Heydər Əliyev irsi Səbail məktəbliləri tərəfindən maraqla öyrənilir

 

Artıq 3-cü ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində  “Heydər Əliyev və Azərbaycan tariximövzusunda elmi-praktiki konfranslar keçirilir. Ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar edirlər.

Ulu öndərin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin rəhbərlərinin qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid növbəti elmi praktiki konfrans keçirilmişdir.

Konfransın əvvəlində tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Səbail rayonu 6 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdi Həmidə Sadıxovanın və 10-cu sinif şagirdi İsmət Əliyevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış etmişlər. Qeyd olunmuşdur ki, əvvəlki illərdə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” adlı 2 kitab buraxılmış və onların təqdimatı olmuşdur.

Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında rolu əvəzolunmazdır.

Bir xöşbəxtlikdir ki, ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub. Bu gün İlham Əliyev həqiqətən, ən yeni tarixin parlaq şəxsiyyətidir.

 

20-yə yaxın şagirdin çıxış etdiyi tədbirin sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tədbirlər, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilmişbu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti 3-cü kitab  çap olunacaqdır.

 

E.CƏFƏROV

 

Azərbaycan.- 2018.- 8 may.- S.12.