Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olub
Mayın 3-də Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olub.
AZƏRTAC xəbər verir ki, Qoran Breqoviç Bakıdakı ilk konsertində rəhbəri olduğu orkestrin müşayiəti ilə çıxış edib. Orkestrin üzvlərinin səhnəyə musiqi sədaları altında tək-tək çıxması tamaşaçıların gözəl bir gecə yaşayacağından xəbər verirdi. Nəhayət, səhnəyə çıxan Qoran Breqoviç orkestri tamaşaçılara təqdim edərək bu gecə həmçinin öz bəstələrini ifa edəcəyini bildirdi.
Gözəl musiqilər və oynaq ritmlərlə zəngin proqramda ifaçı məşhur filmlərə yazdığı, həm də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirdi. Konsertin sonunda tamaşaçıların alqışları ilə bir daha səhnəyə qayıdan Qoran Breqoviç çox sevilən “Maki Maki”, “Bella Çao” və “Kalaşnikov” mahnılarını oxudu. Auditoriya ayağa qalxaraq müğənniyə qoşuldu, salonda təkrarolunmaz bir ab-hava yarandı.
Qoran Breqoviç Şərqi Avropada “Ağ düymə” (“Bijelo Dugme”) rok qrupu ilə tanınıb, dünyada isə filmlərə yazdığı musiqilərlə şöhrət qazanıb. O, 1970-ci illərdən müxtəlif ekran əsərlərinə musiqi bəstələyir. Bu sahədə ən uğurlu iş birliyi rejissor Emir Kusturitsa ilə alınıb. Onun “Qaraçıların zamanı” (“Time of the Gypsies”), “Arizona arzusu” (“Arizona Dream”) və 1995-ci ildə Kann festivalında mükafat almış “Yeraltı” (“Underground”) filmlərinə yazdığı musiqilər dünyada populyarlaşıb. Musiqisini Qoran Breqoviçin yazdığı fransız rejissor Patris Şeronun “Kraliça Marqo” (“La Reine Margot”) filmi də Kann festivalında iki mükafata layiq görülüb. Qoran Breqoviçin ekran əsərləri üçün bəstələri Balkan və qaraçı musiqilərinin elementləri ilə zəngindir.
O, bir sıra məşhur müğənnilər - Sezen Aksu, Kaya, Kşiştof Kravçik, Yorqos Dalaras ilə albomlar yazdırıb.
Qoran Breqoviçin müxtəlif musiqi mədəniyyətlərini duymaq və mənimsəmək bacarığı ona ayrı-ayrı xalqların nəğmələrini, eləcə də elektron musiqi elementlərini sintez etmək imkanı verir.
İyirmi
ildən artıq müddətdə bütün
qitələrdə konsert verən musiqiçi indiyədək 3000-dən çox şou təqdim edib.
Azərbaycan.- 2018.- 5 may.- S.7.