Naxışlara dönən
ilmələrin sehri
Prezident İlham
Əliyevin Xalçaçı
Gününün təsis
edilməsi haqqında
sərəncamından sonra
artıq ikinci dəfədir ki, ölkəmizdə bu nadir
peşə ustaları
may ayının 5-ni peşə
bayramı kimi qeyd edirlər. Xalçaçılıq sənəti
ilə bağlı
ilk tədbir Bakıda
35 il əvvəl
- 1983-cü ildə UNESCO-nun himayəsi ilə keçirilmişdir. Sonralar bu
qurumun baş qərargahında - Parisdə
görkəmli xalçaçı-rəssam
Lətif Kərimovun
100 illiyinə həsr
edilmiş simpozium keçirilmişdir. Onu da demək lazımdır ki, hələlik ölkəmiz dünyada Xalçaçı Gününü
bayram kimi qeyd edən yeganə ölkədir.
1978-ci ildən
Londonda nəşr edilən geniş oxucu auditoriyasına malik olan “Halı”
jurnalı Azərbaycan
xalılarını diqqətdən
kənarda qoymamış
və hətta onlara xüsusi nömrə də həsr etmişdir. Azərbaycan xalçasının
dünyaya çıxışından,
getdikcə şöhrətlənməsindən
söz düşəndə
isə ilk öncə
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzun illər ərzindəki gərgin əməyini mütləq qeyd etmək lazımdır.
Belə ki, məhz onun
sayəsində Azərbaycan
xalça sənəti
bu gün dünya mədəniyyətinin
nailiyyətlərindən biri
kimi UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edilmişdir.
Artıq
ölkəmiz dünyada
aparıcı xalçaçılıq
mərkəzlərindən biri kimi tanınır
və xalçaçılıqla
bağlı beynəlxalq
tədbirlərə evsahibliyi
edir, xalçaçılıq
elminin inkişafına
yeni töhfələrini
verməkdə davam edir. Ölkəmizdə getdikcə sayı
artan xalçaçı
alimlər dünyanın
nüfuzlu tədqiqatçıları
ilə yeni münasibətlər qurur,
birgə araşdırmalar
aparırlar.
Dünyanın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin
ən qədim nümunələri saxlanılır. Artıq Azərbaycan
xalçalarına dünyanın
ən güclü tədqiqatçıları kitablar
həsr edir, onun dünya düzənində təbliği
ilə ciddi məşğul olurlar.
Bizim xalçaların dizaynı
və rəngi, təsviri incəsənətdə
və memarlıqda xalça nümunələri
və bir sıra başqa mövzular araşdırmaçı
alimlərin diqqət mərkəzindədir. Dünyanın aparıcı mütəxəssisləri
belə hesab edir ki, Azərbaycan
xalçası mahiyyət
etibarilə dərin fəlsəfi məzmuna malik olub mədəniyyətimizin,
tariximizin, adət və ənənələrimizin,
inanclarımızın ayrılmaz
bir hissəsini təşkil edir. Həqiqətən də xalılarla
toylarımızda mağarlar
bəzədilib, dünyasını
dəyişəni son mənzilə
yola salıb, ən əziz qonağın da şərəfinə yerə
ən gözəl xalça sərilib.
Anadan olan uşaqların, gəlin köçəcək qızların,
dünyaya gələn
uşağın adına da xalçalar toxunub. Elçilərin ayağına atmağa,
məscidlər və
toy mərasimləri üçün
fərqli xalçalar
toxunardı.
Xalça xalqımızın keçmişi,
müasir mədəniyyəti,
tarixi ilə bağlı olan, gözəlliyi və mürəkkəbliyi ilə
hamının diqqətini
cəlb edən xüsusi məhsuldur. Ona görə
ki, xalılar dastanlarımızın, nağıllarımızın
ayrılmaz hissəsi kimi bizim başqalarından
seçilməyimizə kömək
edir. Şimal xalqlarının nağıllarında özü
açılıb-yığılan süfrə, möcüzəli
soba yer alır. Bu nağılların qəhrəmanları açılıb-yığılan
sehrli süfrədə
yeyib-içir, sobanın
üstündə yatırlar.
Biz nağıllarımıza
naz-nemətlə açılan
sehrli süfrələri
yox, uçan xalçaları, qaranlıqdan
aydınlığa qanadlanan
simurq quşunu gətirmişik. Onu da etiraf etmək lazımdır ki, xalçaların uçması
ilə bağlı dünyanı dolaşan əfsanələrin sayı-hesabı
yoxdur. Bu mövzu indinin özündə belə sevilən, araşdırılan
mövzudur. Qədim əfsanələrə
isə ən çox Şərq ədəbiyyatında rast
gəlinir. Uçan xalçalar
“Min bir gecə” kitabından dünyaya qanad alır. Disney qəhrəmanı Ələddinin sehrli xalçası, Qoca Xottabın sehrli nəqliyyatı kimi.
Bütün bunlara baxmayaraq, xalçanı yalnız keçmişin atributu saymaq müasir dizayn və interyer haqqında heç bir anlayışa malik olmamaq deməkdir. Bu gün xalılar həm Şərqdə, həm də Qərb ölkələrində
getdikcə dəbə
minən dizayn elementi kimi istifadə
olunur. Avropanın, digər Qərb
dövlətlərinin ən
məşhur dizaynerləri
əldə toxunan xalılardan interyerin bəzədilməsində istifadə
edirlər. Prada, Quççi,
Fendi kimi dəb evləri xalça istehsalı ilə məşğuldurlar.
Bu o deməkdir ki, xalçanın mövqeyi dünya bazarında güclənir
və bu rəqabət getdikcə artır, alıcı uğrunda mübarizə gedir.
Xalça 100 faiz natural məhsul sayılır və onun toxunuşunda, sapların rənglənməsində
yalnız təbii komponentlər istifadə olunur. Amma holland üçlüyü
We Make Carpets isə sərgilər
və muzeylər üçün nədən
oldu - makarondan, plastmas qaşıqlardan belə xalı “toxuyur”.
Azərbaycan xalçaçıları bu
bazarda yerini möhkəmlətmək üçün
bilməlidirlər ki,
xalçalar dünyada
bizdən fərqli olaraq ağla batmayan məqsədlər
üçün istifadə
edilir. Xalılar böyük konsertlərdə
akustika üçün
istifadə edilir, həm də saatlarla səhnədə rəqs edən və oxuyan müğənnilərin təhlükəsizliyini
təmin edir, onlara özlərini nisbətən rahat, evdəki kimi hiss etməyə imkan yaradır. Elə rok musiqiçiləri
var ki, sevimli
xalılarını dünya
turnelərinə özləri
ilə aparırlar.
Xalçaların divara vurulması da dünyada ciddi müzakirə olunan mövzulardandır. Xristianlar belə
düşünürlər ki, Şərq üçün xalça
xristian üçün
divardan asılan ikona qədər müqəddəsdir. Artıq Qərbdə
də xalçaların
divara vurulması dəbə minir. Bu, ola bilər
ki, bir tərəfdən
müsəlmanların Qərb
ölkələrinə artan
mühacirətləri ilə
bağlıdır. Amma bundan
başqa Qərb dizaynerləri öz avropalı sifarişçilərinə
də divarlarındakı
rəsm əsərlərini
xalça ilə əvəz etməyi təklif edirlər. Bir sıra xarici ölkələrdə kiçik
xalçaları mətbəxə,
qabyuyanın qarşısına
da döşəyir, mətbəxdə yemək
stolunun altına da xalça salırlar.
Xalçalar qədimdə şahların,
dini liderlərin və varlı adamların ayaqları altına mərasimlərdə
döşənərdi. Amerikalı şoumen
ilk dəfə 1922-ci ildə
“Robin Qud” filminin premyerasında xalça döşəmişdi. O zamandan
xalça “ulduz” dünyasında bütün
film mərasimlərinin ayrılmaz
hissəsidir. Xalçalar həmçinin
teatr və filmlərdə də istifadə olunur.
Bütün bunlar o deməkdir ki, dünyanın xalça bazarını ələ keçirməkdən
ötrü hələ
Qərb xalçaçılarının
rəqabəti qızışır. Lakin bizim
xalçalarda naxışların
gözəlliyi, ilmələrin
sıxlığı, rəsmlərin
ecazkarlığı Avropanın
ən tələbkar alıcısının belə
qəlbini asanlıqla
fəth etmək gücünə qadirdir.
Ona görə ki, avropalıya nisbətən
xalça bizim üçün min dəfə
müqəddəsdir. Bütün bunlar belə qənaətə gəlməyə
imkan verir ki, bizim xalçalar
öz əsrarəngiz
gözəlliyi ilə
dünyanı heyrətə
salmaq, alıcıların
qəlbini naxışların
sehri ilə fəth etmək gücünə qadirdir.
Yaponlarda foto və video, ispanlarda geyim, almanlarda texnika və maşınlar, ingilislərdə bağ avadanlığı, ABŞ-da
şoular qüsursuzdur. Hər bir
xalq nəyin vurğunudursa, onu da irəli aparmaq
gücünə qadirdir.
Xalçaya gəldikdə isə,
bizim rəqiblərimiz
qat-qat zəifdir.
Bu gün
Azərbaycan xalçaları
Şərq xalçaçılıq
sənətinin ən
möhtəşəm və
məşhur qollarından
biridir. Bizim xalça məmulatlarının
geniş heyrətamiz çeşidləri mövcuddur:
məfrəş, xurcun,
heybə, taxtüstü,
yəhərüstü, duz
torbası, çul, örkən, çömçədan,
yun corablar, pərdələr. Xovsuz məişət
xalçalarına çətən,
həsir, palaz, kilim, ladı, zili, vərni, sumax və s. aiddir. Xovlu xalçalara isə
yerə döşənən
və divardan asılan xalçalar, gəbələr, dəst
xalı-gəbələr aiddir.
Süjetli xalçalar da
Azərbaycan xalçaçılıq
məktəbinin ayrı
bir qoludur. Regionlarda müxtəlif xalçaçılıq
məktəbləri mövcuddur.
Xalçaçılıq sənət sahəsi kimi həm coğrafi
mövqeyinə, həm
də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə,
istehsalına görə
şərti olaraq 7 xalçaçılıq məktəbinə
bölünür: Quba,
Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq
məktəbləri. Bu məktəblərin hamısı
bir-birindən fərqlənir.
Prezident İlham
Əliyev xalçaçılığın
xalqımızın ən
qədim sənət növü kimi geniş təbliğ edildiyini vurğulayır və bu istiqamətdə
görülən işləri
belə qiymətləndirir:
“Azərxalça” yaradılıbdır,
13 şəhərdə yeni
xalça kombinatları
yaradılır. Onlardan birinin
açılışında mən özüm olmuşam - Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək.
Bu, minlərlə iş
yerinin yaradılması
deməkdir və bu, bizim gözəl
ixrac potensialımızdır”.
Bu həm də
o deməkdir ki, Azərbaycan xalçaçıları
dünya bazarında rəqabətə qoşulmağa
hazırdır və qələbələrinə də
əmindirlər. Əmindirlər ona görə ki, onların arxasında Azərbaycan dövlətinin maddi və mənəvi dayağı durur.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2018.- 6 may.- S.11.