiqatçı-ekspert, istər-istəməz
dövlət siyasətinin mahiyyətini
araşdırmalıdır. Dövlət
siyasətinin hazırlanıb həyata keçirilməsində
əsas müəllif, təşəbbüskar və onun ilk
mühüm icraçısı təbii ki, Azərbaycan
Prezidenti İlham Əliyevdir. Onun fəaliyyətinə
diqqət yetirmədən, ölkədə aparılan dövlət
siyasətinin aspektlərini öyrənmədən Azərbaycanın
həyatının müxtəlif sahələri ilə
bağlı fikir yürütmək təbii ki,
qeyri-mümkündür. Bu baxımdan təqdimatı
keçirilən portal çox mühüm mənbə rolunu
oynayır. Çünki qeyd edildiyi kimi, bu
portalda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün
sahələri öz əksini tapıb, sistemləşdirilib.
Burada istər daxili siyasət, istər xarici siyasət, neft
diplomatiyası, qeyri-neft sektoru, regionların inkişafı,
idman, mədəniyyət, təhsil və s. sahələrlə
bağlı bütün materiallar xronoloji
ardıcıllıqla sistemli şəkildə
toplanılıb.
Ərəstun Mehdiyev qeyd edib
ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Ölkəmiz qlobal layihələrin
reallaşmasında, son illərdə daha intensiv xarakter alan beynəlxalq tədbirlərin keçirilməsində
mühüm rol oynayır. Bütün bunlar, əlbəttə
ki, dövlətimizin başçısının təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən layihələr
və tədbirlərdir.
Prezident Administrasiyasının rəsmisi
deyib ki, Azərbaycanı tanımaq, həqiqətən də
öyrənib obyektiv şəkildə təqdim etmək istəyən
tədqiqatçılarla, ekspertlərlə yanaşı, bir
çox hallarda ölkəmizə qarşı qərəzli
mövqedən çıxış edən, məlumatları
təhrif edən, onlardan öz maraqları naminə istifadə
etməyə cəhd göstərən insanlar da var. Buna
görə də biz çalışmalıyıq ki,
informasiya mübarizəsində Azərbaycanla bağlı
dolğun, obyektiv informasiyanı daha çox təqdim edək.
Burada, əlbəttə ki, mətbuatla
yanaşı, alimlərimizin, tədqiqatçılarımızın
da üzərinə böyük məsuliyyət
düşür.
Ərəstun Mehdiyev əmin
olduğunu bildirib ki, Prezident Kitabxanasının əvvəlki
layihələri kimi, bu portal da ölkəmizin həyatının
müxtəlif sahələrinin öyrənilməsində
mühüm rol oynayacaq.
Azərbaycan.- 2018.-2 may.- S.3.