“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın təqdimatı olub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Akademik İsa Həbibbəyli deyib: “Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli mənəvi dəyərləri vəsf etmiş və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırmışdır”.

Bildirib ki, ulu öndər Azərbaycan xalqının çoxəsrlik tarixində azərbaycançılıq təlimini müstəqil dövlətin ideologiyası səviyyəsinə çatdırıb, respublikamızın siyasi-ideoloji və iqtisadi-mədəni inkişaf konsepsiyasının möhkəm əsaslarını yaradıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu günə qədər Heydər Əliyevin ədəbiyyata qayğısından çox yazılsa da, bu mövzu bitməyib. Amma “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabında ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilib. Kitabda görkəmli sənətkarların və yeni ədəbi nəsillərin müxtəlif janrlarında bu istiqamətdəki yaradıcılıq axtarışları geniş təhlil olunaraq elmi-nəzəri ümumiləşdirmələr aparılıb. Monoqrafiyada həmçinin müasir şəraitdə ədəbiyyatda Heydər Əliyev ideallarının yaşadılmasının davam etdirilməsi və bədii obrazın yeni təfəkkür əsasında canlandırılması məsələlərinə də işıq salınır.

Akademik çıxışında Azərbaycan-Misir ədəbi əlaqələrindən danışaraq bildirib ki, bu gün Misir universitetlərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə ayrıca kurs kimi tədris olunur.

Tədbirdə çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Əl-Aydi ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir əlaqələrinin banisi olduğunu bildirib. O qeyd edib ki, Misirdə xarici dövlət liderlərindən yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli vardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov isə çıxışında kitabı ədəbiyyatda ulu öndərin obrazını verən mühüm tədqiqat əsəri kimi dəyərləndirib və bildirib ki, monoqrafiya tədqiqatçılar, mütəxəssislər üçün faydalı mənbədir.

Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı məruzə ilə çıxış edib.

Daha sonra filologiya üzrə elmlər doktorları Yaşar Qasımbəyli, Elnarə Akimova, professor İmamverdi Həmidov çıxış edərək “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabı haqqında fikirlərini bölüşüblər.

 

Azərbaycan.- 2018.- 9 may.- S.12.