Xalq Rəssamı Tokay Məmmədov son mənzilə yola salınıb

 

Mayın 3-də Təzəpir məscidində Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, Xalq Rəssamı Tokay Məmmədovla vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev professor Tokay Məmmədovun vəfatını böyük itki kimi dəyərləndirib. Azərbaycan mədəniyyətində özünəməxsus yeri və xidmətləri olan görkəmli heykəltəraşın keçdiyi sənət yolunu xatırladan nazir deyib: “Paytaxtımızın bugünkü görkəminə istedadlı heykəltəraş böyük töhfələr verib. Biz hər dəfə Bakının küçələrindən keçəndə onun yaratdığı heykəllərlə qarşılaşacaq və onu xatırlayacağıq”.

Nazir, həmçinin Tokay Məmmədovun dahi şəxsiyyətlərin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirdiyini qeyd edib, heykəltəraşın son əsərlərindən biri olan Koroğlu abidəsini mükəmməl yaradıcılıq nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Tokay Məmmədovun Pyotr Sabsay, Fuad Əbdürrəhmanov, Cabbar Qaryağdı, eləcə də anası Zivər Məmmədova kimi sənətkarların yaradıcılıq yolunun layiqli davamçısı olduğunu söyləyib və onun uzun illər davam edən pedaqoji fəaliyyətindən, tələbkar və prinsipial xarakterə malik olmasından bəhs edib.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin ən istedadlı nümayəndələrindən olan Tokay Məmmədov haqqında danışarkən onun əsərlərinin rəhbərlik etdiyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin salonlarını bəzədiyini bildirib. Sənətkarın yaradıcılıq məziyyətlərindan danışan akademik Rafael Hüseynov Tokay Məmmədovun əsərlərində tarixin buya digər məqamının həkk olunduğunu qeyd edib. “Bakı Musiqi Akademiyasının qarşısında ucalan Üzeyir Hacıbəylinin heykəlini Tokay Məmmədovun şah əsəri hesab etmək olar. Hər dəfə həmin heykəlin qarşısından keçəndə həm də Tokay müəllimə salam vermiş olacağıq”, - deyə akademik vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev görkəmli heykəltəraşın yaradıcılıq və pedaqoji fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Ailə üzvləri adından sənətkarın oğlu Cahangir Məmmədov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Vida mərasimində çıxış edənlərin dediyi kimi, böyük sənətkarlar heç vaxt həyatdan getmirlər, onlar yaratdıqları əsərlərdə özlərini hissə-hissə, zərrə-zərrə yadigar qoyub gedirlər. Tokay Məmmədov da belə sənətkarlardan idi.

Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

 

Azərbaycan.- 2018.- 4 may.- S.11.