Zəngin mədəniyyət nümunələri məskəni
Şuşanın işğalından
26 il keçir
“Şuşa
təkcə şuşalılar
üçün deyil,
bütün azərbaycanlılar
üçün, Vətənini,
millətini sevən hər bir vətəndaşımız
üçün əziz
bir şəhərdir,
əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Heydər ƏLİYEV
Şuşa təkcə təbii gözəlliklər diyarı yox, həm də poeziya və musiqi beşiyidir. Bu şəhər dünyaya dahi şəxsiyyətlər, sənət korifeyləri bəxş etmiş müqəddəs məkandır.
14 yanvar 1982-ci il tarixini, heç şübhəsiz ki, şuşalılar heç vaxt unutmayacaq. Molla Pənah Vaqifin xatirəsinə ucaldılmış məqbərənin açılışı idi o gün. Təbiət də özünəməxsus şəkildə gəlmişdi o görüşə. Könül şüşəsi çiliklənən Şuşa lopa-lopa yağan qara bələnmişdi. Həmin anlarda şuşalılar öz əziz qonaqlarını, xalqımızın böyük oğlu Heydər Əliyevin Şuşaya gəlişini səbirsizliklə gözləyirdilər. Onlar kücələrdə, yol kənarlarında, eyvanlarda dayanaraq Heydər Əliyevə sonsuz ehtiramlarını bildirirdilər... Səbəbsiz deyildi. Heydər Əliyev Qarabağa, onun zirvə tacı sayılan Şuşaya xüsusi qayğı göstərirdi. O, əvvəlcə Cıdır düzündə Vaqifin ucaldılan məqbərəsinin qarşısındakı lenti kəsdi. Alqış sədaları altında dahi Üzeyir bəyin “Koroğlu” üvertürası əsrarəngiz Qarabağ dünyasına yayıldı. Heydər Əliyev öz dərin, parlaq çıxışının sonunda “Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir” deyərək iştirakçılara tövsiyə etdi ki, bu ənənəni hər il davam etdirmək lazımdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982-ci illər) Qarabağa çox böyük diqqət göstərirdi. Azərbaycan torpaqlarının bir qarışı da Ermənistana verilmədi. Erməni iddialarını hər zaman iflasa uğratdı. Ulu öndər hakimiyyətə gəlməmişdən əvvəl isə Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri, hətta ötən əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev o zaman erməni millətçilərinin qarşısını qətiyyətlə alaraq Moskvadakı bəzi qüvvələrin qərarlarının həyata keçirilməsinə imkan vermədi. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın tarixi keçmişini yaxşı bilən ümummilli lider onun inkişafına çox böyük qayğı göstərmişdi. Şuşanın kurort şəhərinə çevrilməsi üçün qərarlar qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə təkan vermişdi. 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılması respublika rəhbərinin milli ədəbiyyata, tarixə, etnik mənsubiyyətə bir daha böyük marağının təzahürü idi. Ulu öndərin 29 iyul 1982-ci il tarixdə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərini, ailəsini özü ilə gətirməsi Qarabağa olan xüsusi diqqətini bir daha göstərirdi. İyul ayının 29-dan avqust ayının 3-dək bir sıra tədbirlərə qatılan ulu öndər avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi. Onun poeziya bayramında saatlarla görkəmli Azərbaycan və Qarabağ şairlərinin şeirlərinə qulaq asması tədbirdə iştirak edən hər bir şuşalının yaddaşına əziz xatirə kimi yazıldı.
... Zaman necə də
quş qanadlı olurmuş. Şuşanın o bəxtəvər günləri bir göz qırpımında
ötüb-keçdi. 1992-ci il mayın
8-də Azərbaycanın tarixi
mədəniyyət məkanı
olan Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildi. Bu, ölkəmizin və xalqımızın
mədəni irsinə
hesablanan ağır zərbə idi. Bu işğal zamanı Şuşa şəhəri
və rayonun 30 kəndi dağıdıldı,
195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 nəfər
itkin düşdü,
24 mindən çox əhali öz doğma torpağından didərgin salındı.
Ermənistan silahlı
qüvvələrinin hərbi
təcavüzü nəticəsində
Azərbaycan tarixində
mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi,
31 kitabxanası, 20 səhiyyə
müəssisəsi, 17 klubu,
8 mədəniyyət evi,
4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı,
5 mədəniyyət və
istirahət parkı,
2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət
Muzeyinin filialı, Şuşa Dövlət
Dram Teatrı, Şuşa
Televiziyası, Şərq
musiqi alətləri fabriki, dövlət rəsm qalereyası, uşaq sağlamlıq məktəbi talan edildi, yandırıldı,
dağıdıldı.
Bütün dünya “Tarixi Abidələrin Mühafizəsi
Günü”nü qeyd
etdiyi halda, hələ də ikili standartlarla fəaliyyət göstərən
beynəlxalq təşkilatlar
Azərbaycanın qalalar
şəhəri olan Şuşada və digər işğal altında qalan ərazilərimizdəki tarixi
abidələrin erməni
vandalizminin qurbanı olmasını təsdiqləsə
də, əməli kömək göstərməyib. Ən dəhşətlisi odur ki, daşnaklar işğal etdikləri ərazilərimizdə xalqımıza
məxsus maddi-mədəniyyət
abidələrini yerlə-yeksan
edib, onların yerində 30-dan artıq erməni kilsəsi tikib, 200-dən çox xaçdaşı basdırılıb,
1700 tarix və memarlıq abidəsi “erməniləşdirilib”, yüz
mindən artıq eksponat qarət edilib.
Şuşaya qıyılmazdı, ona əl qaldırılmazdı. Amma beynəlxalq
təşkilatların son vaxtlar
Şuşadan gətirdikəri
soraqlarla orada güllələnmiş heykəllərin
fəryadı sinə
dağlayır, yara bağlayır. Şuşa doğrudan
da qalalar, tarixin yaddaşından qalanlar diyarıdır.
İşğala qədər Şuşada
memarlıq abidəsi sayılan 170-dən çox
yaşayış binası
və 160-dək mədəniyyət
və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılıb,
məbədgah və məscidlər təhqirlərə
məruz qalıb, çox sayda nadir əlyazma nümunələri
məhv edilib. Bunların içərisində
son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə
dair Şuşa qalasının divarları,
Gəncə qapısı,
Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların
malikanəsi, ikimərtəbəli
karvansaray, Mehmandarovların
malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri,
Xurşidbanu Natəvanın
evi və bulağı, Ə.B.Haqverdiyevin,
Q.B.Zakirin, M.M.Nəvvabın,
S.S.Axundovun, N.B.Vəzirovun,
Y.V.Çəmənzəminlinin, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların,
Zöhrabbəyovun, Bəhmən
Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün
ev-muzeyləri, Xan Şuşinskinin, tarzən
Sadıqcanın evləri,
Realnı məktəbinin
binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri
erməni işğalçıları
tərəfindən yerlə-yeksan
edilib.
Dünyada ilk dəfə xalça muzeyi məhz Şuşada yaradılıb. Mehmandarovların evində yerləşən
həmin muzey əsl incəsənət
xəzinəsi idi.
Həm memarlıq cəhətdən,
həm də dekorativ gözəlliyi ilə seçilən binanın dörd böyük salonunda şöhrəti dünyaya
yayılan Qarabağ xalçaları nümayiş
etdirilirdi.
Qarabağın ilk hökmdarı Pənahəli
xanın sarayında toxunan “Xanlıq” xalça muzeyin orijinal eksponatlarından sayılırdı. Hər bir xalçanın
öz adı və tarixi vardı. Muzeydə Təbriz, Quba-Şirvan,
Gəncə-Qazax xalçaçılıq
məktəbi nümunələrinə
də geniş yer ayrılmışdı.
Burada
350-dən artıq xalça
məmulatı nümayiş
etdirilirdi ki, onların yalnız 145-ni xilas etmək mümkün olub.
On salondan ibarət olan Şuşa Dövlət
Rəsm Qalereyasında
təsviri sənət
ustalarının 200-ə yaxın
əsəri nümayiş
etdirilirdi. Zöhrabbəyovların evində yerləşən
qalereyanın qızıl
fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli
nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi
illüstrasiyalar təşkil
edirdi.
Bədii aləmin
təcəssümü olan
sənət inciləri,
milli geyimlər, qədim musiqi alətləri Şuşa
muzeylərinin bəzəyi
idi. Nəhəng abidələr, memarlıq
nümunələri açıq
səma altında nümayiş etdirilirdi.
Bədii
yaradıcılığın zərif yadigarları isə bu gözəllik
səltənətinin divarlarını
daxildən bəzəyirdi.
Belə bir qeyri-adi füsunkarlığa,
müqayisəsi tapılmayan
gözəlliyə malik
idi Şuşa.
Təəssüf ki, erməni
vandalları əzəmətli
qala şəhərinin
gözəllik sərgisini
yerlə-yeksan etdilər.
Şuşada yaradılan ev-muzeyləri
də talan olundu, yandırıldı.
Ev sahiblərinin - tanınmış
sənət və mədəniyyət xadimlərinin
öz həyətlərində
ucaldılan heykəlləri,
büstləri güllələndi.
Qartal vüqarlı Şuşanın
sinəsinə çalın-çarpaz
dağ çəkildi.
İllərdir ki, Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün Bakıdakı
İncəsənət Muzeyinin
həyətindəki yaralı
heykəlləri Şuşaya
dönəcəyi günü
gözləyirlər...
Azərbaycanın aranlı-dağlı ellərində
belə daşlaşmış
tarixin yaşıdı
abidələrimiz kifayət
qədər idi. Bu yerlərin ilk insan məskənləri və
mədəniyyət beşiyi
olması da məhz həmin abidələrin oxunmasından,
sirlərinin açılmasından
sonra bəşəriyyətə
məlum olmuşdur.
Təəssüfləndirici haldır ki,
həmin tarixi yadigarlar zamanların səmum küləyi, təbii aşınmalarla yanaşı, bu yerlərdə aparılan amansız müharibələr,
döyüşlər nəticəsində
bir çoxları yer üzündən silinib. Qalanları isə...
Şuşa təkcə qalalar şəhəri deyil, həm də muzeylər məskəni idi. Şəhərdəki tarix, xalça,
daş sənətkarlığı,
Qarabağ tarixi, dərman bitkiləri muzeyi, eləcə də yuxarıda adlarını sadaladığımız
dahilərin ev-muzeyləri
və oradakı eksponatlar sözün əsl mənasında, təkcə tariximizin deyil, həm də milli mədəniyyətimizin
aynası və saxlanc yeri idi.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 8 may.- S.11.