Liderlik örnəyi
18 aprel 2018-ci il, Milli Məclisin iclas salonu...
Parlamentin zalındakı abu-hava
xüsusi məna kəsb edir ...
Azərbaycan xalqının yüksək
etimadı ilə dövlətə rəhbərlik
missiyasını növbəti dəfə üzərinə
götürmüş İlham Əliyevin parlamentdə Vətənə,
dövlətə və xalqa sədaqət andı içəcəyi
mərasimə sayılı dəqiqələr qalır...
Müstəqilliyimizin və
inkişafımızın təminatçısını
hamı böyük səbirsizliklə gözləyir.
Xoş duyğuların təsiri ilə
bir anlıq 25 il əvvələ dönərək
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi
1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə
mərasimini xatırladım...
O illərdə kifayət qədər
çətin, mürəkkəb və ziddiyyətli hadisələri
taleyimizdə yaşasaq da, ümummilli liderin parçalanmaq,
müstəqilliyini itirmək təhlükəsi ilə
üzləşmiş dövlətin idarəçilik
sükanı arxasına keçməsi qəlbimizdə gələcəklə
bağlı qubar salmış nisgili, nigaranlığı birdəfəlik
aradan qaldırmışdı. Oktyabrın 3-də
keçirilmiş prezident seçkilərində ulu öndərin
ölkə seçicilərinin 95 faizindən çoxunun səsini
qazanaraq inamlı qələbə qazanması çarəsizlik,
bədbinlik burulğanında olan insanların daxilində
işıqlı sabaha, təminatlı gələcəyə
ümid qığılcımları
alovlandırmışdı.
Ümummilli lider 25 il
öncəki andiçmə mərasiminə xilaskar və
qalib rəhbər kimi qatılmışdı. Heydər
Əliyev dühasının 1993-cü ilin iyununda - ölkənin
vətəndaş müharibəsi, xaos, anarxiya və iqtisadi tənəzzül
mərhələsində olduğu ağır siyasi dönəmdə
Naxçıvandan Bakıya dönüşü
xalqımızın və müstəqil respublikamızın
taleyində Qurtuluş anına çevrilmişdi. Cəmi
3-4 ayın içində qətiyyətli və müdrik
siyasi gedişləri ilə daxili böhranı, vətəndaş
qarşıdurmasını aradan qaldıran, Cənubda və
Şimalda cərəyan edən separatçılıq meyillərinin
qarşısını qətiyyətlə alan,
qanunsuz silahlı qüvvələri zərərsizləşdirən,
sosial-iqtisadi sahədə radikal islahatlara başlayan ulu öndər
xalqımızda sabaha ümid və özünəinam hissini
bərpa etməyi bacarmışdı.
Bu günlərdə anadan
olmasının 95-ci ildönümünü qeyd etdiyimiz
ümummilli liderin ilk andiçmə mərasimindəki
çıxışını sabitlik, həmrəylik və
inkişaf manifesti kimi xatırlayıram. Müdrik rəhbər
kifayət qədər həssas mərhələdə Azərbaycana
rəhbərlik edəcək lider olaraq dövlət müstəqilliyinin
və suverenliyinin müdafiəsi naminə əzmlə
çalışacağını, qətiyyətlə
mübarizə aparacağını, bu məqsədlə
bütün imkanlarını səfərbər edəcəyini
cəsarətlə bəyan edirdi. “Bu
gün mənim üçün tarixi, əlamətdar bir
gündür. Mənə göstərilən bu
böyük etimada görə Azərbaycan vətəndaşlarına,
Azərbaycan xalqına bir daha dərin minnətdarlığımı,
hörmətimi, məhəbbətimi bildirir və əmin etmək
istəyirəm ki, həyatımın sonuna qədər
xalqıma sədaqətlə xidmət edəcək və
bütün fəaliyyətimi Azərbaycan
Respublikasının gələcək inkişafına sərf
edəcəyəm. Əlimi Azərbaycan Respublikasının
Konstitusiyasına basaraq and içirəm ki, biliyimi, təcrübəmi,
qüvvəmi Azərbaycan xalqının, Azərbaycan
Respublikasının rifahına həsr edəcəyəm” -
deyən Heydər Əliyev bu vədinə sonadək sadiq
qaldı, dövlətinə, xalqına sədaqətlə, vicdanla
xidmət etdi.
Aradan 25 il
ötüb və biz bu gün tamamilə fərqli bir Azərbaycanda
yaşayırıq. Ümummilli lider Heydər
Əliyevin 1993-2003-cü illərdə böyük siyasi iradə,
müdriklik hesabına tənəzzül və böhrandan
dayanıqlı sabitlik və tərəqqi yoluna
çıxardığı respublikamız milli dövlətçilik
tarixinin ən qüdrətli dövrünü yaşayır.
2003-cü ildə ulu öndər Heydər Əliyevin “Mən
ona özüm qədər inanır və gələcəyinə
böyük ümidlər bəsləyirəm” - deyərək
cəmiyyətə özünün layiqli
davamçısı, siyasi varisi kimi təqdim etdiyi İlham
Əliyev bu ali etimadı yüksək səviyyədə
doğruldaraq milyonların alternativsiz liderinə çevrilib. Son 15 ildə uğur estafetini inamla davam etdirərək
respublikamızı bütün sahələrdə inkişaf
edən, tamamilə müstəqil siyasət yürüdən,
milli maraq və mənafeyini müdafiə edən dövlətə
çevirməyə nail olub.
Ulu öndər hələ 25 il əvvəl
müasir Azərbaycanı indiki statusda təsəvvür edir,
onun əzəmətini - üfüqdəki qüdrətli və
güclü dövlətin ürəkləri “dağa döndərən”
tablosunu uzaqgörənliklə canlandırırdı.
...25 il sonra biz
artıq fərqli bir Azərbaycanda - hər vədini əməli
fəaliyyəti ilə doğruldan, xalqını və
dövlətini sevən, ona layiqli xidməti həyat amalı
hesab edən bir liderin - Heydər Əliyev ideyalarının
layiqli davamçısının andiçmə mərasimindəyik...
İlham Əliyev özünəməxsus
məğrur addımlarla Milli Məclis salonuna daxil olaraq
tribunaya yaxınlaşır, əlini Azərbaycan
Respublikasının Kontitusiyasına və müqəddəs
“Qurani-Kərim”ə basaraq vətənə, xalqa və
dövlətə sədaqət andı içir!
Prezidentin nəcib və müdrik
xarakterinə xas şəkildə - hər cür dəbdəbədən,
təntənədən uzaq, təvazökar, sadə atmosferdə
gerçəkləşən bu mərasim həm də
qanunverici orqana və onun üzvlərinə göstərilən
yüksək etimadın təcəssümü idi...
Dövlət
başçısının dərin məzmunlu, konseptual
çıxışı, əslində, Azərbaycanın
yaxın tarixinə nəzər salan, bugününü
obyektiv dəyərləndirən, gələcəklə
bağlı hədəflərini səhih müəyyən edən
Strateji Yol Xəritəsi idi.
Xalqın sarsılmaz
inamı, böyük dəstəyi ilə prezidentlik səlahiyyətlərinin
icrasını növbəti mərhələdə də həyata
keçirəcək möhtərəm Prezidentin bu məzmunlu
nitqi təkcə 15 illik möhtəşəm tarixin müfəssəl
hesabatı deyildi. İlham Əliyev, eyni zamanda Azərbaycanın
möhkəm iqtisadi, siyasi və mənəvi təməl
üzərində bundan sonra daha sürətlə inkişaf
edəcəyinin, yaxın perspektivdə ən çox
inkişaf etmiş ölkələr sırasına daxil
olacağının xoş müjdəsini verirdi.
Dövlət rəhbəri
andiçmə mərasimində əldə olunmuş və
gözlənilən böyük nailiyyətlərin ən dəqiq
ünvanını, səbəbkarını da növbəti dəfə
bəyan etdi: Heydər Əliyev ideyaları müasir,
inkişaf edən, qüdrətli Azərbaycanın mayakı və
inkişaf lokomotividir!
İlham Əliyev son 15 ildə hər
addımda Heydər Əliyev ideyalarından güc
aldığını, ulu öndərin hər bir vətəndaşın
mənafeyinə xidmət edən inkişaf strategiyasına əsaslandığını
səmimiyyətlə vurğuladı: “Mən 2003-cü ildə,
prezident seçkiləri ərəfəsində xalqa
müraciət edərək demişdim ki, əgər mənə
xalq etimad göstərərsə, mən ulu öndər Heydər
Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam
etdirəcəyəm. Mən fəxr edirəm
ki, xalq mənə inandı, məni dəstəklədi və
mən də öz növbəmdə sözlərimə əməl
etdim. Son 15 il ərzində Azərbaycanda
hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu
öndərin yolu ilə gedirik. Onun
qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın
müstəqillik tarixi bunun əyani sübutudur”.
Xalqlarının tarixində
müstəsna xidmətləri olan böyük liderlər
qurub yaratdıqları dövlətlərin inkişaf hədəflərini,
tərəqqi yolunu dəqiq müəyyən etməklə əbədiyaşarlıq
zirvəsinə yüksəlirlər. Bu mənada, ulu öndər
Heydər Əliyev Azərbaycan tarixinə təkcə milli
müstəqillik ideyasını gerçəkləşdirmiş
lider kimi düşməyib. Ulu öndər
həm də qurub-yaratdığı dövlətin möhkəmliyini
təmin edən, hərtərəfli inkişafı
üçün zəmin hazırlayan, ən başlıcası,
bu strategiyanı özündən sonra inamla davam etdirməyə
qadir davamçı yetişdirən rəhbər kimi əbədiyaşarlıq
qazanıb.
İlham Əliyevin
andiçmə mərasimindəki nitqi məni yenə də
yaxın keçmişə qaytarır. 1993-cü ilin 10
oktyabrında keçirilmiş andiçmə mərasimində
ulu öndər böyük uzaqgörənliklə deyirdi:
“Müstəqil Azərbaycan Respublikasının
qarşısında duran əsas vəzifələrdən biri
respublikanın dövlət quruculuğunu təşkil etməkdir.
Bizim yolumuz aydındır, bunu dəfələrlə
bəyan etmişik. Yolumuz demokratiya yoludur.
Müstəqil Azərbaycanda demokratik, hüquqi
dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir, öz tarixi ənənələrindən,
milli ənənələrindən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik dövlət
quruculuğu yolu ilə getməlidir. Bizim
yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki,
biz məhz bu yolla gedəcəyik”.
Heydər Əliyev Azərbaycan
tarixində silinməz iz qoymuş dahi şəxsiyyət
olaraq bir çox mühüm yeniliklərin, saysız-hesabsız
ilklərin müəllifi kimi xatırlanır. Ulu öndərin
müstəqil Azərbaycan Respublikasının demokratik
seçki yolu ilə hakimiyyətə gələn və səlahiyyətlərini
sonadək icra edən ilk prezidenti olduğunu da qürur hissi ilə
vurğulamaq istərdik. Yəqin ki, orta və
yaşlı nəslin nümayəndələri 80-ci illərin
sonu 90-cı illərin əvvəllərində
respublikamızda hakimiyyət uğrunda gedən amansız və
çirkin mübarizənin xalqın, dövlətin taleyindəki
ağrı-acısını, fəsadlarını
unutmayıblar.
Bəli, ulu öndər Heydər
Əliyevə qədər Azərbaycana rəhbərlik edənlər
onlara həvalə olunan rəhbərlik missiyasını sonadək
həyata keçirə bilməmiş, xalqın qəzəbinə
tuş gələrək hakimiyyətdən
uzaqlaşmışdılar. Azərbaycan rəhbərliyində
xalqın inam və etimadını qazanmış real siyasi
qüvvənin olmaması o illərdə üzləşdiyimiz
böyük faciə və fəlakətlərin, ərazi və
insan itkilərinin başlıca səbəblərindən
birinə çevrilmişdi.
Bütün bunlara nəzərən
əminliklə deyə bilərik ki, məhz Heydər
Əliyev dühasının müdrikliyi və dövlətçilik
məharəti sayəsində Azərbaycanda hakimiyyətin dinc
şəkildə, qansız-qadasız, sivil, demokratik, şəffaf
seçkilər yolu ilə ötürülməsi ənənəsi
formalaşdı.
Ulu öndər Heydər
Əliyev respublikaya rəhbərlik edən şəxsin
zorakılıqla, xalqın qəzəbi ilə, məğlub
durumda hakimiyyətdən kənarlaşdırılması “ənənəsini”
tarixin arxivinə ataraq siyasətdə sivil varisliyin əsasını
qoydu.
Bu mənada, Heydər
Əliyev fenomeni ən yeni tariximizə hakimiyyətə qalib
kimi gələrək qalib kimi də gedən,
ideyalarının davamlılığını təmin edən
böyük lider kimi möhürünü vurub.
Ümummilli liderin milli
dövlətçiliyimiz qarşısındakı
böyük xidmətlərindən biri də xalqın gələcək
tərəqqi yolunu, inkişaf perspektivlərini müdrikliklə
irəli sürməsidir. Bununla yanaşı,
Heydər Əliyevin milli birliyi və həmrəyliyi təmin
edən, xalqı azərbaycançılıq ideyası ətrafında
səfərbər edən birləşdirici şəxsiyyət
olmasını da xüsusi vurğulamaq lazımdır. O,
bütün varlığı ilə bağlı olduğu Azərbaycan
xalqının milli psixologiyasını duyur, insanların
arzularını bilir, bu arzuların həyata keçməsi
üçün yüksək qətiyyət göstərirdi.
Azərbaycan xalqının nəzərində
Heydər Əliyev mümkünsüzü mümkünə
çevirməyi bacaran, onun gələcəyi
üçün məsuliyyəti üzərinə
götürən sarsılmaz güc idi. Xalq
böyük güvən hissi ilə öz taleyini bu qüdrət
sahibinə əmanət etmişdi. Böyük
şəxsiyyət bu mənəvi əmanətə -
insanların inamına hər zaman sadiq qaldı. Heydər Əliyev üzərinə
götürdüyü missiyanın məsuliyyətini gözəl
dərk edir, tarix üçün yaşamağın, öz
ömrü ilə tarix yaratmağın, milli dövlətçilik
tarixinin işıqlı bir parçasına çevrilməyin
nə demək olduğunu yaxşı bilirdi.
Böyük şəxsiyyətlə
hələ ötən əsrin 70-80-ci illərində birgə
işləmək, onun komandasının üzvü olmaq
imkanı əldə etdiyimə görə taleyimdən
çox razıyam. Yaxşı yadımdadır, ulu öndər Heydər
Əliyevin həmin illərdə vəzifəyə təyin
etdiyi kadrlardan yalnız bir istəyi, tələbi var idi -
insanlara layiqli və təmənnasız xidmət! Ulu öndər mənə yüksək etimad
göstərərək Ordubad, Culfa rayonlarına rəhbər
təyin edərkən qarşıda məhz insanlarla daim
ünsiyyətdə olmaq, onların problemlərinə,
qayğılarına həssaslıqla yanaşmaq vəzifəsini
qoymuşdu. Ulu öndərin verdiyi hər
bir tapşırığı ciddi nəzarətdə
saxlaması, tələbkarlığı hələ o illərdə
məmurları daim səylə işləməyə sövq
edir, onların məsuliyyətini artırırdı.
Heydər Əliyevin liderlik
taleyinin başlanğıc səbəbi, onun çətin və
şərəfli ömür yolunda xalqımıza
qazandırdığı böyük uğurların mənəvi
qaynağı isə ədalət prinsipinə sadiqlik idi. Hələ
1981-ci ildə “Literaturnaya qazeta”ya müsahibəsində “Qoy ədalət
zəfər çalsın”
çağırışını əsas devizə
çevirən Heydər Əliyev bütün fəaliyyətini
cəmiyyətdə ədalətin təntənəsinə
yönəltmişdi. Bu deviz ümummilli
liderin xalqın rəhbəri kimi özünə seçdiyi
yolun, əqidənin bəyanı olmaqla yanaşı, həm də
qəlbinin səsi, milli dəyərlərə sadiqliyinin ifadəsi
idi. Onun verdiyi bütün qərarlar ədalət
meyarlarına söykəndiyi üçün hər bir vətəndaşın
qəlbində, düşüncəsində adil rəhbər
mücəssəməsinə çevrilə bilmişdi.
İnsanların Heydər Əliyev şəxsiyyətinə
olan inamı, onun haqq işinə dəstəyi də məhz
bu dəyərə əsaslanırdı.
Bütün böyük
şəxsiyyətlər, qüdrətli liderlər kimi, həyatı
çətin sınaqlardan keçən, bəzən
haqsızlıqlarla, xain xislətlilərin təzyiq və təhdidləri
ilə üzləşən Heydər Əliyev bütün bədxahlarından
güclü idi. Haqsızlığın üzərinə
haqqın bükülməz qolu ilə getməsi, ədalətsizlik
zülmətini ədalət işığı ilə
aydınlatması Heydər Əliyevi zamanın bütün
sınaq və mücadilələrindən qalib
çıxarırdı. İnsanpərvər
və humanist lider olmasının ən qabarıq təzahürləri
həm də onun tolerant şəxsiyyət olmasında
özünü ehtiva edirdi. Böyük
ürək sahibi olan bu dahi insan hətta özünə
qarşı edilmiş ədalətsizlikləri,
haqsızlıqları da bağışlamağı
bacarırdı. Milli-mənəvi dəyərlərə
bağlı olan ümummilli lider geniş ürək sahibi kimi
ona qarşı səhv etmiş şəxsləri də
bağışladı.
Ulu öndər müstəqil
Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə
cəmiyyətdə sabitliyi, hüquq qaydalarını, insan
amilinin ucalığını təmin etdi. Ümummilli
lider müstəqil Azərbaycanın milli inkişaf
strategiyasını özünəməxsus müdrikliklə
irəli sürərək onun həyata keçirilməsinə
başladı. Ümummilli liderin rəhbərliyi
ilə demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik
ənənələrinə, beynəlxalq standartlara əsaslanan
köklü hüquq islahatları insan hüquq və
azadlıqlarının təminatı sahəsində əsaslı
dönüşə səbəb oldu. Azərbaycanın
inkişaf prioritetlərini düzgün müəyyənləşdirən
ulu öndər sivil dəyərlərin cəmiyyətdə
tam mənimsənilməsinə hər zaman diqqətlə
yanaşdı.
Heydər Əliyev
özünün zəngin iqtisadi bilik və təcrübəsi
əsasında Azərbaycanın yeni dövr üçün
iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirdi. Bu sahədə
mövcud problemlərin həlli yollarını elmi-nəzəri
və praktiki əsasda göstərdi. Demokratik
inkişaf yolunu seçmiş bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri
- xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti,
özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin
inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi
prioritet seçildi. Heydər Əliyev
keçmiş ittifaq məkanında ilk dəfə məhz Azərbaycanda
torpağı əsl sahibinə - kəndlilərə
qaytardı. Azərbaycanın yeni neft
strategiyasının hazırlanaraq həyata keçirilməsi,
1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanması da ümummilli liderin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biridir.
Bəli, ulu öndər siyasətdə
varislik ənənələrini təmin etmiş böyük
dövlət xadimi kimi xalqımızın qəlbində
özünə möhtəşəm abidə ucaldıb. 2003-cü ilin
oktyabrında ümumilli liderin cəmiyyətə
özünün layiqli siyasi davamçısı, varisi kimi təqdim
etdiyi cənab İlham Əliyev son 15 ildə
respublikamızın möhtəşəm inkişaf salnaməsinin
müəllifinə çevrilib. Əgər ulu öndər
1990-cı illərdə respublikamızı iqtisadi tənəzzüldən
xilas edərək bazar iqtisadiyyatı yoluna
çıxarmışdısa, İlham Əliyev son 15 ildə
onu regionun sabit inkişaf edən, qlobal layihələri öz
gücünə reallaşdıran qüdrətli dövlətinə
çevirib.
Ulu öndərin zəruri
anda xalqı ətrafında toplamaq, cəmiyyətdə birlik
və həmrəyliyə nail olmaq kimi liderlik keyfiyyətlərini
biz bu gün Prezident İlham Əliyevin simasında
görürük. Dövlət başçısı
xaraktercə demokratik və liberal düşüncəli bir
şəxsiyyət olsa da, yeri gələndə dövlətin
və xalqın maraqları naminə qətiyyətli, prinsipial
addımlar atmaqdan çəkinmir. Hələ 2003-cü
ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra
dövlət başçısının xalqın dəstəyi
ilə nümayiş etdirdiyi yüksək siyasi
sayıqlıq, iradə və qətiyyət Azərbaycanda
ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə
bölücülük və qarşıdurma yaratmaq istəyən
qüvvələrin çirkin niyyətlərini puça
çıxardı. İlham Əliyev eynilə
ulu öndər kimi ən çətin situasiyalarda yüksək
iradə və prinsipiallıq nümayiş etdirərək
dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə
zərərsizləşdirdi. Bununla
yanaşı, liberal dəyərlərə, demokratik prinsiplərə,
insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman
qoruyub saxladı.
İlham Əlyiev ölkədə
siyasi barışığın, vətəndaş həmrəyliyinin
və sülhün təmin olunması, etimad mühitinin
formalaşdırılması istiqamətində qətiyyətli
addımlar atdı. Ölkədə kadr siyasəti və
dövlət idarəçiliyi məsələlərində
Azərbaycanın bütün vətəndaşlarının
iştirakı təmin edildi. Müxalifət
sağlam, konstruktiv dialoqa dəvət olundu. Ölkədə əldə edilən iqtisadi nailiyyətlərdən
hamının öz bacarıq, zəhmət və əqli
imkanlarına görə bəhrələnməsi təmin
edildi. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də
keçirilmiş andiçmə mərasimindəki
çıxışında ölkəmizdə siyasi
mübarizə mədəniyyətinin yüksəldiyini,
demokratik dəyərlərin möhkəmləndiyini
razılıqla qeyd etdi: “Bu 15 il ərzində Azərbaycanda
demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda
bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm
ki, bu 15 il demokratik inkişaf
baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək
bütün azadlıqları - söz
azadlığını, mətbuat azadlığını, sərbəst
toplaşma azadlığını, siyasi fəaliyyət
azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan
vətəndaşlarının 80 faizi internet istifadəçiləridir
və internet Azərbaycanda azaddır. Yəni
demokratik inkişafla bağlı bizim siyasətimiz çox
düzgün siyasətdir və bizim milli
maraqlarımızı təmin edir. Biz bunu kiminsə
xoşuna gəlmək üçün yox, ona görə
edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin,
Azərbaycan xalqı həmişə öz taleyinin sahibi
olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin
sahibidir və seçkilər, onun nəticələri bunu bir
daha təsdiqləyir”.
Prezident İlham Əliyev hələ
2013-cü ildə ölkəmizdə sistem islahatlarının
dərinləşdirilməsi zərurətini bəyan
etmişdir. Söhbət inkişafın keyfiyyətcə yeni mərhələsində
insan amilini uca tutan, bütün sahələrdə vətəndaş
məmnunluğunu, şəffaflığı və
hesabatlılığı təmin edən dövlət idarəetmə
sisteminin formalaşdırılmasından gedir. Son prezident seçkilərindən dərhal sonra həyata
keçirilən kadr təyinatları ictimai fikirdə
müasirləşməyə və inkişafa xidmət edən
islahatların sürətlə aparılacağına
böyük inam yaradıb.
Dövlət
başçısı idarəçiliyin təkmilləşdirilməsi
prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin
inkişafından irəli gələrək yeni, çevik və
işlək strukturların yaradılmasını da vacib
sayır. Nazirlər Kabinetinin bir müddət əvvəl təsdiqlənmiş
yeni tərkibi və yaradılmış yeni qurumlar fonunda bunu
bir daha əminliklə söyləmək mümkündür.
Yeni islahatlar kursu qarşıya qoyulan hədəflərin
uğurla reallaşdırılmasına yaxşı imkanlar
açır. “Xalqa doğru - haqqa
doğru” prinsipinə əsaslanan bu siyasət vətəndaşların
dövlət rəhbərinə olan sevgisini, rəğbətini,
inamını daha da artırır.
İlham Əliyev ötən
müddətdə müstəqil Azərbaycan dövlətinin
təhlükəsizliyinin və inkişafının təminatçısı
olduğunu sübuta yetirdi. Respublikamızın ən
real inkişaf göstərici qısa müddət ərzində
onun iqtisadi inkişaf tempinə görə bütün
dünyada liderlərdən birinə çevrilməsi
faktıdır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi enerji,
kommunikasiya və nəqliyyat layihələrinin əsas
iştirakçısı statusunda çıxış edən
respublikamızın ümumilikdə Avropa regionunun gələcək
enerji təhlükəsizliyi missiyasını öz üzərinə
götürməsi reallığıdır. Azərbaycan insanının dəyişən güzəranı,
şəhər, kənd və qəsəbələrimizin
abadlığı, respublikamızda işsizlik, yoxsulluq kimi
ağır sosial bəlaların kabus kimi çəkilib
gözdən itməsidir. Azərbaycanda
demokratiyanın təntənəsi, qanunların aliliyi, tədricən
haqqın-ədalətin zəfəridir. Korrupsiyaya,
digər neqativ hallara qarşı mübarizənin
ardıcıl və qətiyyətli xarakter alması, məhkəmələrin
tam müstəqilliyinin təmin olunması, insan hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunmasıdır. Ölkəmizin beynəlxalq
aləmdə gündən-günə güclənən
mövqeyi, mövcud iqtisadi potensialın insan kapitalına
çevrilməsi istiqamətində atılan
addımlardır.
İlham Əliyevin həyata
keçirdiyi uğurlu iqtisadi siyasət Azərbaycanın
bölgələrini, sözün həqiqi mənasında,
işığa, nura boyayıb. Bir zamanlar zülmətə
düçar olan yaşayış məntəqələrimiz,
rayon və kəndlərimiz bu gün nəinki fasiləsiz
elektrik enerjisi, eləcə də içməli su ilə təmin
olunub. Hələ keçmiş ittifaq
dövründə mavi yanacaq üzü görməmiş
rayon və kəndlərimizə qaz xətləri çəkilib,
ölkə demək olar ki, tam qazlaşdırılıb.
Müasir yol infrastrukturu - logistik imkanları sayəsində
Azərbaycan bu gün qitələri birləşdirir,
böyük turizm potensialı ilə dünyanın diqqətini
cəlb edir.
Hər bir dövlətin
inkişafı həm də onun beynəlxalq səviyyədə
formalaşmış nüfuzu ilə ölçülür. Bu mənada,
son 15 ildə həyata keçirilən xarici siyasət Azərbaycanı
beynəlxalq miqyasda müstəqil siyasət yürütməsinə,
milli maraq və mənafelərini təmin etməsinə real
imkanlar açıb. Əgər 25 il
əvvəl respublikamız BMT, ATƏT kimi beynəlxalq
qurumların kandarından çətinliklə içəri
keçirdisə, bu gün vəziyyət tamam fərqlidir: Azərbaycan
BMT Təhlükəsizlik Şurasına üzv seçilir,
ATƏT, Avropa İttifaqı kimi təşkilatların
toplantılarına, nüfuzlu sessiyalarına rəhbərlik,
evsahibliyi edir.
Son illər nüfuzlu beynəlxalq
tədbirlərə evsahibliyi etmək Azərbaycanın
gündəlik həyat tərzinə, qürur və fəxarət
dolu tarixi hadisələri müşahidə etmək isə
insanlarımızın yaşam normasına çevrilib. Şübhəsiz,
beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin
başlıca səbəbi respublikamızın dünya
miqyasındakı nüfuzu, hörmətidir. Bu günlərdə Bakıda keçirilmiş
“Formula-1” yarışları Azərbaycanın turizm və
idman potensialını təsdiqləmək, 500 milyonluq qlobal
auditoriyaya nümayiş etdirmək imkanı yaradıb.
İndi Bakı ilə
yanaşı, bölgələrimiz də nüfuzlu beynəlxalq
tədbirlərə, zirvə toplantılarına evsahibliyi
edir. Prezident İlham Əliyevin təşəbbüsü
ilə son illər Naxçıvanda, Qəbələdə, Gəncədə
beynəlxalq tədbirlər keçirilib. Bu
və digər qlobal tədbirlər Azərbaycan
xalqının zəngin mədəniyyətinin, incəsənətinin,
musiqisinin, mətbəx nümunələrinin dünya
miqyasında təbliğinə əvəzsiz imkanlar
açır. Mötəbər tədbirlərin Bakı
şəhərində keçirilməsi, eyni zamanda Azərbaycanın
Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada
tanıtmaq, haqq səsini beynəlxalq ictimaiyyətə
çatdırmaq istiqamətində apardıqları sistemli
işin tərkib hissəsidir.
Ümumilikdə müasir Azərbaycanın
inkişaf strategiyası, əslində, Heydər Əliyev
siyasətinin daha da təkmilləşdirilmiş, müasir
dövrün tələblərinə
uyğunlaşdırılmış mükəmməl və
çevik idarəetmə sistemidir. Heydər Əliyevin
banisi olduğu müstəqil Azərbaycan son 15 ildə onun layiqli
davamçısının rəhbərliyi altında gələcəyə
doğru inamla irəliləyir, böyük quruculuq və
inkişaf salnaməsinə imza atır. Heydər
Əliyev müstəqilliyimizin banisi idisə, İlham
Əliyev tarixin ən qüdrətli Azərbaycanının rəhbəridir.
Bir müddətdən sonra
xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü
ildönümü kimi möhtəşəm hadisəni təntənə
ilə qeyd edəcək. Qürur doğuran haldır ki, bu günlərdə
həm də Azərbaycanı həqiqi müstəqilliyə
qovuşduran, Cümhuriyyətin böyük
dühalarının reallaşmayan ideyalarını gerçəkləşdirən
ümummilli liderin anadan olmasının 95-ci
ildönümünü böyük coşqu və təntənə
ilə qeyd edirik. Qətiyyətlə deyə bilərik
ki, Heydər Əliyev yüzilliklər boyu istiqlala, müstəqilliyə
qovuşmaq üçün mücadilə aparan və bu yolda
çoxsaylı qurbanlar verən, 100 il əvvəl
müsəlman Şərqində ilk demokratik, hüquqi və
dünyəvi dövlət quran xalqın böyük və
qüdrətli dövlət memarıdır.
Müstəqil dövlət və güclü lider anlayışları daim bir-birini tamamlayıb. Güclü liderə malik olmayan xalqın qazandığı müstəqilliyi qoruyub saxlaması da asan olmur. Bu mənada, yəqin ki, nə vaxtsa gələcək nəsillər bizə məhz ümummilli lider Heydər Əliyevin müasiri olduğumuza görə qibtə edəcəklər. Yalnız bu səbəbdən ki, xalqın ötən əsrdə yetişdirdiyi bu böyük şəxsiyyətin müasiri olmaq, onun vətən, xalq naminə əzmkar fəaliyyətinin hər bir mərhələsini izləmək, əslində, Azərbaycanın son yarım əsrlik tarixinin bələdçisi, cığırdaşı olmaq deməkdir. Həmin tarixə boylandıqca bu həqiqəti daha aydın dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini dəqiq görürük.
Əzəmətli tarixə çevrilmiş inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Ötən 15 ildə İlham Əliyevin rəhbərliyi ilə respublikamız ulu öndərin həyata keçməyən ideyalarını layiqincə gerçəkləşdirmək imkanı qazanıb.
11 aprel 2018-ci il seçkilərinin nəticələri Azərbaycan vətəndaşlarında gələcəklə bağlı nikbinlik və inamı daha da gücləndirib. Mütləq əksəriyyət bu qənaətdədir ki, müstəqil republikamızın güclü lideri, sabit və dayanıqlı inkişaf strategiyası var.
Bəli, Heydər ƏLİYEV yolu bundan sonrakı mərhələdə də Azərbaycanı daha böyük uğurlara, zəfərlərə aparacaq!
Fəttah HEYDƏROV,
Milli Məclisin Komissiya sədri,
Respublika Ağsaqqallar Şurasının sədri
Azərbaycan.-
2018.- 4 may.- S.1; 3.