Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsi ilə Qida Təhlükəsizliyi
Agentliyi arasında Anlaşma
Memorandumu imzalanıb
Mayın 2-də Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
arasında korrupsiya qarşı mübarizə sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən mərasimdə çıxış edən Baş İdarənin rəisi Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və korrupsiyaya qarşı digər mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kamran Əliyev memorandumun imzalanmasının istər korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də digər əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, bu sənədin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyinə əminliyini bildirib.
Əhalinin sağlamlığının mühafizəsi və keyfiyyətli ərzaq tələbatının ödənilməsi baxımından mühüm strateji sahə olan qida sektorunda şəffaflığın təmin edilməsi üçün mövcud olan geniş hüquqi və institusional vasitələrin səmərəli tətbiqi imkanlarından danışan K.Əliyev bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkarlanmasına və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyənləşdirilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasının sevindirici hal olduğunu vurğulayıb. Ölkədə həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında da olduqca mühüm vəzifələrin qoyulduğunu deyən Q.Təhməzli Agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə və eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə verəcəyini diqqətə çatdırıb. O, birgə fəaliyyət istiqamətində əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.
İmzalanma
mərasimindən sonra mətbuat nümayəndələrinin
sualları cavablandırılıb.
Azərbaycan.-
2018.- 3 may.- S.6.