Mükəmməl sosial
siyasət strategiyasının
müəllifi
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
“Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin
qurucusu kimi” mövzusunda konfrans keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri
giriş sözü ilə açaraq dünya şöhrətli
siyasi şəxsiyyət,
görkəmli dövlət
xadimi, xalqımızın
ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik
ideyasının demokratik,
hüquqi, dünyəvi
dövlət quruculuğu
prinsipləri və azərbaycançılıq məfkurəsi
əsasında gerçəkləşdirilməsi
və müasir müstəqil Azərbaycan
dövlətinin qurulması
naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, müstəqil dövlətimizin
qurulması üçün
güclü sosial-iqtisadi
və intellektual potensialın formalaşdırılması
hələ ötən
əsrin 70-80-ci illərində
respublikamıza rəhbərliyi
zamanı ulu öndərin əsas fəaliyyət prinsipi olub. Həmin dövrdə Azərbaycan
keçmiş ittifaq məkanında geri qalmış respublikalar sırasından çıxaraq
inkişaf etmiş sənaye respublikasına çevrilib, ölkəmizin
iqtisadi, sosial, ictimai-mədəni həyatında
intensiv inkişaf təmin olunub, eyni zamanda, əhalinin
məşğulluq imkanları
genişləndirilib, rifah
halı yaxşılaşdırılıb.
S.Babayev bildirib ki, xalqın
tələbilə 1993-cü ilin iyun ayında
yenidən respublikamıza
rəhbərliyə qayıdan
ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin qurulması
və ildən-ilə
möhkəmləndirilməsi kimi mühüm tarixi vəzifəni yüksək səviyyədə
yerinə yetirib. Ulu öndər Ermənistanın
təcavüzünün qarşısını
alaraq cəbhədə
atəşkəsə, iqtisadi
tənəzzülün, kəskin
inflyasiyanın qarşısının
alınmasına, respublikanın
iqtisadi potensialının
üzə çıxması
üçün “Əsrin
müqaviləsi”nin imzalanmasına nail olub. Eyni zamanda, ümummilli lider Heydər Əliyev Azərbaycanın
beynəlxalq münasibətlərini
qaydaya salaraq, bu münasibətlər sistemində dövlətimizin
mövqeyinin güclənməsini,
ölkəmizin ərazi
bütövlüyünün beynəlxalq səviyyədə
tanınması üçün
diplomatik uğurların
əldə olunmasını
təmin edib.
Ölkəmizi uzunmüddətli inkişaf
yoluna çıxaran ulu öndər əhalinin rifah halının təminatını,
vətəndaş firavanlığını
başlıca hədəf
kimi müəyyən
edən sosial dövlət ideyasını
da uğurla reallaşdırıb.
Nazir vurğulayıb
ki, ümummili lider Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir
çağırışlara uyğun şəkildə
və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla
uğurla davam etdirilməsi, ulu öndərin əbədiyaşar
ideyalarının, Azərbaycanın
sabit və uzunmüddətli tərəqqi
yolunu müəyyən
edən inkişaf strategiyasının yüksək
səviyyədə gerçəkləşdirilməsi
son 15 ildə ölkəmizin
bütün istiqamətlər
üzrə mühüm
tarixi nailiyyətlərə
imza atmasına səbəb olub. Bu dövrdə dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək
Cənubi Qafqazın güc mərkəzinə
çevrilən Azərbaycan
özünün müasir
və tolerant cəmiyyət
modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa
zəmin yaradan və qlobal önəm kəsb edən möhtəşəm
layihələri uğurla
reallaşdırması, bütün
əməkdaşlıq formatlarında
etibarlı tərəfdaş
kimi tanınması ilə dünya birliyində nüfuzlu mövqeyə yiyələnib.
S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi
sahələrində də
mühüm addımların
atıldığını diqqətə çatdırıb. Nazir ulu
öndər Heydər
Əliyevin sosial sahənin inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi
məqsədilə ölkədə
aparılan uğurlu dövlət siyasətinin
icrasına dəyərli
töhfələrini vermək
üçün Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
səylərin daim artırılacağını vurğulayıb.
Tədbirdə çıxış
edənlər müasir
müstəqil Azərbaycan
dövlətinin ümummilli
lider Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdırıb,
müstəqil dövlətimizin
qurulması və inkişafı, ölkəmizin
bütün sahələrdə
böyük perspektivlərə
doğru irəliləməsi,
eyni zamanda, respublikada sosial inkişafın təmin olunması, sosial cəhətdən həssas
əhali qruplarına dövlət qayğıısnın
artırılması üçün
ulu öndərin göstərdiyi mühüm
tarixi xidmətlərdən
bəhs ediblər.
Daha sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri
arasında təşkil
olunan mini-futbol və şahmat turnirlərinin qaliblərinə
fəxri fərmanlar və mükafatlar təqdim olunub.
Konfransın sonunda Yeni Azərbaycan
Partiyasının (YAP) sıralarına
qəbul edilmək üçün ərizə
ilə müraciət
edən nazirlik əməkdaşlarının YAP sıralarına üzvlük
məsələlərinə baxılıb.
Azərbaycan.-
2018.- 8 may.- S.8.