İnsan alverinə qarşı mübarizə effektiv
nəticələr verir
Milli Məclis
İnsan Alverinə Qarşı Mübarizə üzrə
Milli Koordinatorun illik məlumatını müsbət qiymətləndirdi
Milli Məclisin dünənki plenar iclası Prezident İlham Əliyevin parlamentə bir məktubla göndərdiyi 4 məsələnin müzakirəsi ilə öz işinə başladı. Sənədləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi.
Ombudsmanın, deputatların və hakimlərin
maaşı artırılır
Komitə sədri bildirdi ki, İnsan hüquqları üzrə müvəkkil haqqında, Milli Məclisin deputatının statusu haqqında, Konstitusiya Məhkəməsi haqqında, Məhkəmələr və hakimlər haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə edilən dəyişikliklər Ombudsmanın, Milli Məclis deputatlarının, Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir.
İlk sənədə edilən dəyişikliyə əsasən ombudsman 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq. İndiyə qədər isə bu rəqəm 2025 manat idi.
“Milli Məclisin deputatının statusu haqqında” qanuna edilən dəyişikliyə əsasən, parlamentin Sədri 2475 manat (indiyədək 2250 manat olub), Sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis Sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), parlamentin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1856, deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
“Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat olacaq. Onun maaşı 2120 manat idi.
“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliyə əsasən isə, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.
Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirdi ki, başqa ölkələrlə müqayisədə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının maaşları qat-qat aşağıdır. Buna baxmayaraq, dəyişiklik müsbət qiymətləndirilməlidir.
Parlamentə bir məktubla daxil olan 4 sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İnsan alverinə qarşı mübarizədə ciddi addımlar atılır
İclasda daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Kordinatorun illik məlumatını təqdim etdi.
Bu sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açan məruzəçi vurğuladı ki, 2017-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilib. Cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub. Maarifləndirmə işləri, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib. Gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Sosial şəbəkələrdə ictimai mənəviyyata zidd, yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq baxılması üçün Prezident Administrasiyasına təqdim edilib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası diqqətdə saxlanılıb. Ötən il ərzində ölkəmizdə 80 mindən çox yuxarı sinif şagirdi və onların valideynləri ilə, həmçinin bir sıra ali məktəblərin tələbələri ilə görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların və gənclərin insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub.
Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər.
Hazırda insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin saxlanılması və inkişaf etdirilməsi, insan alveri təhlükəsi barədə maarifləndirmə işinin daha məqsədyönlü aparılması və digər mühüm vəzifələr ölkə qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdirilir.
Maarifləndirmə tədbirləri müsbət nəticələr
verir
Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT Koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik DİN tərəfindən mükafatlandırılıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub.
Ötən ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə qanunsuz hərəkətlərə görə 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər (66 qadın və 5 kişi) müəyyənləşdirilib. İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb.
Bütövlükdə sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə 68 qurban QHT-lərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müvafiq Yardım Mərkəzinə istiqamətləndirilib. 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb.
Qeyd edək ki, insan alveri dünya üzrə kriminal biznesin ən mənfəətli növlərindən olmaqla il ərzində 32 milyard dollara yaxın gəlir gətirir və hər il dünyada 2,5 milyon şəxs insan alverinin qurbanına çevrilir.
Bu acı reallıqla mübarizə aparmaq, təhlükələri qabaqlamaq üçün müasir dünyada hər bir ölkə kimi Azərbaycan da öz potensialından maksimum istifadə edir.
Avropada miqrantlar konslagerlərdə saxlanılırlar
Müzakirələr zamanı çıxış edən deputatlardan Fazil Mustafa, Zahid Oruc, Fəzail Ağamalı, Sahib Alıyev bildirdilər ki, son illər dövlət tərəfindən bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir, mütərəqqi dəyişikliklər edilir. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumların, beynəlxalq təşkilatların nümayəndəliklərinin, ali məktəblərin yaxından iştirak etməsi müsbət nəticələr verir. Azərbaycanda hüquq mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlə bu məsələnin həlli istiqamətində xeyli irəliləyişlər var.
Parlamentin İctimai
birliklər və dini qurumlar
komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək dedi ki, əgər hər
hansısa ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri,
narkotik dövriyyəsi, uşaqların əməyə
cəlb olunması baş alıb gedəcək,
qanunvericiliyin pozulması nəticəsində
bu məsələlər daha da genişlənəcək.
Azərbaycan isə bu məsələlərə
görə nümunəvi ölkələrdəndir.
Komitə sədrinin fikrincə, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqayisədə qat-qat çoxdur. Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar.
Azərbaycana qara yaxanlar
qanun qarşısında cavab
verməlidirlər
Siyavuş Novruzovun sözlərinə görə, Avropadakı bu cür acınacaqlı duruma baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub. Siyavuş Novruzov vurğuladı ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər.
S.Novruzov Avropada Azərbaycan əleyhinə çıxışlar edən bəzi şəxslərin çirkin əməllərindən də danışdı. Komitə sədri dedi ki, Avropada Azərbaycanın əleyhinə çıxış edən bir qrup insanla bağlı müvafiq tədbirlər görülməlidir: “Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər”.
Çıxışlardan sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul edildi.
Qəbiristanlıq əraziləri bələdiyyə
torpaqları hesab olunacaq
İclasda “Torpaq islahatı haqqında” və Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi.
Bu sənədlərə edilən dəyişikliklərə əsasən ölkədə qəbiristanlıq əraziləri bələdiyyə torpaqları hesab olunacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təqdim etdiyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olundu.
Müzakirələrdə çıxış edən deputatlardan Elmira Axundova, Musa Quliyev, Çingiz Qənizadə, Əflatun Amaşov, Qənirə Paşayeva, Aqil Abbas və Zahid Oruc dəyişikliklərin çox vacib olduğunu söyləyərək bu yeniliklərin həm “Reklam haqqında”, həm də digər qanunların tələblərinin yerinə yetirilməsi prosesinə müsbət təsir göstərəcəyini bildirdilər. Deputatlar həmçinin telekanallarda sosial reklamların azlığından şikayətləndilər. Deputatlar hesab edirlər ki, telekanallarda bəzi klinika və həkimlərin qanunsuz reklamlarının qarşısı alınmalıdır.
“Reklam haqqında” qanunda
dəyişiklik edilməlidir
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəzi həmkarları ilə razılaşmadı. Dedi ki, telekanallarda edilən bu cür reklamlarla “Reklam haqqında” qanunun heç bir maddəsi pozulmur. Yəni qanunda bu tip reklamlara qadağa qoyacaq maddə, müddəa yoxdur. Əgər bunun qarşısı alınmalıdırsa, onda qanunda dəyişikliklər edilməlidir.
İclasda həmçinin “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə də dəyişikliklər təsdiqləndi.
Əlilliyi olan şəxslərin
hüquqları genişləndirilir
Gündəliyin son məsələsi
ikinci oxunuşda müzakirəyə çıxarılan
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
qanun layihəsi idi.
Sənədi təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, fevralın 13-də layihə parlamentdə ilk oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Həmin vaxt bir çox deputat təklif və iradlarını bildiriblər. Sonra komitədə aparılan müzakirələr zamanı deputatların əksər təklifləri nəzərə alınıb. Bir sıra maddələrə əlavə və düzəlişlər edilib.
Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. Sənəd əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Qanun layihəsi həmçinin əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Müzakirələr zamanı deputatlardan Tahir Kərimli, Qüdrət Həsənquliyev, Əli Məsimli, Tahir Rzayev, Qənirə Paşayeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Araz Əlizadə, Məlahət İbrahimqızı çıxış edərək maraqlı fikirlər səsləndirdilər. Sənədin çox yaxşı hazırlandığını, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və Konstitusiya qanununun nəzərə alındığını deyən deputatlar əlillərə verilən müavinətlərin və bəzi səlahiyyətlərin artırılmasını təklif etdilər.
“Xəstəni görmədən ona
əlillik təyin etmək düzgün deyil”
Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev vətəndaşın əlilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxundu. Onun sözlərinə görə, vətəndaş birinci dəfə əlillik dərəcəsi almaqla bağlı müraciət etdikdən sonra ikinci dəfə bu səlahiyyətdən məhrum olur. Yəni bu cür kateqoriyadan olan insanlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir, təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputatların bəzi suallarına aydınlıq gətirilməsi üçün iclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədova müraciət etdi.
Bu gün Azərbaycanın müharibə şəraitində yaşayan ölkə olduğunu, əlillərin evlə təmin olunmasının dövlət proqramı əsasında həyata keçirildiyini deyən nazir müavini əlilliyin qiymətləndirilməsi məsələsi ilə bağlı narazı olanlarla razılaşdığını söylədi: “Mən də ixtisasca həkiməm. Ona görə də həkim kimi razılaşa bilmirəm. Xəstəni görmədən ona əlillik təyin etmək düzgün deyil. Bu o zaman düzgün olardı ki, Səhiyyə Nazirliyinin bununla bağlı elektron portalı tərtib edilsin, o zaman bütün xəstələr haqqında məlumatlar orada qeyd olunsun. Əlilliyin hazırkı formada qiymətləndirilməsinin bir neçə müsbət cəhəti var. İndi artıq kağız daşıyıcıları yoxdur, vətəndaş-məmur münasibətləri sıfıra endirilib. Demək olar ki, bu sahədə korrupsiya halları mövcud deyil”.
May ayının 10-da Milli Məclisin xüsusi iclası keçiriləcək
Nazir müavininin çıxışından sonra qanun layihəsi fəsil-fəsil, ardınca isə bütöv şəkildə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə may ayının 10-da parlamentdə xüsusi iclas keçiriləcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 5 may.- S.5; 9.