Heydər Əliyev yolu milli inkişafın rəhnidir
Bu gün müasir
dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma
iqtisadi cəhətdən dövlətlərin bir-birinə
daha sıx yaxınlaşması, informasiya mübadiləsinin
sürətlənməsi, qlobal miqyaslı problemlərin
dünya miqyasında həllində dövlətlərin əməkdaşlığı
olsa da, milli mədəniyyətlərin aradan
çıxmasını və milli-mənəvi dəyərlərin
arxa plana keçməsini də şərtləndirmişdir.
Bu gün Azərbaycan bir
çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa
Şurası, İslam Əməkdaşlıq Təşkilatı
kimi qurumlardakı fəaliyyətimiz, həmçinin bir
çox dövlətlərlə ikitərəfli münasibətlərimiz
Azərbaycanı dünyaya qovuşdurur, inteqrasiyasına təkan
verir. Amma dünyaya qovuşmaq Azərbaycan
xalqının özünəməxsusluğuna zərər
vurmamalıdır. Ona görə də
xalqımızın əldə etdiyi nailiyyətlər
varislik, yaradıcı təkamül prinsipinə uyğun
olaraq inkişaf etdirilərək gələcək nəsillərə
ötürülməlidir. Bu baxımdan
milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin
qorunması və yeni dövrə uyğun olaraq inkişaf
etdirilməsi, xarici siyasətimizdə müsəlman ölkələri
və türk dünyası ilə münasibətlərimizin
özəlliyi və digər bu kimi istiqamətlər diqqəti
cəlb edir.
Ulu öndər Heydər
Əliyevin zəngin dövlətçilik təcrübəsi,
möhkəm iradəsi, məqsədyönlü və
uzaqgörən siyasəti nəticəsində respublikamız
hərtərəfli və dinamik inkişaf yoluna qədəm
qoydu.
Heydər Əliyev
özünün gərgin əməyi, uğurlu daxili və
xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi
inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın,
milli-mənəvi dəyərlərə
qayıdışın, bu dəyərlərin qorunması və
təbliğ edilməsinin rəhninə çevrildi.
İslam dünyasının
bir parçası olan Azərbaycan dünyaya inteqrasiya edən
ölkədir, bununla yanaşı, biz milli-mənəvi dəyərlərimizi
və xalqımıza məxsus xüsusiyyətlərimizi də
qoruyub saxlayırıq. Ümummilli lider Heydər Əliyev bununla bağlı
fikirlərini hər zaman açıq şəkildə ifadə
edirdi: “Biz Avropa qitəsinə daxilik. Amma eyni
zamanda, Avropa ilə Asiya arasında biz öz ölkəmizdə,
öz xalqımızın tarixində, milli mədəniyyətində,
tarixi köklərində və mentalitetində Şərqlə
Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik.
Ona görə də öz tarixi
missiyamızı dərk edirik və bunu həyata keçirmək
üçün indiyə qədər lazımi işlər
görmüşük”.
Milli-mənəvi dəyərlər
xalqımızın özünəməxsus xüsusiyyətidir. Məhz bu amilə əsaslanaraq
ümummilli lider hər zaman öz
çıxışlarında vurğulayırdı: “Biz
öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik.
Bizim milli-mənəvi dəyərlərimiz əsrlər
boyu xalqımızın həyatında,
yaşayışında formalaşıbdır. Milli-mənəvi
dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin ən əsası
bizim müqəddəs kitabımız Qurani-Şərifdə
öz əksini tapmışdır. Ancaq
bununla belə, Azərbaycanın təfəkkürlü
insanları, mütərəqqi insanları, Azərbaycanın
böyük şəxsiyyətləri, Azərbaycanın
hörmətli siyasi və dövlət xadimləri,
böyük elm, mədəniyyət xadimləri Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini
yaradıbdır. Biz bunların
hamısı ilə fəxr etməliyik”.
Azərbaycan xalqının
söykəndiyi bu dəyərlər ulu öndər Heydər
Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin
əsasında durur. Ümummilli liderin yaratdığı
dövlətçilik prinsiplərinin aparıcı xətti
azərbaycançılıq ideologiyasıdır. Eyni zamanda, multikultural münasibətlərin
davamlılığı, onun bugünkü inkişafı
bilavasitə dövlət dəstəyindən qaynaqlanır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş, bütün sahələrdə inkişaf tempinə
görə ölkəmizi dünyanın lider dövlətinə
çevirən, ən əsası, dövlət maraqları,
xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri
əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsinə,
o cümlədən tolerantlıq ənənələrinin
güclənməsinə də öz həlledici töhfələrini
verməkdədir.
Xalqın təkidi ilə
ikinci dəfə hakimiyyətə qayıdışı
ümummilli lider Heydər Əliyevin növbəti
xilaskarlıq missiyasının başlanğıcı oldu. Məhz ulu
öndərin sayəsində milli-mənəvi dəyərlərə
münasibət kökündən dəyişdi, xalqın
keçmişinə, milli adət-ənənələrinə,
dininə dövlət səviyyəsində qayğı
göstərilməyə başlanıldı, bu dəyişikliyin
fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar
oldu. Vətəndaşların vicdan
azadlığı Konstitusiyamızın 48-ci maddəsində
öz əksini tapdı və Azərbaycan
Respublikasının “Dini etiqad azadlığı haqqında”
qanununda geniş şəkildə təsbit olundu.
Ulu öndər Heydər Əliyev
milli-dini dəyərlərimizin qorunmasında, islam dininə
ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin
daha da möhkəmləndirilməsində, eləcə də
ölkədə vicdan azadlığının bərqərar
edilməsində, tolerant və multikultural ənənələrimizin
təbliğində və təşviqində əməli fəaliyyəti
ilə misilsiz rol oynayıb: “Biz azərbaycanlılar öz
tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr
edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız,
milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə
mənsub olmağımızla da fəxr edirik”.
Azərbaycan tarixən
tolerantlıq, dini dözümlülük ənənələri
ilə fərqlənsə də, beynəlxalq standartlara cavab
verən dövlət-din münasibətləri, tolerantlıq
prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin
xidmətləri sayəsində bərqərar olub. Ulu öndərin həyata
keçirdiyi ardıcıl və məqsədyönlü
siyasət nəticəsində Azərbaycan Respublikasında
insan hüquqlarının qorunmasına dair qanunvericilik
bazası beynəlxalq hüquq normalarına
uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin
tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad
azadlığı ilə bağlı normativ hüquqi aktlara
riayət edilməsinə nəzarət gücləndirilib,
konfessiyalar arasında dözumlülük mühiti
yaxşılaşdırılıb, eləcə də
dini-tarixi abidələrimizin tikintisi, bərpası və
qorunması istiqamətində mühüm tədbirlərin həyata
keçirilməsinə başlanılıb.
Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın
bütün sahələrində mövqeyini ortaya qoymaq
ehtiyacı ilə üzləşdi. Yenidən qurulan
dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi
mürəkkəb daxili və beynəlxalq vəziyyət
şəraitində müstəqil dövlət quruculuğuna
başlayan Azərbaycan üçün müstəsna əhəmiyyətə
malik idi. Belə bir vaxtda vacib məsələlərdən
biri də dövlətin din məsələlərinə
münasibəti, ölkədə mövcud olan fərqli dini
icmalara və konfessiyalara münasibətinin prinsipial məqamlarının
müəyyənləşdirilməsi hesab olunurdu. Zaman keçdikcə belə bir vacib sahənin idarə
olunması mexanizmlərinin mərkəzləşdirilməsi,
müvafiq mərkəzi icra hakimiyyəti orqanının
yaradılması zərurəti aktuallığını daha
da artırırdı. Dağlıq
Qarabağ münaqişəsi nəticəsində bir milyondan
artıq soydaşımızın doğma yurdlarından
qaçqın düşməsi o dövrdə ölkəmizi
böyük humanitar fəlakətlə üz-üzə
qoymuş, humanitar yardım adı altında müxtəlif
ölkələrin fondları, yardım təşkilatları
respublikamıza ayaq açmağa başlamışdı.
Və bu fondların, təşkilatların
“humanitar yardım” adı altında bölgədə möhkəmləndikdən
sonra missionerlik fəaliyyəti həyata keçirəcəkləri,
öz ölkələrinin dövlət-din münasibətləri
modelini Azərbaycanda tətbiq etmək istəyəcəkləri
Heydər Əliyev kimi uzaqgörən siyasətçi
üçün gün kimi aydın idi. Buna görə
də ulu öndər 2001-ci il iyunun 21-də Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin (DQİDK)
yaradılması barədə fərman imzaladı və
dövlət komitəsinin qarşısına Azərbaycan
Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata
keçirilməsi üçün müvafiq şəraitin
yaradılması, dini etiqad azadlığı ilə
bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin
təmin edilməsi, dini qurumların dövlət
qeydiyyatına alınması, zərərli təriqətlərin
fəaliyyətinə son qoyulması və digər vəzifələr
qoydu.
Xüsusi vurğulamaq
lazımdır ki, dövlət-din münasibətlərini tənzimləyən
hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti
orqanı MDB ölkələri arasında ilk dəfə məhz
Azərbaycanda yaradılıb. Sonradan MDB-nin, eləcə də
Avropanın bir sıra dövlətləri ölkəmizin təcrübəsindən
yararlanaraq bu statusda dövlət qurumları təsis etməyə
başlayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin
əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər
və qanunvericilik bazası. Bu sahədə
qanunvericiliyimizin əsasını təşkil edən ölkə
Konstitusiyası və “Dini etiqad azadlığı haqqında”
qanuna ötən müddət ərzində edilmiş əlavə
və dəyişikliklər nəticəsində hüquqi
bazamız daha işlək, daha demokratik format qazanıb.
Ölkəmizdə dini zəmində
münaqişələrin olmaması insanların sərbəst
şəkildə öz əqidə formasını seçməsi,
dini dözümlülük və tolerantlıq şəraitinin
yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar,
dünyada nüfuzlu din xadimləri və böyük ölkələr
tərəfindən etiraf olunması ümummilli lider Heydər
Əliyevin dini sahədə balanslaşdırılmış
siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dinlə bağlı
müəyyənləşdirdiyi siyasi kursun bir istiqamətini
də müxtəlif beynəlxalq təşkilatlar, dini mərkəzlər,
eyni zamanda, dünyəvi və teokratik üsul-idarəsi ilə
idarə olunan dövlətlərlə ikitərəfli əlaqələrin
qurulması təşkil edirdi. Bu mənada, İslam Konfransı Təşkilatı
(İKT), Vatikan, Pakistan İslam Respublikası, İran
İslam Respublikası, Səudiyyə Ərəbistanı
Krallığı və digər dövlətlər və
beynəlxalq təşkilatlarla qurulan əlaqələr
çox böyük əhəmiyyətə malikdir. Beynəlxalq əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi müstəqilliyini
yeni bərpa etmiş dövlətimizin tanıdılması ilə
yanaşı, müharibə şəraitində olan Azərbaycanın
durumunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq məqsədi daşıyırdı.
İslam Konfransı Təşkilatının
12 dekabr 1994-cü ildə Mərakeşdə keçirilən
VII zirvə görüşündə iştirak edən ulu
öndər Heydər Əliyev geniş və məzmunlu
nitqində Ermənistan silahlı qüvvələrinin Azərbaycan
Respublikasında işğal etdikləri Dağlıq
Qarabağ regionunda və ona bitişik yeddi digər rayonda ən
qədim mədəniyyət abidələrini məhv etdiklərini
diqqətə çatdırıb: “...Bütün məscidlər
dağıdılmış, müsəlman məzarları təhqir
olunmuş, Qurani-Kərimin nüsxələri
yandırılmışdır. Ən qədim müsəlman
sivilizasiyasının bütün izləri yer üzündən
silinir...” Beynəlxalq aləmdə də
böyük siyasi nüfuz sahibi olan ümummilli lider İKT-nin
Kasablanka zirvə toplantısının yekun iclasında Asiya
dövlətləri adından təbrik nitqini də söyləyib.
Zirvədə ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Ermənistan və
Azərbaycan arasındakı münaqişə ilə əlaqədar
və Azərbaycan Respublikasına iqtisadi yardım barədə
qətnamə qəbul olunub. Qətnamədə Ermənistanın
Azərbaycana qarşı təcavüzü qəti şəkildə
pislənir, mülki azərbaycanlı əhaliyə
qaşı törədilmiş hərəkətlər
insanlığa qarşı cinayət hesab edilir, BMT qətnamələrinin
yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən dərhal,
qeyd-şərtsiz və tamamilə çıxarılması
tələb olunur. Digər qətnamə isə
beynəlxalq təşkilatları Azərbaycana təcili
humanitar və maliyyə yardımı göstərməyə
çağırır.
Ulu öndərin müəyyənləşdirdiyi
xarici siyasət kursunda Azərbaycan Respublikasının müsəlman
ölkələri ilə əlaqələri həm beynəlxalq
təşkilatlar çərçivəsində, həm də
ikitərəfli əlaqələr müstəvisində
uğurla inkişaf edirdi. Ümummilli lider Heydər Əliyev
1994-cü il iyulun 13-də Səudiyyə
Ərəbistanına rəsmi səfərə yola düşərkən
müxbirin sualını cavablandırarkən deyib: “...İndiyədək
Səudiyyə Ərəbistanı ilə Azərbaycan
arasında, demək olar, heç bir əlaqə
olmamışdır. Azərbaycan müstəqillik
qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər
olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu
ölkə dünya birliyində böyük nüfuza malik
olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin
oxşarlığını nəzərə alaraq, mən Səudiyyə
Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul
etmişəm və indi səfərə gedirəm...”. Səfər çərçivəsində
Heydər Əliyev İki Müqəddəs Ocağın
Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı,
İslam İnkişaf Bankı, İslam Aləmi
Liqasının rəhbərləri və s. rəsmi şəxslərlə
danışıqlar aparıb. Səfər
zamanı Azərbaycan Respublikası ilə Səudiyyə
Ərəbistanı Krallığı arasında iqtisadiyyat,
ticarət, investisiya, texnika, mədəniyyət, gənclər
və idman sahələrində əməkdaşlığa
dair baş saziş imzalanıb. Səfərin
yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Səfər zamanı Prezident Heydər Əliyev
müqəddəs Kəbəni ziyarət edib.
Ümummilli lider Heydər
Əliyevin 1996-cı ilin aprelində Pakistan İslam
Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin
dəvətilə bu ölkəyə rəsmi səfəri
iki ölkə arasında münasibətlərin
inkişafında əvəzsiz rol oynayıb. Ulu öndər Heydər
Əliyev bu barədə fikirlərini bölüşərkən
deyib: “Pakistan ilə Azərbaycan arasında çox
yaxşı əlaqələr, dostluq əlaqələri var.
Bu əlaqələr keçmiş tarixi ənənələrimiz
üzərində qurulur. Təsadüfi deyil ki,
Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən
sonra Pakistan ölkəmizin öz müstəqilliyini
tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən
axırıncı illərdə də Pakistanla Azərbaycan
arasında çox yaxşı əlaqələr
yaranıbdır”.
Dərin tarixi köklərə
malik Azərbaycan - İran münasibətləri ölkəmizin
dövlət müstəqilliyini yenidən bərpa edəndən
sonra yeni müstəviyə keçdi. Bu əlaqələrin
daha da inkişaf etdirilməsində ulu öndər Heydər
Əliyevin xidmətləri böyükdür. Heydər Əliyev hələ fəaliyyətinin
Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi
ilə sıx əlaqələr yaradıb. O, Ermənistanın
blokadada saxladığı Naxçıvanın
ehtiyaclarını təmin etmək məqsədilə
İrana səfərə gedərək bu ölkənin rəhbərliyi
ilə müvafiq müzakirələr aparıb. 1992-ci ilin avqustunda İrana səfəri zamanı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli
Xamneyi, Prezident Rəfsəncani, xarici işlər naziri Əli
Əkbər Vilayəti ilə danışıqlar aparıb.
Həmin səfərdə İran İslam
Respublikasının Naxçıvan Muxtar Respublikasına
müxtəlif sahələrdə yardımı, tərəflərin
əməkdaşlığını nəzərdə tutan
sazişlər imzalanıb.
1993-cü il
oktyabr ayının 26-28-də Azərbaycanda səfərdə
olan İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani
ilə görüşdə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev bildirib: “Biz belə fikirdəyik ki,
son dövrdə Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında olan əlaqələrdə
müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi
üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi
tədbirlər görmüşük. Bundan
sonra da bu tədbirləri görmək fikrindəyik”. Səfər zamanı iki ölkə arasında
dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq
haqqında müqavilələr imzalanıb.
Müsəlman ölkələri
ilə paralel olaraq Avropa dövlətləri, o cümlədən
Vatikanla da münasibətlər ümummilli lider Heydər
Əliyevin hər zaman diqqət mərkəzində olub. Azərbaycan
Respublikası ilə dünya katolik xristianlarının mərkəzi
sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər
1992-ci ilin mayında yaradılsa da, iki dövlət arasında
münasibətlərin inkişaf etdirilməsində Prezident
Heydər Əliyevin Vatikana rəsmi səfərinin
böyük rolu olub. 1997-ci il
sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev Vatikana rəsmi səfəri zamanı Roma papası
II İohann Pavellə görüşüb. Görüşdə
Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst
fəaliyyət göstərdiyini vurğulayan ulu öndər
Heydər Əliyev bildirib ki, Azərbaycanda insan hüquqları
möhkəm qorunur, demokratik cəmiyyət quruculuğu prosesi
böyük uğurla həyata keçirilir, siyasi plüralizmə,
mətbuat azadlığına geniş yer verilir. II İohann Pavel də öz növbəsində qeyd
edib ki, “Vatikan dövlətinin bütün katoliklərinin
başçısı kimi mən də Ermənistan-Azərbaycan
münaqişəsinin Lissabon zirvə görüşündə
qəbul edilmiş prinsiplər əsasında həllinə tərəfdar
olduğumu bildirirəm və hamını da bu işə
yardım göstərməyə çağırıram.
Vurğulayıram ki, yeni müstəqillik qazanmış
ölkələrin ərazi bütövlüyünün qorunması
çox vacibdir, separatçılığa qarşı birgə
mübarizə aparılmalıdır...”
2002-ci il mayın 22-də Vatikan
dövlətinin başçısı Roma papası II
İohann Pavelin ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri
zamanı Prezident Heydər Əliyev onun qarşılanması
mərasimindəki nitqində Vatikan rəhbərini dinindən,
dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin
dostu, dünya vətəndaşı adlandırıb. Azərbaycanın dövlət
başçısı II İohann Pavelin müsəlman
ölkələrinə səfərlərinin dinlər
arasında qarşılıqlı etimad və hörmətin
gücləndirilməsinə xidmət etdiyini bildirib. II İohann Pavel isə çıxışında
Azərbaycanda dinlər arasında
dözümlülüyün və qarşılıqlı
anlaşmanın mövcud olmasını fəxr etməli hal
kimi qiymətləndirib. Roma papası Azərbaycanın
Şərq və Qərb arasında qapı olmasını bir
daha təsdiqləyib. Vatikanın dövlət
başçısı Bakıya səfəri zamanı Azərbaycanın
katolik icmasının keçirdiyi mərasimdə iştirak
edib. Heydər Əliyev II İohann Paveli
qarşılayarkən çıxışında onun diqqətinə
Ermənistanın Azərbaycana təcavüzü məsələsini
və bu təcavüz qurbanlarının ehtiyaclarını
çatdırıb: “Siz insanlar arasında şəfqət və
rəhmdillik ideyaları təbliğ edir, ağır fəlakətə
düşənlərə səbir və təsəlli diləyirsiniz.
Azərbaycanda da belə fəlakət
qurbanları var. Onlar Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi nəticəsində
öz yurd-yuvalarını itirmiş bir milyondan çox azərbaycanlı
qaçqınlardır. Bu insanlar Sizin
xeyirxah sözünüzə, təsəllinizə ehtiyac
duyurlar. Onlar haqqın öz yerini
tutmasında Sizdən də kömək umurlar”.
2001-ci il mayın 28-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Bakıda səfərdə
olan Moskvanın və bütün Rusiyanın patriarxı II
Aleksi ilə görüşündə bu səfəri Azərbaycanda
yaşayan pravoslavlar üçün, eləcə də
Rusiya-Azərbaycan münasibətlərində mühüm
hadisə kimi qiymətləndirib. II Aleksi öz
çıxışında Azərbaycan xalqına minnətdarlığını
bildirib, rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı
bölgə Yeparxiyasına göstərdiyi diqqətə,
köməyə və dəstəyə görə Heydər
Əliyevi rus pravoslav kilsəsinin birinci dərəcəli
müqəddəs mömin Moskva knyazı Daniil ordeni ilə təltif
edib.
Ulu öndərin digər sahələrdə
olduğu kimi, dövlət-din münasibətləri, beynəlxalq
əlaqələrin dinamik inkişafı sahəsində
bünövrəsini qoyduğu siyasət onun layiqli varisi
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Ölkədə müstəqillik illərində
milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, o cümlədən yeni dini məbədlərin
inşası, mövcud olanların əsaslı təmiri və
yenidən bərpası istiqamətində çoxsaylı
işlər görülüb. Əgər
sovetlər birliyi dağılan dövrdə Azərbaycanda cəmi
17 məscid fəaliyyət göstərirdisə, bu gün
onların sayı 2000-dən çoxdur. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamlarına və
tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah
kompleksində, Təzəpir məscidində, İçərişəhər
Cümə və Həzrət Məhəmməd məscidlərində,
Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə
məscidlərində əsaslı təmir, bərpa və
yenidənqurma işləri aparılıb. Gəncə
şəhər İmamzadə ziyarətgahı yenidən bərpa
edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının
tapşırığı ilə Binəqədi rayonunda
inşa edilən və ölkənin ən böyük məscidi
olan Heydər məscidinin 26 dekabr 2014-cü ildə
açılışı olub.
Dövlət
başçısının qədim və tarixi əhəmiyyəti
olan dini ocaqların bərpasına diqqətlə
yanaşmasının nəticəsində ölkəmizin ən
qədim dini ocaqlarından olan Dəmirçi məscidi də
“İslam həmrəyliyi ili”ndə cənab Prezidentin göstərişi
ilə bərpa edilərək istifadəyə verilib. Məscidin
açılışında şəxsən iştirak edən
dövlət başçısı dini ibadətgahların bərpa
edilməsinin önəminə diqqət çəkib:
“Şamaxı rayonunda
tarixi-dini abidələr çoxdur, onlardan biri də təbii
ki, bu məsciddir. Ona görə əlbəttə, bizim
borcumuz idi ki, bu qədim tarixi-dini abidəni bərpa edək,
qapılarını dindarların üzünə açaq.
Çox şadam ki, biz buna nail ola
bilmişik. Bu, məscidin köhnə şəkilləridir,
demək olar ki, burada ibadət etmək qeyri-mümkün idi.
İndi isə biz məscidi bərpa etmişik.
Bərpa zamanı qədim daşlardan istifadə
olunub, yəni, məscidin tarixi görkəmi tam qorunub. Bu, təkcə sizin kənd üçün,
Şamaxı üçün yox, bütün Azərbaycan,
bütün müsəlman aləmi üçün çox əlamətdar
hadisədir. Xüsusilə də bu il
Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Bax, bu gözəl tarixi-dini abidəni biz bu il istifadəyə
veririk.”
Azərbaycan Prezidenti İlham
Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında” 2017-ci il
24 yanvar tarixli sərəncamı ilə Böyük
Qayıdış prosesinə start verildi. Qısa
müddətdə Cocuq Mərcanlı kəndi Böyük
Qayıdışın başlanğıcı kimi
bütün dünyaya səs saldı. Erməni
işğalçılarına qarşı cəbhənin
ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası
ilə bağlı dövlət səviyyəsində həyata
keçirilən tədbirlər çərçivəsində
Prezident İlham Əliyevin tapşırığına əsasən,
kənddə Şuşa məscidinin bənzəri olan məscidin
inşası da ictimai, siyasi, mənəvi və ideoloji
baxımdan böyük əhəmiyyət kəsb edir.
Azərbaycan və Şərq
memarlığının nadir incilərindən sayılan
tarixi Şuşa məscidinin bənzəri
olan bu dini ibadətgahda dindarlar üçün hər cür
şərait yaradılıb. Bütün bunlar
göstərir ki, Prezident İlham Əliyev ölkədə
milli-mənəvi dəyərlərin qorunub saxlanmasında
müstəsna xidmətlər göstərir. Dövlət
başçısı islam dininin
xalqımızın həyatındakı rolunu, onun milli
kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə
alaraq ölkədəki dini ibadətgahların qorunmasında,
onların gələcək nəsillərə çatdırılmasında
əsl fədakarlıq nümayiş etdirir. Məscidin
tikilməsi 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi
ili” elan edilməsinə dəyərli töhfədir.
Eyni zamanda, hazırda ölkə
ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşlarının
böyük əksəriyyəti müsəlmanlar olan ölkəmizdə
digər dinlərə də xüsusi qayğı göstərilir.
Hələ 1920-ci ildə bağlanmış Jen
Mironosets baş kilsəsinin binası 1991-ci ildə rus pravoslav
kilsəsinə verilib.1999-cu ildə məbəddə bərpa
işlərinə başlanılıb, 2001-ci ildə isə
başa çatdırılıb. Azərbaycanda səfərdə
olan Moskvanın və bütün Rusiyanın patriarxı II
Aleksi 27 may 2001-ci il tarixində bu məbədi
müqəddəs elan edib və ona baş kafedral kilsə
statusu verib. Kilsənin tərkibində pravoslav ədəbiyyatı
kitabxanası, uşaqlar üçün “Bazar günü” məktəbi,
böyüklərin katexizasiyası üzrə məktəb,
həmçinin yeməkxana fəaliyyət göstərir.
2002-ci il mayın
22-23-də Roma papası II İohann Pavelin Azərbaycana səfərindən
sonra ümummilli lider Heydər Əliyevin göstərişi əsasında
Bakının mərkəzində Roma-katolik kilsəsi
üçün yer ayrılıb, 2005-ci ildə məbədin
tikintisinə başlanılıb. Sevindirici
haldır ki, kilsənin tikintisinə Qafqaz Müsəlmanları
İdarəsi və Azərbaycanda fəaliyyət göstərən
digər konfessiyaların nümayəndələri maddi
yardım göstəriblər. Tikinti işləri
2006-cı ildə başa çatdırılıb, rəsmi
açılış mərasimi 2008-ci il
martın 7-də keçirilib. Mərasimdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva və Vatikanın dövlət katibi
Tarçizio Bertone iştirak ediblər.
Bununla yanaşı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
və qayğısı ilə dağ yəhudiləri
üçün yeni ibadət ocağı inşa edilib, 5
aprel 2011-ci ildə sinaqoqun rəsmi açılış mərasimi
keçirilib.
Avropada ən böyük sinaqoqlardan biri hesab edilən Avropa və
Gürcüstan yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılıbdır. Sözügedən ibadət yeri son 60-80 ildə
Yaxın Şərqdə tikilmiş birinci sinaqoq
sayılır. Ümumiyyətlə, Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra buradakı yəhudi
icması beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini
möhkəmləndirib, öz dini məktəblərini, mədəniyyət
mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini
yaradıblar.
Prezident İlham Əliyevin
xalqımızın dini dəyərlərinə, müxtəlif
dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli-mənəvi dəyərlərə həssas
münasibətin dövlət siyasətinin tərkibinə
daxil edilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin
daha da möhkəmləndirilməsi Azərbaycanı
dünyada multikulturalizmin əsas mərkəzinə
çevirib. Ölkəmizdə dövlət-din münasibətlərinin
tənzimlənməsi sahəsində həyata keçirilən
siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə
izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin
mütərəqqiliyini vurğulayan dövlət
başçısı İlham Əliyev gələcək
inkişafımızı zəngin tarixi keçmişə
söykənən adət-ənənələrimizlə
müasir ideyaların sintezində görməklə, ölkəmizdə
milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində
ardıcıl işlər həyata keçirir. Bütün bunlar bir daha göstərir ki, Prezident
İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan
vermir və çalışır ki, gələcək nəsillər
xalqımızın milli-mənəvi dünyasına daha
çox bağlı olsunlar.
Dövlət səviyyəsində
görülən işlərin davamı kimi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu il
oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği
Fondunun yaradılması haqqında imzaladığı fərmanla
milli-mənəvi dəyərlərimizə və mütərəqqi
tarixi ənənələrimizə verdiyi yüksək qiyməti
və dəstəyi bir daha nümayiş etdirdi. Prezidentin bu addımı, eyni zamanda, zəngin mənəvi
irsimizin, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin
dünya miqyasında tanıdılmasına növbəti
töhfəsidir.
Bu il aprelin 11-də
xalqımız və dövlətimiz üçün
çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə
prezident seçkiləri keçirildi və xalqımız
növbəti dəfə dövlət
başçısı, möhtərəm Prezident İlham
Əliyevə yüksək etimadını nümayiş
etdirdi. Xalqımız öz layiqli və ədalətli
seçimini edərək sabitliyin, dinamik inkişafın,
uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini
bir daha təsdiqlədi və Prezident İlham Əliyevin
seçkidə inamlı qələbə qazanmasını təmin
etdi. Bu seçkilər, eyni zamanda,
xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi.
Təsadüfi deyil ki, dövlət
başçısı birinci xanım Mehriban Əliyeva ilə
birlikdə seçkidən sonra - aprelin 12-də Bakının
Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının
açılışında iştirak edib. Xatırladaq
ki, Azərbaycan Prezidentinin tapşırığı ilə
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi
1 ünvanında Hacı Cavad məscidinin yeni binasının
tikintisinə 2017-ci il iyulun 2-də
başlanılmışdı. Prezident İlham
Əliyev məscidin yeni binasının tikintisini daim diqqət
mərkəzində saxlayıb, burada həyata keçirilən
inşaat işlərinin gedişi ilə maraqlanıb,
görülən işlərlə bağlı müvafiq
tapşırıqlarını verib. Prezident
İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin,
müqəddəs ocaqlarımızın bərpası ilə
bağlı imzaladığı fərman və sərəncamlar,
verdiyi tapşırıqlar sırasında Hacı Cavad məscidinin
yeni binasının inşası da əksini tapıb. Son illərdə bütün dini ocaqlarda həyata
keçirilən bərpa və yenidənqurma işləri,
yeni dini ocaqların inşası dövlət
başçısının xalqımızın milli-mənəvi
dəyərlərinə, mədəni və tarixi zənginliyinə
verdiyi qiymətin gözəl nümunəsidir. Prezident
İlham Əliyev Hacı Cavad məscidi dini icmasının
üzvləri ilə görüşdə bu sahənin daim
dövlət tərəfindən diqqətdə
saxlanıldığını deyib: “Dövlət tərəfindən
bu işlərin görülməsi dövlət-din münasibətlərinin
yüksək səviyyədə olmasından xəbər
verir. Bu münasibətlər Azərbaycanda
nümunəvi xarakter daşıyır. Bildiyiniz
kimi, dünən prezident seçkiləri keçirilmişdir
və seçkilərdən sonra birinci tədbir, bax,
bugünkü tədbirdir. Bu da dövlət-din
münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür.
Mən çox şadam ki, son illər ərzində
Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa
olunur. Bu, bizim tariximizdir”.
Xalqımızın zəngin milli-mənəvi
dəyərlərinə, onun tərkib hissəsi olan
dözümlülük və birgəyaşayış ənənəsinə
böyük həssaslıqla yanaşan Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin
bərpası və yeni məscidlərin tikilməsi istiqamətində
gördüyü işlər də əvəzsizdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan”
layihəsi çərçivəsində təkcə
ölkədə yeni məscidlər inşa etməyib, həm
də bu torpaqlarda yüzilliklər boyu xalqımızla dinc
yanaşı yaşamış dinlərin nümayəndələrinin
öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini
etiqadlarını sərbəst yerinə yetirmək
üçün ibadət evlərinin bərpası və
inşası işində fəallıq nümayiş etdirib.
Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə Heydər Əliyev Fondu layihə
çərçivəsində Mərdəkan qəsəbəsindəki
XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə
qəsəbəsindəki “Möhsün Səlim” və
“İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”,
Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə
əsaslı təmir və bərpa işləri
aparılıb, o cümlədən yeni məscidlər istifadəyə
verilib. Eyni zamanda, layihə çərçivəsində
Bakıdakı pravoslav kilsəsində təmir-bərpa
işləri aparılıb, yəhudi uşaqları
üçün təhsil kompleksi istifadəyə verilib və
s.
Ölkəmizdə dini etiqad
azadlığı, əsrlərdən bəri xalq arasında
mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib.
Son illər bütün dünyada
dini-milli, sosial-iqtisadi zəmində baş verən
münaqişələrin, vətəndaş müharibələrinin
fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm
də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin
sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər
və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin
- tolerant və multikultural ənənələrin beşiyidir,
bu sahədə onun öz təcrübəsi, bu təcrübəni
qoruyub saxlayan, gələcək nəsillərə ötürən
dövlət-din modeli var. O model ki, indi dünyanın bir
çox ölkələri tərəfindən tədqiq
edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər
kürsüdə, hər görüşdə
vurğulanır. O model ki, memarı ulu öndər, müasir
dövrlə uzlaşdırıb təkmilləşdirəni
isə Prezident İlham Əliyevdir.
Mübariz QURBANLI,
Azərbaycan
Respublikası Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini
Azərbaycan.-
2018.- 9 may.- S.1; 4.