Xızı rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində
Xızı rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər
baş vermiş, əsas kapitala yönəldilmiş vəsait
113,8 dəfə, tikinti-quraşdırma
işləri 112,0 dəfə artmış, bir sıra
mühüm infrastruktur layihələri həyata
keçirilmiş, Xızı şəhərinin və 4
yaşayış məntəqəsinin içməli su təchizatı
sistemi yenidən qurulmuş, ümumi gücü 50 MVt olan “Yeni
Yaşma” Külək Enerji Parkı yaradılmış, Rayon
Mərkəzi Xəstəxanası, əlil və şəhid
ailələri üçün 16 mənzilli
yaşayış binası inşa edilmiş, təhsil, mədəniyyət
və digər sosialyönümlü obyektlər istifadəyə
verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı
abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Xızı rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi, o cümlədən yeni
ümumtəhsil məktəbi binasının tikintisi və
abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi
ilə qərara alıram:
1. Xızı şəhərində
1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni
binasının tikintisi və abadlıq-quruculuq işlərinin
davam etdirilməsi üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat,
o cümlədən 1 nömrəli tam orta məktəbin yeni
binasının tikintisi üçün Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon
(üç milyon səkkiz yüz min), abadlıq-quruculuq
işlərinin davam etdirilməsi üçün Xızı
Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 may 2018-ci il
Azərbaycan.- 2018.- 5 may.- S.5.