İgid döyüşçünü
xatırlayarkən
Böyük Vətən müharibəsinin başlandığı gündən bizi 77 illik zaman kəsiyi ayırır. Dünyanı yerindən silkələyən və bəşəriyyət üçün faciələrə səbəb olan bu savaş 10 milyonlarla insanın məhv edilməsi, mədəniyyət ocaqlarının dağıdılması, yaşayış məskənlərinin - şəhərlərin, kəndlərin, qəsəbələrin yer üzündən tamamilə silinməsi ilə tarixin yaddaşına köçmüşdür. İkinci Dünya müharibəsində azərbaycanlılar da yaxından iştirak etmişdilər. İstər canlı insan qüvvəsi ilə, istərsə də təbii sərvətləri ilə qələbənin qazanılmasında müstəsna rolu olan respublikamız döyüş meydanlarında, arxa cəbhədə qəhrəmanlıqlar göstərmişdir. Bu müharibəyə gedənlərdən biri də Çərkəz Baxşəli oğlu Qurbanov idi.
Ağdamın Qiyaslı kəndində 1918-ci ildə anadan olan Çərkəz uşaq yaşlarında hərbçi olacağını bildirmişdi. Dərslərini yaxşı oxuduğuna görə Çərkəzin şəklini şərəf lövhəsinə vurmuşdular. Onun uğuruna ailəsi çox sevinirdi.
Ağdam kənd təsərrüfatının mexanikləşdirmə texnikumuna daxil olan Çərkəz oranı əla qiymətlərlə başa vurur. 1938-ci ildə 20 yaşlı gənc hərbi xidmətə yollanır (Onu texnikumda müəllim kimi saxlamaq istəsələr də, Çərkəz razılaşmır. Həmin günü direktorun adına ərizədə belə yazmışdı: “Mən Çərkəz Qurbanov vətənə ordu sıralarında xidmət etməyi vacib sayıram. Çünki bu yolu hər kəs vəzifəsindən asılı olmayaraq keçməlidir”. Çərkəzin bu ərizəsi respublika komissarlığına göndərilmiş, o, nümunə kimi fəxri lövhədən asılmışdır.)
20 yaşlı Çərkəz Qurbanov hərbi xidmətə yollanaraq 86-cı hərbi süvari hissənin kiçik komandirlər hazırlayan birillik məktəbində müdavim olmuşdur. Həmin dövrdə azərbaycanlıların çoxu rus dilini yaxşı bilmirdi. Çərkəzin qazandığı uğurlardan biri də onun rus dilini mükəmməl bilməsi idi. Çox keçmir ki, əldə etdiyi siyasi və döyüş hazırlığına görə ona leytenant rütbəsi verilir.
1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlandı. Gənc Çərkəz Qurbanov 1939-cu ildə Finlandiya müharibəsində və Qərbi Ukraynanın azad edilməsində igidliklə vuruşaraq əsgərlərə nümunə oldu. 1940-cı ilin əvvəlində o, cəbhədə ağır yaralanaraq Ukraynanın Kamenets-Podolsk şəhərindəki hərbi xəstəxanaya gətirilir. Burada müalicə olunduqdan sonra doğma kəndinə məzuniyyətə qayıdır. Lakin məzuniyyəti uzun sürmür.
Böyük Vətən müharibəsinin başlanması məzuniyyətdə olan Çərkəzi yenidən geri - cəbhəyə yollanmağa vadar edir. Ağdam Rayon Hərbi Komissarlığında işləyən qohumu Çərkəzə bildirir ki, hələ tam müalicə olunmadığı üçün ərizə yazsa, onu hələlik arxa cəbhədə saxlamaq olar. Çərkəz cavabında: “Bizim üçün vətən hər şeydən üstündür və onu qorumaq şərəf işimizdir, - deyir”.
1942-ci ilin avqustun 18-də faşistlər Şimali Qafqazda hücumu genişləndirərək bir həftə sonra Mozdoku tuturlar. 223-cü diviziyanın tərkibindəki 1037-ci polkun kəşfiyyat dəstəsinin komandiri leytenant Çərkəz Qurbanov da faşistlərlə məhz burada - Mozdok ətrafında döyüşə girməli olur. Onun Böyük Vətən müharibəsində qəddar düşmənə qarşı əsas döyüş yolu da buradan başlanır. Döyüşdə göstərdiyi rəşadətə görə polkun ilk medalçısı kimi təltif olunur. Mozdokdan sonra düşmən öz qüvvələrini Georgiyevsk şəhərinə yönəldir. Ç.Qurbanov da burada igidlik göstərərək 17 nəfərlə 9 min hərbi əsiri xilas edir. Bu şücaətə görə Ç.Qurbanov şəhərin simvolik açarı, “Georgiyevsk-200 il” medalı ilə təltif olunur.
Digər istiqamətdə, Budapeşt-Vyana döyüşlərində də fəal iştirak edən Çərkəz Qurbanov qəhrəmanlığı ilə seçilir. Şimali Qafqaz, Moldoviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Yuqoslaviya, Berlinin azad edilməsində 1945-ci il may ayında müharibə başa çatana qədər “Qara bəbir” ləqəbli Çərkəz Qurbanov öz kəşfiyyatçı dəstəsi ilə həmişə döyüşün qızğın yerlərində olub qəhrəmanlıq nümayiş etdirir. Onun xidmət etdiyi 223-cü atıcı diviziyasına “Belqrad diviziyası” adı verilmiş, qulluq etdiyi 1037-ci polk “İvanov” ordeninə layiq görülmüş, polka Vyana şəhərinin adı verilmişdir. 1975-ci ildən isə Ukrayna Respublikasının Çerkassı və Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk şəhərinin fəxri vətəndaşı olub. Azərbaycanın cəsur kəşfiyyatçısı Ç.Qurbanov bir çox orden və medallar, baş komandanlıqdan təşəkkürlər almışdır.
Georgiyevsk şəhərindəki küçələrdən birnə Çərkəz Qurbanovun adı verilib. Həmçinin Mozdok şəhərindəki 4 saylı ingilis dili təmayüllü məktəb kəşfiyyatçı Ç.Qurbanovun adını daşıyır. Onu da qeyd edək ki, o, 1944-cü ildən Yuqoslaviyanın Milli Qəhrəmanıdır.
Müharibədə göstərdiyi igidlik onun barəsində əfsanələrin yaranmasına səbəb olmuşdu. “Qara bəbir” ləqəbli Çərkəzin və onun kəşfiyyatçı dostlarının şücaəti haqqında döyüş bölgələrində danışılırdı. Çərkəzin və döyüş yoldaşlarının adı bu günədək keçirilən qələbə paradında hörmətlə yad edilir.
Müharibədən sonra Georgiyevsk şəhərinə qayıdan kəşfiyyatçı o günləri belə xatırlayırdı: “Müharibədən sonra mən Georgiyevsk şəhərinə gələndə yerli əhali məni tanıdı. Onlar mənə Siz niyə qəhrəman ordeni ilə təltif olunmamısınız, sualını verdilər. Mən öz vəzifəmi yerinə yetirmişəm, qəhrəmanlıq nişanına görə vuruşmamışam! - deyə cavab verdim”.
Hərbçi Çərkəz Qurbanov müharibədən sonra polis sıralarında isə başlayır. 1946-cı idən Bakı, Sumqayıt şəhərlərinin hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. “Polis əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır. Mayor rütbəsinə qədər yüksələn Ç.Qurbanov Sumqayıt şəhər polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş və təqaüdə çıxmışdır. Qeyd edək ki, Ç.Qurbanov 18 il Tağıyev qəsəbə sovetinin deputatı olmuşdur. Göstərdiyi xidmətlərə görə Z.Tagiyev qəsəbəsindəki keçmiş Kurçatov küçəsi cəsur kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır. Onun adı cəsur kəşfiyyatçı kimi nəinki Azərbaycanda, elecə də Ukrayna Respublikasında, Rusiya Federasiyasında da məşhurdur. Döyüşdüyü bölgələrə etdiyi səfərlərdə yerli əhali ona hörmətlə yanaşar, həmin ağır günləri birlikdə xatırlayardılar. Həmin günlərdə onunla bərabər səfərdə olan qızı Günəş atasının qarşılanmasını belə xatırlayır:
- Ukraynanın Kamenets-Podolsk şəhərində qələbə gününə dəvət alan atam məni də özü ilə aparmışdı. Biz qatardan düşəndə böyük kütlə ilə üzləşdik. Onlar atamı görən kimi dövrəyə aldılar. Onların çoxu döyüşçü yoldaşları, müharibədə rastlaşdığı dinc əhali idi. O, göz yaşları içində hamını qucaqlayıb öpürdü. Axşam qaldığımız mehmanxananın qarşısına xeyli adam yığışmışdı. Onların kimliyni soruşanda atam mənə dedi ki, bu insanlar ağır günlərin yoldaşıdır. Bizi o zaman düşmənə nifrət birləşdirirdi. Bu gün isə bizi görüşdürən etibarımız və sədaqətimizdir.
Günəş xanım bir xatirəni də bizimlə bölüşdü. Müharibədən sonra Çərkəz Qurbanovun qəhramanlığı barədə o zamankı dövlət başçısı Leonid Brejnevə məlumat verirlər. O da Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevə Çərkəz Qurbanovun igidliyi barədə dosyeni göndərir. Ulu öndər onunla görüşür və onun döyüş yolunu əks etdirən sənədli film çəkilir. Həmin film sovetlər ölkəsinin hər yerində nümayiş etdirilir.
Çərkəz Qurbanov həm də gözəl ailə başçısı idi. Onun üç qızı və bir oğlu bu gün ölkəmizin inkişafı naminə əllərindən gələni əsirgəmir və ayrılıqda hər biri də ailə başçılarıdır. Babasının yolunu isə nəvəsi Çingiz davam etdirir. O polis kapitanıdır.
Şərəfli insan ömrü başqalarına nümunə olaraq ailədən, nəsildən və cəmiyyətdən süzülüb keçir. Öyrənməli ömürlərdən biri də Çərkəz Qurbanovun həyat yoludur. Bu yol çoxlarına dərs, nümunə ola bilər.
Akif ƏLİYEV
Azərbaycan.- 2018.- 8 may.- S.10.