Gənclər və idman naziri Dünya Autizm Festivalında iştirak
edən uşaqlarla görüşüb
Mayın 3-də gənclər və
idman naziri Azad Rəhimov Dünya Autizm Festivalına (ANCA)
qatılan 15 nəfərlik xor və ritm kollektivinin üzvləri,
onların valideynləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gəncləri Türkiyədə keçirilən festivalda uğurlu iştirakları münasibətilə təbrik edən nazir Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının gənclərimiz üçün yaratdığı hərtərəfli imkandan bəhs edib. Nazir diqqətə çatdırıb ki, məhz Dövlət Proqramında sosial layihələrin həyata keçirilməsi bölümünün mövcudluğu daim bu səpkili layihələrə dəstəyin göstərilməsinə böyük təkan verir. Bu ilin sentyabrında Bakıda keçiriləcək Dünya Xüsusi Olimpiya Hərəkatı Forumu cəmiyyətin əqli imkanları məhdud olan gənclərə daha çox diqqət ayırmasına, bununla yanaşı, dünyada bu istiqamətdə həyata keçirilən yeni təşəbbüslərin öyrənilməsinə şərait yaradacaq. Nazir Azad Rəhimov görüş iştirakçılarını Bakıda keçiriləcək beynəlxalq tədbirdə də fəal iştirak etməyə həvəsləndirib.
“Birgə və Sağlam” İctimai Birliyinin autistlərdən ibarət 15 nəfərlik xor və ritm kollektivi bu il aprelin 23-27-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyənin Alanya şəhərində təşkil olunmuş II Dünya Autizm Festivalına (ANCA) qatılıb. Kanadanın ANCA Fondu və Türkiyənin OTİSİUM təşkilatı tərəfindən təşkil olunan festivala 12 ölkədən nümayəndələr qatılıblar. Festivalda müxtəlif ölkələrdə autizm sahəsində görülən işlər və fəaliyyət proqramı barədə təqdimatlar olub. Həmçinin festival çərçivəsində müxtəlif seminarlar, musiqi, rəsm, bir sıra idman yarışları da keçirilib.
Xor və ritm qrupunun üzvləri tamaşaçılara iki gün ərzində müxtəlif milli musiqi nümunələrimizi, eyni zamanda, fərdi qaydada qabiliyyətlərini nümayiş etdiriblər. Festivalda Azərbaycan haqqında ətraflı məlumat verilib, uşaqların ailələri tərəfindən hazırlanan şirniyyatlar müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.
Festivalın üçüncü günündə müxtəlif ölkələrin təmsilçiləri uzun məsafəyə qaçış marafonunda və velosiped yarışlarında iştirak ediblər.
“Birgə və Sağlam” İctimai Birliyinin kollektivi yüksək
fəallığına görə festivalın fəxri fərmanı
və medalları ilə təltif olunub.
Azərbaycan.-
2018.- 4 may.- S.7.