Ulu öndərin sərhəd mühafizəsinin inkişafındakı xidmətləri minnətdarlıqla xatırlanmışdır

 

Dövlət Sərhəd Xidmətində xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Xüsusi tədbirlər planına əsasən sərhədçi hərbi qulluqçuların xidməti ərazilərdə yerləşən Heydər Əliyev İdeoloji Mərkəzlərinə ekskursiyaları təşkil olunur, hərbi hissələrdə konfranslar, seminarlar, tematik axşamlar, disputlar keçirilir, ulu öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

Bu tədbirlər çərçivəsində may ayının 7-də Dövlət Sərhəd Xidməti Aparatında  “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzularında elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdən əvvəl Dövlət Sərhəd Xidməti Aparatının hərbi qulluqçuları Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində  Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuşulu öndərin büstünün önünə gül dəstələri qoymuşlar.

Dövlət himninin səslənməsi ilə başlanan rəsmi hissədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılmışdır.

Konfransda  Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludurmövzusunda məruzəsi dinlənilmişdir.

Konfrans iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına ulu  öndər Heydər Əliyevin ali diqqət və qayğısını əks etdirən “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusu şərh edilmiş, ulu öndərin sərhədçilərlə görüşləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri interaktiv təqdimat formasında nümayiş etdirilmişdir.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır. Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

Azərbaycan.- 2018.- 8 may.- S.9.