Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulur, sakinlərin keyfiyyətli və fasiləsiz içməli su təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Respublikamızın mühüm aqrar-sənaye və turizm potensialına malik rayonlarından sayılan Xaçmazda əhalinin içməli sukanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2012-ci ildə başlanmış “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli sukanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Bu su mənbəyində aparılan laboratoriya analizləri suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə çatdırılıb, hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunubsu mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətti çəkilib. Anbarlarda toplanan su ehtiyatının həcminə, eləcə də suyun bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə onlayn rejimdə nəzarət edilir.

Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evinobyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Bina-kimlik layihəsi baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, yaranacaq fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba, Qusar şəhərlərinin, həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı suları təmizlənib kənarlaşdırılacaq.

Layihə çərçivəsində Regional Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Yeni layihənin icrasınadək Xaçmaz şəhərində 1950-1970-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhər əhalisinin yalnız 40 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin edilirdi, kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşmüşdü.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq bu şəhərlərdə sukanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Layihənin sonuncu mərhələsində tullantı sutəmizləyici qurğuların inşası həyata keçiriləcək.

Ümumilikdə 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. Bu şəhərlərin 25-də sukanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin inşası yekunlaşdırılıb. Bu ilin sonuna qədər daha bir neçə şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2018.-5 may.- S.3.