Qəlblərdə Heydər Əliyev sevgisi var

 

Tarixin taleyüklü məqamlarında, vətən ağır sınaqlarla üz-üzə qalanda xalqın xilaskarı olmaq vəzifəsinin böyük tarixi şəxsiyyətlərin üzərinə düşməsi danılmaz bir həqiqətdir. Həmin tarixi şəxsiyyətlərin ki, onlar bütün varlıqları ilə doğma vətənə, millətə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərin ən görkəmli nümayəndələrindən biri də Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevdir. Dünyanın ən qüdrətli siyasətçiləri, ən məşhur simaları sırasına yüksələn ulu öndər ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı, uğurlu çıxış yolu tapmaq bacarığına, istedadına malik fenomenal şəxsiyyət, lider, rəhbər kimi hər birimizin qəlbində yaşayır və daim yaşayacaqdır.

Düz 95 il bundan əvvəl qədim Naxçıvan torpağında dünyaya göz açmış Heydər Əliyevin böyük ürəyi həyatının bütün dövrlərində həmişə Azərbaycan xalqı üçün döyünmüş, o dahi şəxsiyyət vətənə xidməti özünə daim borc bilmişdir. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunanda ölkəmiz keçmiş ittifaqın respublikaları içərisində ən aşağı iqtisadiyyata malik, geridə qalmış bir əyalət statusunda idi. Dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində qısa müddətdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə çox sürətli inkişafa nail olundu. 1969-1982-ci illərdə Azərbaycan keçmiş ittifaqda geridə qalan əyalətdən qabaqcıl respublikaya çevrildi.

Neft sənayesindəki tərəqqini xüsusi qeyd etmək lazımdır. O zaman quru sahələrdə və Xəzər şelfində hasilat azaldığından dənizin daha dərin hissələrində kəşfiyyat və qazma işlərinə böyük zərurət yaranmışdı. Lakin Moskvada özünə yuva qurmuş mənfur millətin nümayəndələri bu işlərə əsaslı maneələr yaradır, Xəzərin dərinsulu hissəsində neft olmaması barədə mifi getdikcə şişirdirdilər. Belə bir mürəkkəb şəraitdə yüksək vəzifə tutan erməni quldur dəstəsinə qarşı təkbaşına mübarizəyə qalxan Heydər Əliyev onlar üzərində parlaq qələbə çaldı və dənizin dərin qatlarında kəşfiyyat və qazma üçün lazımi miqdarda maliyyə vəsaitlərinin ayrılmasına nail oldu. Nəticədə neft donanması üçün onlarla gəmi alındı, Bakı Dərin Dəniz Özülləri Zavodu tikildi, Xəzərdə onlarla platforma quruldu, “Günəşli”, “Azəri”, “Çıraq” kimi unikal yataqlar kəşf edildi və Azərbaycanın neft sənayesinin həm ozamankı, həm də indiki sürətli inkişafının möhkəm bünövrəsi qoyuldu.

Eyni zamanda qeyri-neft sektorunun - kənd təsərrüfatı, kimya sənayesi, energetika və digər sahələrin inkişafının təməli qoyuldu. Kadr potensialını möhkəmləndirmək məqsədilə yüzlərlə gənc keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Heydər Əliyevin böyük uzaqgörənliklə açdırdığı hərbi təyinatlı məktəblərin məzunları bu gün Milli Ordumuzun zabit heyətinin əsasını təşkil edirlər. Və ən əsası, Heydər Əliyevin dövründə bütün təzyiqlərə baxmayaraq, vətənimizin bir qarış torpağı da mənfur ermənilərə güzəştə gedilmədi. Təsadüfi deyil ki, Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan müşavirələrin birində ətrafındakılara demişdi ki, “...nə qədər Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi və mübahisəli torpaq, ərazi iddiası qaldırmayın. Bunu birdəfəlik yaddan çıxarın”.

Daha sonra Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələr tutan Heydər Əliyev üçün hakimiyyət məqsəd deyildi, dövlətinə, xalqına, ona etimad bəsləyənlərə xidmət vasitəsi idi. 1982-1987-ci illərdə təkcə azərbaycanlıların deyil, Orta Asiya türkdilli respublikalarının, tarixi köklərini, milli varlığını itirmək təhlükəsi qarşısında qalan tatarların, başqırdların, qaraçaylıların, qaqauzların və digər azsaylı xalqların da taleyüklü maraqlarının müdafiəçisi oldu Heydər Əliyev. Bu səbəbdən də o, türk xalqlarına, qeyri-ruslara qarşı şovinist, millətçi, qərəzli münasibəti ilə seçilən, erməni kapitalının əsirinə çevrilmiş Mixail Qorbaçovun və dünya ermənilərinin ardıcıl hücumlarına məruz qaldı, ətrafdakı hiyləgər, namərd düşmənlərin bitmək-tükənmək bilməyən məkrli planları ilə üz-üzə gəldi. Dahi şəxsiyyət çirkin hərəkətlərə nə qədər sərt reaksiya göstərsə də, özünəməxsus cəsarət və yenilməzlik nümayiş etdirsə də, demək olar, təkləndi və 1987-ci ilin oktyabrında tutduğu yüksək vəzifədən istefa verməyə məcbur oldu.

Məhz bundan sonra müasir Azərbaycanın tarixində mürəkkəb bir dövr başlandı. Həmin dövrdə Sovet İttifaqının dağılması prosesi getdi, bu prosesdə bütün ittifaq respublikaları iştirak etdi, hər biri müstəqillik qazandı. Çox təəssüf ki, Azərbaycan həmin prosesdə ən çox faciələrlə rastlaşan, itkilər verən ölkə oldu. Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olundu, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. BMT Təhlükəsizlik Şurasının ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalını təsdiq edən və torpaqların dərhal azad edilməsini tələb edən qərar və qətnamələri hələ də icra olunmamış qalır.

Bu faciələr ona görə baş verdi ki, rəhbərlikdə Azərbaycanın müstəqillik ərəfəsində və müstəqilliyinin ilk illərində yaşadığı müsibətlərin, çətinliklərin qarşısını ala biləcək dahi şəxsiyyət yox idi. Bu səbəbdən sahibsiz qalan ölkə bu qədər faciələrlə üzləşdi. Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Ölkə qardaş qırğınının, uçurumun kənarında idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycana qayıtması ilə fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin yaraları sağalmağa başladı. Müdrik, ağıllı siyasəti ilə Heydər Əliyev birinci növbədə Azərbaycanın müstəqilliyini itirməsinə yol vermədi. Müstəqilliyi əldə etmək azdır, əsas məsələ onu qoruyub saxlamaqdır ki, bu taleyüklü vəzifənin də öhdəsindən məhz Heydər Əliyev gəldi.

Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Bu gün fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz ulu öndər Heydər Əliyev olmuşdur. Bu gün biz qürurla deyirik ki, var imzası millətimin imzalar içində - bunun üçün də biz Heydər Əliyevə borcluyuq!

Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdir. Bu böyük dövlət adamının irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. O, bu millətin övladlarına azərbaycançılıq ideyasını təlqin etmişdir. Heydər Əliyev dühasının məhsulu olan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin gerçəkləşməsi, ölkəmizə milyard dollarlarla xarici sərmayənin gəlməsi dövlətimizin iqtisadi qüdrətinin əsasını qoymuşdur. Heydər Əliyevin milli ordu quruculuğu sahəsində atdığı addımların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən güclü əlliliyinə daxil olmuşdur. Ümumiyyyətlə, xalqımızın bu qüdrətli oğlunun dövlətimiz üçün, millətimiz üçün gördüyü işləri, onun titanik fəaliyyətinin nəticələrini nəinki bir qəzet yazısına, heç onlarla kitaba da sığışdırmaq mümkün deyil...

Ömrünün son günlərində isə ulu öndər xalqımıza daha bir xeyrxahlıq etdi - öz siyasi varisini bizə ərməğan etdi. Onun siyasi və mənəvi keyfiyyətləri haqqında müdrik sözlər deyən Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, azərbaycançılığın inkişafında da cənab İlham Əliyevin uğurlara imza atacağını qətiyyətlə bildirdi.

Ümummilli lider Heydər Əliyevin cənab İlham Əliyev haqqında dediyi sözlərin böyük bir həqiqət olduğu bu gün real həyatda öz təcəssümünü tapır. Son 15 ildə Azərbaycan iri addımlarla irəliləyib, möhtəşəm uğurlara imza atıb. Ölkə iqtisadiyyatı dünya dövlətləri üçün rekord həcmdə - 3,2 dəfə artıb, iqtisadiyyata 230 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycan dövlətinin qüdrəti və beynəlxalq nüfuzu artıb.

2016-cı ilin Aprel döyüşlərində mənfur düşmənə endirilən sarsıdıcı zərbə, işğaldan azad olunaraq yenidən qurulan, Böyük qayıdışın başlanğıcı sayılan Cocuq Mərcanlı qəhrəman Azərbaycan Ordusunun döyüş şücaətinin unudulmaz səhifəsi, Prezident İlham Əliyevin uğurlu siyasətinin parlaq nümunəsidir. Təkcə 2017-ci ilin uğurlarına fikir verək: mühüm geostrateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənilməsinin 2050-ci ilədək uzadılması, mühüm hadisə olan iki milyard ton neftin hasil olunması, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin açılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın ilin ən böyük idman hadisəsi - IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etməsi və sair...

Aqillər deyir ki, həqiqət müqayisədə aydın olur. Bu yaxınlarda iki qonşu ölkədə - Azərbaycanda və Ermənistanda seçkilər keçirildi. Azərbaycanda cənab İlham Əliyev prezident seçkilərində 86,03 faiz səslə qalib oldu, Ermənistanda isə xuntanın seçdiyi Serj Sarkisyanı xalq biabırçılıqla qovdu. Bir tərəfdə xalqın sevgisini, məhəbbətini qazanmış İlham Əliyev, digər tərəfdə xalqının nifrətinə layiq görülmüş Serjik. Bir tərəfdə çiçəklənən, tərəqqi edən, uğurlu gələcəyə inamla addımlayan Azərbaycan, o biri tərəfdə çökən, süqut edən, səfillik içində yaşayan, dilənçiliklə dolanan işğalçı Ermənistan! Bax budur Heydər Əliyev siyasətinin, Heydər Əliyev dühasının təntənəsi!

“Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik” deyən ulu öndərin izləri, əməlləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində, hər guşəsində görünür. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var: o da ölkədə Heydər Əliyev yolunun, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsidir. Həmişə azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevin həyat yolu, vətən sevgisi hər bir azərbaycanlı üçün böyük bir örnəkdir. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki Odlar yurdu Azərbaycan var olacaqdır, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!

 

Hikmət ŞİKAROV,

YAP Pirallahı rayon təşkilatının sədri

 

Azərbaycan.- 2018.- 5 may.- S.9.