Ulu öndər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində ehtiramla anıldı

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda konfrans keçirilmişdir.

 Konfransda Milli Məclisin deputatları Musa Qasımlı, Aydın Mirzəzadə, Jalə Əliyeva və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digər şəxslər iştirak ediblər.

Konfrans iştirakçıları ilk öncə Sahil Mühafizəsinin Heydər Əliyev İdeoloji Mərkəzində ulu öndərin büstü önünə gül dəstələri qoymuşümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanış olmuşlar.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar. 

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır.

Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, ardıcıl aparılan islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

E.HADIYEV

 

Azərbaycan.- 2018.- 9 may.- S.12.