Əbədiyaşar lider

 

Bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev xalqımızın nadir şəxsiyyətlərindən biri olaraq milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Bu günlərdə ulu öndəri tanıyan hər bir insan Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fıkir yürütməyə ehtiyac duyur. Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana həsr etmişdi! Onun böyüklüyünü illər keçdikcə daha dərindən dərk edirik.

Ümumiyyətlə, dövlətlərin və xalqların yüksəlişində şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Azərbaycan xalqı fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Bu mənada Azərbaycanın yeni və ən yeni tarixi böyük siyasətçi Heydər Əliyevin müəllifliyi ilə yaranıb. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın ən məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb.

Heydər Əliyev zaman etibarilə dövlətçilik tariximizin yalnız 34 ilinə sahiblik edir. Lakin əsrin üçdəbirini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu ideallar, niyyətlər, arzular gerçəkliyə çevrilib. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət tək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir. Azərbaycan əsrlər boyu əxz etdiyi idarəetmə ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını nümayiş etdirib.

Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışırdı. Böyük öndər hələ buradakı fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev az bir zaman içərisində Azərbaycanın ictimai-siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlillərdə “Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir?” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi.

Heydər Əliyevin diqqət çəkən idarəçilik keyfiyyətləri sırasında onun ən çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin belə situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskarı kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi məhz bu gerçəklikdən qaynaqlanırdı.

25 il əvvəl 1993-cü ilin iyununda başlatdığı xilaskarlıq missiyasının nəticəsi kimi Azərbaycan xalqı Heydər Əliyevi özünün rəhbəri seçdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Sonrakı mərhələdə ulu öndərin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquqi islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi.

Bu mənada 90-cı illərdə Heydər Əliyevin xilaskarlıq missiyasına sığınan Azərbaycan cəmiyyəti böyük liderin tarixi rolunu heç də təkcə ölkəni təhlükədən xilas etməkdə görmürdü. Xalq Azərbaycanın xilasını geniş planda, ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılması miqyasında nəzərdən keçirirdi. Başqa sözlə, Heydər Əliyevin xilaskarlıq missiyası dedikdə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatlar başa düşülürdü ki, bunların həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməzliyini tarixi həqiqətə çevirmiş olsun. Buna görə Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi həm də müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl, kəhkəşan fəaliyyətin təntənəsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması Azərbaycanın gələcək sürətli inkişafının əsasının yaradılması demək idi.

Heydər Əliyev müasir, sivil, demokratik dəyərlərə sahib, azad, müstəqil yaşayan bir milləti dünyanın diqqətinə çatdırdı. Heydər Əliyev bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadanmodern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan tam bir dövlət yaratdı! Nəticə etibarilə indi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir.

Göründüyü kimi, müasir Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırır, mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ötən əsrdə xalqımızın yetirdiyi belə nadir şəxsiyyətlərdən birincisi olan Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, istedadlı, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı - lider yetişdirmişdir.

Bəli, Heydər Əliyev elə bir siyasi məktəb yaratdı ki, onun sıralarından Heydər Əliyev kursunu, onun ideyalarını ləyaqətlə davam etdirə biləcək yeni lider yetişdi. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisad inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiqləyir.

Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır. Bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf tempinə görə dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi enerji-kommunikasiya, nəqliyyat layihələrinin əsas iştirakçısı statusunda çıxış edən ölkəmiz Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürüb. Azərbaycan insanının dəyişən gün-güzəranı, şəhər, kənd və qəsəbələrimizin abadlığı, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial problemlərin aradan qalxması, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqqın-ədalətin zəfəri bu günün gerçəkliyidir.

Beləliklə, ötən 15 ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə, ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə minnətdardır ki, İlham Əliyevi xalqımıza bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcək.

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 4 may.- S.5.