Ümumxalq məhəbbətinin ünvanı

 

Hər bir ölkəni dünyaya fərqli xüsusiyyətləri tanıdır. Elə ölkələr var ki, yerləşdiyi coğrafi ərazi ilə məşhurdur. Bəzi ölkələr malik olduğu təbii sərvətlərlə diqqət çəkir. Azərbaycanı cahana tanıdan isə bəşəriyyət tarixinin nadir şəxsiyyətlərindən olan qüdrətli dövlət xadimi, tarixdə şəxsiyyətin oynadığı böyük və həlledici rolun parlaq nümunəsinə çevrilən Heydər Əliyevdir.

Tarix boyu xalqlar öz qüdrətli oğulları ilə öyünür, qürur duyurlar. Uzun illərdir ki, Heydər Əliyevin siyasi kursu bizi aydın sabahlara qovuşdurur. Onun parlaq ideyaları bütöv bir xalqın ilham mənbəyinə çevrilmişdir. O dahi insanın göstərdiyi yol dövlətimizi, xalqımızı zamanın fırtınalarından uğurla çıxarıb zirvələrə aparır. O, bütün şüurlu həyatını doğma xalqının xoşbəxtliyi, qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin var olması, dünyaya günəş kimi doğması uğrunda mübarizəyə həsr etmişdir. Ümummilli lider Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevir, insanlarla isti təmasdan, səmimi görüşlərdən sanki tükənməz enerji alırdı. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevə ümumxalq məhəbbətinin əsasında duran bu amil xüsusi rola malik idi.

Ulu öndər sovet hakimiyyəti zamanında Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi olarkən daim respublikanın bölgələrinə səfərlər edər, insanlarla başında, tarlalarda, fermalarda, fabrikzavodlarda görüşərdi. Heydər Əliyevin o dövrdə Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqət, müdrikliklə həyata keçirdiyi uzaqgörən siyasət illər sonra gözlənilən bəhrəsini verməkdədir. Cəsarətlə demək olar ki, bu gün Azərbaycanın malik olduğu güclü kadr potensialı məhz o dövrdə Heydər Əliyevin gənclərə göstərdiyi qayğı və diqqətin məntiqi nəticəsidir. O zaman dövlət səviyyəsində, şəxsən respublikanın rəhbəri Heydər Əliyevin xeyir-duası ilə yüzlərlə gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. İndi mühüm dövlət postlarında çalışanların, respublikanın idarə edilməsində fəal iştirak edənlərin əksəriyyəti məhz o illərdə ali təhsil alanlardır.

XX əsrin 70-ci illərində Azərbaycan əsl intibah dövrünü yaşayırdı. Elmin, mədəniyyətin yüksəlişinə böyük önəm verilir, xalq təsərrüfatının bütün sahələri dinamik şəkildə inkişaf edirdi. Bakıda, Sumqayıtda, Gəncədə nəhəng fabrikzavodlar qurulur, ağır və yüngül sənayenin inkişaf potensialı sürətlə artırdı. Ölkədə davamlı inkişafa nail olmaq üçün ulu öndər kənd təsərrüfatının dirçəldilməsinə də böyük önəm verirdi.

Pambıqçılığın və üzümçülüyün inkişafı üçün dövlət səviyyəsində qəbul edilən qərarlar məhz kənd təsərrüfatının inkişafına, əhalinin faydalı məşğulluğunun təmin edilməsinə, onların firavan həyatına, xoş güzəranına xidmət edirdi. Uğurla reallaşan genişmiqyaslı meliorasiya tədbirləri hektarlarla istifadəsiz torpaq sahələrini əkin dövriyyəsinə daxil etməyə imkan yaradır, yeni ehtiyat mənbələrindən bacarıqla istifadə olunması üçün kənd təsərrüfatının inkişafına stimul verirdi. Beləcə pambıq tarlalarının, taxıl zəmilərinin, üzüm bağlarının əraziləri sürətlə genişlənir, demək olar ki, kəndlərdə əmək qabiliyyətli bütün əhali yerləri ilə təmin olunurdu. Ulu öndər Heydər Əliyevin düşünülmüş uğurlu aqrar siyasəti sayəsində Azərbaycanda pambıq istehsalı 1 milyon ton səviyyəsinə çatdırıldı. Pambıqçılığın məqsədyönlü şəkildə inkişaf etdirilməsi ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, kəndlərdə yeni istehsal münasibətləri formalaşdırır, güzəranı, dolanışığı müqayisəedilməz dərəcədə sürətlə yaxşılaşan kənd əhalisinin ürəyində onu günlərə çıxaran sevimli rəhbərə - ulu öndər Heydər Əliyevə möhtəşəm məhəbbət abidəsi ucaldırdı.

Heydər Əliyevin mənalı həyat yolu bütün ömrü boyu azərbaycançılıq ideyasına yenilməz sədaqəti vətənini, xalqını sevən hər kəs üçün canlı örnəkdir, parlaq nümunədir. Ulu öndər Moskvaya dəvət alıb SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunanda qəlbimiz qürurla döyünürdü. Çünki bir azərbaycanlı oğlu dünyanın fövqəlgüc mərkəzi hesab edilən SSRİ-nin ürəyində, Kremldə əyləşərək Sovet İttifaqı kimi böyük və qüdrətli bir dövlətə rəhbərlik edən şəxslər sırasında idi. Bu, hər bir azərbaycanlı üçün son dərəcə qürurverici idi. Şübhəsiz ki, o hisləri yüz minlərlə, milyonlarla azərbaycanlı yaşayıb. Heydər Əliyev harada olmağından, hansı vəzifədə çalışmağından asılı olmayaraq hər zaman doğma xalqını düşünür, Azərbaycanla nəfəs alırdı. Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi onun siyasiictimai fəaliyyətinin əsas istiqaməti olaraq hər zaman dəyişməz qalırdı. Nankor, xain və məkrli qonşularımız olan ermənilər əsrlər öncə də, bu gün də Azərbaycan torpaqlarını işğal etmək, özününküləşdirmək istəyində olub. Təəssüf ki, tarixin müxtəlif zamanlarında onlar bu bəd niyyətlərini həyata keçirməyə çalışıblar. Onlar bu istəklərini reallaşdırmaq üçün hiyləgərliklə əlverişli məqam gözləyiblər. Nə zaman ki Azərbaycanda siyasi hakimiyyət zəif olub, onda ermənilərin iynəsi tikiş tutub. Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Dəmirçiyanın sonralarKomsomolskaya pravda” qəzetində dərc olunmuş bir müsahibəsində bu fikir öz təsdiqini tapır. Müxbirin sualına cavab olaraq Dəmirçiyan deyir ki, erməni millətçilərinin Qarabağ istəyi həmişə olub. Heydər Əliyevin SSRİ rəhbərliyində böyük nüfuz sahibi olması sadəcə bu istəyi uzun zaman ərzində açıb-ağartmağa imkan vermirdi. Dəmirçiyan sözünə davam edərək deyir ki, “erməni millətçiləri, - onların arasında tanınmış ziyalılar, dövlət xadimləri, ictimai fəallar da vardı, - mənə davamlı təzyiq göstərirdilər ki, ölkə rəhbərliyinə Qarabağla bağlı müraciət edim. Mən çıxılmaz vəziyyətdə qalıb bu addımı atdım. Müraciətimin cavabı tərs şapalağa çevrildi. Dedilər ki, nə qədər Heydər Əliyev vəzifədədir, Qarabağı xəyalınızdan belə keçirməyin”. Bu, düşmənimizin illər sonra dilə gətirdiyi açıq etirafı idi. Bax, Heydər Əliyevin böyüklüyü, qüdrəti ondaydı ki, kimsə cəsarət edib Azərbaycanın əleyhinə bir kəlmə söz danışa, düşmənçilik niyyətini büruzə verə bilməzdi. Heydər Əliyev həm də güclü vətənpərvər, öz xalqının, ölkəsinin maraqlarını hər şeydən üstün tutan, öz haqq səsini ucaldan böyük azərbaycanlı idi. Heydər Əliyev imperiya qüvvələrinin Bakıda törətdiyi 20 Yanvar faciəsinə biganə qalmamaqla bunu bir daha nümayiş etdirdi və belə bir ağır gündə, zamanda xalqın yanında olmağa qərar verdi.

Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Orada beynəlxalq informasiya agentliklərinə verdiyi müsahibədə 20 Yanvar faciəsini törədənlərin, SSRİ rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirdi. Bundan sonra Kommunist Partiyasının sıralarında qala bilməyəcəyini uca səslə bütün dünyaya bəyan etdi. Heydər Əliyevin Azərbaycan nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı bəyanat verməsi sözün həqiqi mənasında böyük cəsarət tələb edirdi. Belə bir addımı yalnız o böyük insan ata bilərdi. O bəyanat Bakıda sovet ordusunun törətdiyi faciə, tökülən nahaq qanlar barədə bütün dünyaya, beynəlxalq aləmə ünvanlanan ən doğru, ən obyektiv məlumat idi. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdandan sonra da böyük siyasi iradə nümayiş etdirərək 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinə nail oldu.

Zaman ən böyük hakimdir deyirlər. İllər ötdükcə, zaman keçdikcə Heydər Əliyev unikal bir tarixi şəxsiyyət, müdrik siyasətçi kimi xalqın gözündə ucalır, müqəddəsləşir, cəsarətli və uzaqgörən milli liderə çevrilirdi. Azərbaycan səmasından qara buludlar isə çəkilmək bilmirdi. Sovet imperiyasının caynaqlarından böyük qurbanlar bahasına xilas olub, müstəqilliyini yenicə elan etmiş Azərbaycan nankor qonşularımızın başladığı ədalətsiz müharibəyə cəlb edilmişdi.

Ordusu, silahı, güclü və qətiyyətli rəhbəri olmayan xalq hiyləgər düşmən qarşısında çox zəif və ümidsiz bir durumdaydı. Ayrı-ayrı silahlı dəstələr isə vahid komandanlığa deyil, müxtəlif siyasət dəllallarının maraqlarına xidmət edirdi. Maraq isə, təəssuf ki, ölkənin ərazi bütövlüyünü qorumaq, Qarabağı erməni daşnaklarının müdaxiləsindən xilas etmək deyil, “meydan qəhrəmanları”nı hakimiyyətə gətirmək idi. Bütün ölkəni bürüyən milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gələn AXC-Müsavat iqtidarı üzləşdiyi çox ciddi problemlər qarşısında aciz bir duruma düşdü. Təbii ki, dövləti meydan psixologiyası ilə idarə etmək mümkün deyildi. Onlar isə başqa yol bilmirdilər. Qarabağda yanan ocaq sürətlə böyüyür, erməni silahlıları bir-birinin ardınca Azərbaycan kəndlərini, qəsəbələrini işğal edir, odlara qalayıb viran qoyurdu. Bakıda isə hakimiyyət davası gedirdi. Vəzifə kreslosu uğrunda mübarizə amansız xarakter almışdı. İş o yerə çatmışdı ki, hərbi texnika və düşmənlə döyüşən canlı qüvvə cəbhə xəttindən çıxarılaraq Bakıya gətirilib Milli Məclisin binasını mühasirəyə almışdı. Özlərinə kütləvi şəkildə “bəy” titulu vermiş “millət qəhrəmanları”nın nəyə qadir olduğu göz qabağındaydı. Azərbaycan adlı gəmi sanki güclü bir fırtınaya düşmüşdü. Böyük dalğalar onu oyuncaq kimi atıb-tuturdu. Bu gəmi hər an qayalara çırpılıb məhv ola bilərdi. Müstəqil Azərbaycan dövləti ölüm-qalım dilemması ilə üzləşmişdi. Ölkəni bürüyən xaos getdikcə dərinləşir, anarxiya bütün ölkəni bürüyürdü. Yeni hakimiyyətə gələn iqtidarda təhlükəli qruplaşmalar yaranır, dövlət maraqları qrup maraqlarına qurban verilirdi. Bu maraqların hədəfində xalqın qüdrətli oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevi ölkənin ictimai-siyasi həyatından təcrid etmək, bütün vasitələrlə onun siyasi fəaliyyətinə meydan verməmək də dayanırdı. Təbii ki, Heydər Əliyev öz xarakterinə, fəal vətəndaş mövqeyinə, ən başlıcası isə övladı olduğu doğma xalqını gözləyən böyük təhlükələrə biganə qala bilməzdi. Ulu öndər ölkədə yaranmış ağır durumu uzaqgörənliklə qiymətləndirərək vətənpərvər qüvvələrin təşkilatlandırılmasına qərar verdi. Bu, o zaman idi ki, ölkə qaynar qazana bənzəyirdi. Hakimiyyətə itaətsizlik, vətəndaş qarşıdurması kütləvi xarakter alır, siyasət dəllalları meydan sulayırdı. Belə bir mürəkkəb dövrdə Heydər Əliyevin təşəbbüsü, xeyir-duası ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Ancaq ulu öndərin ölkəni ağır durumdan çıxarmaq üçün düşünülmüş ən doğru siyasi qərarını ovaxtkı iqtidar kəskin etirazlarla qarşılayırdı. Bu yeni siyasi hərəkata qoşulmaq istəyənlər dövlət qurumlarının ciddi təzyiq və təhdidləri ilə üzləşir, incidilir, işdən çıxarılırdı. O zaman YAP Bərdə rayon təşkilatının təsis yığıncağını pambıqçılıq texnikumunda keçirdik. Sonra bundan xəbər tutan rayon rəhbərliyi, hüquq mühafizə orqanları bizə qarşı kəskin tədbirlər görməyə başladılar. Ayrı-ayrı fəallar işdən çıxarılsalar da, müxtəlif formalarda hədələnib cəzalandırılsalar da, sıramızdan heç kimi əqidəsindən döndərmək mümkün olmadı. Bərdəlilərin Heydər Əliyevə sonsuz məhəbbəti sayəsində davamlı hədə-qorxulara baxmayaraq, bizə qoşulan yeni fəallar hesabına sıralarımız sürətlə sıxlaşır, Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının ən mübariz dəstələrindən birinə çevrilirdi. Yeni Azərbaycan Partiyasının təşəkkül prosesi paytaxt Bakıda da, bölgələrdə də müxtəlif süni əngəllərlə üzləşsə də, qüvvətli bir təkanla hərəkətə başlayan güclü lokomotiv arxasınca böyük bir eşelonu sürətlə çəkib aparırdı. Yol doğru, niyyət aydın idi. İllər sonra ən böyük hakim olan zaman Yeni Azərbaycan Partiyasının həqiqətən dünənin, bugünün və sabahın partiyası olduğu barədə Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikri təsdiq etdi.

Heydər Əliyevə sonsuz ümumxalq məhəbbətinin əsasında onun nurlu zəkaya, ən yüksək intellektual səviyyəyə, böyük cəsarətə, çox mürəkkəb situasiyalarda ən doğru qərar çıxarmağa qadir olması, vətəninə, xalqına, qırılmaz tellərlə bağlılığı, sadəliyi, səmimiliyi və qayğıkeşliyi dayanırdı.

İllər ötdükcə Heydər Əliyevin vətənə, xalqa təmənnasız xidmətdə keçən mənalı ömrü yeni dəyər qazanır, onun hər zaman yolumuzda nurlu mayak olan ideyaları bizi qələbədən-qələbəyə aparır. Xalqın israrlı tələbiylə yenidən Azərbaycan hakimiyyətinə qayıdan Heydər Əliyev şərəfli xilaskarlıq missiyasının şəriksiz müəllifi oldu. O böyük tarixi qayıdış sayəsində Azərbaycan dövləti məhv olmaq, parçalanıb tarix səhnəsindən silinmək təhlükəsindən xilas oldu. Azərbaycanı parçalamağa hesablanan qondarma talış-Muğan respublikası yaratmaq istəyənlərin qarşısı alındı. “Sadval”çılar susduruldu. Ulu öndər Gəncədə başlayan silahlı qiyamın, bütün ölkəni bürüyən qardaş qırğını təhlükəsinin qarşısını aldı. Milli ordu quruculuğu yolunda atılan inamlı addımlar, ayrı-ayrı şəxslərə xidmət edən batalyonların ləğv edilməsi xalq tərəfindən məmnunluqla qarşılandı. Heydər Əliyev Qarabağ savaşında atəşkəsin qüvvəyə minməsinə razılıq verməklə əslində yeni ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən mərhələli işğalı prosesini dayandırdı. Bununla da güclü, qüdrətli milli ordu yaratmaq üçün zəruri olan vaxt qazanıldı. Zaman bu addımın da doğru olduğunu təsdiq etdi. Qürurvericidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Milli Ordumuz 2016-cı ilin Aprel döyüşlərində şanlı tarix yazaraq strateji əhəmiyyətə malik yüksəklikləri, xeyli ərazini işğaldan azad etdi, düşmənin çox sayda döyüş texnikası, 200 nəfərdən çox canlı qüvvəsi məhv edildi.

Heydər Əliyevin dahiliyi həm də ondaydı ki, qüdrətli, müstəqil dövlət qurmaq üçün güclü iqtisadiyyatı vacib şərt sayır, bu istəyinə nail olmaq üçün siyasi təcrübəsindən, beynəlxalq aləmdəki şəxsi nüfuzundan bacarıqla istifadə edirdi. Heydər Əliyevin təşəbbüsü ilə dünyanın məşhur neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatında başlayan intibah dövrünün etibarlı bünövrəsinə çevrildi. Məhz imzalanan bu tarixi müqavilə sayəsində ölkə iqtisadiyyatı dirçəldi. Genişmiqyaslı quruculuq işlərinə start verildi, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsinə geniş imkanlar açıldı.

Bu gün xalqımızın öz ümummilli liderinə olan böyük məhəbbətinin bir əsas səbəbi də odur ki, özündən sonra bu xalq, bu dövlət üçün çox qiymətli bir varis qoyub. Ulu öndər deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün biz məmnunluq və qürur hissi ilə ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin necə uğurla doğrulduğunun xoşbəxt şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı, ictimai-siyasi sabitlik adası olmağı, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir. Doğma vətənimiz Azərbaycan başdan-başa yenidən qurulur. Paytaxt Bakı ilə bərabər bölgələr də sürətlə abadlaşır, dəyişib gözəlləşir.

Ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasi kursunun mühüm bir istiqaməti də iqtisadi islahatlarla bağlıdır. Dövlət başçısı ölkə iqtisadiyyatının inkişafına xidmət edən mühüm tədbirlərlə yanaşı, aqrar sektorun, xüsusilə kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsinə böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin uğurlu nəticəsi Ağcabədi rayonunun timsalında da özünü qabarıq göstərir. Keçən il rayon zəhmətkeşləri 9.550 hektar sahədə bol məhsul yetişdirmiş, 20.497 ton qızıl” istehsal etmişlər. Hər hektarın orta məhsuldarlığı 21.5 sentner olmuşdur ki, bu da respublikada yüksək göstəricilərdən sayılır. İndi cari ilin bol məhsulu üçün etibarlı bünvövrə qoyulur. Keçən il 17 ton barama istehsal edən kümçülər bu il nailiyyətləri daha da artırmaq əzmindədirlər. Son on beş ildə Ağcabədi kəndlisi dövlətin davamlı qayğısından güc alaraq kənd təsərrüfatı məhsulları istehsalının ildən-ilə yüksələn templə artmasını təmin etmişdir. Bu gün Ağcabədi ölkənin inkişaf etmiş müasir aqrar sənaye mərkəzlərindən birinə çevrilmişdir.

Hər zaman Heydər Əliyev siyasi kursuna sədaqətli olan ağcabədililər 11 aprel prezident seçkilərində yüksək mütəşəkkillik, siyasi fəallıq nümayiş etdirərək bu kursun layiqli davamçısı olan İlham Əliyevə yekdilliklə səs verdilər. İndi ağcabədililər hələ də ötən prezident seçkilərinin uğurlu yekunlarından doğan xoş ovqatı yaşayırlar.

Həyatının mənasını xalqa ləyaqətlə xidmət etməkdə görən ulu öndər vaxtilə belə deyirdi: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu günbir yerdədir, sabah da bir yerdə olacaqdır”. Heydər Əliyev həmişə bizimlədir. Ümumxalq məhəbbətinin dəyişməz ünvanı olan Heydər Əliyevin ömrü min illər boyu var olmuş, bundan sonra da dünya durduqca var olacaq bir xalqın ömrü qədərdir.

 

Şahin MƏMMƏDOV,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2018.- 5 may.- S.1; 7.