Ombudsman Aparatında ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 95 illik yubileyləri qeyd edilib

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmalarının 95-ci ildönümü ilə bağlı toplantı keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, toplantıda müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.

Ombudsman Elmira Süleymanova bildirib ki, ulu öndər Heydər Əliyevin zəngin həyatı və tarixi xidmətləri onun fenomenal şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilib, insan hüquq və azadlıqları sahəsində real addımlar atılıb, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanıb.

Bu il ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasının 25-ci ildönümü olduğunu xatırladan müvəkkil vurğulayıb ki, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqları təmin olunub, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər tarix yaradan dahi şəxsiyyətlərdəndir, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə şərait yaradıb. Beynəlxalq aləmdə ölkəmizin maraqlarının təmini və Dağlıq Qarabağ münaqişəsinin həlli onun diqqət yetirdiyi ən prioritet məsələlərdən olub.

Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli Liderimizin rəhbərliyi ilə hazırlanıb. 1995–ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik, layihənin ictimaiyyətin geniş müzakirəsi və iştirakçılığı ilə qəbul edilmiş bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insan hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunub. Ulu Öndərin hakimiyyəti zamanı insan hüquqlarının ardıcıl və sistemli inkişafının özülü qoyulub, hüquqların təmini məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulub, 1998-ci ildən isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Heydər Əliyevin 22 fevral 1998-ci il tarixdə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində geniş islahatların özülünü qoymuş ən mühüm strateji sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunub.

Vurğulanıb ki, Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində böyük dönüş nöqtəsi oldu.

Tədbirdə müvəkkil xalqımızın tarixində xüsusi yer tutan, qayğıkeş ana, sadiq həyat yoldaşı, tanınmış həkim, görkəmli alim, pedaqoqictimai xadim kimi mənalı yol keçmiş Zərifə xanım Əliyevanın həyatı haqqında geniş məlumat verib. Onun tibb elmi və səhiyyə sahəsindəki çoxşaxəli, səmərəli fəaliyyətinin, Azərbaycanda o zaman geniş yayılmış traxoma xəstəliyinin kökünün kəsilməsində nailiyyətlərinin dövlətimiz tərəfindən öz layiqli qiymətini aldığı diqqətə çatdırılıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinin nəticələrinə görə professor, SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildiyi, onun fəaliyyətinə daim yüksək qiymət verildiyi, bir sıra ordenmedallarla təltif olunduğu, Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adına layiq görüldüyü bildirilib.

Bütün bu geniş elmi fəaliyyəti, xəstələrə qayğısı ilə yanaşı, Zərifə xanım, eyni zamanda, vəfalı həyat yoldaşı və qayğıkeş ana olub. O, həm ulu öndər Heydər Əliyevin həyat yoldaşı, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası olub. Bu ailənin möhkəm və uzunömürlülüyünün özülündə qarşılıqlı məhəbbət, sədaqət, əqidə və saflıq durur.

Həmçinin bildirilib ki, Ümummilli Liderimizin məqsədyönlü siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilib. 2018-ci il aprelin 11-də xalqımızın və müstəqil dövlətimizin həyatında tarixi hadisə kimi xüsusi əhəmiyyət kəsb edən, uğurla başa çatmış ədalətli, şəffaf seçkilər nəticəsində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin bu günlərdə Milli Məclisdə keçirilən andiçmə mərasimi, bundan sonra imzaladığı sərəncamlar olduqca böyük razılıqla, qürursevinc hissləri ilə qarşılanıb.

Sonra ombudsmanın regional mərkəzlərinin rəhbərləri ulu öndər Heydər Əliyevin fəaliyyəti, regionların inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, bölgələrə səfərləri, əhali ilə səmimi görüşləri barədə məlumat veriblər.

 

Azərbaycan.- 2018.- 3 may.- S.5.