Heydər Əliyevportretinin təqdimat mərasimi olub

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mayın 7-də Bakıda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub.

Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri çox böyükdür. Xalqımız hər zaman onun xatirəsini uca tutur, hər an onu xatırlayır. Əlbəttə, bu gün ölkəmizin hər bir yerində Ulu Öndərin nişanələri görünür. Biz Ümummilli Lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır.

Sonra Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyev çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Daha sonra sənətkarlıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış edərək təqdim olunan portretin rəssam Sakit Məmmədovun yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsi olduğunu vurğulayıb.

Rəssam Sakit Məmmədov onun hazırladığı əsərə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

 

Azərbaycan.- 2018.- 8 may.- S.8.